Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2228/2021 17.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili İ.D.Hüseynovun, Cavabdehin nümayəndəsi T.İ.Xankişiyevin iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 01.07.2021-ci ildə ona məxsus “Chevrolet Cruze” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, A.M.Şərifzadə küçəsi ilə hərəkət edərkən qarşıda irəliləyən “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobil dayanma-durma qaydalarını pozaraq yolun sağ hissəsində dayanmış və bu zaman avtomobilin arxa hissəsində əyləşən sərnişin qəfildən arxa sol qapını açaraq idarə etdiyi avtomobilə zərər vurmuşdur. Hadisədən sonra Yol Patrul Xidmətinin əməkdaşları əraziyə gələrək hadisənin sxemini çəkdilər, sənədlərini alaraq onları şöbəyə dəvət etmişlər. Şöbədə onlardan izahatlar alındıqdan və inzibati xəta üzrə araşdırma aparıldıqdan sonra yol nəqliyyat hadisəsinin baş verməsində “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 təqsirli bilinmiş və onun barəsində 02.07.2021-ci il tarixli İXP4050029 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında iş üzrə araşdırma aparılarkən X2 idarə etdiyi “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin PBA********** saylı icbari sığorta haqqında şəhadətnamə əsasında "xxxx" ASC-də sığortalandığı məlum olmuş və avtomobilinə vurulmuş zərərin ödənilməsi üçün müvafiq sənədlər hazırlanaraq cavabdehə təqdim edilmişdir. Cavabdeh ona təqdim etdiyi 05.07.2021-ci il tarixli, BS-C-21/1605 nömrəli məktubu ilə sığorta ödənişinin verilməsinə dair təqdim etdiyi sənədlərlə bağlı ona cavab məktubu təqdim etmişdir. Məktubda qeyd edilib: “"xxxx" ASC tərəfindən “Chevrolet Cruze” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş və dəymiş zərər 770 manat məbləğində müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, 770 manat məbləğində sığorta ödənişini sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqan tərəfindən müvafiq arayış təqdim edildiyi, tərəfinizdən bank rekvizitləri təqdim edildiyi və müvafiq sənədlər imzalandığı halda sizin hesabınıza köçürməyə və ya sığortalı avtomobili Bakı şəh.Nizami ray.,Keşlə qəs.,A.Mirzəyev 18 ünvanında yerləşən təmir müəssisəsində təmir edilərək Sizə təhvil verməyə hazır olduğunu bildiririk”. Həmin məktubdan iki gün sonra cavabdeh ona təqdim etdiyi 07.07.2021-ci il tarixli, BS-C-21/1639 nömrəli məktubu ilə hadisə ilə bağlı araşdırma apardıqlarını, onun cavabdehə təqdim etdiyi ərizədə “avtomobilinə sığortalı avtomobilin sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində deyil, sığortalı avtomobilin sərnişininin qanunaziddi hərəkəti nəticəsində zərər dəymişdir” cümləsini qeyd etdiyindən və bu səbəbdən müxtəlif qanunvericilik aktlarına əsaslanaraq hadisənin sığorta hadisəsi hesab edilməməsi səbəbindən ona sığorta ödənişinin verilməsindən imtina edildiyi bildirilmişdir. O, cavabdehin imtinasını qanunsuz hesab etdiyindən sığorta ödənişinin verilməməsi ilə bağlı cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyindən Azərbaycan Respublikası Mərkəzi Bankına şikayət etmişdir. Şikayəti üzrə Mərkəzi Bankın cavabdehə təqdim etdiyi müraciətə cavabdeh 29.07.2021-ci il tarixli, BS-C-21/1918 nömrəli məktubu yuxarıdakı əsasları təkrarlayaraq sığorta ödənişini verməkdən imtinasını absurd arqumentlərlə əsaslandırıb. Aşağıdakılara əsasən hesab edir ki, cavabdehin sığorta ödənişini ödəməkdən imtinası tamamilə əsassız və qanunsuzdur. Birincisi, yol nəqliyyat hadisəsinin araşdırılması, təqsirli şəxslərin müəyyən edilməsi və onların məsuliyyətə cəlb edilməsi ilə bağlı səlahiyyətli dövlət orqanı Baş Dövlət Yol Polisi İdarəsi və onun tabeliyində olan qurumlardır. Baş vermiş yol-nəqliyyat hadisəsi məhz səlahiyyətli dövlət orqanı olan Yasamal rayon DYPŞ tərəfindən (YNH baş inspektoru polis kapitanı X10) araşdırılıb, yol nəqliyyat hadisəsinin baş verməsində və avtomobilinə zərər vurulmasında “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 təqsirli bilinib və o, inzibati məsuliyyətə cəlb edilmişdir. Bununla bağlı səlahiyyətli orqanın qərarı qüvvəyə minib. İkincisi, qanunvericiliyin tələbinə görə, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı icbari sığorta ödənişinin verilməsi hər hansı şəxsin (hətta bu şəxs hadisəsinin iştirakçısı və ya maraqlı tərəf olsa belə) izahatı əsasında deyil, səlahiyyətli dövlət orqanının tərtib, təsdiq və təqdim etdiyi sənədlər əsasında həyata keçirilir. İndiki halda isə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı sığorta ödənişinin ödənilməsi üçün səlahiyyətli dövlət orqanı olan Yasamal rayon DYPŞ tərəfindən müvafiq sənədlər cavabdehə təqdim edilmişdir. Üçüncüsü, yol-nəqliyyat hadisəsi baş verən zaman “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobil X6 tərəfindən istismar edilib,hadisənin baş verməsindən bir neçə saniyə həmin şəxs avtomobillə hərəkətdə olub və onun həmin avtomobilə yaxınlaşmasına az qalmış avtomobilini qadağan olunmuş yerdə parklamışdır. Yəni,”Mercedes Benz 230” markalı, ** FM *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X6 parklanma qaydalarını pozaraq qadağan olunmuş yerdə avtomobilini saxlamasaydı yol-nəqliyyat hadisəsi də baş verməz və avtomobilinə zərər dəyməzdi. Məhz buna görə də X1 dövlət orqanın qərar ilə hadisənin baş verməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Dövrüncüsü, cavabdehin qeyd etdiyi kimi sərnişinin yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli o zaman olardı ki, “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 parklanmanın icazə verdiyi yerdə avtomobilini saxlayardı və avtomobildən düşən sərnişhin düşmə qaydalarını pozmuş olardı. Lakin indiki halda “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 parklanma qaydalarını kobud şəkildə pozması sərnişinin məsuliyyətini və yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirini istisna edir. Bütün bu faktlar və əsaslar tam təsdiq edir ki, cavabdehin sığorta ödənişinin verilməsindən imtinası tamamilə qanunsuzdur və bu səbəbdən iddia tələbi tam təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh "xxxx" ASC-nin 07.07.2021-ci il tarixli, BS-C-21/1639 saylı imtinasının qanunsuz hesab edilməsi, sığorta ödənişinin, 05.07.2021-ci il tarixdən hesablanmaqla sığorta ödənişinin vaxtında ödənilməməsinə görə dəbbə pulunun və məhkəmə xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək yazılı etirazı məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, hadisə sığorta hadisəsi hesab edilmir. Nəqliyyat vasitəsi istismar olunmamış, dayanmış vəziyyətdə sərnişin qapını açarkən iddiaçının avtomaşınına ziyan yetirilmişdir. Lakin dövlət yol polisin əməkdaşları tərəfindən sərnişin barəsində inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Onların müraciətinə cavab verilmişdir ki, araşdırma zamanı sərnişini müəyyən etmək mümkün olamdığına görə barəsində müvafiq qərar qəbul edilməmişdir. Sığorta təşkilatı o vaxt sığorta ödənişinin həyata keçirir ki, sığorta hadisəsi törətmiş nəqliyyat vasitəsi hərəkətdə və istismarda olsun və xətanı törədən şəxslər inzibati məsuliyyətə cəlb olunsun və müvafiq 4 saylı forma arayışı sığorta təşkilatına təqdim olunsun. Etiraz ərizəsini geniş şəkildə iddianın əsassızlığı barədə qanunvericilik aktlarına istinad etməklə tərtib etmişdir. Hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə Yasamal DYPŞ tərəfindən tərtib edilmiş 02.07.2021-ci il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən, X7 01.07.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli hesab olunaraq AR İXM-nin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində 20 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 05.07.2021-ci il tarixli məktubun kserosurətindən görünür ki, "xxxx" ASC-də “Nəqliyyat vasitəsi vahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı mülkiyyətində olan “Chevrolet Cruze” markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə 01.07.2021-ci il tarixdə sığorta hadisəsi baş vermişdir. Belə ki, "xxxx" ASC tərəfindən “Chevrolet Cruze” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş və dəymiş zərər 770 manat məbləğində müəyyən edilmişdir. Nəzərinə çatdırırlar ki, 770 manat məbləğində sığorta ödənişini sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətləri orqan tərəfindən müvafiq arayış təqdim edildiyi, İddiaçı tərəfindən bank rekvizitləri təqdim edildiyi və müvafiq sənədlər imzalandığı halda İddiaçı hesabına köçürməyə və ya sığortalı avtomobili Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev 18 ünvanında yerləşən təmir müəssisəsində təmir edilərək İddiaçı təhvil verməyə hazır olduqları bildirirlər. İş üzrə "xxxx" ASC tərəfindən İddiaçı, surəti X5 ünvanlanmış 07.07.2021-ci il tarixli məktubundan görünür ki, “Mercedes Benz” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobil 22.05.2021-ci il tarixli PBA********** saylı şəhadətnamə ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmışdır. İddiaçı 02.07.2021ci il tarixdə Cəmiyyətə sığorta tələbi ərizəsi ilə müraciət etmişdir. İddiaçı ərizədə qeyd etmişdir ki, 01.07.2021-ci il tarixdə “Chevrolet Cruze” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 5 ünvanında idarə etdiyi zaman hərəkətsiz vəziyyətdə olan “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini tərəfindən qəflətən arxa sol qapının açması nəticədə İddiaçı idarə etdiyi avtomobilə zərər dəymişdir. Təqdim edilmiş ərizəyə baxılmış, hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılmışdır. İddiaçı qeyd etmişdir ki, onun avtomobilində Cəmiyyətdə sığortalı avtomobilin sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində deyil, sığortalı avtomobilin sərnişinin qanunazidd hərəkəti nəticəsində zərər dəymişdir. Bildirmək istəyirlər ki, Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunan mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 52.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 1.3-cü maddəsinə əsasən bu Qanunda başqa cür nəzərdə tutulmadığı halda, istifadə olunan anlayışların izahı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinə əsasən sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə otuz manat məbləğində cərimə edilir. Odur ki, təəssüf hissi ilə bildirirlər ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə 02.07.2021-ci il tarixdə təqdim edilmiş sığorta tələbi ərizəsində qeyd etdiyi zərər icbari sığorta qanunlarına əsasən sığorta hadisəsi hesab edilən bilən hadisə nəticəsində yaranmadığından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən "xxxx" ASC tərəfindən sığorta ödənişinin həyata keçirilməsi üçün hüquqi əsasları mövcud deyil. İş üzrə "xxxx" ASC tərəfindən Azərbaycan Respulikası Mərkəzi Bankına, surəti İddiaçı ünvanlanmış 29.07.2021-ci il tarixli məktubun kserosurətindən görünür ki, "xxxx" ASC tərəfindən PBA********** saylı şəhadətnaməsi ilə Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobil 01.07.2021-ci il tarixində ünvan 5 ünvanında hərəkətsiz vəziyyətdə olarkən sərnişin tərəfindən qəflətən arxa sol qapı açılmış və nəticədə qeyd edilən küçədə hərəkətdə olan İddiaçı tərəfindən idarə edilən “Chevrolet Cruze” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Cəmiyyət tərəfindən müvafiq araşdırma aparıldıqda məlum olub ki, AR DİN Bakı şəhəri Yasamal rayon DYPŞ tərəfindən iş hərtərəfli, tam və obyektiv araşdırılmamış və inzibati icraat düzgün aparılmamışdır. Belə ki, baş vermiş yolnəqliyyat hadisəsinin iştirakçısı olan “Chevrolet Cruze” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-yə verdiyi izahatında bildirmişdir ki, özünə məxsus “Chevrolet Cruze” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ünvan 5 ünvanında hərəkət etdiyi zaman yolu sağ kənarında dayanmış “Mercedes Benz 230” markalı, **- FM-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa sol qapısı açılarkən onun avtomobilinin sağ hissəsinə zərər vurmuşdur. Həmçinin zərərçəkmiş şəxs İddiaçı sığorta tələbi ilə bağlı Cəmiyyətinə müraciət etdiyi ərizədə “Cevrolet Cruze” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 5 ünvanında idarə edərkən “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini tərəfindən qəflətən arxa sol qapının açıldığını və nəticədə onun idarə etdiyi avtomobilin sağ hissəsinə zərər vurulduğunu qeyd etmişdir. 01.06.2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı hadisə yerinə gələn Bakı şəhəri Yasamal rayon DYPŞ-nin kapitanı X10 tərəfindən yalnız “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 20 manat məbləğində cərimə tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin “ Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında əyləşən sərnişin tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarına pozulmasına baxmayaraq həmin şəxsin (sərnişinin) inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı tədbirlər görülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinə əsasən sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə otuz manat məbləğində cərimə edilir. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq iş üzrə əlavə araşdırma aparılaraq “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişininin inzibati məsuliyyətə cəlb edilməsi və qəbul edilmiş qərara əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təvərrüfatları barədə arayışda müvafiq dəyişiklərin edilməsi ilə bağlı Cəmiyyət tərəfindən 08.07.2021-ci il tarixli BS-C- 21/1646 No-li məktubla müvafiq orqanlara müraciət edilmişdir. Odur ki, zərər vurmuş şəxs inzibati məsuliyyətə cəlb edildiyi və arayışa müvafiq düzəliş edildiyi halda Cəmiyyət tərəfindən qanunvericilik tələblərinə uyğun tədbirlər görüləcəkdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 01.07.2021-ci il tarixdə iddiaçının mülkiyyətində olan “Chevrolet Cruze” markalı, ** UZ *** dövlət nömrə nişanlı avtomaşın ünvan 5ndə hərəkət edən zaman hərəkətsiz vəziyyətdə olan “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini tərəfindən qəflətən arxa sol qapının açması nəticəsində həmin avtomaşına maddi ziyan dəymişdir. Həmin hadisə nəticəsində “Mercedes Benz 230” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 AR İXM-nın 346.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 20 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, X7 tərəfindən idarə olunan “Mercedes Benz 230” markalı, ** FM *** dövlət nömrə nişanlı avtomaşın "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi ilə sığortalanmışdır. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar vurulmuş ziyanın əvəzi kimi sığorta şirkəti tərəfindən iddiaçıya 770 manat məbləğində sığorta haqqı ödənilməsi təklif olunmuşdur. Lakin sonra "xxxx" ASC baş vermiş hadisə üzrə tərtib edilmiş arayışda zərər vurmuş şəxsin inzibati məsuliyyətə cəlb edildiyi və arayışa müvafiq düzəliş edildiyi halda cəmiyyət tərəfindən qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülməsi bildirilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının mülkiyyətində olan avtomaşına ziyanın dəyməsinə səbəb olan hadisə sığorta hadisəsi kimi hesab olunsa da, cavabdeh şirkətin ziyanın vurulmasına səbəb olmuş sərnişinin hərəkətləri ilə bağlı onun inzibati məsuliyyətə cəlb edildiyi halda sığorta ödənişinin verilməsini bildirməsi, faktiki olaraq sığorta ödənişinin verilməsindən imtina kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı həmin imtinanın qanunsuz sayılması və sığorta ödənişinn verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlı olmuşdur. Məhkəmə cavabdehin sığorta ödənişinin verilməsindən imtina ilə bağlı gətirdiyi dəlillərini araşdıraraq hesab edir ki, həmin dəlillər sığorta ödənişinin verilməsindən imtina üçün əsas hesab olunmur. “Yol hərəkəti haqqında” AR Qanununun 1-ci madədsinin 35-ci bəndinə əsasən sərnişin — nəqliyyat vasitəsində hərəkətdə olan, lakin onun idarə edilməsinə aidiyyəti olmayan şəxsdir. Həmin Qanunun 41-ci maddəsinin 1-ci bəndinə əsasən sərnişin nəqliyyat vasitəsinə yalnız xüsusi minik meydançasından, belə meydança olmadıqda isə, səkidən və ya yolun çiyini tərəfdən yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra minib-düşməlidir (sərnişinlərin səki və ya yolun çiyini tərəfdən minib-düşməsi mümkün olmayan halda, onlar yolun hərəkət hissəsindən o şərtlə minib-düşə bilər ki, bu, təhlükəli olmasın və hərəkətin digər iştirakçıları üçün maneə yaratmasın). Həmin Qanunun 56-cı madəsinin X bölməsinin 3-cü bəndinə əsasən nəqliyyat vasitəsi dayandıqda və ya durduqda, heç bir təhlükənin olmadığını yəqin etmədən onun qapılarını açmaq qadağandır. Hazırki mübahisədən göründüyü kimi iddiaçının avtomaşınına ziyan digər nəqliyyat vasitəsinin sürücüsü deyil, həmin nəqliyyat vasitəsində əyləşən sərnişinin düşərkən onun qapısını təhlükənin olmadığını yəqin etmədən açması nəticəsində vurulmuşdur. Həmin hadisə ilə bağlı isə iş materiallarında olan inzibati xəta haqqında qərardan göründüyü kimi məsuliyyətə avtomaşının sürücüsü cəlb edilmişdir. Yəni "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmış “Mercedes Benz 230” markalı, ** FM *** dövlət nömrə nişanlı avtomaşının sürücüsü bilavasitə ziyanı vuran şəxs olmasa da, onun tərəfindən “Yol hərəkəti haqqında” AR Qanununun “Dayanma və durma” haqqında qaydalar pozulduğu üçün üçüncü şəxsə maddi ziyan dəymişdir. “İcbari sığortalar haqqında” AR Qanununun 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Eyni Qanunun 52.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. Qeyd edilən Qanunun 53.4-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Qanunun yuxarıda göstərilən tələblərindən göründüyü kimi avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin əmlakına zərər vurulması mülki məsuliyyətin yaranmasının əsası hesab edilir. Yəni mülki məsuliyyət bilavasitə sürücünün hərəkətlələri nəticəsində deyil, eyni zamanda nəqliyyat vasitəsindən istifadə etməsi nəticəsində həmin avtomaşında olan sərnişinin hərəkətləri ilə də yarana bilər. İcbari sığorta qanunvericiliyinə görə avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Belə olan halda icbari sığorta müqaviləsi üzrə sığortalı olan “Mercedes Benz 230” markalı, ** FM *** dövlət nömrə nişanlı avtomaşının sərnişinin “Yol hərəkəti haqqında” AR Qanununun 56-cı maddəsinin tələblərini pozulması nəticəsində üçüncü şəxslərə dəymiş ziyan sığorta hadisəsi hesab olunur və sığorta ödənişinin verilməsi üçün əsasdır. Məhkəmə cavabdehin bilavasitə ziyanı vurmuş sərnişinin inzibati məsuliyyətə cəlb edilməli olması ilə bağlı dəlilləri üzrə qeyd edir ki, baş vermiş hadisə nəqliyyat vasitəsi sahibinin nəqliyyat vasitəsindən istifadə etməsi nəticəsində “Yol hərəkəti haqqında” AR Qanununun tələblərini pozulması səbəbindən baş vermişdir. Həmin hadisə sığorta hadisə hesab olunduğu üçün və sığorta ödənişinin verilməsi üçün əsas olduğuna görə, sərnişinin inzibati məsuliyyətə cəlb edilibedilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsas ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən sığorta ödənişinin verilməsindən imtina “İcbari sığortalar haqqında” AR Qanununun tələblərinə zidd olduğu üçün qanunsuz hesab edilməli və cavabdehin üzərinə baş vermiş hadisə ilə bağlı hesablanmış sığorta ödənişinin verilməsi həvalə edilməlidir. Məhkəmə iddia tələbinin sığorta ödənişinin vaxtında verilməməsinə görə dəbbə pulunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilməməlidir. AR Mülki Məcəllənin 934-cü maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta qanunvericiliyi və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh sığorta təşkilatı tərəfindən sığorta hadisəsi ilə bağlı sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Belə olan halda sığorta ödənişinin verilməsi ilə bağlı mübahisə olduğu üçün, bu hal sığorta ödənişinin verilməsinin gecikdirilməsi ehsab edilmir. Bu səbəbdən dəbbə pulunun tutulması hissəsində tələb əsassızdır və təmin edilməməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı tələb üzrə məhkəmə qeyd ki, həmin hissədə tələb təmin edilməlidir. AR MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qanunun tələbindən göründüyü kimi məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə bağlı çəkilmiş xərclərdən ibarətdir. İddiaçı tərəfindən məhkəməyə hüquqi xidmətlə bağlı 434 saylı müqavilə və həmin xərclərlə bağlı 110 manat məbləğində ödəniş qəbzi təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı məcburi köçkün kimi dövlət rüsumu ödəməkdən azad olduğu üçün, həmçinin iddia sığorta ödənişinin ödənilməsi hissəsində (770 manat) təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 manat məbşləğində pul tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə işə baxılması ilə bağlı xərclərin tutulması ilə bağlı qeyd edir ki, iddia sığorta ödənişinin tutulamsı hissəsində təmin olunduğu üçün və iddiaçı tərəfindən hüquqi xidmətlə bağlı vəkili 110 manat məbləğində pul ödənildiyi üçün, həmin xərc də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin 07 iyul 2021-ci il tarixli, BS-C-21/1639 saylı imtinası qanunsuz hesab edilsin. 01.07.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar iddiaçının mülkiyyətində olan “Chevrolet Cruze” markalı ** UZ *** dövlət nömrə nişanlı avtomaşına dəymiş ziyanla bağlı sığorta ödənişinin – 770 (yeddi yüz yetmiş) manat məbləğində pulun İddiaçı ödənilməsi "xxxx" ASC-nin üzərinə qoyulsun. "xxxx" ASC-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. "xxxx" ASC-dən İddiaçı xeyrinə hüquqi xidmət xərcinin əvəzi olaraq 110 (yüz on) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2228/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2228/2021
17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver