Məhkəmə qərarları › İş №2(009)-2282/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2282/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2282/2020 19.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh “Cavabdeh Sığorta” ASC Sığorta Şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq…… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh Sığorta” ASC Sığorta Şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək baş vermiş yol-nəqilyya hadisəsi nəticəsində avtomaşına dəymiş 1900 manat zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçı iddia ərizəsində cavabdeh sığorta şirkəti tərəfindən ona 650 manat sığorta ödənişinin təklif etməsini, onun həmin məbləğlə razı olmadığını və bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini göstərmişdir. Hakim qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona sığorta ödənişi ilə bağlı 650 manat təklif olunmasını qeyd etsə də, bu barədə sübutları məhkəməyə təqdim etməmişdir. “İcbari sığortalar haqqında” AR Qanununun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Həmin Qanunun 24.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət etmək hüququ var. Hakim qeyd edir ki, iddiaçı qanunun yuxarıda göstərlən tələblərinə əsasən mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət etmədən məhkəməyə müraciət etmişdir. Yəni qanunun tələbinə əsasən sığortaçı tərəfindən yol-nəqilyyat hadisəsi nəticəsində avtomaşına vurulmuş ziyan müəyyən edilməli və zərərçəkənə həmin ziyan məbləğində sığorta ödənişinin ödənilməsi təklif olunmalıdır. Zərərçəkən həmin ziyanla razı olmadıqda onun və sığortaçının razılığı ilə ziyan müstəqil qiymətləndirici vasitəsi müəyyən edilməlidir. Razılıq əldə edilmədiyi halda zərərçəkən ona sığortaçı tərəfindən təqdim olunan kompensasiyanı mübahisələndirməklə məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı göründüyü kimi məhkəməyə qədər mübahisənin nizama salınması ilə bağlı tədbirlərin görülməsinə dair hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. AR MPM-nin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumatı iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. AR MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət etməmişdirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri ərizəçiyə geri qaytarır. Bu səbəbdən hakim hesab edir ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət etmədiyindən, iddia ərizəsinin icraatı mümkünsüzdür. Beləliklə hakim hesab edir ki, iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət olunmadığından, iddia ərizəsinin məhkəmə icraatı mümkünsüzdür və iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 153-cü maddəsinin rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdeh “Cavabdeh Sığorta” ASC Sığorta Şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar