Məhkəmə qərarları › İş №2(009)-2464/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2464/2021

12.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2464/2021 12.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Ş.Ə.Rəhimovun iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdehla 2005-ci ildə el adəti ilə ailə qurmuşdur, rəsmi nikah 13.08.2005-ci il tarixdə qeydə alınmışdır.Həmin nikahdan 11.04.2005-ci il tarixdə X6, 05.08.2010cu il tarixdə isə X2 anadan olmuşlar. Nikaha daxil olduqları ilk illərdə münasibətləri yaxşı olsa da, sonradan 2015-ci ildən əri ilə müxtəlif səbəblərə görə münasibətləri pozulmuşdur. Həmin vaxtdan onlar ayrı ünvanlarda yaşayırlar, uşaqlar da onunla qalırlar. 2015-ci il tarixdə cavabdeh aralarında olan rəsmi nikahın pozulması ilə əlaqədar məhkəmə iddia ərizəsi ilə müraciət etmiş, lakin sonra iddia ərizəsindən imtina etmişdir. İmtinanı onunla əsaslandırmışdır ki, Kanada dövlətinə yaşamaq və işləmək üçün getmək istəyir, bunun üçün isə mütləq evli olması zəruridir. Ondan nikahın qüvvədə saxlanmasını xahiş etmiş, o, da etiraz etməmişdir. Onların razılıqlarına əsasən Cavabdeh birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün alimentin ödənilməsini öhdəliyinə götürmüşdür. Bu məqsədlə 2015-ci il tarixdən sentyabr 2020-ci il tarixədək cavabdeh hər ay 200-400 manat arasında pul məbləğində aliment ödəmişdir. Sentyabr 2020-ci il tarixdən başlayaraq cavabdeh uşaqların saxlanması üçün 500 manatdan ödəməyə başlamışdır. Həmin məbləğdə aliment ödəyərkən cavabdeh iş yerini ondan sirr olaraq saxlamış, o, da hesab etmişdir ki, onun maddi imkanları, yəni qazancı yalnız həmin 500 manat məbləğində pul verməsinə çatır. Lakin əldə etdiyi məlumatlara əsasən cavabdeh 2019-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikintitresti”-nin iqtisadiyyat və uçot Departamentinin vergilər şöbəsinin rəis müavini vəzifəsində işləyir. Onun aylıq əmək haqqı 4000 manat təşkil edir. Belə olan halda o, cavabdehə alimentin miqdarını 1200 manata qədər artırmasına müraciət etmiş, lakin cavabdeh qəti şəkildə bundan imtina etmişdir. Uşaqların lazımi səviyyədə saxlanılmasını təmin edə bilmir ona görə ki, artıq uşaq böyümüşdür və onların saxlanılması üçün xərclər də artmışdır. Belə ki, uşaqların təlim-tərbiyəsi, onların müalicəsi üçün də xərclər tələb olunur. O, isə bu xərcləri tam ödəməyə bilmir. Cavabdeh uşaqların müalicəsində də maddi köməklik göstərmir. Halbuki, uşaqların hər birinin saxlanılması üçün hər ay ən azı 600 manat tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mübahisənin həll edilməsi üçün həmin quruma müraciət olunmuş və Mediatordan verilmiş 04.09.2021-ci il tarixli arayışından görünür ki, cavabdeh mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı onunla Cavabdeh ilə birgə nikahından 11.04.2005-ci il tarixdə doğulmuş X3 və 05.08.2010cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cavabdehin əmək haqqından və digər gəlirlərindən üçdə bir hissəsinin tutulması və iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili X4 iddianı qəbul edərək alimentin əmək haqqının 1/3 hissəsində müəyyən edilməsinə etiraz olmadığını bildirmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş 26.06.2004-cü il tarixli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 26.06.2004-cü il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 1361 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Bayramov, arvada Nuriyeva soyadı verilmişdir. İş üzrə Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, 05.08.2010-cu il təvəllüdlü X1 ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı kimi məlumatlar qeyd edilmişdir. İş üzrə doğum haqqında şəhadətnamədən görünür ki, X6 11.04.2005-ci ildə anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı kimi məlumatlar qeyd edilmişdir. İş üzrə məhkəmə elektron portal çıxarışından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” trestində rəis müavini vəzifəsində işləyir və aylıq əmək haqqı 2300 manat təşkil edir. İş üzrə "xxxx" Şirkətinin iddiaçının vəkili Nümayəndə sorğusuna cavab olaraq verilmiş 02.09.2021-ci il tarixli arayışdan belə məlum olur ki, Cavabdeh “Neftqaztikinti” trestində rəis müavini vəzifəsində işləyir və aylıq ümumi əmək haqqı 2300 manat təşkil edir. İş üzrə mediator X5 tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 04.09.2021-ci il tarixli arayışından görünür ki, arayış Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi, ailə mübahisəsi üzrə 04.09.2021-ci il tarixdə, saat 15.00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 26.06.2004-cü il tarixdə nikah bağlanılmış və onların birgə nikahından 11.04.2005-ci il təvəllüdlü Əli və 05.08.2010cu il təvəllüdlü Hüseyn adlı uşaqları var. Tərəflər arasında ailə münasibətləri pozulsa da, nikahları ləğv edilməmiş və artıq uzun müddətdir ki, onlar ayrı-ayrı ünvanlarda yaşayırlar. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı uşaqlarla ayrı ünvanda yaşasa da, cavabdeh uşaqların saxlanılması üçün iddiaçıya maddi yardım göstərmiş, lakin iddiaçı həmin yardımın əmək haqqına mütənasib olmama əsası ilə hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh kifayət qədər qazanca malikdir və bu səbəbdən iddiaçı məhkəmədən uşaqların saxlanılması üçün cavabdehdən hər ay əmək haqqından və digər gəlirlərindən 1/3 hissəsi miqdarında alimentin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən iki uşağa görə aylıq qazancının 1/3 hissəsi miqdarında aliment tutulur. Məhkəmə qeyd edir ki, cavabdeh işləyib müntəzəm qazanca malik olduğundan, ondan uşaqların saxlanılması üçün tutulmalı olan alimentin miqdarı aylıq qazancının 1/3 hissəsi miqdarında müəyyən edilməlidir. AR Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə həmçinin hesab edir ki, aliment tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan - 14.09.2021-ci il tarixdən başlanılmalıdır. AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə habelə hesab edir ki, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulması müəyyən edildiyindən, cavabdehdən dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 14.09.2021-ci il tarixdən başlayaraq, 11 aprel 2005-ci il təvəllüdlü X3 və 05 avqust 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay aylıq qazancının 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30(otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar