Məhkəmə qərarları › İş №2(009)-2492/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2492/2022

16.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2492/2022 16.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İlkin iddia üzrə İddiaçı və ilkin iddia üzrə Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə İddiaçı – ilkin iddia üzrə Cavabdeh qarşı «aliment» barədə ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması və s” barədə qarşılıqlı iddiası üzrə mülki işə 16 dekabr 2022-ci il tarixdə, Bakı şəhərində, Səbail Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «aliment» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 üçün cavabdehdən hər ay 193 manat miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə birgə nikaha 09 avqust 2019-cu il tarixdə daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2020-ci il tarixdə X4 anadan olmuşdur. Cavabdeh uşağın saxlanılması üçün heç bir maddi yardım göstərmir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Eyni zamanda Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 09 avqust 2019-cu il tarixli nikahın pozulması, xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 anasının yanında saxlanılması, uşağın saxlanılması üçün ondan hər ay qazancının və başqa gəlirlərinin 1\4 hissəsi miqarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 09 avqust 2019-cu il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2020-ci il tarixdə X4 anadan olmuşdur. Cavabdeh ilə münasibətləri pozulmuşdur və artıq bir ailə kimi yaşaya bilmirlər. Ailənin saxlanması artıq mümkün deyildir. O, ”Paşa İnşaat” MMC-də işləyir və 414 manat məvacib alır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbini müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. O, eyni zamanda bildirmişdir ki, nikahın pozulmasına etiraz etmir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edib, nikahın pozulması, xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 anasının yanında saxlanılması, uşağın saxlanılması üçün ondan hər ay qazancının və başqa gəlirlərinin 1\4 hissəsi miqarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tam, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. İş materiallarında olan: AZ-İİ № 355207 nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 09 avqust 2019-cu il tarixdə nikaha daxil olmuşlar və bu barədə 2756 nömrəli akt qeydi aparılmışdır. AZ-İV № 537586 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 12 avqust 2020-ci il təvəllüdlü X4 anadan olmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər nikahlarının pozulmasına qarşılıqlı şəkildə razı olduqlarından, onların nikahları pozulma səbəbləri araşdırılmadan pozulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ərarvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda (ər-arvadın qarşılıqlı razılığı olduqda) nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Azərbaycan Respublikası MPM-nın 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1 və 22.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldıqlarını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitini ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin maraqlarını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə hesab edir ki, tərəflərin nikahı məhkəmə qaydasında pozulduğu halda, onların yetkinlik yaşına çatmayan uşaqlarının anasının himayəsində qalması və ilkin iddia üzrə cavabdehdən hər ay 193 manat məbləğində alimentin tutulması uşağın mənafeyi baxımından daha məqsədəuyğun olardı. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» xx.xx.2021-ci il tarixli Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 09 avqust 2019-cu il tarixdə bağlanmış və 2756 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. xx.xx.2020-ci il təvəllüdlü X2 İddiaçı yanında qalması müəyyən edilsin və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 193 manat məbləğində aliment tutulub (alınıb) İddiaçı ödənilsin (verilsin). Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar