Məhkəmə qərarları › İş №2(009)-2488/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2488/2020

30.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2488/2020 30.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladı xx.xx.2013-cü il təvəllüdlü Hüseynov Rövşən Novruz oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2013-cü il tarixində rəsmi nikaha daxil olmuşdur. Cavabdehlə rəsmi nikahlarından bir övladları - xx.xx.2013-cü il təvəllüdlü Hüseynov Rövşən Novruz oğlu anadan olmuşdur. Cavabdeh şəxslə təxminən 6 aydır ki, faktiki olaraq ayrı yaşayırlar. Sentyabr ayının 27-nə qədər ara-sıra yaşadığı və valideyninə məxsus olan evə gəlmiş, ancaq həmin vaxtdan bəri nə onunla nə də övladı ilə maraqlanmamışdır. Cavabdehlə birgə yaşadıqları müddət ərzində münasibətləri normal olmamış, adi bir ailə kimi həyatları davam etməmişdir. Bu müddət ərzində əri ailə münasibətlərinə etinasız yanaşaraq, onunla və övladı ilə maraqlanmamış, onların qayğısına qalmamışdır. Cavabdehlə onun arasında kəskin xasiyyət uyğunsuzluğu mövcud olmuşdur. O, dəfələrlə münasibətləri normallaşdırmağa çalışmışsa da, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Ona görə də, təxminən 6 aydırki faktiki olaraq ayrılmışlar və bir yerdə yaşamırlar. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 851772 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 arasında xx xxx 2013-cü il tarixdə nikah bağlanmış və həmin nikah 211 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə Hüseynov Rövşən Novruz oğlu anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx xxx 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2013-cü il tarixdə Hüseynov Rövşən Novruz oğlu adlı uşaqları anadan olmuşdur. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuşdur. Halhazırda cavabdehlə faktiki ailə münasibətləri pozulmuşdur və iddiaçı uşağı ilə birlikdə cavabdehdən ayrı yaşayırlar. Cavabdeh uşağın saxlanmasında iddiaçıya maddi köməklik göstərmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 2019-cu il tarixli Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 (yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iş materiallarını və məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin hallarını nəzərə alaraq hesab edir ki, iş üzrə Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü Hüseynov Rövşən Novruz oğlunun atası olması işin mübahisəsiz halıdır. Ona görə də, İddiaçı cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Alimentin miqdarını müəyyən edərkən məhkəmə uşaqların mənafeyini, onların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, respublikada 2020-ci il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, eyni zamanda tərəflərin maddi və sosial vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin azyaşlı uşaqları xx.xx.2013-cü il təvəllüdlü Hüseynov Rövşən Novruz oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması uşağın mənafeyi baxımından məqsədə uyğundur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə uyğun olaraq alimentin tutulmasının əvvəli iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 9.1.2-ci maddəsinə müvafiq olaraq məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında, 500 manatadək olduqda isə dövlət rüsumunun qiyməti 20 (iyirmi) manat müəyyən edilmişdir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edildiyindən cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü Hüseynov Rövşən Novruz oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx xxxxxx 2020-ci il tarixdən hesablanaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü Hüseynov Rövşən Novruz oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx xxxxxx 2020-ci il tarixdən hesablanaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar