Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2568/2022 23.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq... MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, X6 ilə xx.xx.1981-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahdan iki övladları var xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh və xx.xx.1983-cü il təvəllüdlü X5. Həyat yoldaşı beyin qan dövranının kəskin pozulması nəticəsində 2016-cı ildə vəfat etmişdir. O, qeydiyyatda olduğu mənzildə tək yaşayır. O, epilepsiya xəstəliyindən əziyyət çəkir, bu günə qədər heç bir yerdə işləməmişdir. Heç bir gəliri yoxdur, təqaüd almır. Xəstəliyinə görə həkim tərəfindən təyin edilmiş dərmanlarını qızı Aliyə alır və bu yolla ona kömək göstərir. Cavabdeh ona heç bir maddi köməklik göstərmir. Cavabdeh “Azərbaycan Hava Yolları”nda işləyir, 1300 manata yaxın əmək haqqı alır, onun şəhərdə özəl biznesi və icarədə olan qeyri-yaşayış sahələri var. Cavabdeh ona maddi yardım göstərməkdən imtina edir. Cavabdeh valideyninin saxlanılmasında borclu olduğundan ondan aliment tutulmalıdır. Hesab edir ki, cavabdeh kifayət qədər zəruri vəsaitə malik olduğundan sonuncudan onun xeyrinə hər ay sabit pul şəklində 500 manat məbləğində aliment tutulmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh hər ay 500 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, xəstədir, işləmir, pensiya almır, tək yaşayır. İki qızı var. Bir qızı ona 2019-cu ildən maddi köməklik edir. Lakin cavabdeh olan qızı ona köməklik etmir. O, epilepsiya xəstəsidir, mütəmadi müalicə alır, dərman preparatları bahadır. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, vaxtı ilə anasına kömək etmişdir. Hazırda ailəlidir, anası onun evində qalır, anası pensiya yaşına çatmayıb, əlilliyi yoxdur. Ona görə də ondan aliment tələb etməyə hüququ yoxdur. Bir övlad kimi ona köməklik edə bilərdi, lakin anasının bu illər ərzində ona qarşı elədiyi qərəzli hərəkətlərə görə köməklik etmir. Bacısı ilə münasibəti yoxdur, anasını o, manipulyasiya edərək ona qarşı yönəldib. Göstərilənləri nəzərə alaraq cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X6 ilə X2 arasında xx.xx.1981-ci il tarixdə nikah bağlanılmışdır. Nikahdan sonra ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X6, ana qrafasında İddiaçı göstərilmişdir. İş üzrə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 946 No ilə qeyd edilmişdir. Ölümün səbəbi: beyin qan dövranının kəskin pozulmasıdır. İş üzrə Bakı 9 saylı mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/9-00513 saylı, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2022-ci il tarixdə, 12.00 saatında keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən İddiaçı və Cavabdeh ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışına əsasən İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən əmək müqaviləsi aşkar edilməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçının qızıdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının həyat yoldaşı 2016-cı ildə vəfat etdikdən sonra o, tək yaşayır, heç yerdə işləmir, təqaüd də almır. İddiaçı xəstə olmasını və cavabdehin ona baxmamasını əsas tutaraq özünun saxlanılması üçün cavabdehdən aliment tutulmasını xahiş etmişdir. AR Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Məhkəmə qeyd edir ki, valideynlərin əmək qabiliyyətini itirmələri onların pensiya yaşına çatması nəticəsində də yaranır. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından aliment almaq hüququ valideynin maddi yardıma ehtiyacı olması və əmək qabiliyyətinin olmaması ilə əlaqədardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» qərarında göstərilmişdir ki: «Ailə Məcəlləsinin 80 və 81-ci maddələrində “əmək qabiliyyəti olmayan” və 81-ci maddəsində “göstərilən kənar xidmət”, “və digər hallarda” ifadələrində nəyin nəzərdə tutulması ilə bağlı ünvanlanan müraciətə dair aşağıdakıların qeyd edilməsi zəruridir. Ailə Məcəlləsinin 80-ci maddəsində əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ nəzərdə tutulmuşdur. Həmin maddənin birinci hissəsinə müvafiq olaraq valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər». Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ ilə bağlı hüquqi mövqe nümayiş etdirilsə də, həmin qərarda «maddi yardıma ehtiyacı olan» anlayışa hüquqi qiymət verilmişdir. Belə ki, həmin qərarı əsas tutaraq məhkəmə qeyd edir ki, yetkinlik yaşına çatmış övladlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsi daşıyırlar. Yetkinlik yaşına çatmış övladın bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: valideynin əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə yetkinlik yaşına çatmış övlad(lar) üçün vəzifə yaradır. Başqa sözlə, valideynin maddi yardıma ehtiyacı olması yetkinlik yaşına çatmış övladdan(lardan) aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, valideynin əmək qabiliyyətinin olmaması da tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci maddəsinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq xx.xx.2022xx.xx.2023-cü il tarixədək kişilər üzrə pensiya yaşı - 65 yaşı, qadınlar üzrə pensiya yaşı - 63 yaşı müəyyənləşdirilmişdir. Məhkəmə qeyd edir ki, şəxsin əmək qabiliyyətinin olmaması onun pensiya yaşına çatması və ya müvafiq səlahiyyətli qurumun verdiyi sənəd (əlilliyə dair) əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı pensiya yaşına çatmamış, eyni zamanda əmək qabiliyyətinin mövcud olmamasına dair müvafiq orqan tərəfindən verilmiş hüquqmüəyyənedici sənəd (əlilliyə dair) mövcud deyil. Məhkəmə qeyd edir ki, iddiaçı epilepsiya xəstəliyindən əziyyət çəkməsini göstərsə də, bu halın əmək qabiliyyətinin mövcud olmaması ilə nəticələnməsinə dair müvafiq sənədi məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən onun əmək qabiliyyətli olmamasını təsdiq edən sübutları məhkəməyə təqdim edilə bilmədiyindən, qaldırılan iddia əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən onun xeyrinə 500 manat məbləğində aliment tutulması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra \qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2568/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2568/2022
23.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver