Məhkəmə qərarları › İş №2(009)-210/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-210/2022

29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-210/2022 29.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş 1230 manat maddi ziyanın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə, təxminən 22:00 radələrində ona məxsus Tufan markalı M50 mopetlə Koroğlu Rəhimov küçəsindən üzü Gəncliyə doğru istiqamətdə hərəkət edərkən qarşı yoldan BMW-318 markalı ** GR *** dövlət nömrə nişanlı avtomaşın yolunun əks istiqamətindən dönərək, qoşa xətti tapdalayıb qəza şəraiti törədərək onun idarə etdiyi mopetin üzərinə sürdü və toqquşdurdu. Həmin avtomaşının sürücüsü “Günay Sığorta" ASC-yə zəng edib hadisə yerinə gəlməsini bildirdi. Bir müddətdən sonra "xxxx" şirkətinin nümayəndəsi hadisə yerinə gələrək, hər iki maşının qəzalı şəraitdə fotoşəklini çəkdi və ona bildirdi ki, onun mopetinin sıradan çıxmış hissələrinin qiymətləndirilməsi üçün "xxxx" MMC-yə müraciət etsin və zədələnmiş hissələrin qiymətləndirmə aktını onlara təqdim etsin. Hadisə yerində DYP-nin əməkdaşları yaranmış hadisə barəsində protokol tərtib etdilər və hadisənin günahkarının qarşı tərəfin, yəni BMWnin sürücüsünün olduğunu protokolda əks etdirdilər. Hadisədən bir neçə gün keçdikdən sonra o, "xxxx" ASC-yə zəng etdi. Onlar bildirdilər ki, DYP tərəfindən 4 saylı forma tərtib edilib sığorta idarəsinə verilmişdir. Səhərisi gün o, Günay Sığorta İdarəsinə getdi və onu Elşad müəllim qəbul etdi. O ona qiymətləndirmə aktının bir sürətini təqdim etdi. Elşad müəllim ona bildirdi ki, hadisə yerində çəkilmiş fotoşəkilə əsasən ona dəymiş ziyanın miqdarı 50 manat təşkil edir. O onunla mübahisə edərək bildirdi ki, onun idarə etdiyi mopetin 12 ədəd hissəsi sıradan çıxmışdır. "xxxx" MMC-nin qiymətləndirmə aktına əsasən ona dəymiş ziyanın miqdarı 50 manat deyil, 1230 manat təşkil etmişdir. O, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin rəhbərliyinə ərizə ilə müraciət edib ona dəymiş maddi ziyanın ödənilməsini tələb etdi. Həmin ərizəyə cavab olaraq "xxxx" ASC şirkəti cavab məktubunda bildirmişdir ki, "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmış “BMW 318” markalı ** GR *** dövlət qeydiyyat nişanlı avtomobil və “Motosikl”in iştirakı ilə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisə baş vermişdir, xx.xx.2021-ci il tarixində tərtib edilmiş akta əsasən “Motosik”lə dəymiş zərərin məbləği 80 manat müəyyən edilməsi göstərilmişdir. Məlumat üçün bildirir ki, onun idarə etdiyi həmin “Motosikl” onun tərəfindən xx.xx.2021-ci il tarixində "xxxx" MMC ilə aralarında bağlanmış 10120698 saylı nisyə satış müqaviləsinə əsasən “Motosik”lin dəyəri 1920 olmaqla ona nisyə satılmış və ilkin olaraq müqaviləyə əsasən o, "xxxx" MMC-yə 600 AZN ödəniş etmişdir və qalan pulu müqaviləyə əsasən tərtib edilmiş ödəniş cədvəlinə görə hər ay hissə-hissə ödəyir. Cavabdeh tərəfdən ona dəymiş ziyan düzgün ödənilmədiyi üçün o, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və eləcə də, bildirmişdir ki, ona məxsus mopedə dəymiş zərərlə bağlı ekspertin rəyi ilə razıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini, iddiaçıya məxsus mopedə dəymiş ziyanla bağlı ekspertin rəyi ilə razı olduğunu bildirmişdir. Məhkəmə işə baxıb, iddiaçı və cavabdehin nümayəndəsini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC-nin 30 nömrəli, xx.xx.2021-ci il tarixli Qiymətləndirmə aktından görünür ki, Tufan markalı M50 modelli mopetə dəymiş zərərin ümumi məbləği cəmi 1230 manat təşkil edir. Rama deformasiya olunduğuna görə yenisi ilə əvəz olunmalıdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli Dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, Tufan markalı M50 modelli mopetə dəymiş zərərin ümumi məbləği 100 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, HD-880/21 saylı məktubdan görünür ki, "xxxx" ASC-də «Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası» üzrə sığortalanmış «BMW 318» markalı 90 GR509 dövlət qeydiyyat nişanlı avtomobil və «Motosil»in iştirakı ilə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi baş vermişdir. xx.xx.2021-ci il tarixində tərtib edilmiş akta əsasən «Motosiklə» dəymiş zərərin məbləği 80 manat müəyyən edilmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 20.3-cü maddəsinə əsasən əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanın şəxsə birbaşa ödənişməsi yolu ilə həyata keçirilir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq 80 manat məbləğin ödənilməsi üçün bank hesabının təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 may 2022-ci il tarixli, 9/2470 saylı rəyindən görünür ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il və "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı «Tufan» markalı M50 modelli mopedin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 510,0 manat müəyyən edilir. Yuxarıda göstərildiyi kimi, hazırki iş üzrə tərəflərin hüquq münasibətləri xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır. Mülki qanunvericilikdə sığorta hadisəsinin anlayışı verilməklə yanaşı, həmçinin sığorta hadisəsi baş verdiyi təqdirdə sığortalı və sığortaçının vəzifələri, habelə sığorta ödənişlərinin verilməsindən imtina əsasları da göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Həmin Məcəllənin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Həmin Məcəllənin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda sığortaçı sığorta ödəməkdən imtina edir. Qanunvericiliyin qeyd edilən normalarından aydın olur ki, sığorta hadisəsi barədə sığortalı və digər şəxslər tərəfindən sığortaçıya dərhal və mümkün olan ən qısa müddət ərzində məlumat verilməməsi nəticəsində sığortaçı, hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeyi əhəmiyyətli dərəcədə pozulduqda sığorta ödəməkdən imtina edə bilər. Qeyd edilən hal onu təsdiq edir ki, məhz göstərilən hallar müəyyən edildikdə, sığortaçı tərəfindən sığorta ödənişindən imtina edilə bilər. Qanunun 935.1.1-ci maddəsinin məzmunundan aydın olur ki, sığorta ödənişindən imtina əsası kimi müəyyən edilmiş şərtlərin sübut edilməsini məhz sığorta ödəməkdən imtina edən sığortaçının üzərinə düşür. Lakin sığortaçı tərəfindən məhkəməyə sığorta hadisəsinin səbəbini və dəyən zərərin həcminin müəyyənləşdirmək imkanından məhrum olması ilə əlaqədar onların mənafeylərinin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, "xxxx" ASC-də «Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası» üzrə sığortalanmış «BMW 318» markalı ** GR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 tərəfindən xx.xx.2021-ci il tarixdə törədilən yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı idarə etdiyi «Tufan» markalı M50 modelli mopedə zərər dəymişdir. Bu yol-nəqliyyat hadisəsi ilə bağlı «BMW 318» markalı ** GR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində İXP3997041 nömrəli, xx.xx.2021-ci il tarixli inzibati protokol tərtib olunmuşdur. İddiaçıya məxsus «Tufan» markalı M50 modelli mopedə dəymiş zərər "xxxx" MMC-nin 30 nömrəli, xx.xx.2021-ci il tarixli Qiymətləndirmə aktına əsasən 1230 manat, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli Dəymiş zərərin hesablanmasına dair aktına əsasən isə iddiaçıya məxsus mopedə dəymiş zərərin ümumi məbləği 100 manat müəyyən olunmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/2470 saylı rəyinə əsasən "xxxx" MMC-nin xx.xx.2021-ci il və "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasə avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı «Tufan» markalı M50 modelli mopedin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 510,0 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, xx.xx.2021-ci il tarixdə sığorta hadisə baş vermişdir. Sonradan tərəflər sığorta məbləğində razılığa gələ bilməmişdir. Buna səbəb Sığorta şirkətinin və sərbəst qiymətləndiricinin göstərdikləri qiymətdə böyük fərq olmasıdır. Məhkəmə Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alınmalı olduğunu nəzərə alır. Məhkəmə hesab edir ki, ekspertin rəyi nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli və cavabdeh "xxxx" ASC-dən 510,0 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə 510 (beş yüz on manat) manat dəymiş ziyan tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X2, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar