Məhkəmə qərarları › İş №2(009)-2559/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2559/2025

05.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2559/2025 05.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment öhdəliyinə xitam verilməsi və yaranmış aliment borcunun ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment öhdəliyinə xitam verilməsi və yaranmış aliment borcunun ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, oğlu X5 xx.xx.2014-cü il tarixdə rəsmi qeydiyyatdan keçərək Cavabdeh ilə nikaha girmişdir. Onların birgə nikahından xx.xx.2014-cü il tarixdə X6 doğulmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin e- 2(009)-1373/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə oğlu Ceyhun Səlimovla cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli nikahlarına xitam verilmişdir. Həmçinin onu da qeyd edir ki, oğlu X5 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib və hal-hazırda cəzaçəkmə müəssisəsində məhbus həyatını yaşayır. Cavabdeh ona və həyat yoldaşı X3 qarşı Bakı şəhəri Səbail rayon Məhkəməsinə aliment tələbinə dair iddia ərizəsi vermiş və Səbail rayon Məhkəməsinin 2(009)-266/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2411/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə cavabdehin iddia tələbi ona münasibətdə qismən təmin edilərək xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,72 misli həddində sabit pul məbləğində aliment ondan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Qeyd edir ki, o, ağır dializ xəstəsidir. Yəni birinci dərəcəli böyrək çatışmamazlığından əziyyət çəkir. Diaqnoz ona 2025-ci ilin yanvar ayından qoyulmuşdur. Bu xəstəlikdən TSEK-in xx.xx.2025-ci il tarixli qərarı ilə ona birinci dərəcəli əlillik təyin edilmişdir. Hal-hazırda müddətsiz birinci dərəcəli əlildir. Sağlamlığını və əmək qabiliyyətini doxsan beş faiz itirmişdir. Daima kənar şəxslərin köməyinə ehtiyacı var. Xəstəliyi ilə əlaqəli daima müayinələrdən keçirərək müalicələr alır. Birinci dərəcəli əlillikdən aldığı sosial müavinət özünü tam təmin etmir və ehtiyaclarını ödəmir. Ona görə də aliment pulunu ödəyə bilmir. Azyaşlı nəvəsi anası Cavabdeh ilə yaşayır. Oğlu tutulandan nəvəsinə daima köməklik etmişdir. Lakin sağlamlığını itirdikdn sonra işləyə bilmir, ona görə də alimenti ödəmək üçün zəruri vəsaiti yoxdur. Göstərilənləri nəzərə alaraq iddiaçı aliment öhdəliyinin aradan qaldırılması və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2411/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə bağlı Cavabdeh olan aliment borcunun tamamilə ləğv edilməsi barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, Apellyasiya Məhkəməsində iştirak etməmişdir, onun iştirakı olmadan qətnamə qəbul edilmişdir. Xəstədir, uşağın atası, anası var, nə üçün ondan aliment tutulur bilmir, Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-266/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı və X3 qarşı “aliment” tələbinə dair iddiası təmin edilməmişdir. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “EKOL” Vəkil Bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, uçot baza məlumatlarına əsasən İddiaçı xx.xx.2007-ci il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna alınması, hazırda fəaliyyətinin aktiv vəziyyətdə olmasıbarədə məlumat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixə olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsindəki məlumata əsasən vergi borc məbləği müəyyən edilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən “Ekol” Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Agentliyin daşınar əmlakın rəsmi reyestrinin elektron informasiya sistemində fiziki şəxs İddiaçı adına AZ 23BA-074 dövlət qeydiyyat nişanlı, DOOSAN S180W-V markalı ekskavator və AZ 10BC-223 dövlət qeydiyyat nişanlı, MST M542S markalı ekskavator yükləyici dövlət qeydiyyatına alınmışdır. İş üzrə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Ekol” vəkil bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatına əsasən xx.xx.1965-ci il təvəllüdlü İddiaçı adında xx.xx.2018-ci il tarixdən “Kamaz 5511 Yük” markalı, **- MU-*** və xx.xx.2022-ci il tarixdən “Kia Sorento” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatdadır. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin “Ekol” Vəkil Bürosuna ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 565F saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0,02 ha torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı adına ümumi birgə payda olan Göyçay rayonu, Çərəcə kəndində yerləşən 1.1968 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2411/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, Səbail rayon Məhkəməsinin 2(009)-266/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin cavabdeh İddiaçı münasibətdə qismən təmin edilməsi, cavabdeh İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin (250/345=0,72) 0,72 misli həddində sabit pul məbləğində alimentin iddiaçı Cavabdeh xeyrinə tutulması, iddia tələbinin qalan hissədə və cavabdeh X3 münasibətdə təmin edilməməsi qət edilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı müayinə edilərək “E11.2. İnsulindən asılı olmayan şəkərli diabet, Böyrəklərin zədələnməsi ilə, 18.5 Xroniki böyrək xəstəliyi V mərhələ, Xroniki böyrək xəstəliyi A mərhələ (terminal)” diaqnozu ilə ona müddətsiz 1-ci dərəcəli əlillik təyin edilmiş, ümumi xəstəlik səbəbindən əlavə istirahət saatı (və ya günləri) ilə yüngül işlərdə işləyə bilməsi müəyyən edilmişdir. İş üzrə Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə MŞB/9/2025-01348 saylı, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı “alimentin ləğvi” tələbinə dair mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə, saat 16.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon icra şöbəsi tərəfindən sorğuya cavab məktubundan belə məlum olur ki, borclu İddiaçı alimentlə bağlı ödənilmədən borcu 3414 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının oğlu X5 ilə Cavabdeh xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuşlar, birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X6 adlı uşağı anadan olmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, birgə nikahdan doğulmuş uşağın ananın yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün C.Səlimovdan hər ay 193 manat məbləğində aliment tutulması qət edilmişdir. Hazırda iddiaçının oğlu Ceyhun Səlimov Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsində çəza çəkir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh keçmiş həyat yoldaşı Ceyhun Səlimov ilə birgə nikahdan anadan olmuş uşağın saxlanılması üçün sonuncunun valideynləri uşağın babası və nənəsi olan İddiaçı və X2 aliment tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi cavabdeh İddiaçı münasibətdə qismən təmin edilmiş, cavabdeh İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin (250/345=0,72) 0,72 misli həddində sabit pul məbləğində aliment iddiaçı Cavabdeh xeyrinə tutulmuşdur. İddiaçının irəli sürdüyü tələbdən görünür ki, o, ağır dializ xəstəsidir, yəni birinci dərəcəli böyrək çatışmamazlığından əziyyət çəkir. Diaqnoz ona 2025-ci ilin yanvar ayından qoyulmuşdur. Bu xəstəlikdən TSEK-in xx.xx.2025-ci il tarixli qərarı ilə ona birinci dərəcəli əlillik təyin edilmişdir. Halhazırda müddətsiz birinci dərəcəli əlildir. Sağlamlığını və əmək qabiliyyətini doxsan beş faiz itirmişdir. Daima kənar şəxslərin köməyinə ehtiyacı var. Xəstəliyi ilə əlaqəli daima müayinələrdən keçirərək müalicələr alır. Birinci dərəcəli əlillikdən aldığı sosial müavinət özünü tam təmin etmir və ehtiyaclarını ödəmir. Ona görə də aliment pulunu ödəyə bilmir. Azyaşlı nəvəsi anası Cavabdeh ilə yaşayır. Oğlu tutulandan nəvəsinə daima köməklik etmişdir. Lakin sağlamlığını itirdikdn sonra işləyə bilmir, ona görə də alimenti ödəmək üçün zəruri vəsaiti yoxdur. Bu səbəbdən iddiaçı aliment öhdəliyinin aradan qaldırılması və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2411/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə bağlı Cavabdeh olan aliment borcunun tamamilə ləğv edilməsi barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Yuxarıda qeyd edildiyi kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında yetkinlik yaşına çatmayan uşağın atasının aliment öhdəliyi olması, alimentlə bağlı icra sənədini icra etməməsi və ya icra edə bilməməsi, həmçinin yetkinlik yaşına çatmayan uşağın hər iki valideyndən maddi yardım ala bilmədiyi halın təsdiq olunması nəzərə alınaraq zəruri vəsaitə malik olan babadan həmin uşağın xeyrinə sabit pul məbləği şəklində alimentin tutulması qənaətinə gəlinmişdir. İddiaçı tələbini xəstəliyi və maddi imkansızlığı ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, baba nəvəsinə o halda aliment ödəmək vəzifəsi daşıyır ki, onun alimenti ödəməyə zəruri vəsaiti olsun. Babanın belə vəsaitin olub-olmamasını işin konkret hallarından asılı olaraq məhkəmə müəyyənləşdirir. İddiaçı hazırkı tələblə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmiş, iddiaçıdan nəvəsinin saxlanılması üçün alimentin tutulması barədə məhkəmə qətnaməsi həmin tarixdən 6 ay əvvəl qəbul edilmişdir. Eyni zamanda iddiaçının hazırkı tələbin təmininə dair istinad etdiyi hallar işə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən də mövcud olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarına əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. X10 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəmə qətnaməsi qəbul edildikdən sonra maddi vəziyyətində dəyişkənliyin olmasına dair mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, bununla da aliment ödəməkdən azad olunma barədə iddiaçının gətirdiyi dəlillərin əsaslı olması məhkəmə tərəfindən müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbin əsaslı olması müəyyən olunmadığından, həmin tələb əsassız hesab olunmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından məhkəmə xərcləri – mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment öhdəliyinin aradan qaldırılması və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2411/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə bağlı Cavabdeh olan aliment borcunun tamamilə ləğv edilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar