Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2421/2020 26.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı təhsil haqqına görə ödənilməli pulun tutulması barədə iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı təhsil haqqına görə ödənilməli pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2002-ci il Bakı şəhərində doğulmuşdur. Cavabdeh onun atasıdır. Atası anası ilə xx.xx.2001-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahlarından üç uşaqları olmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-4712/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən atası Cavabdeh ilə anası X5 arasında bağlanmış nikah pozulmuş, birgə nikahlarından olan uşaqların anası ilə qalması və uşaqların saxlanması üçün cavabdehdən ümumilikdə 409,80 manat pul məbləğində aliment tutulub anasına verilməsi qət edilmişdir. O, bacısı Ləman, qardaşı Emil və anası ilə birlikdə Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, Məktəb küçəsi, X13 kirayədə yaşayırlar. Aylıq kirayə haqqı 130 manat təşkil edir. Anası Respublika Uşaq Klinik Xəstəxanasında feldşer-laborant işləyir, aylıq 230 manat əmək haqqı alır. Bu günə qədər onlara anası baxmış, bütün xərclərini anası ödəmişdir. Cavabdeh alimentdən başqa onların dolanacaqları üçün heç bir maddi və mənəvi köməklik göstərməmişdir. Hətta anası onların rifahları daha da yaxşı tutmaq üçün alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etsə də, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1481/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən anasının iddiası təmin edilməmişdir. O, yetkinlik yaşına çatdığı üçün məhkəmə qətnaməsinə əsasən cavabdehdən ona görə tutulan aliment dayandırılmışdır. 2019-cu ildə o, X12 Kollecinin Turizm və onun təşkili ixtisasına daxil olmuşdur. Hazırda İİ kurs tələbəsidir. Anası onun təhsil alması üçün hər il 800 manat təhsil haqqı ödəyir. Təhsilin 3 illikdir. Bu günə qədər anası onun təhsil alması üçün 1200 manat təhsil haqqı ödəmişdir. xx.xx.2020-ci il tarixdə onun təhsil haqqının yarım ili üçün anası 400 manat pul ödəmişdir. 2021-ci ilin yanvar ayında təhsil haqqının qalan 400 manatı ödənilməsə, o, təhsilini davam etdirə bilməyəcək. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-də mexanik vəzifəsində işləyir və aylıq məvacibi təxminən 700 manat təşkil edir. Hesab edir ki, cavabdeh də onun təhsilinin davam etdirilməsində valideyn kimi vəzifəli olduğundan növbəti təhsil haqqı ödənişinin 400 manat məbləği cavabdehdən tutulub ona verilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh iddiaçının X12 Kollecində təhsil alması üçün 400 manat təhsil haqqı pulunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. iddiaçı həmçinin göstərmişdir ki, atası təhsil haqqına köməklik edəcəyinə bildirsə də, bunu etməmiş, təhsil haqqı kimi yerdə qalan 400 manat yanvar ayına kimi ödənilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə Sabunçu rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş kserosurətinə əsasən İddiaçı xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında X4 göstərilmişdir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-2712/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin kserosurətindən görünür ki, Cavabdeh ilə X4 arasında Siyəzən rayon VVADQ şöbəsində xx.xx.2001-ci il tarixdə bağlanmış və 61 No-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2002-ci il təvəllüdlü İddiaçı, xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X3 anaları X1 yanında qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 409,80 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməsi, alimentin tutulması xx.xx.2017-ci il tarixdən hesablanması qət edilmişdir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-1481/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı aliment miqdarının hər uşağa görə 160 manat müəyyən edilməsi və cavabdehdən uşaqların saxlanılması üçün cəmi 480 manat məbləğində alimentin tutulması barədə iddia tələbi əsassız olduğundan təmin edilməmişdir. İş üzrə X8 Kolleci tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 206 saylı arayışının kserosurətinə əsasən İddiaçı həmin Kollecin turizm və onun təşkili ixtisasının əyani şöbəsinin İİ-ci kurs tələbəsidir. İş üzrə nağd pulun mədaxili üçün TT202469MKVL nömrəli, xx.xx.2020-ci il tarixli ödəniş qəbzinin kserosurətindən görünür ki, Məmmədrzayeva Leyla tərəfindən X10 İddiaçı kollecdə təhsili üçün 400 manat təhsil haqqı ödənilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş və valideynləri arasında olan nikah xx.xx.2017-ci il tarixdə pozulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, artıq yetkinlik yaşına çatmış və halhazırda X8 Kollecinin 2-ci kurs tələbəsi olmaqla ödənişli təhsil alır. İddiaçı təhsil alması ilə əlaqədar işləmək imkanının olmamasını, anası ilə birlikdə yaşamasını və maddi yardıma ehtiyacı olmasını əsas tutaraq təhsili üçün lazım olan 400 manat pulun cavabdehdən tutulmasını xahiş edir. AR Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Qeyd edilən Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatsa və hazırda təhsil alması ilə əlaqədar maddi yardıma ehtiyacı olsa da, cavabdehdən iddiaçının təhsil alması ilə bağlı alimentin tutulması qanuni hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2015-ci il tarixli qərarına əsasən:
1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin «əmək qabiliyyəti olmayan» müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir.
2. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin «və digər hallarda» müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir.
3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin «göstərilən kənar xidmət» müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən şərhində göstərilmişdir ki, «Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, Kontistusiya Məhkəməsinin AR Ailə Məcəlləsinin 80 və 81-ci maddəsinin şərh edilməsinə dair qərarında formalaşan hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatan övladın valideyndən ödənişli təhsil alması ilə əlaqədar aliment tələb etməsi əsaslı hesab edilmədiyindən və Konstitusiya Məhkəməsinin qeyd edilən şərhi hazırki mübahisəyə baxılarkən məhkəmə üçün məcburi olduğundan, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı cavabdehdən iddiaçının X12 Kollecində təhsil alması üçün 400 manat təhsil haqqı pulunun tutulub ona ödənilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev