Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-248/2024 30.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Cavabdeh (Lachyn Magsudovun) iştirakı ilə, İddiaçı cavabdeh Maqsudov (Magsudov) Laçın (Lachyn) Hacı oğluna qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Maqsudov (Magsudov) Laçın (Lachyn) Hacı oğluna qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2006-cı ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2006-cı ildə 522 No-li nikah qeyd edilmişdir. Onların birgə nikah münasibətlərindən bir uşağı – xx.xx.2007-ci il təvəllüdlü X4 anadan olmuşdur. Cavabdehlə mehriban yaşasalar da, ailə münasibələri cavabdehin ailəyə başqa qadınla xəyanət etməsi səbəbindən pisləşmiş və o, aralarında olan nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1190/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən onun iddia tələbi təmin edilmiş, cavabdehlə aralarında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X2 onun yanında qalması qət edilmişdir. Boşanma ərəfəsində aralarında olan şifahi razılaşmaya əsasən cavabdeh könüllü olaraq uşağın saxlanması xərclərində iştirak etdiyindən cavabdehə qarşı aliment tələbi irəli sürməmişdir. Cavabdeh boşanmadan sonra uşağın zəruri xərclərində iştirak etsə də, 2022-ci ilin oktyabr ayının 23-dən ailəsinin dağılmasına səbəb olmuş ailəyə xəyanət etdiyi qadınla ailə qurduqdan sonra, yəni 2022-ci ilin noyabr ayından uşağın zəruri xərclərində iştirak etməmiş və uşağın ehtiyacları ilə maraqlanmamışdır. Cavabdehlə bir nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X4 onun yanındadır, 2022-ci ildə “ADA” Universitetinin nəzdində “ADA” məktəbinin 10-cu sinifə daxil olub, hal-hazırda məktəbin 11-ci sinif şagirdidir və məktəbdən 2024-cü ilin iyun ayında məzun olacağı gözlənilir. Xüsusi olaraq qeyd edir ki, “ADA” məktəbi pullu təhsil müəssisəsidir. Uşağın təhsilinə, hər ayına 650 manat olmaqla 10 aya 6500 manat məbləğində ödəniş edirlər. Uşağın təhsil haqqı tərəfindən həyata keçirilir. Cavabdeh uzun illərdir ünvan 1 ünvanında yerləşən əvvəlki adı “Qədim Şəki” kafesini, hazırki adı “Yeklər” kafesini işlədir, ********** No-li VÖEN-i, 15-20 nəfər işçisi vardır və birgə yaşadıqları müddətdə ona məlum olduğuna görə günə 1000-1200 manat civarında gəlir əldə edir. Lakin cavabdeh kifayət qədər dəyişən məbləğdə gəlirə (qazanca) malik olmasına baxmayaraq uşağın saxlanmasında və əlavə zəruri xərclərində bir valideyn – ata kimi iştirak etmir. Hətta cavabdehə ilkin mediasiya sessiyasında iştirak etməsi və uşağın saxlanması üçün aliment tələb etməsi barədə təklif göndərməsinə (həmin təklifi xx.xx.2023-cü il tarixdə şəxsən almışdır) və aliment tələb etməsinə baxmayaraq cavabdeh uşağının saxlanması üçün könüllü olaraq maddi yardım göstərməmiş, hətta mediatora aliment verməyəcəyini bəyan etmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etsə də, aliment ödəməyə və mediasiya prosesini davam etdirməyə razılıq verməmiş, ilkin mediasiya sessiyasının aparılması ilə bağlı mediasiya xərcləri 60 manat (50 manat mediasiya xərci, dövlət rüsumu, 10 manat kargüzarlıq xərci) tərəfindən ödənilmişdir. Bu barədə Mediasiya Şurası Bakı 3 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli, MŞS/3/2023-01127 nömrəli ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışı və ödəniş qəbzi təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh onun xeyrinə bir uşağın xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 2022-ci ilin noyabr ayından başlayaraq hər ay ödənilmək şərtilə 2000 manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh onun xeyrinə Mediasiya Şurası Bakı 3 saylı Mediasiya təşkilatında ilkin mediasiya sessiyasının keçirilməsi üçün tərəfindən ödənilmiş mediasiya xərclərinin 60 manatın (50 manat mediasiya və 10 manat kargüzarlıq xərclərinin, sənəd təsdiqi üçün ödənilmiş notariat xərcləri olaraq 9,40 (doqquz manat dövlət rüsumu, qırx qəpik xidmət haqqı) manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış teleqramda iddia tələbinin təmin edilərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh Maqsudov (Magsudov) Laçın (Lachyn) Hacı oğlu iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, o, 2022-ci ildə boşanarkən hər şeyi, o cümlədən evi də iddiaçıya verib evdən çıxmışdır. Hazırda kirayədə yaşayır, hər ay 500 manat kirayə haqqı ödəyir. İcarəyə iaşə obyekti - kafe götürmüşdür, o, 3 aydan bir vergiyə pul ödəyir, verginin pulunu da hazırda ödəmək imkanı yoxdur, 5.000 manatdan yuxarı vergi borcu yaranıb. İddiaçı ondan 2000 manat necə tələb edə bilər. Onun hazırda aliment verməyə imkanı yoxdur, özünün 40.000 manat borcu var. 2023-cü ilin aprel ayına kimi uşaq onun yanına gəlibgedib, onun ehtiyaclarını ödəmişdir, sonra anası onu öyrətmiş, uşaq onunla əlaqə saxlamamışdır. Boşanma zamanı iddiaçı aliment tələbindən imtina etmişdir. İddiaçının özü işləyir, 1000 manatdan yuxarı əmək haqqı alır, o, yalnız minimum alimentin yarısını ödəyə bilər, yarısını anası ödəməlidir. Məhkəmədən iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə iş üzrə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X4 adlı uşağı var. İş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1190/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında Sumqayıt şəhər Qeydiyyat Şöbəsində xx.xx.2006-cı il tarixdə 522 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş üzrə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 115 No ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Babayeva soyadı verilmişdir. İş üzrə “ADA” məktəbi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X4 2022-ci ildə “ADA” Universitetinin nəzdində “ADA” məktəbinin 10-cu sinifinə daxil olmuşdur. X4 halhazırda məktəbin 11-ci sinif şagirdidir və məktəbdən 2024-cü ilin iyun ayında məzun olacağı gözlənilir. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən X3 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, uçot baza məlumatlarına əsasən Magsudov Lachyn xx.xx.2019-cu il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotunda olması olması barədə məlumat müəyyən edilmişdir. Müraciətdə qeyd olunan vergi ödəyicisinin gəlirləri barədə məlumat Vergi Məcəlləsinin 30.2-ci maddəsinə əsasən vergi sirri və şəxsi həyata dair məlumatlar hesab olunduğu üçün (Vergi Məcəlləsinin 30.6-cü maddəsində göstərilən hallar istisna olmaqla) bu məlumatların digər şəxslərə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vergi ödəyicilərinin dövlət reyestrində Lachyn Magsudovun (VÖEN: **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcuddur. Həmçinin Vergi Məcəlləsinin 30-cü maddəsinə əsasən vergi ödəyicilərinin gəlirləri barədə məlumatlar kommersiya və (və ya) vergi sirri hesab edilir. İş üzrə Lachyn Magsudovun (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixə onun 1860 manat ödənilməmiş vergi borcu vardır. İş üzrə Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/3/2023-01127 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, aliment tələbi barədə mübahisəsi üzrə İddiaçı və Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 10.00-11.00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İş üzrə elektron məhkəmə portalında olan məlumata əsasən İddiaçı “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsinində həkim vəzifəsində işləyir, onun aylıq əmək haqqı 1498,05 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Turan adlı uşağı var. Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş və uşağın ananın yanında qalması müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh uşağın saxlanılması üçün iddiaçıya hər hansı maddi yardım göstəmir və bu səbəbdən iddiaçı yetkinlik yaşına çatmamış uşağı saxlamaq üçün hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh uşağın maddi təminatı ilə maraqlanmır. Cavabdehə bununla bağlı müraciətlər etsə də, heç bir nəticəsi olmamışdır. Uşaq “ADA” Universitetinin nəzdində “ADA” məktəbinin 11-ci sinif şagirdidir və iddiaçı uşağın təhsilinə 10 aya 6500 manat ödəniş edir. Cavabdeh uzun illərdir kafe işlədir, onun 15-20 nəfər işçisi vardır və birgə yaşadıqları müddətdə ona məlum olduğuna görə günə 1000-1200 manat civarında gəlir əldə edir. Bu səbəbdən iddiaçı məhkəmədən uşağın saxlanılması üçün cavabdehdən hər ay 2000 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 235 manat məbləğində təsdiq edilmişdir. Məhkəmə cavabdehin uşağın saxlanılması üçün iddiaçıya hər hansı maddi yardım göstərilməməsini, 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat müəyyən edilməsini, iddiaçının işləyib kifayət qədər yüksək əmək haqqı alınmasını, uşaqların maddi tələbatının ödənilməsi məsuliyyətinin hər iki valideynin üzərinə düşməsini, cavabdehin fərdi sahibkar olsa da, iddiaçının iddia etdiyi kimi kifayət qədər qazanca malik olması, 2000 manat həddində aliment ödəmək iqtidarında olmasına dair sübutları məhkəmə tərəfindən müəyyən edilməməsini, cavabdehin hazırda vergi orqanlarına borcunun olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləği şəklində aliment tutulmalıdır. Məhkəmə uşağın saxlanılması üçün tutulmalı alimentin hansı vaxtdan hesablanması ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iddiaçının alimentin 2022-ci ilin noyabr ayından tutulması barədə tələbi üzrə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edənədək cavabdehin aliment ödəməsi ilə bağlı ona müraciət edilməsini, cavabdehin həmin alimenti ödəməkdən imtina etməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, eyni zamanda Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli,16(009)-236/2023 saylı qərardadı ilə xx.xx.2007-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən hesablanaraq iş üzrə yekun qətnamə çıxarılanadək Cavabdeh hər ay 220 manat sabit pul məbləğində müvəqqəti aliment tutularaq İddiaçı ödənilməsi qərara alındığından, məhkəmə hesab edir ki, alimentin 2022-ci ilin noyabr ayından tutulması barədə tələb əsassızdır, hazırki qətnamə ilə tutulması müəyyən edilən aliment qətnamənin çıxarıldığı tarixdən, yəni xx.xx.2024-cü il tarixdən tutulmağa başlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.1-ci maddəsinə əsasən məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə habelə hesab edir ki, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı qaldırılan tələblə bağlı mübahisəni məhkəməyədək həlli qaydasını nəzərdə tutan mediasiya prosesində iştirakı ilə bağlı mediatora müraciət etdiyindən və mediasiya xərcləri kimi 60 manat ödədiyindən, həmin pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 2820 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 48,20 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə sənəd təsdiqi üçün notariat xərcləri kimi ödənilmiş 9,40 manat məbləğində də pul tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Maqsudov (Magsudov) Laçın (Lachyn) Hacı oğlundan xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Maqsudov (Magsudov) Laçın (Lachyn) Hacı oğlundan dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 48,20 (qırx səkkiz manat, iyirmi qəpik) manat məbləğində pul tutulsun. Maqsudov (Magsudov) Laçın (Lachyn) Hacı oğlundan İddiaçı xeyrinə mediasiya xərcləri kimi ödənilən 60 (altmış) manat, həmçinin sənəd təsdiqi üçün notariat xərcləri kimi ödənilmiş 9,40 (doqquz manat, qırx qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-248/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-248/2024
30.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver