Məhkəmə qərarları › İş №2(009)-239/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-239/2022

25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-239/2022 25.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı nümayəndəsi Balaliyev Alim Adil oğlunun, Cavabdeh "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Hüseynzadə Nərminə Rüfət qızının iştirakları ilə, İddiaçı cavabdeh "Atəşgah” Sığorta Şirkəti ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə İsmayıllı rayonu, İvanovka kəndi, Nərimanov küçəsində yerləşən ev 11-ə dəymiş 15704 manat ziyanın və ödənilmiş 138 manat dövlət rüsumunun cavabdeh «Atəşgah" Sığorta Şirkəti ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının İsmayıllı rayon, İvanovka kəndi, ünvan 1 ünvanında yerləşən evinə xx.xx.2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində ciddi zərər dəymişdir. Hətta onun evinə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, evinin birinci mərtəbəsindəki yataq otaqlarının divarlarında zəlzələ nəticəsində nəzərə çarpacaq dərəcədə üfüqi və şaquli təhlükəli çatlar əmələ gəlmiş, evin arxa divarı deformasiya vermiş, döşəmə və tavandan aralanmışdır. Həmçinin kürsü mərtəbəsinin otaqlarının xarici divarlarında və bünövrədə nəzərə çarpacaq dərəcədə çatlar əmələ gəlmişdir. Binanın eni 10.70 m, uzunu isə 16.20 metrdir. Bina mişarlanmış əhəng daşından 1956-cı il tarixdə inşa edilib, dəm örtüyü dalğavari azbest- sement materialdır. Ev yaşayış üçün qəzalı hesab olunur. Bildirirmişdir ki, İsmayıllı rayonu, İvanovka kəndi, ünvan 1-də yerləşən ev BA № 750930 saylı daşınmaz əmlakın İcbari Sığortası Şəhadətnaməsinə əsasən 15000.00 manat məbləğində sığortalanmışdır. Zəlzələ nəticəsində evə ziyan dəydikdən sonra o, İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin oradan rəsmi olaraq bildirmişlər ki, ev sığortalı olduğu üçün sığorta şirkətinə müraciət etməlidir. O da həmin ziyanın aradan qaldırılması üçün Cavabdeh Sığorta Şirkəti ASC-yə müraciət etmiş, lakin Sığorta Şirkətindən rəsmi olaraq bildirmişlər ki, İsmayıllı rayonu, İvanovka kəndi, Nərimanov küçəsi ərazisində xx.xx.2019-cu il tarixdə 12 ballıq MSK-64 seysmik cədvəli üzrə 4 bal gücündə zəlzələnini baş vermiş hadisə üzrə sığorta təminatı yaranmadığından Cavabdeh Sığorta Şirkəti bu hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina etmişdir. Qeyd etmişdir ki, İsmayıllı rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən evə baxış keçirilmiş və ciddi ziyan dəyməsi göstərilmişdir. Bu barədə aktı iddiaçı Sığorta Şirkətinə təqdim etsə də Sığorta Şirkəti onu əsassız get-gələ salmışdır. Sığorta müqaviləsinə əsasən sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal sığorta hadisəsidir. Həmin hal və hadisə də sığorta hadisəsi baş verən gün mövcud idi. Cavabdeh «Atəşgah Sığorta Şirkəti” ASC xx.xx.2022-ci il tarixdə iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının cavabdehə qarşı iddiası əsassız olduğu üçün təmin edilə bilməz. Daşınmaz əmlakın icbari sığortası növü üzrə İsmayıllı rayonu, İvanovka kəndi, ünvan 1 ünvanında yerləşən mənzil RAT********** nömrəli sığorta şəhadətnaməsi ilə Cavabdeh Sığorta Şirkətində sığortalanmışdır. İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə xx.xx.2019-cu il tarixində zəlzələ nəticəsində mənzilinə zərər dəyməsi barədə məlumat vermişdir. Cavabdeh Sığorta Şirkəti işin araşdırılması məqsədilə aşağıdakı tədbirləri görmüşdür:

1. 25.09.2019-cu il tarixində İsmayıllı rayon İcra Hakimiyyətinə İsmayıllı rayon İvanovka kəndi ərazisində zəlzələ baş verməsi və hadisə ilə əlaqədar olaraq dövlət tərəfindən əmlakın sahibi İddiaçı hər hansı ödənişin verilib-verilməməsini aydınlaşdırılması üçün sorğu ünvanlanmışdır. İsmayıllı rayon İcra Hakimiyyəti xx.xx.2019-cu il tarixində sorğuya cavab olaraq, təbii fəlakət nəticəsində əmlakın sahibinə dövlət tərəfindən hər hansı yardımın göstərilmədiyini qeyd etmişdir.

2. 22.01.2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanlanmış, İsmayıllı rayon, İvanovka kəndi ərazisində zəlzələnin olub-olmaması, olduğu təqdirdə evin zədələnməsinə dair məlumat təqdim etmələri xahiş olunmuşdur. Lakin hazırki tarixədək Fövqəladə Hallar Nazirliyi tərəfindən sorğuya cavab məktubu gəlməmişdir.

3. 22.01.2020-ci il tarixində həmçinin Seysmoloji Xidmət Mərkəzinə eyni məzmunlu sorğu ünvanlamışdır. AR Seysmoloji Xidmət Mərkəzi xx.xx.2020-ci il tarixində sorğuya cavab olaraq bildirmişdir ki, zəlzələ İsmayıllı rayon, İvanovka kəndində 4 bal intensivliyinə qədər hiss olunmuşdur. Bu intensivlikdə hiss olunan zəlzələnin binalara təsiri yoxdur. Cavabdeh Sığorta Şirkəti sorğuya cavaba əsaslanaraq, xx.xx.2021-ci il tarixində sığorta ödənişinin verilməsindən imtina barədə məktubu İddiaçı ünvanlamışdır. Məhkəmənin diqqətinə çatdırmışdır ki, iş materiallarından mənzilin 1956-cı ildə inşa edildiyi görünür. Tədricən köhnəlmə, aşınma, yeyilmə təsadüfi olaraq əmələ gəlmədiyi üçün bu hal həmçinin Mülki Məcəllənin tələblərinə də uyğun deyildir. Buradan belə nəticəyə gəlmək olar ki, mənzil hadisə baş verən anadək tədricən xarab olmuş, istismara yararsız hala düşərək təbii olaraq çatlar əmələ gəlmişdir. Çatların əmələ gəlməsinin isə zəlzələ ilə birbaşa səbəbli əlaqəsi olmamışdır. Qeyd olunanlara əsasən İddiaçı “sığorta məbləğinin ödənilməsi tələbinə dair” iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Balaliyev Alim Adil oğlu iddia ərizəsində qeyd olunanları müdafiə edərək izahat vermişdir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh «Atəşgah Sığorta Şirkəti” ASC-nin nümayəndəsi Hüseynzadə Nərminə Rüfət qızı izahat verərək etiraz ərizəsində qeyd olunanları müdafiə edərək bildirmişdir ki, Seysmoloji Xidmət Mərkəzi zəlzələnin 4 bal gücündə olduğunu və binalara təsir etmədiyini bildirmişdir. Lakin ekspert İsmayıllı RİH-nin verdiyi akta əsaslanmışdır. Hesab edir ki, Seysmoloji Xidmət Mərkəzi bu mövzuda daha dəqiq məlumat verir. Bu səbəbdən İsmayıllı RİH-nin verdiyi akt mötəbər sayılmamalıdır. Bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb, iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan MA seriyalı №0364025 nömrəli Dövlət Qeydiyyatın Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Çıxarışından görünür ki, İsmayıllı rayonu, İvanovka kəndi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. İş materiallarında olan RAT********** nömrəli, BA № 479722 seriyalı daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsindən görünür ki, İsmayıllı rayonu, İvanovka kəndi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi «Atəşgah Sığorta Şirkəti” ASC tərəfindən 15000 manat dəyərində icbari sığorta edilmişdir. Müqavilə xx.xx.2015-xx.xx.2016-cı il tarixlərində qüvvədə olmuşdur. İş materiallarında olan RAT********** nömrəli, BA № 553259 seriyalı daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsindən görünür ki, İsmayıllı rayonu, İvanovka kəndi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi «Atəşgah Sığorta Şirkəti” ASC tərəfindən 15000 manat dəyərində icbari sığorta edilmişdir. Müqavilə xx.xx.2016-xx.xx.2017-cı il tarixlərində qüvvədə olmuşdur. İş materiallarında olan RAT********** nömrəli, BA № 750930 seriyalı daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsindən görünür ki, İsmayıllı rayonu, İvanovka kəndi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi «Atəşgah Sığorta Şirkəti” ASC tərəfindən 15000 manat dəyərində icbari sığorta edilmişdir. Müqavilə xx.xx.2017-xx.xx.2018-cı il tarixlərində qüvvədə olmuşdur. İş materiallarında olan RAT********** nömrəli, BA№ 832444 seriyalı daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsindən görünür ki, İsmayıllı rayonu, İvanovka kəndi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi «Atəşgah Sığorta Şirkəti” ASC tərəfindən 15000 manat dəyərində icbari sığorta edilmişdir. Müqavilə xx.xx.2018-xx.xx.2019-cı il tarixlərində qüvvədə olmuşdur. İş materiallarında olan RAT********** nömrəli, BA№ 946823 seriyalı daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsindən görünür ki, İsmayıllı rayonu, İvanovka kəndi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi «Atəşgah Sığorta Şirkəti” ASC tərəfindən 15000 manat dəyərində icbari sığorta edilmişdir. Müqavilə xx.xx.2019-xx.xx.2020-cı il tarixlərində qüvvədə olmuşdur. İş materiallarında olan İsmayıllı rayon İcra Hakimiyyətinin 30 avqust 2019-cu il tarixli, 05/2194 nömrəli məktubundan məlum olur ki, 19 avqust 2019-cu il tarixdə akt tərtib edilmişdir. Aktda əsasən İsmayıllı rayonu İvanovka kəndində xx.xx.2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində evə dəymiş zərərlə əlaqədar evin texniki vəziyyətinə vizual baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, evinin birinci mərtəbəsindəki yataq otaqlarının divarlarında zəlzələ nəticəsində nəzərə çarpacaq dərəcədə üfüqi və şaquli təhlükəli çatlar əmələ gəlmiş, evin arxa divarı deformasiya vermiş, döşəmə və tavandan aralanmışdır. Həmçinin kürsü mərtəbəsinin otaqlarının xarici divarlarında və bünövrədə nəzərə çarpacaq dərəcədə çatlar əmələ gəlmişdir. Binanın eni 10.70 m, uzunu isə 16.20 metrdir. Bina mişarlanmış əhəng daşından 1956-cı il tarixdə inşa edilib, dəm örtüyü dalğavari azbest- sement materialdır. Ev yaşayış üçün qəzalı hesab olunur. İş materiallarında olan AMEA-nın nəzdində Seysmoloji Xidmət Mərkəzinin xx.xx.2020-ci il tarixli, 89/74 №-li məktubunda qeyd edilmişdir ki, zəlzələ İsmayıllı rayonu, İvanovka kəndi ərazisində 4 bal intensivliyə qədər hiss edilmişdir. Bu intensivlikdə hiss olunan zəlzələnin binalara təsiri yoxdur. İş materiallarında olan 22 iyun 2022-ci il tarixli, 10/1278 nömrəli ekspert rəyindən görünür ki, İsmayıllı rayonu, İvanovka kəndi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində ziyan dəymişdir. Həmin tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 13950.0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İsmayıllı rayonu, İvanovka kəndi, Nərimanov küçəsində yerləşən ev 11 xüsusi mülkiyyət kimi xx.xx.2012-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. İsmayıllı rayonu, İvanovka kəndi, Nərimanov küçəsində yerləşən ev 11 «Atəşgah Sığorta Şirkəti” ASC-də xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək sığortanın icbari növü üzrə 15000 manat dəyərində sığortalanmışdır. (150 manat azadolma məbləği) İddiaçı xx.xx.2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində İsmayıllı rayonu, İvanovka kəndi, ünvan 2 ünvanında yerləşən evə dəyən zərərlə bağlı cavabdehə müraciət etmiş, lakin sığorta şirkəti ziyanın zəlzələ nəticəsində dəymədiyindən sığorta ödənişinin həyata keçirilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. MM-in 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Məhkəmə qeyd edir ki, xx.xx.2019-cu ildə baş vermiş zəlzələ nəticəsində İsmayıllı rayonu, İvanovka kəndi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə zərər dəymişdir. Mənzil 1956-cı ildə inşa edilmiş və bu günə kimi aşınmalara məruz qalmışdır. Buna baxmayaraq zəlzələ nəticəsində də evə zərər dəymiş və ev icbari sığorta edildiyindən Cavabdeh Sığorta Şirkəti ASC dəymiş zərər həddində sığorta haqqı ödəməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 13950 manat məbləğində müəyyən edildiyini nəzərə alaraq icbari sığorta dəyərindən (15000 manat) 150 manat azadolma məbləği çıxılmalı, yerdə qalan sığorta ödənişi Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş Keçirilmiş məhkəmə ekspertizası xərcinin 45 manatı (qırx beş) Atəşgah” Sığorta Şirkəti ASC-dən, 5 (beş) manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Sığorta Şirkəti ASC-dən 14850 (on dörd min səkkiz yüz əlli) manat sığorta ödənişi və 120 (yüz iyirmi) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Keçirilmiş məhkəmə ekspertizası xərcinin 45 manatı (qırx beş) Atəşgah” Sığorta Şirkəti ASC-dən, 5 (beş) manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar