Məhkəmə qərarları › İş №2(009)-2308/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2308/2021

26.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2308/2021 26.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı vəkili Nümayəndə və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 50.000 (əlli min) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun barəsində sosial şəbəkələrdə şər və böhtan xarakterli məlumatlar yaymaqla şərəf və ləyaqətini alçaldıcı hərəkətlər edirlər. Cavabdehlərin bu qanunsuz hərəkətlərinə görə onun vermiş olduğu şikayət ərizələrinə cavab olaraq bildirilmişdir ki, şərəf və ləyaqətini kütləvi informasiya vasitələrində alçaldılması üçün onlara qarşı məhkəmədə kompensasiya tələb etmək hüququ vardır. Cavabdehlərin bu qanunsuz hərəkətləri dayandırmaları barəsində vermiş olduğu şikayətlərə baxmayaraq, onlar barəsində şər və böhtan xarakterli məlumatlarla müxtəlif orqanlara müraciət edərək şərəf və ləyaqətini alçaldılması üçün müraciətlər etmiş və etməkdə davam edirlər. Cavabdehlər tərəfindən dəfələrlə onun barəsində yalan həqiqətə uyğun olmayan, şər və böhtan xarakterli məlumatlarla müraciət etmələrinə baxmayaraq, həmin məlumatlar araşdırılır və həqiqətə uyğun olmadığı sübüta yetirilir. Cavabdehlərin etdiyi hər müraciətlərlə bağlı onun izahatları alınır və onlar onun keçmiş hərbçi olduğunu açıq aşkar müraciətlərində göstərirlər. Cavabdehlərin etdiyi bu hərəkətlər nəticəsində ona mənəvi zərər yetirilmşdir. ona vurulmuş mənəvi zərər 50000 (əlli min) manat dəyərindədir. Onun qanunvericiliklə qorunan hüquqları pozulduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Resrublikası Mülki Məcəlləsinin 2.2, 18, 21.1, 21.2, 23.1, 23.4–cü maddələrinə əsasən hesab edir ki, cavabdehlər tərəfindən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən yalan məlumatların yayılması nəticəsində mənə vurulmuş zərərin əvəzinin yəni 50.000 (əlli min) manat pul ondan tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbinə etiraz edərək izahatında iddiaçı ilə aralarında mənzil mübahisələri olduğunu, həmin yaşayış yerinə görə yoldaşı tərəfindən 20.000 manat pul ödənilib alındığını, lakin iddiaçının onları yaşayış yerindən çıxarmaq istədiyi üçün mübahisələrin başladığını, iddiaçının şərəf və ləyaqətini alçaltmadıqlarını, sadəcə öz haqqlarını tələb etdiklərini və bununla əlaqədar olaraq müvafiq orqanlara şikayətlər göndərdiklərini bildirmişdir. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki iş üzrə məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçı və cavabdeh tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı tədqiq edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin 03.06.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 və digərinin cavabdeh X6 qarşı yaşayış evindən çıxarılma və sair tələblərə dair iddiası və İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrisinə qarşı mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 03.06.2021-ci il tarixli qətnaməsindən həmçinin görünür ki, Cavabdeh2, Cavabdeh1 və İddiaçı apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Səbail rayon Məhkəməsinin hazırki iş üzrə 30 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Səbail Rayon Məhkəməsinin 24.11.2011-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı – cavabdehlər Cavabdeh1, X9 və X2 qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddiası təmin edilərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 12 saylı binanın 2 saylı mənzilinin divarına bitişik və eyvanın qarşısında inşa olunmuş 5,1x9,0 m. ölçüdə 3,9 m. hündürlüyündə cavabdeh tərəfindən inşa olunmuş bir mərtəbəli tikilinin sökülməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 12 saylı binanın 2 saylı mənzilinin divarına bitişik və eyvanın qarşısında inşa olunmuş 5,1x9,0 m. ölçüdə 3,9 m. hündürlüyündə cavabdeh tərəfindən inşa olunmuş bir mərtəbəli tikilinin sökülməsi vəzifəsi cavabdehlər Cavabdeh1, X9 və X1 üzərinə qoyulması, iddia ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 AZN məbləğində pul vəsaiti cavabdehlərdən tutulub iddiaçıya verilməsi qət edilmişdir. - N №li hərbi hissənin daxili təhlükəsizlik idarəsinin iddiaçıya ünvanladığı 14.06.2021ci il tarixli 22\1222 saylı cavab məktubundan görünür ki, onun Azərbaycan Ordusunun hərbi qulluqçusu Cavabdeh2 şərəf və ləyaqəti alçatması barədə Azərbaycan Respublikası müdafiə nazirinə ünvanladığınız ərizənizə baxılmışdır. Hərbi qulluqçunun sosial şəbəkələrdə hərbi geyim formasında video çıxışlar etməsinə görə tərəfindən müvafiq tədbirlər həyata keçirilərək həmin şəxsin məsuliyyətə cəlb olunması üçün xidmət etdiyi hərbi hissənin komandanlığına məktub göndərilmişdir. Əlavə olaraq, məktubda qeyd edilən şəxslərin onu təhqir etmələri, şərəf və ləyaqəti alçaldan ifadələr işlətmələri Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinə əsasən xüsusi ittiham qaydasında olduğundan, cinayət təqibinin başlanmasını tələb etmək, onun həyata keçirilməsində zərər çəkmiş və ya xüsusi ittihamçı qismində iştirak etmək, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almaq üçün müvafiq qaydada məhkəmə orqanlarına müraciət edilməlidir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin iddiaçıya ünvanladığı 10.06.2021-ci il tarixli cavab məktubundan görünür ki, şərəf və ləyaqətinn alçaldılmasına dair Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Ədliyyə Nazirliyinə daxil olmuş müraciətinizə baxılaraq bildirilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 -ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən olunmuş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məlumat üçün qeyd edilmişdir ki, müraciəti Ədliyyə Nazirliyinin səlahiyyətlərinə aid deyildir. Beləliklə, şərəf və ləyaqətinin alçaldılması tələbi ilə bağlı aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. - Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iddiaçıya ünvanladığı 08.06.2021-ci il tarixli cavab məktubundan görünür ki, Müdafiə Nazirliyinin hərbi qulluqçusu Cavabdeh2 və sabiq hərbi qulluqçu Cavabdeh1 sosial şəbəkələrdə canlı efir vasitəsi ilə hərbi sirləri yaymaları ünvanına şər, böhtan, habelə şərəf və ləyaqəti alçaldan təhqir xarakterli ifadələr işlətmələri və bu əməllərinə görə onların cinayət məsuliyyətinə cəlb olunmaları barədə Azərbaycan Respublikasının Baş prokuroruna ünvanladığınız müraciətiniz 08.06.2021-ci il tarixdə Respublika Hərbi Prokurorluğuna daxil olmuş və baxılır. Nəzərinizə çatdırılır ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna və Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə ünvanladığı eyni məzmunlu müraciətləri müvafiq olaraq 01.06.2021 və 07.06.2021-ci il tarixlərdə Respublika Hərbi Prokurorluğuna daxil olmuş və müraciətdə göstərilən xüsusatlarla bağlı izahatının alınması məqsədilə qısa müddət ərzində Respublika Hərbi Prokurorluğuna Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru, ədliyyə mayoru Amil Rəhimovun qəbuluna gəlməyi barədə məktub göndərilsə də, o hazırkı vaxta qədər çağırışa gəlməmişdir. Odur ki, müraciətlə bağlı izahatın alınması üçün qısa müddət ərzində böyük prokuror, ədliyyə mayoru Amil Rəhimovun (əlaqə tel: xxx xx xx) qəbuluna gəlməyi xahiş olunur. - Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iddiaçıya ünvanladığı 19.06.2021-ci il tarixli cavab məktubundan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qadın hərbi qulluqçusu, gizir Cavabdeh2 və onun əri Cavabdeh1 internet kanallarında ünvanınıza nalayiq ifadələr işlədərək şərəf və ləyaqətini alçaltmaları, Sizi şantaj etmələri, hərbi sirrləri yaymaları, Cavabdeh2 saxta sənədlər əsasında mənzilin kirayəsi üçün pul konpensasiyası alması və xidmət etdiyi stansiya işğaldan azad olunmuş ərazilərə köçürüldüyü halda onun Bakı şəhərində qalması barədə müraciətinizə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda baxılmışdır. Müəyyən edilmişdir ki, Cavabdeh2 və Cavabdeh1 aranızda olan mübahisəli mənzillə bağlı mülki mübahisəni ictimailəşdirərək məsələnin müsbət həllinə nail olmaq məqsədilə “Kanal-13” və “24 Saat” internet kanallarının əməkdaşlarını mübahisəli mənzilin qarşısına dəvət edərək, orada məsələnin təfərrüatları ilə bağlı müsahibə vermiş, bu zaman sonuncular tərəfindən Sizə qarşı nalayiq, şantaj xarakterli ifadələrə yol verilməmiş, hərbi sirr sayılan məlumatlar açıqlanmamışdır. Cavabdeh2 saxta sənədlər əsasında qanunsuz mənzilin kirayəsi üçün pul konpensasiyası alması və xidmət qaydalarını pozması halları da təsdiq olunmamışdır. Eyni zamanda izah olunmuşdur ki, Cavabdeh2 və Cavabdeh1la aralarında olan digər mübahisələr mülki xarakter daşıdığından həmin mübahisələrin həlli ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Odur ki, bu barədə məlumat verilməklə izah olunur ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən, müraciətinizə baxılması ilə bağlı yuxarı prokurora və ya məhkəməyə şikayət vermək hüququ vardır. - Səbail RPİ-nin 8-ci PB-nin baş təhqiqatçısı, polis mayoru İldırım Salahovun qəbul etdiyi 13.05.2020-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi barədə» qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. - Səbail RPİ-nin 8-ci PB-nin baş təhqiqatçısı, polis mayoru İldırım Salahovun qəbul etdiyi 13.05.2020-ci il tarixli qərardan həmçinin görünür ki, 03.05.2020-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Cavabdeh1 DİN 102 xidmətinə müraciət edərək 02.04.2020-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olduğu Toyota markalı ** VR *** dövlət qeydiyyat nişanlı avtomobillə Vəliyev Ehtiram və Manafov Ramil adlı şəxslərin sərnişin qismində əyləşərək onu qeyd olunan ünvana Bibibeybət qəbirstanlığına apararaq onu döymək istəmələri və öldürməklə hədələdiyini bildirmişdir. ünvan 3 ünvanda yaşayan Cavabdeh1 Səbail RPİ 8-ci PB-nə ərizə ilə müraciət edərək 02.05.2020-ci il tarixdə saat 23 radələrində Ehtiram Vəliyev və İddiaçı Səbail rayonu ərazisində yerləşən qəbirstanlıqda onu öldürəcəkləri ilə hədələdiyini, həmin şəxslər barəsində qanuni tədbir görülməsini xahiş etdiyini bildirmişdir. İzahatı alınmış İddiaçı Qəmullah oğlu bildirmişdir ki, o, Samiri 2013-cü ildən qohumu Ehtiramın vasitəsi ilə tanıyır, onunla qərəzliyi və ədavəti yoxdur. 2017-ci ildə Samirə Badamdar qəsəbəsində yerləşən özünə məxsus fərdi yaşayış evini kirayə yaşamaq məqsədi ilə vermişdir, bir müddət Samir həmin evdə kirayə haqqını ödəyərək qalmışdır. Sonradan ona məlum olmuşdur ki, Samir həmin evi satmaq istəyir, onu evdən çıxartmaq istəyəndə Samir evdən çıxmamışdır. Həmin səbəbdən Samiri evdən çıxartmaq məqsədi ilə məhkəmə orqanlarına müraciət etmişdir. 02.05.2020-ci il tarixdə saat 23 radələrində Samirlə görüşməmiş və onunla danışmamışdır. Samir onun və Ehtiramın barəsində tam yalan və böhtan göstərmişdir. Samiri iki aydır görmür və onunla ünsiyyətdə olmur. Bununla da aparılmış araşdırma zamanı vət.Cavabdeh1 aralarında olan şəxsi münasibətlərin pozulması nəticəsində İddiaçı Qəmullah oğlu və X10 tərəfindən sözlə öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələnməsi hədənin icra ediləcəyi üçün real əsaslar olması müəyyən edilməmişdir. Belə olan halda toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilməlidir. - Səbail RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Pərviz Cəfərovun qəbul etdiyi 15.06.2020-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi barədə» qərardan görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Səbail RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Pərviz Cəfərovun qəbul etdiyi 15.06.2020-ci il tarixli qərardan həmçinin görünür ki, araşdırma X5, İddiaçı, Cavabdeh2 və Cavabdeh1 müraciətləri əsasında başlanmışdır. X12 ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi N.Paşayev küçəsində İddiaçı məxsus 12C saylı evdə uşaqları ilə birlikdə uzun müddətdir yaşayan Cavabdeh1 yaşadığı evə gələrək əlində bıçaqla ona və uşaqlarına hədə-qorxu gələrək evi tərk etməyi xahiş etmişdir. Onun yaşadığı ev İddiaçı məxsus olduğunu və evi tərk etməyəcəyini bildirdikdə Samir onu ictimai yerdə nəlayiq söyüşlərlə söyüb təhqir etmişdir. Bu hal dəfələrlə təkrarlandığı üçün özü və uşaqları mənəvi sarsıntılar yaşamışdır. Vət.İddiaçı ərizəsində bildirmişdir ki, qaynı mülkiyyətçisi olduğu ünvan 5 ünvanda qeydiyyatda olmağına baxmayaraq onun razılığı ilə pəncərənin qarşısında inşa etdiyi 12C saylı ev ona məxsusdur. Lakin özü Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət etmiş, həmin evə Cavabdeh1 zorla girmiş, ondan çıxmasını tələb edəndə sonuncu ona hədə-qorxu gələrək evindən çıxmamışdır. Vət.Cavabdeh2 ərizəsində göstərmişdir ki, İddiaçı həyat yoldaşı Cavabdeh1 məxsus evə X7 yerləşdirərək onların mülkiyyətlərini əllərindən almaq istəmişdir. 01.06.2020-ci il tarixdə ünvan 6 ünvanında yaşayan Cavabdeh1 DİN 102 xidmətinə müraciət edərək Səbail rayonu Badamdar bələdiyyə sədri Təzəxan adlı şəxsin Səbail RPİ 41-ci PB-nin rəis müavini ilə birlikdə onun yaşadığı ünvanı dəyişərək İddiaçı adına keçirmək istəməsi səbəbi ilə öldürmək həddinə çatdırdığını bildirmişdir. Aparılmış araşdırma zamanı material üzrə toplanmış kifayət qədər əsaslı sübut dəlillərlə, hüquqi əsas verən sənədlərlə və işin digər halları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 ünvan 8 ünvanında qeydiyyatda olmuşdur. Cavabdeh1 iddia etdiyi ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətində deyil, vətəndaş İddiaçı mülkiyyətində olmuşdur. Toplanmış materiallarla belə qənaətə gəlmək olur ki, Cavabdeh1 vətəndaş İddiaçı məxsus sözügedən evin ona məxsusluğunu təsdiq etmək üçün qaz və elektrik sayğaclarını həmin ünvanda quraşdırılmasına dair bağladığı müqavilələrdə və həmin ünvana dair qaz və işıq ödənişlərinin ödənilməsinə dair qəbzlərdə ünvanı Badamdar qəsəbəsi N.Paşayev küçəsi ev 12 C mənzili 001A, eləcə də N.Paşayev küç 12/1, Badamdar qəsəbəsi N.Paşayev küçəsi 12C ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evi reallıqda İddiaçı mülkiyyətindədir, Cavabdeh1 N.Paşayev küçəsi 12C ünvanın ona məxsusluğunu iddia etməsi məqsədi ilə həmin ünvanı müxtəlif ünvanlar kimi göstərmişdir. Odur ki, yuxarıda qeyd olunan iş materialları Cavabdeh1 sözügedən evə olan iddiasını təkzib edir və həmin iddialar tam əsassızdır. Cavabdeh1 bu mövqedən çıxış etməsi ona aid olmayan həmin mülkə iddialı olmasına dəlalət edir. Tərəflər arasında qeyd olunan məsələ ilə bağlı yaranmış mübahisə cinayət xarakteri daşımır, mülki mübahisə predmeti olduğundan öz həllini mülki qaydada məhkəmədə tapmalıdır. Belə olan halda toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməlidir. Tərəflər arasında sözügedən mübahisəli mülklə bağlı yaranmış mübahisə mülki xarakter daşıdığından onlara mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin iddiaçıya ünvanladığı 25.09.2021-ci il tarixli cavab məktubundan görünür ki, idarəyə daxil olmuş müraciətinə baxılmış və bildirilmişdir ki, müraciətində göstərilən xüsusatlar mülki xarakterli olmaqla araşdırılmasının polisin səlahiyyətinə aid olmadığını nəzərə alıb mülki qaydada müvafiq məhkəmə orqanlarına müraciət etməsi xahiş olunur. - KSPSM və MCQMİ-nin KHBƏMŞ-nin baş əməliyyat müvəkkili H.Əliyevin 19.01.2021-ci il tarixli «Cavabdeh1 müraciətinin araşdırılmasına dair» arayışından görünür ki, Bakı şəhəri Səbail rayonu N.Paşayev küçəsi ev 12/1-də yaşayan Cavabdeh1 Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin «Qaynar xətt» əlaqə mərkəzinə zəng edərək X3 ona məxsus mənzilə qanunsuz qeydiyyata alındığını bildirmişdir. Müraciətdə qeyd olunan xüsusatların araşdırılması məqsədilə Cavabdeh1la mobil telefon vasitəsilə dəfələrlə əlaqə saxlanılmış, və o, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdiyini təsdiq edərək «COVİD-19» xəstəliyinə yoluxduğunu bildirməklə Baş İdarəyə gəlməkdən imtina etmişdir. İşin materiallarından görünür ki, iddiaçının cavabdehlərdən 50000 manat məbləğinin tələbi ona vurulmasını iddia etdiyi mənəvi zərərlə bağlıdı və o, bu tələbini cavabdehlərin onun barəsində sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində, dövlət orqanlarında şər və böhtan xarakterli məlumatlar yaymaqla şərəf və ləyaqətini alçaldıcı hərəkətlər etmələri ilə əsaslandırmış, tələbinin maddi əsasları kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2, 18, 21,23-cü maddələrinə istinad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 2.2-ci maddəsinin tələbinə görə, mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. - 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. - 21.1-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 23.1 -ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. - 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyası şərəf, ləyaqət, işgüzar nüfuzu şəxsiyyətin şəxsi hüquqlarına aid edir. Hüquqi dövlətdə şəxsiyyətin şərəf və ləyaqətinin qorunması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiyasının: - 46-cı maddəsində şərəf və ləyaqətin müdafiəsi hüququ təsbit olunmuşdur. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. - 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, vətəndaşın şərəf və ləyaqəti anlayışını formalaşdıran münasibətlərin dairəsi hüquqi şəxsin şərəf və ləyaqətini formalaşdıran əlamətlərin dairəsindən bir qədər genişdir. Belə ki, şəxsiyyətin insani, milli, peşə, qadın və kişi ləyaqəti vardır. Bunlar arasında ali ictimai varlıq kimi insan ləyaqəti ideyası mərkəzi yer tutur. Bu ideyanın reallaşdırılması cəmiyyətin humanist əsaslarının və mənəvi sağlamlığının təsdiqidir. İnsan ləyaqətinə hörmət etmək, ona təminat vermək və onu qorumaq əslində insanın əsas həyati hüquqlarına hörmət etmək, onları qorumaq, ona layiqli həyat şəraitini təmin etmək, ona ali varlıq kimi münasibət bəsləmək deməkdir. Şərəf-cəmiyyətin üzvi kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Şərəf şəxsin müsbət sosial cəhətdən qiymətləndirilməsidir. Şərəf şəxsiyyətin müsbət cəhətlərini (vicdanlı, ədalətli, cəsur) əks etdirir. Ləyaqət - şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyə özünün verdiyi qiymətdir. Nüfuz-şəxsin cəmiyyətdə, kollektivdə, dostların əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarının: - 3-cü bəndinə əsasən məlumat əxlaqi prinsiplər, istehsal, təsərrüfat, xidmət və ictimai fəaliyyətlə ələqədar cəmiyyət kollektiv və yaxud ayrı-ayrı şəxslər barəsində mənif rəy yaradırsa o, şərəf və ləyəqəti ləkələyən məlumat hesab edilir. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən 3 halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması, məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsini bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsulla yayıla bilər. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, iddiaçının ona cavabdehlər tərəfindən mənəvi zərər vurulması ilə bağlı irəli sürdüyü faktiki halları onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Belə ki, işin materiallarından görünür ki, tərəflər arasında yaşayış sahəsi ilə bağlı mübahisələri mövcuddur. 2020-ci ildə iddiaçı Cavabdeh2 cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Nurəddin Paşayev küçəsi, 12/1 saylı evdən çıxarılması və evin ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçılar Cavabdeh2 və Cavabdeh1 3-cü şəxs qismində İddiaçı cəlb edilməklə cavabdeh X6 qarşı iddia ərizəsinə əlavətəqdim edərək, cavabdeh X5 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Nurəddin Paşayev küçəsi, 12/1 saylı evdən çıxarılması, cavabdeh tərəfindən yaşayış sahəsindən istifadəyə törədilmiş maneçiliklərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Sonradan iddiaçılar Cavabdeh2 və Cavabdeh1 məhkəməyəiddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh X5 ailə üzvləri ilə birlikdə ünvan 10 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması, iddiaçıların rəsmi qeydiyyatda olduqları mənzilin boşaldılması, onların həmin yaşayış sahəsinə köçürülməsi, İddiaçı tərəfindən yaşayış sahəsindən istifadəyə törədilmiş maneçiliklərin aradanqaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı da məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, onun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Nurəddin Paşayev küçəsi, 12 C saylı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X4 məcburi qaydada çıxarılmaları, həmin evi boşaldaraq təhvil vermələri və ona məxsus qeydiyyatda olduğu evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin mülki işdə hər iki iddia tələbi üzrə iddiaçılar cavabdehlərin mübahisəli tikililərdən çıxarılması tələbini irəli sürərkən onun faktiki əsası qismində həmin tikililərin onlara məxsus olduğunu göstərmişlər. Qeyd edilən iş üzrə qanuni qüvvəsini almış məhkəmə aktları (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4168/2021 saylı, 03.06.2021-ci il tarixli qətnaməsi) ilə müəyyən edilmişdir ki, iddiaçıların hər biri mübahisəli tikililərin mülkiyyət hüququ ilə onlara məxsus olduğunu təsdiq edən hər hansı hüquq müəyyənedici sənədi, habelə digər mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də ki, kollegiyanın iclasında təqdim etməmişlər. İddiaçılar tərəfindən mübahisələndirilən tikililər hüquqi statuslarına görə özbaşına tikili olduqlarına görə iddiaçılar həmin tikililər üzərində hər hansı hüquq əldə etmədiklərindən, onların cavabdehlərin həmin tikililərdən çıxarılmaları ilə bağlı tələb irəli sürmək üçün subyektiv hüquqları da olmadığından, Cavabdeh2, Cavabdeh1 və İddiaçı ayrı-ayrılıqda iddialarının qanuni əsası olmamışdır. İşin materiallarından görünür ki, tərəflər arasında mübahisəli vəziyyət məhz qeyd edilən mübahisəli tikililərlə bağlı olduğundan onlar bir-birinə qarşı cinayət xarakterli əməllərə dair şikayətlərlə hüquq mühafizə orqanlarına müraciət etmişlər. Qeyd edilən qarşılıqlı şikayətlər araşdırılaraq təsdiqini tapmamış və cinayət işinin başlanması dəfələrlə rədd edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin onu sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində, müxtəlif orqanlara müraciətlərində şər və böhtan xarakterli məlumatlar yaymaqla şərəf və ləyaqətini alçaldıcı hərəkətlər etmələrini göstərsə də, bu faktların mövcudluğunu təsdiq edən sübutlar təqdim etməmişdir. Əksinə, iddiaçının özünün təqdim etdiyi Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iddiaçıya ünvanladığı 19.06.2021-ci il tarixli cavab məktubundan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qadın hərbi qulluqçusu, gizir Cavabdeh2 və onun əri Cavabdeh1 ilə aralarında olan mübahisəli mənzillə bağlı mülki mübahisəni ictimailəşdirərək məsələnin müsbət həllinə nail olmaq məqsədilə “Kanal-13” və “24 Saat” internet kanallarının əməkdaşlarını mübahisəli mənzilin qarşısına dəvət edərək, orada məsələnin təfərrüatları ilə bağlı müsahibə vermiş, bu zaman sonuncular tərəfindən Sizə qarşı nalayiq, şantaj xarakterli ifadələrə yol verilməmiş, hərbi sirr sayılan məlumatlar açıqlanmamışdır. Cavabdeh2 saxta sənədlər əsasında qanunsuz mənzilin kirayəsi üçün pul konpensasiyası alması və xidmət qaydalarını pozması halları da təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmçinin qanunvericiliyin tələblərinə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə iddia tələblərinə hüquqi qiymət verməkdə davam edərək iddiaçıya mənəvi zərərin vurulması hissəsi o hallarda təmin edilə bilərdi ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Belə ki, Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi zərərlə” bağlı təcrübəsi göstərir ki, mənəvi zərərin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi zərər xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi zərərin məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Həmçinin, qanunvericiliyə əsasən hüquq pozuntusunun, qanunsuz hərəkətin mövcudluğu artıq mənəvi zərərin, sarsıntının mövcud olmasının təsdiqidir. Bütün fiziki və hüquqi şəxslər məhkəmə müdafiəsi üsullarından istifadə etmək hüququna malikdirlər və buna görə onların mülki məsuliyyətə cəlb olunması yolverilməzdir. Bütün bu göstərilənlərə məcmu qaydada qiymət verən və qanunvericiliyin yuxarıda göstərilən tələblərini əldə rəhbər tutan məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçı ilə aralarında olan tikili ilə bağlı mübahisələr zəminində olan hərəkətləri (müxtəlif orqanlara şikayətləri) ilə sonuncunun mənəvi sarsıntı və iztirab keçirməklə ona dəyən mənəvi zərər arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, hüquq pozuntusu və qanunsuz hərəkət mövcud deyilsə, heç bir mənəvi zərərin vurulmasından söhbət gedə bilməz, buna görə də iddia tələbləri əsassızdır. Məhkəmə bu nəticəyə gələrkən mülki qanunvericilik müddəalarının tətbiqi (təfsiri) zamanı hər bir müddəanın hərfi mənasının deyil, onun normalar sistemindəki yeri, mülki qanunvericiliyin ümumi prinsipləri (məqsəd və vəzifələri), insan hüquq və azadlıqlarının sosial təbiəti, mülki münasibətlərdə müqavilə azadlığı fəlsəfəsi, qanunda nəzərdə tutulduğundan artıq hüquqların məhdudlaşdırılmasının, sui-istifadə və hökmranlığının yolverilməzliyi, ədalət, insaf və humanizm baxımından təfsir edilməli olmasını nəzərə almışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə də, məhkəmə iddia tələblərinə hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar