Məhkəmə qərarları › İş №2(009)-255/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-255/2023

23.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-255/2023 23.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, iddiaçı X10, Cavabdeh iştirakı ilə, İddiaçı X10 Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X12 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulan 17 fevral 2006-ci il təvəlüdlü X1 üçün təyin olunmuş aliment məbləği üzrə birlikdə təsərrüfat müddəti ərzində yaranmış aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlə 27 noyabr 2012-ci il tarixdə rəsmi nikaha girib ailə qurmuş, birgə nikahdan 17 fevral 2006-ci il təvəlüdlü X3 adlı bir uşaqları var. Səbail rayon məhkəməsinin 2(009)-3019/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabadehlə aralarında olan nikah pozulmuşdur. Lakin onlar bundan sonra barışıq əldə etdikləri üçün birlikdə yaşamağa davam etməklə uşağın bütün maddi tələbatları tərəfindən ödənilmişdir. Sonradan o, Qaradağ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, cəza çəkdiyi zaman da cavabdehlə birlikdə yaşamışdır. Münasibətləri isə normal şəkildə davam etmişdir. Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən azad olunmuşdur. Lakin o, azadlığa çıxdıqdan sonra onların yenidən birlikdə yaşamaqlarına baxmayaraq, aralarında anlaşılmazlıqlar əmələ gəldi və cavabdeh ondan birlikdə yaşadığı vaxtlara və azadlıqdan məhrum olunduğu vaxtlara görə aliment borcunu tələb edir. Lakin o, məhkəməyə şahidlər belə dəvət edə bilər ki, həmin şahidlər də onların birlikdə yaşayaraq təsərrüfat etdiklərini sübut edə bilərlər. Odur ki, Cavabdeh ilə birgə nikahdan doğulan 17 fevral 2006-ci il təvəlüdlü X1 üçün təyin olunmuş aliment məbləği üzrə birlikdə təsərrüfat apardıqları müddət ərzində yaranmış aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X12 iddia tələbini müdafiə edərək onunun təmin edilməsini xahiş etmiş və iddia ərizəsində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, onların nikahları 15 oktyabr 2018-ci ildə pozulmuşdur. İddiaçı ilə heç vaxt barışmamışdır. İran İslam Respublikasının vətəndaşı olduğu və başqa yaşayış yeri olmadığından iddiaçı ona xüsüsi mülkiyyət hüququ ilə məxsus olan evdə yaşamışdır və köməklik baxımından özü sərbəst həyatını yaşamışdır. xx.xx.2006-cı il tarixdə anadan olmuş oğlu X4 məhkəmə qətnaməsinə ilə onun yanında saxlanılmış və aliment qət edilmişdir. Alimentdən imtina barədə aralarında razılaşma, heç bir saziş olmamışdır. İddiaçının cəzaçəkmə müəssisəsində çəzaçəkməsi müddəti və onun evində yaşaması alimentin ödənilməməsinə əsas ola biməz. Çünki aliment uşağa aiddir və onun təminatına yönəlmişdir. O, mülkiyyətçi kimi iddiaçının həbs olunduqdan və cəzasını çəkib qurtardıqdan sonra onun öz evinə qayıtması yalnız və yalnız insanpərvərlikdən irəli gələn bir münasibətdir. İddiaçı ilə heç bir ailə münasibəti olmamış və təsərrüfatı birgə idarə etməmişlər. Təbii ki, oğlu Məhəmməd onun himayəsində yaşayır və onun bütün maddi təminatını o həyata keçirir. İddiaçı onun evində ailə üzvü kimi yox, müvəqqəti qonaq kimi yaşayır. İddiaçı tərəfindən aliment qəsdən ödənilməmişdir. Bütün bunlar aliment borcunun silinməsi üçün əsas ola biməz. Halbuki o, heç bir yerdə işləmir. Aliment ödənilməsi müəyyən edilmiş Məhəmməd yetkinlik yaşına çatmamışdır. İddiaçının əsassız arqumentləri aliment borcunun silinməsi üçün əsas ola bilməz və Məhəmmədin maddi baxımdan yaşayış səviyyəsinə mənfi təsir göstərir. Bu hal beynəlxalq və milli qanunvericiliyin tələbinə ziddir. Odur ki, iddianın əsassız olduğunu və rədd edilməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, iddiaçının və cavadehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-3019/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, X12 ilə Cavabdeh arasında 27 noyabr 2012-ci il tarixdə, Səadət sarayı Bakı nikah evində bağlanaraq 3076 saylı akt qeydilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X8 iddiaçı Cavabdeh yanında saxlanılması, X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X9 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cəza müddətini çəkib və 17 saylı CM-dən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli aministiya qərarının 2.4-cü bəndinə əsasən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, İran İslam Respublikası vətəndaşı X11 xx.xx.2023-cü il tarixə kimi Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir. İş materiallarında olan AZ-İ 424141 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 və Cavabdeh arasında nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 180 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, X12 ilə Cavabdeh arasında bağlanmış nikah ləğv edilmiş, birgə tərəflərin birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X8 iddiaçı Cavabdeh yanında saxlanılmış, X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. X12 ilə Cavabdeh birlikdə eyni evdə yaşasalar da, birgə təsərüfat aparmırlar. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, iddianın təmin olunması üçün kifayət qədər əsas müəyyən edilmədiyi üçün iddianın təminindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X10 Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar