Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2596/2025 12.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Z.F.Xurşudovun, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin nümayəndəsi M.N.Cəfərovun, 3-cü şəxs SOCAR-ın Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin nümayəndəsi F.M.Mürsəlovun iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə qarşı (SOCAR-ın Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamenti 3-cü şəxs qismində cəlb edilməklə) əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ARDNŞ-nin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentində hal-hazırda işləyir. İstifadəsində “Ford Cargo” markalı **-JS- *** dövlət qeydiyyat nişanlı çənli avtomobilin sürücüsü kimi fəaliyyət göstərir. Məlumat üçün bildirir ki, ARDNŞ-nin “Azneft” İB-nin Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin xx.xx.2007-ci il tarixli, 102 saylı “İş həcminin artması ilə əlaqədar” əmrinə əsasən 2007-ci ilin mart ayından etibarən 1 və 2 saylı Neft və Qazçıxarma sexlərinin ərazilərində kondensatın, neft və neft məhsullarının çənli avtomaşınlarla doldurulması və daşınması işləri ştat cədvəlində “doldurucu” peşəsinin nəzərdə tutulmaması səbəbindən həmin işin icrası X2 sürücüsünə həvalə edilməsi və faktiki yerinə yetirilmiş işlərə uyğun olaraq ona tarif maaşının 20%-i həcmində əlavə ödəniş tətbiq edilməsi barədə əmr olmuşdur. Buna əsasən həmin işin icrası 2009-cu ildən ona tapşırılmış və hal-hazıra qədər o, həmin işi icra edir. O, əmrə əsasən doldurucu və sürücü işlərini yerinə yetirməsinə baxmayaraq idarə tərəfindən ona əmək haqqına 20% əlavə ona ödənilməmişdir. Bununla əlaqədar olaraq tarif maaşına əlavə olan 20% əlavə ödənişin təyin olunduğu gündən hazırkı müddətədək ödənilməsi barədə rəsmi surətdə müraciət etsə də, ona ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda müraciətinin təmin olunmasından imtina edildiyi qeyd olunmuşdur. İmtinada qeyd edilmişdir ki, doldurucu peşəsinin icrası işi onun peşə təlimatında qeyd olunmamışdır və bu səbəbdən əmək haqqına əlavənin ödənilməsi mümkün deyildir. Halbuki bu barədə müvafiq əmrin olmasına baxmayaraq bu nəzərə alınmamışdır. İcra etdiyi işlərin vəzifə təlimatına uyğun olmaması və bunun müqabilində ona qanunvericiliyə əsasən ödənilməli olan əvəzetmə haqqının ödənilməməsi ilə bağlı aşağıdakıları bildirir. ARDNŞ-nin Azneft İB-nin Nərimanov adına NQÇİ-dən ARDNŞ-nin qərarına əsasən Texnoloji Nəqliyyat sexi ayrılaraq hal-hazırkı işlədiyi idarəyə təhkim olmamışdan öncə 2009-cu ilin avqust ayınadək neft məhsullarının doldurucusu peşəsinə Nərimanov adına NQÇİ-nin ştat cədvəlinə uyğun olaraq (doldurucu) işçisi olmadığı üçün ona həmin işi icra etdiyinə görə faktiki işlədiyi iş saatına uyğun olaraq 20% əvəzetmə haqqı əmək haqqına əlavə olunmuşdur. 2009-cu ilin avqust ayından etibarən hal-hazıradək o, sürücü olaraq əsas vəzifə öhdəliklərinə əlavə olaraq müxtəlif təhlükəli partlayıcı, zəhərli neft və neft məhsulları, karbohidrogen məhsulları, həmçinin qazma prosesində istifadə olunan kimyəvi maddələrin (methanol və s.) ona təhkim olunmuş çənli yük avtomobilinə doldurulması, daşınması və boşaldılması işlərini şəxsən icra etmişdir. Bu işləri hal-hazırda işlədiyi ərazidə heç bir təhlükəsizlik qurğusu olmadan yerinə yetirir. Ona xüsusi fərdi mühafizə vasitələri (geyim və avadanlıqlar) verilmədən icra edir. Peşə təlimatına uyğun olmadan, yüksək riskli və təhlükəli işi icra edir. Bu fəaliyyətləri əsasən “Azneft” İB-nin nəzdində olan Nərimanov NQÇİ-də Qaz Anbarları idarəsində neftçıxarma idarəsində, Əmirov adına neftçıxarma idarəsində qazma qurğuları idarəsində yerinə yetirir. O, bu ərazilərdə təhlükəli işlərin icrasında iştirak etməsinə baxmayaraq əmək haqqına yalnız 12% zərərlilik əmsalı ödənilsə də, qanunvericiliyə uyğun olaraq ona ödənilməli olan əvəzetmə ödənişi 2009-cu ilin avqust ayından hal-hazıradək verilməmişdir. Hesab edir ki, ona əmək haqqına əmrlə əlavə olunmuş 20% ödənişin verilməməsini əsassız hesab edir, ona görə də əmək haqqına əlavənin ödənilməsini xahiş edir. Əmək mübahisələrində mediasiya sessiyası məcburi olduğuna görə mediasiya barədə müraciət etmiş və mediator tərəfindən xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı əmək haqqına əmrə əsasən əlavə olunmuş 20% ödənişin 2009-cu ilin avqust ayından hal-hazıra qədər olan dövr ərzində olan məbləğin hesablanaraq cavabdeh ARDNŞ və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsindən birdəfəlik surətdə tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, onun güzəştli pensiyaya hüququ çatır. Bu səbəbdən 2009-cu ildən bu günə qədər olan əmək haqqının artımını tələb edir. O, hazırkı vaxtadək avtomaşına yükün doldurulması işini özü görür, digər sürücülər də yükü özləri doldururlar. Ona görə o, haqqını tələb edir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçının istinad etdiyi əmri qəbul edən N.Nərimanov adına NQÇİ hazırda da fəaliyyət göstərir, həmin təşkilatın qəbul etdiyi əmrdə göstərilənlərə görə onlar məsuliyyət daşıya bilməzlər. Digər tərəfdən iddiaçı 2014-cü ildə işə qəbul olunmuşdur, onun sürücü kimi vəzifəsi yükün nəqliyyat vasitəsinə doldurub boşalmasından ibarət deyil. Qaldırılın iddianı əsassız hesab edir və məhkəmədən onun rədd edilməsini xahiş edir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək və iddiaya qarşı yazılı etirazı məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, İdarə ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən Ford Kargo markalı, ** JS *** d.n.n-lı nəqliyyat vasitəsinə sürücü təhkim olunmuşdur. Təhkim olunduğu nəqliyyat vasitəsi sifarişçi təşkilatın sifarişinə əsasən Azneft İB-nin N.Nərimanov adına NQÇİ-nə xidmət edir. Xidmət sahəsinin işlərindən biri də neft məhsullarının sürücünün idarə etdiyi nəqliyyat vasitəsi ilə daşınması və müvafiq olaraq sifarişçi təşkilatın işçiləri tərəfindən həmin məhsulların doldurulub boşaldılmasından ibarətdir. İddiaçı daha əvvəl şikayət edərək neft məhsullarının onun tərəfindən nəqliyyat vasitəsinə doldurulub boşaldılması işini icra etdiyini bildirmişdir. Bu halın araşdırılması üçün onun xidmət etdiyi sahəyə yerində baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, iş yerində neft məhsullarının doldurulması və boşaldılması sifarişçi təşkilatın işçiləri tərəfindən icra olunur. Bu hal xx.xx.2025-ci il tarixdə Departamentin, Sifarişçi Təşkilatın və şəxsən İddiaçı iştirakı ilə araşdırıldı və akt tərtib olundu. Aktın doğruluğu iddiaçının və digər araşdırma aparan şəxslər tərəfindən təsdiq edilmişdir. İddiaçının Peşə təlimatında təhkim olunduğu nəqliyyat vasitəsini, sifarişə əsasən xidmət ediləcək marşrut xətləri üzrə idarə etməkdən və təlimatda nəzərdə tutulmuş digər müddəalardan ibarətdir. Bunun üçün ona müəyyən olunmuş əmək haqqı ödənilir. İddiaçının iddia etdiyi kimi, sürücü tərəfindən neft məhsullarının nəqliyyat vasitəsinə dolburulub boşaldılması və bu kimi digər işlər peşə təlimatında nəzərdə tutulmamışdır. Bu iş müvafiq fəhlə və ya operator peşəsində çalışan işçilər tərəfindən icra olunur və bu peşə Nəqliyyat İdarəsinin ştat cədvəlində nəzərdə tutulmamışdır. İddiaçıya keçmiş illərdə əmək haqqına 20% əlavənin ödənilməsi digər təşkilat tərəfindən olmuşdur. Belə ki, iddiaçının bildirdiyinə görə həmin təşkilatda həm operator həm də sürücü peşəsində çalışmışdır. Nəqliyyat İdarəsi 2014-cü ildən fəaliyyət göstərir və iddiaçı həmin ildən İdarədə sürücü peşəsində çalışır. 2014-cü ildən əvvəl onun hansı işdə işləməsi və ya hansı əmək haqqının ona təyin olunması Nəqliyyat İdarəsinin maraqları xaricindədir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış 3-cü şəxs SOCAR-ın Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin nümayəndəsi X5 öz izahatında göstərmişdir ki, iddiaçı ilə əmək müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanılmışdır. İddiaçı sürücü vəzifəsinə işə götürülmüşdür. Məhkəməyə təqdim olunan Peşə Təlimatında sürücünün konkret vəzifəsinin nə olması göstərilibdir, sürücü avtomaşına yüklərin doldurub boşaltma vəzifəsini icra etməli deyil. İddiaçının müraciəti əsasında 2025-ci ilin aprel ayında yükdoldurma məntəqəsində olarkən müəyyən etmişlər ki, avtomaşına yükdolduran sifarişçi təşkilatın operatorudur, bu barədə akt tərtib olunmuşdur. İddiaçının iddiasının heç bir hüquqi əsası yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün rədd edilməlidir. İş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin Nizamnaməsinin surətindən görünür ki, Nəqliyyat İdarəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində fəaliyyət göstərən Nəqliyyat Departamentinin bazasında ARDNŞ-nin tərkibində hüquqi şəxs statusuna malik olan müəssisəsi kimi “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təşmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 112 nömrəli Fərmanına uyğun olaraq ARDNŞ-nin xx.xx.2014-cü il tarixli ARDNŞ/14-1000/01/SM-04-000041 nömrəli əmrinə əsasən yaradılmışdır (bənd 1.1). İdarənin tam adı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsidir. İş üzrə SOCAR-ın Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamenti ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 624 nömrəli əmək müqaviləsinin surətinə əsasən Əlicanov X1 İdarəsinin 6 saylı TexnolojiNəqliyyat Departamentinə 1 saylı avtomobil dəstəsinin avtomobil sürücüsü (7-ci dərəcəli) vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli bağlanmışdır (bənd 2.2). Əmək müqaviləsi xx.xx.20214-cü il tarixdən tərəflərin razılığa əsasən xx.xx.2015-ci il tarixədək 1 il müddətinə bağlanmışdır (bənd 2.3). İşçi xx.xx.2014-cü il tarixdən işə bağlayır (bənd 2.4). İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür: Yükgötürmə qabiliyyəti 10-dan 15 tona qədər yük avtomobillərinin (avtoqatarların) və qabarit uzunluğu 11 metrdən 12 metrə qədər avtobusların idarə olunması: 2.1. Özüboşaldan, qaldırıcı mexanizmlərin, avtoçənlərin nasos qurğusunun, refrijeratorun soyuducu qurğusunun, süpürüb yığışdıran mexanizmlərin və başqa ixtisaslaşdırılmış və xüsusi avtomobillərin avadanlığının texniki təhlükəsizliyə riayət etməklə idarə olunması; 2.2. Avtomobilin yanacaqla, sürtgü materialları və soyuducu mayelərlə doldurulması; 2.3. Avtomobilin texniki vəziyyətinin yoxlanılması və xəttə çıxmazdan qabaq qəbulu, qaraja qayıtdıqdan sonra avtomobilin təhvil verilməsi və ona ayrılmış yerə qoyulması; 2.3. Avtomobilin yükləmə zamanı yük altına verilməsi, yüklərin yüklənib boşaldılmasına, yükün yerləşdirilib kuzovda. İş üzrə SOCAR-ın Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin direktoru A.Əsədov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı tərəfindən 6 saylı Texnoloji nəqliyyat Departamentinə ünvanlanmış xx.xx.2025-ci il tarixli müraciət onun iştirakı ilə araşdırılmışdır. Belə ki, İddiaçı 6 saylı Texnoloji Nəqliyyat Departamentinin “Ford Cargo” markalı **-JS-*** d.n.n-lı çənli nəqliyyat vasitəsinə sürücü təhkim olunmuşdur. Təhkim olunduğu nəqliyyat vasitəsi sifarişçi təşkilatın sifarişinə əsasən Azneft İB-nin Əmirov adına NQÇİnə xidmət edir. Həmin sahədə görülən işlərdən biri də sifarişçi təşkilatın işçiləri tərəfindən neft məhsullarını İddiaçı idarə etdiyi nəqliyyat vasitəsinə doldurub müvafiq marşrut xətti üzrə daşınma tamamlandıqdan sonra boşaldılmasından ibarətdir. Müraciətinə əsasən xidmət sahəsinə yerində baxış keçirilən zaman məlum olmuşdur ki, iş yerində neft məhsullarının doldurulması və boşaldılması sifarişçi təşkilatın işçiləri tərəfindən icra olunur. Bu hal xx.xx.2025-ci il tarixdə Departamentin, Sifarişçi təşkilatın və şəxsən İddiaçı iştirakı ilə araşdırıldı və akt tərtib olundu. Aktın doğruluğu İddiaçı və digər araşdırma aparan şəxslər tərəfindən təsdiq edilmişdir. Onu da nəzərinə çatdırırlar ki, İddiaçı Peşə təlimatında təhkim olduğu nəqliyyat vasitəsini, sifarişə əsasən xidmət ediləcək marşrut xətləri üzrə idarə etməkdən və təlimatda nəzərdə tutulmuş digər müddəalardan ibarətdir. Bunun üçün İddiaçı müəyyən olunmuş əmək haqqı ödənilir. İddiaçı iddia etdiyi kimi sürücü tərəfindən neft məhsullarının nəqliyyat vasitəsinə doldurulub boşaldılması və bu kimi digər işlər peşə təlimatında nəzərdə tutulmamışdır. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin iş yerinə dair xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentində avtomobil sürücüsü vəzifəsində işləyir, onunla xx.xx.2014-cü il tarixdə müddətsiz növü əmək müqaviləsi bağlanılmış, aylıq əmək haqqı 949,06 manat təşkil etmişdir. İş üzrə 6 saylı Texnoloji Nəqliyyat Departamentinin hüquq məsləhətçisi F.Mürsəlov, ƏMTT və İŞ şöbəsinin rəisi C.Qafarov, İŞ-nin böyük mühəndisi N.Umuyev, 3 saylı avtomobil dəstəsinin rəisi M.Məmmədov, İTŞ-nin nümayəndəsi R.Hümbətov, 3 saylı Neft və Qazçıxarma sahəsinin sahə rəisi M.Qasımov, 3 saylı avtomobil dəstəsinə məxsus “Ford Cargo” markalı **-JS-*** dövlət nömrə nişanlı avtomobilin avtomobil sürücüsü İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, sürücü İddiaçı tərəfindən yazılmış ərizəsinə əsasən 3 saylı Neft qaz çıxarma sahəsinə baxış keçirildi, məlum oldu ki, sahədə neftin doldurma və boşaltma işləri sürücülər tərəfindən həyata keçirilmir, iş sahənin işçiləri tərəfindən icra olunur. İş üzrə İddiaçı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.1983-cü il tarixdən N.Nərimanov adına NQÇİ-nin Texnoloji Nəqliyyat İdarəsinə 3-cü dərəcəli sürücü vəzifəsində işə qəbul edilmiş, xx.xx.2007-ci il tarixdən Kondensatın, neft və neft məhsullarının çənli maşınlara doldurulması işlərinin yerinə yetirən doldurucu peşəsinin işlərini yerinə yetirib. İş üzrə “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-nin xx.xx.2007-ci il tarixli, 102 saylı əmrin surətindən görünür ki, 1 və 2 saylı NQÇS-nin ərazilərində kondensatın, neft və neft məhsullarının çənli avtomaşınlara doldurulması və daşınması işləri aparılır. Kondensatın, neft və neft məhsullarının çənli avtomaşınlara doldurulması işlərinin yerinə yetirilməsi üzrə “Doldurucu” peşəsinin nəzərdə tutulmaması səbəbindən, həmin işləri X2 çənli avtomaşın sürücüləri özləri yetirə yetirirlər. Lakin, bu onların vəzifə borclarına aid olmadığından, həmin işlərin yerinə yetirilməsi iş həcminin artmasına gətirib çıxarır. Qeyd edilənləri və X2 rəisi Y.P.Əliyevin təqdimatını nəzərə alıb Əmək Məcəlləsinin 160-cı maddəsinin 1-ci bəndini rəhbər tutaraq 2007-ci ilin mart ayından başlayaraq kondensatın, neft və neft məhsullarının çənli avtomaşınlara doldurulması işləri, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etməklə, X2 “Kamaz” markalı, **-AG-*** saylı avtomaşının sürücüsü İddiaçışah oğluna və digər çənli avtomaşın sürücülərinə həvalə edilməsi və onlara faktiki işlədikləri vaxta uyğun tarif maaşının 20%-i həcmində əlavə ödənişin təyin edilməsi əmri edilmişdir. İş üzrə “Azneft” İB-nin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin sabiq işçisi – X2 çənli avtomaşın sürücüsü İddiaçı 1986-2009-cu illər ərzində idarənin 1 və 2 saylı Neft və Qazçıxarma sexlərində, dəniz şəraitində fəaliyyət göstərmişdir. O, həmin dövrdə “Kamaz” (** AG *** dövlət nömrə nişanlı) markalı avtosisternada sürücü vəzifəsində çalışmış və işlərinin xarakterinə uyğun olaraq zəhərli kimyəvi maddə olan soda, tezalışan və partlayıcı maddələr – kondensat, neft və neft məhsullarının doldurulması və boşaldılması işlərini yerinə yetirmişdir. Görülən işlərin əmək şəraitinin ağır və zərərli olması nəzərə alınaraq ona əmək haqqı çıxarışlarında “zərərli iş” qeydi aparılmış və vəzifə (tarif) maaşlarına 1,08 (8%) nisbətində artım əmsalı tətbiq olunmuşdur. Bundan əlavə, idarənin xx.xx.2007-ci il tarixli, 102 saylı “İş həcminin artırılması ilə əlaqədar” əmrinə əsasən 2007-ci ilin mart ayından etibarən 1 və 2 saylı Neft və Qazçıxarma sexlərinin ərazilərində kondensatın, neft və neft məhsullarının çənli avtomaşınlarla doldurulması və daşınması işləri ştat cədvəlində “Doldurucu” peşəsinin nəzərdə tutulmaması səbəbindən həmin işin icrasını X2 sürücüsünə həvalə edilmiş və faktiki yerinə yetirilmiş işlərə uyğun olaraq ona tarif maaşının 20%-i həcmində əlavə ödəniş tətbiq edilmişdir. Bu səbəbdən yuxarıda qeyd edilən dövrlərdə N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsində “Neft məhsullarının doldurucusu” və ya “Doldurucu” peşə növünə uyğun peşənin mövcud olmadığını və həmin işlərin icrasını X2 sürücüsünə həvalə edilməsini nəzərə almasını xahiş edirlər. İş üzrə SOCAR-ın Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamenti avtomobil sürücüsünün Peşə Təlimatından görünür ki, bu peşə təlimatı sürücünün vəzifə öhdəliklərini, hüquq və məsuliyyətini müəyyən edir. Sürücü ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə; ona təhkim edilmiş nəqliyyat vasitəsinin saz vəziyyətdə saxlanılmasına və təmizliyinə; Departamentin əmr, qərar və sərəncamlarını, sahə, dəstə rəisinin tapşırıq və göstərişlərini, hazırkı peşə təlimatını, Departamentinin daxili intizam qaydalarına, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə; mövcud normativ-hüquqi aktlarla nəzərdə tutulmuş sənədləşdirmənin aparılmasına; müəssisənin fəaliyyətinə, işçilərinə və digər şəxslərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər həyata keçirilməsinə görə məsuliyyət daşıyır. Sürücü əmək intizamının, qanunvericilik və normativ-hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər. İş üzrə Bakı 21 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/21/2025-00247 saylı arayışından görünür ki, İddiaçı əmək haqqı tələbi barədə mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə saat 10.30-11.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Nəqliyyat Departamentinin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 1983-cü ildən N.Nərimanov adına NQÇİ-nin Texnoloji Nəqliyyat İdarəsinə 3-cü dərəcəli sürücü vəzifəsində işə qəbul edilmiş, xx.xx.2007-ci il tarixli 102 saylı əmrlə Kondensatın, neft və neft məhsullarının çənli maşınlara doldurulması işlərinin yerinə yetirən doldurucu peşəsinin işlərini yerinə yetirmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi 2014-cü ildən fəaliyyət göstərir və iddiaçı həmin ildən İdarənin 6 saylı Texnoloji Nəqliyyat Departamentində sürücü peşəsində çalışır. Belə ki, iddiaçı ilə həmin təşkilat arasında xx.xx.2014-cü il tarixdə 1 il müddətinə əmək müqaviləsi bağlanılmış, iddiaçı həmin təşkilata avtomobil sürücüsü vəzifəsinə götürülmüşdür. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamenti ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən Ford Kargo markalı, ** JS *** d.n.n-lı nəqliyyat vasitəsinə sürücü təhkim olunmuşdur. Təhkim olunduğu nəqliyyat vasitəsi sifarişçi təşkilatın sifarişinə əsasən Azneft İB-nin N.Nərimanov adına NQÇİ-nə xidmət edir. Xidmət sahəsinin işlərindən biri də neft məhsullarının sürücünün idarə etdiyi nəqliyyat vasitəsi ilə daşınması və müvafiq olaraq sifarişçi təşkilatın işçiləri tərəfindən həmin məhsulların doldurulub boşaldılmasından ibarətdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı işəgötürənə şikayət edərək neft məhsullarının onun tərəfindən nəqliyyat vasitəsinə doldurulub boşaldılması işini icra etdiyini bildirmiş, bu halın araşdırılması üçün onun xidmət etdiyi sahəyə yerində baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, iş yerində neft məhsullarının doldurulması və boşaldılması sifarişçi təşkilatın işçiləri tərəfindən icra olunur. Bu hal xx.xx.2025-ci il tarixdə Departamentin, Sifarişçi Təşkilatın və şəxsən İddiaçı iştirakı ilə araşdırılmış və akt tərtib olunmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının Peşə təlimatında təhkim olunduğu nəqliyyat vasitəsini, sifarişə əsasən xidmət ediləcək marşrut xətləri üzrə idarə etməkdən və təlimatda nəzərdə tutulmuş digər müddəalardan ibarətdir. Bunun üçün ona müəyyən olunmuş əmək haqqı ödənilir. İddiaçının iddia etdiyi kimi, sürücü tərəfindən neft məhsullarının nəqliyyat vasitəsinə doldurulub boşaldılması və bu kimi digər işlər peşə təlimatında nəzərdə tutulmamışdır. Bu iş müvafiq fəhlə və ya operator peşəsində çalışan işçilər tərəfindən icra olunur və bu peşə Nəqliyyat İdarəsinin ştat cədvəlində nəzərdə tutulmamışdır. İddiaçıya keçmiş illərdə əmək haqqına 20% əlavənin ödənilməsi “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ tərəfindən olmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, ARDNŞ-nin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentində hal-hazırda işləyir. İstifadəsində “Ford Cargo” markalı **-JS- *** dövlət qeydiyyat nişanlı çənli avtomobilin sürücüsü kimi fəaliyyət göstərir. ARDNŞ-nin “Azneft” İB-nin Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin xx.xx.2007-ci il tarixli, 102 saylı “İş həcminin artması ilə əlaqədar” əmrinə əsasən 2007-ci ilin mart ayından etibarən 1 və 2 saylı Neft və Qazçıxarma sexlərinin ərazilərində kondensatın, neft və neft məhsullarının çənli avtomaşınlarla doldurulması və daşınması işləri ştat cədvəlində “doldurucu” peşəsinin nəzərdə tutulmaması səbəbindən həmin işin icrası X2 sürücüsünə həvalə edilməsi və faktiki yerinə yetirilmiş işlərə uyğun olaraq ona tarif maaşının 20%-i həcmində əlavə ödəniş tətbiq edilməsi barədə əmr olmuşdur. Buna əsasən həmin işin icrası 2009-cu ildən ona tapşırılmış və hal-hazırda qədər o, həmin işi icra edir. O, əmrə əsasən doldurucu və sürücü işlərini yerinə yetirməsinə baxmayaraq idarə tərəfindən ona əmək haqqına 20% əlavə ona ödənilməmişdir. Bununla əlaqədar olaraq tarif maaşına əlavə olan 20% əlavə ödənişin təyin olunduğu gündən hazırkı müddətədək ödənilməsi barədə rəsmi surətdə müraciət etsə də, ona ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda müraciətinin təmin olunmasından imtina edildiyi qeyd olunmuşdur. İmtinada qeyd edilmişdir ki, doldurucu peşəsinin icrası işi onun peşə təlimatında qeyd olunmamışdır və bu səbəbdən əmək haqqına əlavənin ödənilməsi mümkün deyildir. ARDNŞ-nin Azneft İB-nin Nərimanov adına NQÇİ-dən ARDNŞ-nin qərarına əsasən Texnoloji Nəqliyyat sexi ayrılaraq hal-hazırkı işlədiyi idarəyə təhkim olmamışdan öncə 2009-cu ilin avqust ayınadək neft məhsullarının doldurucusu peşəsinə Nərimanov adına NQÇİ-nin ştat cədvəlinə uyğun olaraq (doldurucu) işçisi olmadığı üçün ona həmin işi icra etdiyinə görə faktiki işlədiyi iş saatına uyğun olaraq 20% əvəzetmə haqqı əmək haqqına əlavə olunmuşdur. 2009-cu ilin avqust ayından etibarən hal-hazıradək o, sürücü olaraq əsas vəzifə öhdəliklərinə əlavə olaraq müxtəlif təhlükəli partlayıcı, zəhərli neft və neft məhsulları, karbohidrogen məhsulları, həmçinin qazma prosesində istifadə olunan kimyəvi maddələrin (methanol və s.) ona təhkim olunmuş çənli yük avtomobilinə doldurulması, daşınması və boşaldılması işlərini şəxsən icra etmişdir. Bu işləri hal-hazırda işlədiyi ərazidə heç bir təhlükəsizlik qurğusu olmadan yerinə yetirir. Ona xüsusi fərdi mühafizə vasitələri (geyim və avadanlıqlar) verilmədən icra edir. Peşə təlimatına uyğun olmadan, yüksək riskli və təhlükəli işi icra edir. Bu fəaliyyətləri əsasən “Azneft” İB-nin nəzdində olan Nərimanov NQÇİ-də Qaz Anbarları idarəsində neftçıxarma idarəsində, Əmirov adına neftçıxarma idarəsində qazma qurğuları idarəsində yerinə yetirir. O, bu ərazilərdə təhlükəli işlərin icrasında iştirak etməsinə baxmayaraq əmək haqqına yalnız 12% zərərlilik əmsalı ödənilsə də, qanunvericiliyə uyğun olaraq ona ödənilməli olan əvəzetmə ödənişi 2009-cu ilin avqust ayından hal-hazıradək verilməmişdir. Bu səbəbdən iddiaçı əmək haqqına əmrə əsasən əlavə olunmuş 20% ödənişin 2009-cu ilin avqust ayından hal-hazıra qədər olan dövr ərzində olan məbləğin hesablanaraq cavabdeh ARDNŞ və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsindən birdəfəlik surətdə tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə ilk növbədə Azərbaycan Dövlət Neft Şirkətinin və Nəqliyyat İdarəsinin hazırkı tələb üzrə cavabdehik daşımasına hüquqi qiymət verilməsini zəruri hesab edir. Yuxarıda qeyd edildiyi kimi iddiaçı ilə bağlanılmış əmək müqaviləsində işəgötürən qismində və müqavilənin tərəfi kimi Azərbaycan Dövlət Neft Şirkətinin və Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamenti çıxış edir. Belə olan halda məhkəmə hesab edir ki, hər iki cavabdeh hazırkı tələb üzrə subyektiv cavabdehlik daşımır. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu konteksdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz həmin tələbi irəli sürməyə hüququ olan və ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. Beləliklə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində cavabdeh Azərbaycan Dövlət Neft Şirkəti və Nəqliyyat İdarəsi hazırkı tələb üzrə iddiaya cavab verməli olan subyektlər kimi qəbul edilə bilmədiyi üçün onlara qarşı qaldırılan tələb bu əsasla təmin edilməməlidir. Lakin məhkəmə qaldırılan iddiaya dair aşağıdakıları qeyd etməyi də zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Əmək hüququnu təsbit edən Konstitusiyanın 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin maddənin Vİİİ hissəsinə uyğun olaraq, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən etməklə məcburi əməyin qadağan edilməsi ilə bağlı dövlət siyasətini əks etdirir, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyibişləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnun olması, həmçinin Əmək Məcəlləsinin preambulasında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi əmək qanunvericiliyinin vəzifələri və prinsipləri sırasında təsbit edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “c” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək hüquqları vardır. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “a” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək əsas vəzifələrindən biridir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentində işə qəbul olunan sürücülərin neft məhsullarının nəqliyyat vasitəsinə doldurulub boşaldılması və bu kimi digər işlər peşə təlimatında nəzərdə tutulmamışdır. Bu iş müvafiq fəhlə və ya operator peşəsində çalışan işçilər tərəfindən icra olunur və bu peşə Nəqliyyat İdarəsinin ştat cədvəlində nəzərdə tutulmamışdır. İddiaçının həmin vəzifəni icra etməsi ilə bağlı müavinət ödənilməsinə dair müraciəti araşdırılarkən də müəyyən edilmişdir ki, iddiaçı həmin işi yerinə yetirmir. Eyni zamanda 2009-cu ildən 2014-cü ilədək olan müddət ərzində hazırda da fəaliyyət göstərən N.Nərimanov adına NQÇİ tərəfindən qəbul edilmiş qərarın icrasına da hazırkı işəgötürənin məsul olması qəbuledilməzdir. Belə olan halda məhkəmə iddiaçının tələbini də tam əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, tələb ona cavab verməli olan hüquqi şəxslərə qarşı qaldırılmadığından və iddiaçı tərəfindən irəli sürülmüş tələbin əsaslı olması da müəyyən olunmadığından, həmin tələb əsassız hesab olunmalı və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə qarşı (SOCAR-ın Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamenti 3-cü şəxs qismində cəlb edilməklə) əmək haqqına əmrə əsasən əlavə olunmuş 20% ödənişin 2009-cu ilin avqust ayından hal-hazıra qədər olan dövr ərzində olan məbləğin hesablanaraq cavabdeh ARDNŞ və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsindən birdəfəlik surətdə tutularaq ona ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2596/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2596/2025
12.12.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver