Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2317/2022 06.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili R.A.Almuradovun, Cavabdehin nümayəndəsi S.N.Paşayevin iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta məbləğinin düzgün hesablanaraq ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta məbləğinin düzgün hesablanaraq ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, özünə məxsus 99LJ900 dövlət qeydiyyat nişanlı, ******* mühərrik nömrə nişanlı, “Toyota Camry” markalı şəxsi avtomobillə Bakı şəhəri, N.Hikmət küçəsi ilə hərəkət edərkən M.Seyidov küçəsi ilə N.Hikmət küçəsinin kəsişməsində avtomobili xx.xx.2022-ci il tarixdə, saat 15.35 radələrində sürücü X1 idarə etdiyi 77FZ865 dövlət nömrə nişanlı “Honda” markalı avtomobillə toqquşmuşdur. Nəticədə avtomobilinin sol yan tərəfi ciddi xəsarət almışdır. DYP əməkdaşlarının protokolu əsasında DİN-nin verdiyi 006946 saylı, xx.xx.2022-ci il tarixli arayışda “Honda”nın qadaq hissəsinin, “Toyota”nın sol yan hissəsinin əzildiyi göstərilir. Onun təqsiri olmadığı aydınlaşandan sonra sığorta şirkətinin ona dəymiş ziyanı ödəməli olduğu müəyyən edildi. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixdə tərtib etdiyi qiymətləndirmə aktında əzilən hissələr 932,20 manat görülmüş işlər 1915,25 manat ƏDV 512,54 manat, ödəniləcək məbləğ 3360 manat müəyyən edilmişdir. X11 Preyskurantlarına uyğun hesablanmış və təsdiq edilmişdir. Həmin məbləğin aşkar bazar qiymətlərin uyğun olduğu hamıya aydın olduğu halda ona “Dost Bank” vasitəsi ilə xx.xx.2022-ci il tarixdə cəmi 635 manat sığorta pulu ödənilmişdir. Yalnız hissələrin dəyərinin ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, 20792 saylı çek üzrə ödəniş 920,01 manatdır. Başqa bir hesab-fakturada xırda detallara ödəniş 100 manat göstərilmişdir. Yəni ən adi, xırda detalın belə öz dəyəri, qiyməti vardır və bu məbləğlər tərəfindən ödənilib. Habelə, qiymətləndirmə aktında 932,20 manat cəmi ehtiyat hissələri, 632,59 manat dəmirçi xidmətləri, 974,58 manat rəngsaz xidmətləri, 305,08 manat sökülüb-yığılma xidməti göstərilmişdir ki, bunların da cəmi qiyməti 2847,46 manat etmiş, 512,54 manat ƏDV olmaqla, cəmi 3360 manat məbləğ müəyyən edilmişdir. Hesab edir ki, cavabdeh "xxxx" şirkəti onun hüquqlarını kobud şəkildə pozmuş, haqqı olan məbləği ona ödəməmişdir. “Sığorta haqqında” AR Qanununun 12.2-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunan əmlakına və ya əmlak mənafelərinə dəyən zərərin yerini doldurmaq üçün ödənilən pul məbləğidir. İndiki halda şirkətin ödədiyi məbləğ ona dəymiş zərərin yerini doldurmur. Belə ki, ona 3360 manat ziyan dəymiş, şirkət isə ona 635 manat, yəni dəyən zərərin beşdə birindən də öz vəsait ödəmişdir. Həmin Qanunun 21-ci maddəsinin 1-ci bəndinin 3-cü abzasında göstərilir ki, sığortaçı sığorta ödənişini müqavilədə və ya qanunda göstərilən müddətdə verməlidir. Əks halda sığortaçı sığorta olunana ilk 5 gün ərzində sığorta ödənişinin 0,2 % məbləğində, sonra isə ötürülmüş hər gün üçün 1% məbləğində cərimə ödəyir. Deməli, qanuna müvafiq olaraq şirkətin ona ödəməli olduğu 3360 manatdan, ödədiyi 635 manat çıxılmalı, ödəmədiyi 2725 manata görə cərimə ödənilməlidir. Qanuna əsasən cavabdeh əsas məbləğdən başqa ona birinci 5 günə görə 5,44 manat, həmin 5 günü çıxmaqla ərizə verilənədək ötən 40 gün üçün 1090 manat, cəmi 1095,44 manat cərimə ödəməlidir. Bundan başqa, hər gün üçün 1% cərimə hesablanması cavabdehin məbləği tam ödəyib hesablanmasına qədər davam etməlidir. Beləliklə, cavabdeh ona əsas sığorta məbləğindən ödənilməyən 2725 manat, ilk 5 gün üçün 5,44 manat, ötən 40 gün üçün 1095,44 manat pul ödəməlidir. Ümumilikdə, sığorta məbləği 2725 manat sığorta məbləği, 1100,88 manat isə cərimə olaraq ödənilməlidir. Bundan başqa, məhkəmə üçün ödədiyi 58,20 manat dövlət rüsumu, vəkillə bağladığı müqaviləyə ödədiyi 160 manat pul da cavabdeh tərəfindən ona ödənilməlidir. Göstərilənlərə əsasən iddiaçı cavabdeh "xxxx" şirkətindən ödənilməyən 2725 manat sığorta pulu, ötən müddət ərzində ödəməni gecikdirdiyi üçün 1100,88 manat cərimə, 160 manat vəkillə müqaviləyə ödənilən məbləğ və 58,20 manat məhkəməyə görə ödənilən dövlət rüsumu, yekun olaraq 4038,64 manat pul vəsaitinin tutularaq bir dəfəyə ona ödənilməsi, ödənilməyən məbləğ tam ödənilənədək həmin məbləğin (2725 manat) 1%-nin hər gün üçün onun xeyrinə hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkli X2 iddia tələblərini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki,dəyən ziyanı 635 manat məbləğində qiymətləndirən ekspert sığorta təşkilatının mənafeyini nəzərə almış, lakin həmin qiymət real ziyan məbləğini əks etdirmir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək və bu barədə yazılı izahat məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, Cəmiyyətə xx.xx.2022-ci il tarixli PSS********** No-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən sığortalanmış “Honda İnsight (Hibrid)” markalı, **-FZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri ərazisində sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi və İddiaçı sahibliyində olan “Toyota Camry” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi barədə müraciət daxil olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X15 İdarəsi tərəfindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsində nəzərdə tutulmuş hadisə ilə bağlı sənədlər cəmiyyətə elektron qaydada təqdim edilmişdir. Cəmiyyət tərəfindən “Toyota Camry” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı qiymətləndirilərək 600 manat məbləğində müəyyənləşdirilmiş, lakin İddiaçı zərər məbləği ilə razılaşmadığından onun yazılı razılığı (ərizəsi) əsasında “Toyota Camry” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin yenidən qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil sığorta eksperti Elşən Mehdiyevin həvalə olunmuşdur. Həmin ekspert tərəfindən zərərin miqdarı 635 manat məbləğində müəyyən edilmiş, İddiaçı zərərin miqdarının müstəqil sığorta eksperti tərəfindən 635 manat məbləğində müəyyən edilməsi barədə xx.xx.2022-ci il tarixli 22/637 saylı məktub göndərilmişdir. İddiaçı həmin zərər məbləği ilə razı olmasına dair İ-1717/22 saylı sığorta ödənişi aktını həmin məbləğin qəti olması qeyd edilməklə, xx.xx.2022-ci il tarixdə imzalamış, müvafiq ödəniş tapşırığına əsasən 635 manat məbləğində sığorta ödənişi ona ödənilmişdir. Göründüyü kimi, sığorta hadisəsi hesab edilə bilən hal nəticəsində “Toyota Camry” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı qanunvericilikdə nəzərdə tutulmuş qaydada qiymətləndirilmiş İddiaçı müstəqil sığorta eksperti tərəfindən müəyyən edilmiş 635 manat zərər məbləği ilə razılaşdığı və sığorta ödənişinin ödənilməsinə dair İ-1717/22 saylı sığorta ödəniş aktını imzaladığı üçün sığorta şirkəti tərəfindən sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə, cəmiyyət tərəfindən zərər məbləği müəyyən edilərkən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununu 16.2-ci, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddələrinə əməl edilmiş, İddiaçı sığorta ödənişi qanunvericiliyin tələblərinə əməl edilməklə ödənilmişdir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Toyota Camry» minik markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə X7 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli etibarnamənin kserosurətinə əsasən S.Məmmədova məxsus «Honda İnsight (hibrid)» minik markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edilməsi X3 1 il müddətinə, xx.xx.2023-cü il tarixədək etibar edilmişdir. İş üzrə Bakı şəhəri X16 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 006946 nömrəli arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 15.35 radələrində M.Seyidov küçəsi ilə N.Hikmət küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 tərəfindən idarə edən “Honda” markalı, 77FZ865 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi, İddiaçı məxsus “Toyota Camry” markalı, 99LJ900 dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissələri əzilmişdir. İş üzrə Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərarın surətlərinə əsasən, X4 xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli hesab olunaraq AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində 40 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli hesab-fakturanın surətindən görünür ki, «Toyota Camry» markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyanın qiymətləndirilməsi üçün 84,75 manat, ƏDV 15,25 manat, cəmi 100 manat vəsait hesablanmışdır. İş üzrə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, «Toyota Camry» markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün 2847,46 manat, ƏDV 512,54 manat, cəmi 3360 manat vəsait hesablanmışdır. İş üzrə "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli yekun aktının təsdiq edilmiş surətinə əsasən «Toyota Camry» markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün (dəmirçi-armaturçu xidməti (ön sol qapı, ön sol qanad)-350 manat, rəngsaz xidməti (ön sol qapı, ön sol qanad)-250 manat) cəmi 600 manat vəsait hesablanmışdır. İş üzrə «Toyota Camry» markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı tərəfindən "xxxx" ASC-yə yazılmış xx.xx.2022-ci il tarixli ərizənin təsdiq olunmuş surətindən görünür ki, "xxxx" ASC-nin təklif etdiyi müstəqil sığorta eksperti kimi Elşən Mehdiyev onun əmlakını yenidən qiymətləndirilməsinə razılıq verməsini xahiş etmişdir. İş üzrə "xxxx" ASC-nin sifarişi əsasında müstəqil sığorta eksperti X9 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 050801 nömrəli müstəqil ekspert rəyinin təsdiq olunmuş surətindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zədələnmiş “Toyota Camry” minik markalı, 99LJ900 dövlət nömrə nişanlı, ban No JTNBF3HK503032516, 2019-cu il buraxılışdan, ağ mirvari rəngdə, İddiaçı mülkiyyətində olan avtomobilə dəyən ziyanın məbləğini təyin etmək üçün yerində baxış keçirilmiş, baxış zamanı avtomobilin hadisə nəticəsində yan hissəsinin zədələdiyi məlum olmuş, zərbə nəticəsində avtomobilin ön sol qanadın, ön sol qapısı zədələnmişdir, ehtiyat hissələrin (ön sol qanadaltı) dəyəri 35 manat, avtomobilin təmiri (armaturçu, rəngsaz, dəmirçi) 600 manat, cəmi 635 manat vəsait hesablanmışdır. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş 1-1717/22 saylı, xx.xx.2022-ci il tarixli sığorta aktının təsdiq edilmiş surətinə əsasən PSS********** saylı sığorta müqaviləsi üzrə sığortaçı qismində "xxxx" ASC sığortalı X5 məxsus «Honda İnsight (hibrid)» minik markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək – 1 il müddətinə sığorta olunmuş, xx.xx.2022-ci il tarixdə sığortalanmış avtomobil İddiaçı məxsus «Toyota Camry» markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, müstəqil ekspert X9 tərəfindən verilmiş müstəqil ekspert rəyinə əsasən həmin avtomobilə 635 manat ziyan dəymiş və bununla bağlı 635 manat sığorta ödənişi həyata keçirilmişdir. Həmin aktından həmçinin görünür ki, zərərçəkən üçüncü şəxs İddiaçı öz imzası ilə təsdiq etmişdir ki, bu sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişi sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi üçün qətidir. İş üzrə "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli elektron qəbzin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 635 manat sığorta ödənişi ödənilmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC-də icbari sığorta üzrə sığortalanmış «Honda İnsight (hibrid)» minik markalı **-FZ-*** dövlət nömrə nişanlı avtomaşın xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus «Toyota Camry» markalı **- LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində «Toyota Camry» markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktı ilə iddiaçının avtomobilə dəymiş zərər 2847,46 manat, ƏDV 512,54 manat, cəmi 3360 manat təşkil etmişdir. Sığorta şirkəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli yekun aktına əsasən iddiaçının mülkiyyətində olan avtomaşına vurulmuş ziyan məbləğini 600 manat hesablanmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, tərəflər yuxarıda qeyd edilən ziyan aktı ilə razılaşmayaraq, iddiaçının müraciəti əsasında sığorta şirkəti tərəfindən müstəqil sığorta eksperti dəvət edilmiş və xx.xx.2022-ci il tarixli müstəqil ekspert rəyi ilə iddiaçının avtomobilinə dəymiş zərər 635 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı həmin məbləğlə razı olmuş və tərtib edilmiş sığorta aktında iddiaçı imza edərək təsdiq etmişdir ki, həmin sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərərin əvəzinin ödənilməsi üçün qətidir. "xxxx" ASC tərəfindən «Toyota Camry» markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 635 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixdə tərtib etdiyi qiymətləndirmə aktında avtomobilin əzilən hissələr 932,20 manat, görülmüş işlər 1915,25 manat, ƏDV 512,54 manat, ödəniləcək məbləğ 3360 manat müəyyən edilmişdir. Yalnız hissələrin dəyərinin ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, 20792 saylı çek üzrə ödəniş 920,01 manatdır. Başqa bir hesab-fakturada xırda detallara ödəniş 100 manat göstərilmişdir. Yəni ən adi, xırda detalın belə öz dəyəri, qiyməti vardır və bu məbləğlər tərəfindən ödənilib. Habelə, qiymətləndirmə aktında 932,20 manat cəmi ehtiyat hissələri, 632,59 manat dəmirçi xidmətləri, 974,58 manat rəngsaz xidmətləri, 305,08 manat sökülüb-yığılma xidməti göstərilmişdir ki, bunların da cəmi qiyməti 2847,46 manat etmiş, 512,54 manat ƏDV olmaqla, cəmi 3360 manat məbləğ müəyyən edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə 3360 manat ziyan dəymiş, cavabdeh şirkət isə ona 635 manat, yəni dəymiş zərərin beşdə birindən də az vəsait ödəmişdir. Cavabdeh təşkilatı avtomaşına dəymiş 3360 manat ziyan məbləğindən 635 manat ödənilmiş və qalıq qalmış 2725 manat məbləğində sığorta pulu ödənilməlidir. Bu səbəbdən iddiaçı avtomobilə dəyən zərərin əvəzi kimi 2725 manat sığorta pulu, ötən müddət ərzində ödəməni gecikdirdiyi üçün 1100,88 manat cərimə, hüquqi yardım xərcinə görə 160 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 58,20 manat, cəmi 4038,64 manat pul vəsaitinin cavabdehdən tutularaq bir dəfəyə ona ödənilməsi, ödənilməyən məbləğ tam ödənilənədək həmin məbləğin (2725 manat) 1%nin hər gün üçün onun xeyrinə hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərdə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilməklə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərdə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetinin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Məhkəmə qeyd edir ki, icbari sığorta qanunvericilyinə əsasən sığorta hadisəsi baş verdikdə dəymiş zərərin miqdarı sığortaçının özü və ya sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilməklə, zərərin miqdarının qiymətləndirilməsi tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Məhkəmə qeyd edir ki, iddiaçı sığorta hadisəsi nəticəsində avtomaşınına dəymiş ziyan məbləği ilə razı olmadığını iddia etsə də, ziyan məbləği onun razılığı ilə qiymətləndirici tərəfindən müəyyən edilərkən ziyan məbləği ilə razılığını ifadə edərək sığorta aktını imzalamış və sığorta ödənişini almışdır. Məhkəmə hesab edir ki, iddiaçı müəyyən edilmiş ziyan məbləği ilə bağlı razılığını bildirdiyindən və sığorta ödənişi aldığından, o həmin ziyan məbləğini yenidən mübahisələndirmək hüququnu itirmişdir. Belə ki, icbari sığorta qanunvericiliyinə əsasən sığortaçının sığortalı qarşısında öhdəliyi qanunla müəyyən edilmiş həddə yaranır. Yəni sığortaçı sığortalıya sığorta ödənişini qanunla müəyyən edilmiş prosedur həyata keçirildikdən sonra ödəyir. Həmin prosedur sığorta hadisəsinin müəyyən edilməsi, ziyanın hesablanması və sığorta ödənişinin ödənilməsindən ibarətdir. Qanun sığortalıya hər mərhələ üzrə sığortaçının hərəkətlərini mübahisələndirmək hüququnu vermişdir. İddiaçı yol-nəqliyyat hadisəsi zamanı avtomaşınına 3360 manat ziyan vurulmasını hesab etmişdirsə, bu halda sığortaçı tərəfindən müəyyən edilən ziyan məbləği ilə razı olmamaq və onu mübahisələndirmək hüququ var idi. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi qiymətləndirmə aktının tarixi xx.xx.2022-ci il, onun razılığı ilə müstəqil ekspert tərəfindən verilmiş rəyin tarixi xx.xx.2022-ci ildir. Yəni iddiaçı həm özünün, həm də cavabdehin ilkin araşdırması zamanı müəyyən edilmiş ziyan məbləğləri ilə razılaşma əldə olunmamasını nəzərə alaraq müstəqil ekspert tərəfindən ziyanla bağlı qiymətin müəyyən edilməsinə razılıq vermiş və həmin rəy əsasında müəyyən edilmiş ziyan məbləği həddində sığorta ödənişini almış, lakin həmin məbləğin mübahisələndirilməsi ilə bağlı hüququndan istifadə etməmiş və ziyan məbləği ilə razı olduğunu bildirərək sığorta ödənişini almışdır. Digər tərəfdən iddiaçının müstəqil ekspert tərəfindən müəyyən edilən ziyan məbləği ilə razı olmaması, yenidən sığortaçı üzərinə sığorta ödənişi vəzifəsinin qoyulması və qanunun pozulması ilə nəticələnə bilər ki, bu da yolverilməzdir. Yuxarıda qeyd olunduğu kimi sığorta ödənişi ya tərəflərin razılığı ilə müəyyən edilir, mübahisə halında isə məhkəmə tərəfindən. Hazırki iş üzrə göründüyü kimi iddiaçı ziyan məbləğini mübahiləndirmədiyi üçün, o, hazırda sığorta ödənişi kimi cavabdeh tərəfindən ödənilməmiş 2725 manat məbləğində pulu tələb etməkdə haqlı hesab edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi 2725 manat pulun tutulması hissəsində əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının sığorta pulun tutulması barədə tələbi əsassız hesab olunduğu üçün, iddia tələbi ötən müddət ərzində ödəməni gecikdirildiyi üçün 1100,28 manat cərimənin tutulması, ödənilməyən məbləğ tam ödənilənədək həmin məbləğin (2725 manat) 1%-nin hər gün üçün hesablanıb ödənilməsi hissəsində də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri - 160 manat hüquqi xidmət xərci və 58,20 manat ödənilmiş dövlə rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdeh "xxxx" şirkətindən ödənilməyən 2725 manat sığorta pulu, ötən müddət ərzində ödəməni gecikdirdiyi üçün 1100,88 manat cərimə, 160 manat vəkillə müqaviləyə ödənilən məbləğ və 58,20 manat məhkəməyə görə ödənilən dövlət rüsumu, yekun olaraq 4038,64 manat pul vəsaitinin tutularaq bir dəfəyə ona ödənilməsi, ödənilməyən məbləğ tam ödənilənədək həmin məbləğin (2725 manat) 1%-nin hər gün üçün onun xeyrinə hesablanıb ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2317/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2317/2022
06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver