Məhkəmə qərarları › İş №2(009)-2086/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2086/2021

17.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2086/2021 17.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.10.2004-cü il təvəllüdlü X1 və 31.03.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər birinə 250 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə onun arasında 27 yanvar 2004-cü il tarixdə nikaha daxil olmuşdur. 20.10.2004-cü il təvəllüdlü X1 və 31.03.2007-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur. Buna baxmayaraq cavabdeh İddiaçı və uşaqlara qayğı göstərməmiş, maddi tələbatlarını ödəməmişdir. Əvvəllər İddiaçı atası və qardaşları ailələrinə köməklik etmiş, sonradan isə İddiaçı özü işləyərək uşaqların və evin tələbatını ödəmişdir. Cavabdeh aylıq qazancını öz şəxsi ehtiyacları üçün xərcləmiş, hətta evin kommunal borclarını da İddiaçı ödəmişdir. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq hazırda tamamilə kəsilmişdir, faktiki olaraq ayrı-ayrılıqda yaşayırlar. Yetkinlik yaşına çatmayan uşaqlar isə İddiaçı himayəsindədirlər. Cavabdeh onların maddi vəziyyəti ilə maraqlanmır, heç bir kömək göstərmir. İddiaçı qazancı ilə uşaqların təminatını ödəmək çətindir. Cavabdeh Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində gizir işləyir, onun orta aylıq gəliri təxminən 1000-1500 manat təşkil edir. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, Cavabdeh indiyədək uşaqların saxlanmasında iştirak etməmişdir. Uşaqların günlük tələbatını maddi cəhətdən qarşılaya bilmir. Cavabdeh yetkinlik yaşına çatmayan iki uşağın saxlanılması üçün hər ay hər uşağa 250 manat olmaqla cəmi 500 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, cavabdeh ilə 11 aydır birlikdə yaşamırlar. Özü özəl müəssisədə autizm və daun sendromlu uşaqlarla işləyir, psixoloqdur. Pandemiya səbəbindən özəl müəssisələr bağlandığından hazırda işləmir. Ailəyə olan kənar müdaxilə nəticəsində ayrı yaşamağa başlamışlar. 11 ay ərzində cavabdeh onlara maddi və mənəvi cəhətdən yardım etməmişdir. Uşaqları saxlamaq hər iki valideynin borcu olduğundan cavabdehdən hər ay hər uşağa 250 manat olmaqla cəmi 500 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissədə xidmət edir, aylıq əmək haqqı 749,42 manat təşkil edir. İddiaçı özü repetitor xidməti göstərir, yetəri qədər aylıq gəliri var. Bu səbəbdən aylıq gəlirinin 1/3-i hissəsində aliment ödəməyə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İ №087887 saylı, 27 yanvar 2004-cü il tarixli nikah haqqındakı şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 ilə Cavabdeh arasında nikah 27 yanvar 2004-cü il tarixdə Yevlay rayon Yuxarı Qarxun İƏD üzrə nümayəndəliyi tərəfindən bağlanmış 03 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra kişiyə Mikayılov, qadına Mikayılova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 930551 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 31.03.2007-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Doğum haqqında akt qeydləri kitabında 28.04.2007-ci ildə 1081№ qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İV 538003 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 20.10.2004-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Doğum haqqında akt qeydləri kitabında 16.11.2004-cü ildə 2266№ qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ünvan ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ünvan ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi hissənin 14.08.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh aylıq əmək haqqı 749.42 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları» haqqında Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edildiyini, cavabdehin əmək haqqının 749 manat olduğunu və uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini nəzərə almaqla məhkəmə hesab edir ki, 20.10.2004-cü il təvəllüdlü X1 və 31.03.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 17.07.2021-ci il tarixdən Cavabdeh hər uşaq üçün hər ay 175 ( yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, aliment tələbi ilə bağlı iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən, həmin hissədə dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 20.10.2004-cü il təvəllüdlü X1 və 31.03.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 17.07.2021-ci il tarixdən Cavabdeh hər uşaq üçün hər ay 175 ( yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar