Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2546/2021 29.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respubikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Şəhəri Ərazi İdarəsi, Bakı Şəhəri Səbail Rayonu Badamdar Bələdiyyəsinə qarşı “çıxarışın ləğvi və alğı-satqı müqavilələrinin etibarsızlığı” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 adına olan çıxarış və onlar arasında bağlanmış alğı-satqı müqavilələrinin təsdiq olunmuş surətlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilməsinə dair sorğu, eləcə də Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsinin 353 nömrə ilə qeydiyyata alınmış təhqiqat materiallarının alınması üçün müvafiq qərar, Cavabdeh3 adına verilmiş seriya RX, ******* saylı, ********** qeydiyyat nömrəli, 20.04.2016-cı il tarixli çıxarışın ləğv edilməsi, Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış alğı-satqı müqaviləsi və Cavabdeh1 adına verilmiş çıxarışın, eləcə də Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsi və Cavabdeh2 adına verilmiş çıxarışın etibarsız hesab edilərək ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 09.09.1998-ci il tarixli, 1384 saylı sərəncamı ilə fərdi yaşayış evi tikintisi üçün Səbail rayon, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 600 kvm torpaq sahəsi İddiaçı adına sənədləşdirilməlidir. Həmin sərəncam əsasında ona 26.11.2004-cü il tarixli, JN-16665D nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” şəhadətnamə verilmişdir. Bir müddət sonra özünü qonşu torpağın mülkiyyətçisi kimi qələmə verən Cavabdeh3 adlı şəxslə torpaq sahəsinin yerləşməsi koordinatları üzrə aralarında uzunmüddətli mülki mübahisə başlamış və nəhayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yeni açılmış hallar” üzrə 30.06.2008-ci il tarixli, 13(102)-13/08 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, Cavabdeh3 adlı şəxsə Səbail rayon İcra Hakimiyyətinin 06.10.1994-cü il tarixli, 3193 nömrəli sərəncam ilə ayrılmış torpaq sahəsi İddiaçı ilə qonşuluqda, yəni 3-cü yaşayış massivində deyil, ona ayrılmış torpaq sahəsindən xeyli aralı olan 1-ci yaşayış massivində yerləşir. Eləcə də, müəyyən edilmişdir ki, Cavabdeh3 adına olan arxiv bazasından çıxarılmış sərəncamın məzmunu ilə iş materiallarında olan “Əsli ilə düzdür” şəklində təsdiq olunmuş sərəncam tam ziddiyyət təşkil etməklə həmin sərəncam həqiqi deyildir. Plenumun Qərarına əsasən aralarında olan mübahisəyə dair qanuni qüvvəyə minmiş aşağı məhkəmə aktları tamamilə ləğv edilmiş və iş yenidən baxılması üçün Səbail rayon Məhkəməsinə qaytarılmışdır. Sonraki mübahisələrin nəticəsi ondan ibarət olmuşdur ki, Cavabdeh3 adlı şəxsə torpaq sahəsi ayrılması barədə Səbail rayon İcra Hakimiyyəti başçısının 06.10.1994-cü il tarixli, 3193 nömrəli sərəncamı Səbail rayon Məhkəməsinin 08 aprel 2011-ci il tarixli, 2(009)- 944/201 1 nömrəli qərarı ilə ləğv edilmiş və həmin qərar qanuni qüvvəyə minərək icraya yönəlmişdir. Qərarın icrasına uyğun olaraq Səbail rayon İcra Hakimiyyəti başçısının 24.12.2015-ci il tarixli, 166 saylı sərəncamı ilə Cavabdeh3 torpaq sahəsi ayrılması barədə qeyd olunan sərəncam ləğv edilmişdir. Həmin sərəncamın surəti məlumat üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinə və digər aidiyyatı qurumlara göndərilmişdir. Bu sərəncam ləğv edildiyindən İddiaçı tərəfindən ləğv edilmiş sərəncam əsasında Cavabdeh3 adına hazırlanmış 25.05.2006-cı il, JN-30391D saylı şəhadətnamənin ləğv edilməsi barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə ərizə ilə müraciət edərək onun kadastr məlumatlarından çıxarılmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh3 təkidi ilə Mövlan Məcidov adlı şəxsin İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinə qarşı yönəlmiş digər bir iddia tələbi üzrə aparılan məhkəmə mübahisələri nəticəsində İddiaçı torpaq sahəsi ayrılması barədə mövcud olan sərəncam və həmin “Torpağın Mülkiyyətə Verilməsinə Dair” şəhadətnamə ləğv olunmuş, eləcə də Səbail rayon İcra Hakimiyyəti tərəfindən Mövlan Məcidova qarşı ona torpaq sahəsi ayrılmasına dair 06 aprel 1995-ci il tarixli, 1029a nömrəli sərəncam ləğv olunmuş və həmin qərar qanuni qüvvəyə minərək icra edilmişdir. Lakin qeyd edilən torpaq sahəsi ötən müddət ərzində fasiləsiz və etirazsız olaraq İddiaçı sahibliyində və istifadəsində qalmış, torpaqdan istifadəyə görə tərəfindən bələdiyyəyə torpaq vergisi ödənilmişdir. 2018-ci ildə əvvəllər mülkiyyətində olmuş və faktiki olaraq istifadə və sahibliyində olan torpaq sahəsinin yenidən qanuni əsaslarla adına sənədləşdirilməsi üçün Səbail rayon İcra hakimiyyətinə müraciət etmiş və torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün yenidən yalnız Bələdiyyə orqanı tərəfindən alğı-satqı qaydasında alınması ona tövsiyyə edilmişdir. Bu məqsədlə o, Badamdar Bələdiyyəsinə müraciət etmiş, lakin bələdiyyə sözügedən torpağı satmaqdan imtina etmişdir. İddiaçı bələdiyyənin imtinasını qanunsuz hesab edərək yenidən məhkəməyə müraciət etmiş və 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 06.08.2018-ci il tarixli qərarına əsasən əvvəlki mülkiyyət sənədlərində nəzərdə tutulan koordinatlarda yəni, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 16665D saylı sahədə yerləşən 800 kv.m torpaq sahəsinin bilavsitə alğı-satqı qaydasında onun mülkiyyətinə verilməsinə dair qərar qəbul edilməsi Badamdar Bələdiyyəsinə həvalə edilmişdir. Qərar icraya yönəlmiş və torpaq sahəsinin ona satılmasına və həmin sahəyə çıxarış verilməsinə dair Badamdar Bələdiyyəsinin 26 iyul 2019-cu il tarixli qərarına əsasən prosedur qaydalara başlanılmışdır. Bələdiyyənin qeyd edilən qərarına uyğun olaraq bələdiyyənin İddiaçı satılacaq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuş, lakin reyestr xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi İddiaçı məxsus şəhadətnamədə (JN-16665D) və yerləşmə sxemində göstərilən torpaq sahəsinin dövlət reyestrində qeydiyyatdan keçmiş digər bir torpaq sahəsi ilə 155 kv.m hissədə üst-üstə düşdüyü barədə absurd bir cavab vermişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən iddia tələbi üzrə işin halları dəqiq müəyyən edilməsi məqsədilə əvvəllər İddiaçı mülkiyyətində olmuş JN-16665D nömrəli şəhadətnamədə göstərilən koordinatlara uyğun torpaq sahəsinin kimin mülkiyyətində olmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinə müvafiq sorğu ünvanlanmış və reyestr xidməti tərəfindən bu torpaq sahəsinin hazırda dövlət, bələdiyyə və ya hər-hansı şəxsin mülkiyyətində olmasına dair məlumatın olmadığı bildirilmişdir. Bir müddət sonra sahibliyində və istifadəsində olan torpaq sahəsinin bir hissəsinə düşməklə, bir qrup naməlum şəxslər tərəfindən bu hissədə tikintiyə hazırlıq işlərinin görüldüyünü müşahidə etdiyindən bununla bağlı aidiyyatı qurumlara müraciət etmişdir. Səbail rayon İcra hakimiyyəti və Səbail rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən aparılmış ilkin araşdırma və onlar tərəfindən əldə edilmiş hüquqmüəyyənedici sənədlərlə tanış olarkən İddiaçı məlum olmuşdur ki, hazırki iş üzrə Cavabdeh3 saxtalaşdırılmış “Əsli ilə düzdür” məzmunlu 06.10.1994-cü il tarixli, 3193 saylı sərəncam əsasında verilmiş 25.05.2006-cı il tarixli hüquqi əsası olmayan JN-30391D nömrəli şəhadətnaməni reyestr xidmətinə təqdim edərək ********** qeydiyyat nömrəli 20.04.2016-ci il tarixli çıxarış almışdır. Bundan sonra o, hüquqi əsası olmayan saxta mülkiyyət sənədinin izini itirmək üçün həmin sahəni uydurma əqd əsasında (alğı-satqı) formal olaraq əvvəlcə baldızı Cavabdeh1 adına mülkiyyət hüququna dair çıxarış almış, daha sonra isə baldızı Cavabdeh1 vasitəsilə onu formal alğı-satqı qaydasında Cavabdeh2 sataraq onun adına mülkiyyət sənədi almış, bununla da torpağa olan hüquq sahiblərini formal olaraq dəyişərək İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin bir hissəsində, əsasını saxta sənədlər təşkil edən mülkiyyət sənədinə istinadən tikinti aparmağa cəhd göstərmişdir. Həm Cavabdeh3la Cavabdeh1 arasında və həm də Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış olan alğı-satqı müqavilələri torpaq sahəsinin mövcud bazar alğı-satqı dəyərindən qat-qat aşağıdır ki, bu da həmin müqavilələrdəki niyyətin həqiqi olmadığından xəbər verir. Sadalanan halların araşdırılması ilə bağlı İddiaçı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etmiş və həmin müraciət Səbail Rayon Prokurorluğuna göndərilərək orda müvafiq araşdırma aparılmış və ilkin araşdırma nəticəsində sənəd saxtalaşdırılması faktı müəyyən edildiyindən toplanmış material Səbail ayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılmış təhqiqat zamanı Cavabdeh3 600 kv.m torpaq sahəsi ayrılması barədə verilmiş 06.10.1994-cü il tarixli, 3193 nömrəli ‘'Əsli ilə düzdür” şəklində təsdiq olunmuş sərəncamın saxta olduğu və toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. Lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən toplanmış material üzrə cinayət təqibinin başlanması 13 avqust 2021-ci il tarixli qərarla rədd edilmişdir. Göründüyü kimi Cavabdeh3 adına verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 20.04.2016-cı il tarixli çıxarışın verilməsinə əsas olan sənədlər saxtalaşdırılmışdır. Cavabdeh Cavabdeh3 26.11.2021-ci il tarixdə vəsatət ilə müraciət edərək, məhkəmədən İddiaçı iddiasının Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 adına verilmiş çıxarışların etibarsız hesab edilərək ləğv olunması hissəsində iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı 29.11.2021-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh3, X9, X8, X2 adına verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, **********47 resyetr nömrəli 20.04.2016-cı il tarixli çıxarışın etibarsız hesab edilməsi, həmin şəxslər ilə Cavabdeh1 arasında 09 avqust 2016-cı il tarixdə bağlanmış AN-İ № ******* saylı alğı-satqı müqaviləsi və Cavabdeh1 adına 25 avqust 2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışın, eləcə də Cavabdeh1 ilə Cavabdeh2 arasında 17.02.2021-ci il tarixdə bağlanmış 4 Ə-118 saylı alğı-satqı müqaviləsi və Cavabdeh2 adına 22 fevral 2021ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 53-cü maddəsinə əsasən ərizəni iddiaçıya çıxarışların nömrələri və tarixi məhkəmə baxışı gedişində məlum olduğundan qəbul etmişdir. İddiaçı 29.11.2021-ci il tarixdə məhkəməyə əlavə cavabdehlərin cəlb edilməsinə dair ərizə ilə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanda qeydiyyatda olan X4, ünvan 1 ünvanda qeydiyyatda olan X3, Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda qeydiyyatda olan X2 əlavə cavabdehlər qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 51.3-cü maddəsinə əsasən ərizəni təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir. Bu mübahisə 2004-cü ildən başlayıb. Ali Məhkəmənin Plenumu ilə cavabdehin torpaq sahəsinin 1-ci yaşayış massivində olması müəyyən olunmuş, cavabdehin sərəncamı ləğv olunmuşdur. Onun torpaq sahəsi 3-cü yaşayış massivindədir. Qərar olduğu halda hansısa yollarla torpaq sahəsini baldızına, sonra Cavabdeh2 satıb. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, artıq məhkəməyə məlum olduğu kimi, bu işlə bağlı uzun müddətdir, 15 ildən artıq müddətdir ki, məhkəmə çəkişmələri olub. Məhkəmə qərarları ilə Cavabdeh3 adına verilmiş sərəncam etibarsız hesab edilmişdir. İddiaçı əvvəla İnzibati məhkəməyə müraciət edib. İnzibati Məhkəmə Bələdiyyəyə vəzifə olaraq həvalə edib ki, alğı-satqı müqaviləsi əsasında torpaq sahəsi İddiaçı verilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra icra mərhələsində məlum olub ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti bilib ki, torpağın bir hissəsi zəbt olunub və artıq o hissəyə dair çıxarış alınıb, o çıxarışla alğı-satqı müqaviləsi edilib. Ondan sonra iddiaçı birinci prokurorluğa müraciət edib, prokurorluq müəyyən edib ki, həqiqətən də saxta sənədlər əsasında çıxarış alınıb və xanıma izah edilib ki, müddət keçdiyi üçün məhkəməyə müraciət etməlidir. Bütün bu qanunsuzluqlar 20 ildir ki davam edir və qarşısı alınmır. Bu səbəbdən də, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahat verərək bildirmişdir ki, iddiaçının ona qarşı iddia qaldırmaq hüququ yoxdur. Bunu təsdiq edən Ali Məhkəmənin qərarı da mövcuddur. Onun çıxarışı ləğv olunmayıb. Səbail Rayon İcra Şöbəsində icraata xitam verilməsi barədə qərar qəbul olunub, ondan şikayət olunub. İddianı iddia vermə hüququ olmayan şəxs verdiyinə görə təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdir ki, oğlu kirayədə yaşadığından ona ev tikdirmək üçün təxminən mart ayının ortalarında bir neçə torpaq sahəsini gəzib baxmışlar. Müəyyən bir vaxt keçdikdən sonra ona onun istədiyi ərazidə satışa çıxarılan bir torpaq sahəsinin olduğunu demişlər. Onlar gedib həmin torpaq sahısinı baxıblar və bəyəniblər. Danışıb qiymət barədə razılığa gəlmişlər. Dövlət Reyestr Xidmətinin nümayəndəsi də ora dəvət olunub. Sonradan həmin nümayəndə onunla əlaqə saxlayaraq bütün sənədlərin qaydasında olduğunu bildirmişdir. Daha sonra alğı-satqı müqaviləsini bağlayıb, çıxarışı almışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Azərbaycan Respubikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Şəhəri Ərazi İdarəsinin, Bakı Şəhəri Səbail Rayonu Badamdar Bələdiyyəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlərdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını, nümayəndəsi və vəkilini, cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi çıxarışın etibarsız hesab edilməsi hissəsində xitam edilməli, digər hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AN-İ seriyalı, ******* saylı, 09.08.2016-cı il tarixli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsindən görünür ki, X9, Cavabdeh3, X8, X1 rayon, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində ümumi-birgə mülkiyyətdə olan ümumi sahəsi 0.06 ha təşkil edən torpaq sahəsini Cavabdeh1 10000 manata satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 25.08.2006-cı il tarixli ********** nömrəli çıxarışdan görünür ki, Səbail rayon, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında torpaq sahəsi Cavabdeh1 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan AN-İ seriyalı, ******* saylı, 17.02.2021-ci il tarixli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Səbail rayon, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında 0.06 ha olan torpaq sahəsini Cavabdeh2 45000 manata satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 22.02.2021-ci il tarixli ********** nömrəli çıxarışdan görünür ki, Səbail rayon, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında torpaq sahəsi Cavabdeh2 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Səbail rayon İcra Hakimiyyəti Başçısının 166 nömrəli, 24 dekabr 2015-ci il tarixli Sərəncamı ilə Cavabdeh3 fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində, 1-ci yaşayış massivində 7 saylı sahə, 600 kv.m torpaq sahəsinin ayrılması barədə Səbail Rayon İcra Hakimiyyəti Başçısının 3139 nömrəli, 06 oktyabr 1994-cü il tarixli sərəncamı ləğv edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində isə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları inzibati orqan, inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs isə maraqlı şəxs kimi tanınmışdır. Yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərindən göründüyü kimi, iddia tələbinin çıxarışın ləğvi hüquqi təbiətindən, onun inzibati-hüquqi tələb olduğundan şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə dair iddialara inzibati mübahisələrə dair işlər üzrə məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Məhkəmə hesab edir ki, nəqədərki, Cavabdeh3 adına verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 20.04.2016-cı il tarixli çıxarış ləğv edilməyib hazırkı vəziyyətdə digər iddia tələbləri təmin edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin Cavabdeh3, X9, X8, X5 adına verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, **********47 resyetr nömrəli 20.04.2016-cı il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsində iş üzrə icraata xitam verilməli, həmin şəxslər ilə Cavabdeh1 arasında 09 avqust 2016-cı il tarixdə bağlanmış AN-İ № ******* saylı alğı-satqı müqaviləsi və Cavabdeh1 adına 25 avqust 2016cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışın, eləcə də Cavabdeh1 ilə Cavabdeh2 arasında 17.02.2021-ci il tarixdə bağlanmış 4 Ə-118 saylı alğısatqı müqaviləsi və Cavabdeh2 adına 22 fevral 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışın etibarsız hesab edilməsi hissəsində isə iddia tələbi təmin edilməməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 20.04.2016-cı il tarixli, **********47 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi hissəsində xitam edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2546/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2546/2021
29.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver