Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2337/2020 20.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2011-ci il təvəllüdlü Əmiraslanova Ayan Söhrab qızının və xx xxxx 2014-cü il il təvəllüdlü Əmiraslanov Həsən Söhrab oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər uşağa 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, o,Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Birgə nikahlarından xx xxxxxx 2011-ci il təvəllüdlü Əmiraslanova Ayan Söhrab qızı və xx xxxx 2014-cü il il təvəllüdlü Əmiraslanov Həsən Söhrab oğlu dünyaya gəlmişdir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(005)- 3590/2017 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. xx.xx.2017-ci il tarixdə cavabdehlə aralarında bağlanmış sazişə əsasən aliment qismində 50.000 manat məbləğində pul vəsaitinin ödənilməsi nəzərdə tutulsa da, cavabdeh həmin məbləği ona ödəməmişdir. Sadəcə olaraq cavabdeh bu barədə öhdəlik götürmüş, lakin yerinə yetirməmişdir. Cavabdehə uşaqlarını saxlamaq, aliment ödəmək üçün dəfələrlə müraciət etsə də o heç bir reaksiya etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 izahat verərək, iddianı qəbul etmədiklərini bildirmiş, iddianın təmin olunmamasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(005)-3590/2017 saylı qətnaməsindən görünür ki, Əmiraslanova (Məmmədova) Azadə Azər qızı ilə Cavabdeh nikahları pozulmuş, xx xxxxxx 2011-ci il təvəllüdlü Əmiraslanova Ayan Söhrab qızı və xx xxxx 2014-cü il il təvəllüdlü Əmiraslanov Həsən Söhrab oğlu anaları Əmiraslanova (Məmmədova) Azadə Azər qızının yanında saxlanılmışdır. Qətnamənin 1-ci vərəqinin 4-cü abzasında, 2-ci vərəqinin 4-cü abzasında, 3-cü vərəqinin 2-ci abzasından görünür ki, aliment ödənilməsi ilə bağlı məsələ tərəflər arasında bağlanmış sazişlə həll edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə Əmiraslanova (Məmmədova) Azadə Azər qızı arasında aliment qismində 50.000 manatın verilməsinə dair xx.xx.2017-ci il tarixdə saziş imzalanmış və bu saziş Bakı şəhəri 50 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilib. İş materiallarına əlavə AZE seriyalı 13157921 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 mənzil 33 ünvanında qeydiyyatdadır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəllənin 22.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını; 22.2.2-ci maddəsinə əsasən uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən, Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 170 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hazırki vəziyyətdə məhkəmə hesab edir ki, nə qədər ki tərəflər arasında xx xxxxx 2017-ci il tarixdə bağlanmış saziş mübahisələndirilməyib və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində artıq alimentə qiymət verilib iddia tələbi təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Şəhla Süleymanova