Məhkəmə qərarları › İş №2(009)-2517/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2517/2021

23.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2517/2021 23.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İAbdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı zaminlik müqavilələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı zaminlik müqavilələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim qeyd edir ki, iddiaçılar tərəfindən irəli sürülmüş tələb müqavilənin ləğv edilməsi ilə bağlı olduğundan, onlar ilk növbədə belə bir təkliflə müqavilənin digər tərəfinə müraciət etməlidir. Lakin, iddiaçılar müqavilənin ləğvinə dair cavabdehə təklif göndərilməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. İş materiallarına Cavabdeh MMC-nin İddiaçı1 ünvanlanmış 19.02.2021-ci il tarixli məktubu əlavə olunmuşdur. Həmin məktubda İddiaçı1 bildirilmişdir ki, öhdəliyin Mərkəzləşdirilmiş Kredit Reyestr (MKR) sistemində silinməsi və ya xitam verilməsi mümkün deyildir. Hakim qeyd edir ki, öhdəliyə xitam verilməsi ilə müqavilənin ləğv edilməsi fərqli anlayışlardır. Öhdəliyə xitam verilməsi ilə bağlı mübahisənin məhkəməyə qədər nizama salınması proseduru qanunla nəzərdə tutulmasa da, müqavilənin məhkəmə qaydasında ləğv edilməsi ilə bağlı tələb irəli sürülməmişdən qabaq həmin mübahisənin məhkəmədən kənar həlli qaydası nəzərdə tutulmuşdur. AR Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Belə olan halda hakim hesab edir ki, iddiaçılar tərəfindən irəli sürülmüş tələb üzrə mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət olunmadığından, iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil. Hakim izah edir edir ki, qanunvericiliyin tələblərinə əsasən müqavilənin ləvğ edilməsi ilə əlaqədar tələblə məhkəməyə müraciət etmək üçün müqavilə tərəfi ilk növbədə belə bir təkliflə müqavilənin digər tərəfinə müraciət etməlidir. Sonuncu tərəfindən bu təklifdən imtina olunduğu, yaxud cavab verilmədiyi halda qanunda və ya müqavilədə nəzərdə tutulmuş müddət keçdikdən sonra həmin müqavilənin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət olunmalıdır. AR MPM-nin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumatı iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. AR MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət etməmişdirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri ərizəçiyə geri qaytarır. Hakim digər tərəfdən qeyd edir ki, cavabdeh tərəfindən İddiaçı1 ünvanlanmış 19.02.2021-ci il tarixli cavab məktubunda müqavilənin ləğv edilməsi deyil, öhdəliyin silinməsi və ya ona xitam verilməsinin mümkünsüz olması bildirilmişdir. Belə olan halda həmin məktub cavabdehə müqavilənin ləğv edilməsi ilə bağlı təklifin irəli sürülməsi kimi qəbul edilə bilməz. Hakim izah edir ki, iddiaçılar zaminlik müqaviləsinin ləğv edilməsini tələb edirlərsə, bu halda qanunun yuxarıda göstərilən tələblərinə riayət etməlidir. Əgər zaminliyə xitam verilməsini tələb edirlərsə, bu halda iddia ərizəsində müqavilənin ləğv edilməsi ilə bağlı deyil, zaminliyə xitam verilməsi ilə bağlı tələb irəli sürməlidirlər. Beləliklə hakim hesab edir ki, iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət olunmadığından, iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 151.1 maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.3, 152.1.5, 152.1.6 və 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı zaminlik müqavilələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar