Məhkəmə qərarları › İş №2(009)-2338/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2338/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2338/2021 29.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Tomayev Deputat Süleyman oğlunun katibliyi, İddiaçının və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta ödənişinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdırlar ki, Binəqədi rayon Məhkəməsinin 22.02.2021ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, X3 19 oktyabr 2020-ci il tarixdə saat 20:15 radələrində Bakı-Xocasən-Lökbatan qəsəbəsi istiqamətində hərəkət edərkən yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X6 vurmuş və şəxs vəfat etmişdir. İstintaq zamanı iddiaçı S.Məmmədovun qardaşı kimi hüquqi varis qismində tanınmışdır. O, hüquqi varis kimi sığorta ödənişini almaq üçün cavabdeh şirkətə müraciət etməsinə baxmayaraq, imitna cavabı almışdır.Göstərilənlərə əsasən məhkəmədən iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməmiş və iddianın rədd olunmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, faydalanan şəxs sığorta qanunlarına əsasən sığorta ödənişi verilməli şəxsdir. İddiaçı həlak olmuş şəxsin ailə üzvü hesab edilmədiyindən onun sığorta ödənişi almaq hüququ yoxdur. Məhkəmə tərəfləri dinləyib, işdə olan sübutları tədqiq edib, onları məcmusu üzrə qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: “İcbari Sığorta Bürosu” Portalından çıxarışdan görünür ki, ** PJ *** dövlət qeydiyyat nişanlı, “Ravon Nexia” minik markalı avtomobil mülki məsuliyyətin icbari sığortası növündə "xxxx" ASC-də sığortalanmışdır. AZ-İİ № 149154 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 19 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. 05 iyul 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X5 qanun üzrə vərəsəsidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, “Ravon Nexia” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil mülki məsuliyyətin icbari sığortası növündə "xxxx" ASC-də sığortalanmışdır. X1 avtomobil ilə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə X8 həlak olmuşdur. Bundan sonra iddiaçı Ş. Məmmədov qardaşı S. Məmmədovun hüquqi varisi qismində tanınaraq istintaqda iştirak etmişdir. X2 təqsiri sübuta yetirilərək məhkəmə tərəfindən barəsində azadlıqdan məhrum etmə cəzası tətbiq edilmişdir. İddiaçı “Ravon Nexia” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh sığorta şirkətində sığortalandığına istinad edərək sığorta hadisəsi nəticəsində qardaşının həlak olduğunu əsas gətirir və bu səbəbdən sığorta ödənişinin qardaşının hüquqi varisi kimi ona ödənilməsini xahiş edir. “İcbari Sığortalar haqqında” Qanunun: 6.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir. 6.9-cu maddəsinə əsasən bu Qanunun məqsədləri üçün “ailə üzvləri” dedikdə, şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürənləri) başa düşülür. 7-ci maddəsinə əsasən sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Məhkəmə işin hallarını yuxarıda istinad edilən normalar ilə yanaşı yoxlayaraq qeyd edir ki, yol-nəqliyyat hadisəsi törətmiş “Ravon Nexia” markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil mülki məsuliyyətin icbari sığortası növündə "xxxx" ASC-də sığortalanmışdır. Qanunun tələbinə uyğun olaraq bu halda faydalan şəxslər üçüncü şəxs, şəxs öldüyü halda isə onun ailə üzvləri hesab edilirlər. İddiaçı hazırki halda qanunun tələbinə uyğun olaraq yalnız fərdi qəza sığortası üzrə faydalanan şəxs qismində sığorta ödənişi almaq hüququna malik şəxsdir. Lakin hazırki mübahisə üzrə hüquq münasibətləri mülki məsuliyyətin icbari sığortası növündə olduğundan iddiaçı sığorta ödənişi tələb etmək hüququna malik deyildir. İddiaçı isə S.Məmmədovun ailə üzvü hesab edilmədiyindən və mülki məsuliyyətin icbari sığortası növündə faydalanan şəxs qismində tanınmadığından onun hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yaranmamışdır. Belə ki, hazırkı mübahisə ilə bağlı məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin MPM-nin 119-cu maddəsinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia təmin olunmadığından, məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14, 77, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə tərəfə təqdim olunduqdan 1(bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar