Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2620/2021 11.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi X.Q.Məmmədovun Cavabdehin nümayəndəsi B.P.Zeynalovun iştirakları ilə İddiaçı MTK-nın Cavabdeh1 qarşı müqavilələrin və arayışın ləğv edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh1 qarşı müqavilələrin və arayışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış 15.03.2014-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, 17 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən tam sahəsi 140,3 kv.m. olan mənzili 112.000 manata cavabdehə satılması nəzərdə tutulmuşdur. 15.03.2015-ci il tarixli müqavilə bağlandığı gün cavabdeh mənzilin dəyərinin 20.000 manatlıq hissəsini ilkin olaraq İddiaçı MTK-ya ödəmiş, qalan 92000 manat vəsaitin isə cavabdeh tərəfindən 3 gün müddətində iddiaçıya ödənməsi həmin müqavilədə nəzərdə tutulmuşdur. 2021-ci ilin avqust ayınadək qalan vəsaiti ödəməsi ilə əlaqədar cavabdehə dəfələrlə müraciət olunmuş, lakin cavabdeh iddiaçıya qalan borcunu ödəməmişdir. Bununla əlaqədar cavabdehə qalan borcunu 3 gün müddətində iddiaçıya tam ödəməsi barədə sonuncu dəfə 20.12.2020-ci il tarixli xəbərdarlıq göndərilərək 15.03.2014-cü il tarixli müqavilənin birtərəfli qaydada ləğv olunacağı ona bildirilmişdir. Lakin cavabdeh iddiaçıya olan borcunu təyin edilən müddətdə yenə də ödəməmişdir. 15.03.2014-cü il tarixli müqavilənin 4-cü bəndinin 1-ci hissəsinə əsasən müəyyən olunmuş müddətdə “Payçı” pulu ödəmədikdə müqavilə pozulmuş sayılır. Cavabdehə 15.03.2014-cü il tarixli müqavilənin ləğv olunduğu barədə bildiriş göndərilərək bildirişi imzalayıb 3 gün müddətində iddiaçıya qaytarması xahiş edilsə də, cavabdeh bildirişi imza etməyib və müqavilənin əslini iddiaçıya qaytarmamışdır. Beləliklə, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 140,1 kv.m. olan 3 otaqlı mənzilin tikilib cavabdehə təhvil verilməsi ilə əlaqədar 14.03.2014-cü il tarixli müqavilə bağlanmış və həmin müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya yalnız 20.000 manat ödənilmişdir. Daha sonra ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin qeyd edilən mənzilə dair müvafiq arayış verməsini təmin etmək məqsədilə iddiaçı ilə cavabdeh arasında eyni mənzil üzrə AN-İ No ******* saylı 16.12.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi (Bakı şəhəri 9 saylı notarial ofisinin xüsusi notariusu Sadıqov Rəşadət Zülfüqar oğlu tərəfindən 4Ə-1453 reyestr nömrəsi ilə təsdiq edilərək) bağlanmışdır. AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeyd edilən mənzil üzrə ********** qeydiyyat nömrəli 17.12.2019-cu il qeydiyyat tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 41, mərtəbə 2, ünvanında yerləşən ümumi sahəsi 140,1 kv.m. olan 3 otaqlı (əvvəlki Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, 17 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən tam sahəsi 140,3 kv.m. olan 3 otaqlı) mənzilin tikilib cavabdehə təhvil verilməsi ilə əlaqədar İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 14.03.2014-cü il tarixli müqavilənin və iddiaçı ilə cavabdeh arasında həmin mənzilin tikilib cavabdehə təhvil verilməsi ilə əlaqədar bağlanmış Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən 4Ə-1453 reyestr nömrəsi ilə təsdiq edilmiş AN-İ No ******* saylı, 16.12.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, 14.03.2014-cü il tarixli müqavilə üzrə cavabdehin iddiaçıya ödədiyi 20.000 manatın iddiaçının hesabından tutularaq cavabdehin xeyrinə ödənilməsi, eləcə də qeyd edilən mənzil barədə AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 17.12.2019-cu il qeydiyyat tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MTK-nın etibarnamə əsasında nümayəndəsi X3 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin etibarnamə əsasında nümayəndəsi X6 iddia tələbini qəbul edərək öz izahatında göstərmişdir ki, MTK-nın sədri ilə o yerlidirlər. Nümayəndəsi olduğu oğlunun adına İddiaçı MTK tərəfindən inşa olunan 3 otaqlı mənzilin alğı-satqısına dair razılıq əldə etmişdilər. Bununla bağlı ilkin müqavilə bağlanılmış və 20.000 manat ödəniş edilmişdir. Lakin 92000 manat pul ödənilməmişdir. Müqavilə bağlayan vaxtı həm oğlu, həm özü işləmiş, razılığa gəlmişlər ki, ödənişi hissə-hissə edəcəklər, lakin işləri alınmadığı üçün ödənişi edə bilməmişlər. İddiaçı ilə etibarlı münasibət olduğundan pay haqqının tam ödənilməsi barədə maliyyə arayışı verilmiş və bunun əsasında ilkin qeydiyyat aparılmışdır. İddianın tam həcmdə təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə üçünccü şəxslərin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə «Podratçı» qismində İddiaçı MTK-nın direktoru V.H.Əmiyevlə «Payçı» qismində X7 arasında bağlanılmış 15 mart 2014-cü il tarixli müqaviləyə əsasən «Payçı» Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən çoxmərtəbəli binanın tikintisini «Podratçıya» həvalə edir. “Podratçı” binanın tikinti quraşdırma işlərinin yerinə yetirilməsini öhdəsinə götürmüş, Payçı isə ona düşən 1-ci blok, 2-ci mərtəbədə yerləşən, 3 otaqlı, tam sahəsi 140,3 kv.m olan mənzilin sahəsinin hər 1 kv.m üçün 800 manat, cəmi 112000 manat məbləğində pulu «Podratçı»ya ödəməyi öhdəsinə götürmüşdür. “Payçı” ilkin pay kimi 112.000 manat məbləğində pulu müqavilə bağlandığı gündən 3 gün müddətində ödəyir. İş üzrə İddiaçı MTK-nın Ümumi yığıncağının protokolundan 15.03.2014-cü il tarixli çıxarışın kserosurətindən görünür ki, 01.05.2013-cü il tarixdə Cavabdeh1 ərizə ilə müraciət edərək İddiaçı MTK-nın ünvan 3 ünvanda inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 140,3 kv.m. mənzili alaraq şirkətə həmin mənzilin dəyərini tam ödədiyindən İddiaçı MTK-ya üzv və payçı kimi qəbul olunmadığını xahiş etmişdir. Kooperativin üzvləri gündəlikdə duran bu məsələni yekdiliklə müzakirə edib Cavabdeh1 İddiaçı MTK-ya üzv və payçı kimi qəbul olunmasına razılıq vermişlər. Əsas: Cavabdeh1 ərizəsi. İş üzrə İddiaçı MTK tərəfindən verilmiş 15.03.2014-cü il tarixli, 1071-32 nömrəli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, Cavabdeh1 tərəfindən 15.03.2014-cü il tarixli müqavilə üzrə 112.000 manat kassaya mədaxil edilmişdir. İş üzrə İddiaçı MTK tərəfindən Cavabdeh1 ünvanladığı 15.06.2015-ci il tarixli, 25.09.2017-ci il tarixli, 20.12.2020-ci il tarixli, 26.07.2021-ci il tarixli bildirişlərdən görünür ki, İddiaçı MTK-nın Cavabdeh1la bağladığı 15.03.2014-cü il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok 2-ci mərtəbəsində yerləşən tam sahəsi 140,3 kv.m. olan mənzili 112.000 manata satılması nəzərdə tutulmuşdur. Cavabdeh1 mənzilin dəyərinin 12.000 manata hissəsini müqavilə imzalanan gün İddiaçı MTK-ya ödəmişdir. Qalan 92.000 manat məbləğini isə 3 gün müddətində İddiaçı MTK-ya ödəməli idi. Lakin Cavabdeh1 tərəfindən İddiaçı MTK-ya ödənilməli olan məbləği gecikdirmişdir. Dəfələrlə müraciət olunsa da 92.000 manat gecikdirilmiş borcu ödəməmişdir. Qalan 92.000 manat borcu 3 gün müddətində İddiaçı MTK-ya tam ödəməsi barədə Cavabdeh1 xəbərdarlıq məktubları göndərilsə də, yenə də borcunu ödəməmişdir. İş üzrə İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanılmış və Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq edilmiş 16.12.2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı MTK-nın mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 140,1 kv.m. olan 3 otaqlı mənzilini Cavabdeh1 112.240 manata satmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın kserosurətindən görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 140,1 kv.m. olan mənzili Cavabdeh1 adına 17.12.2019-cu il tarixdə qabaqcadan qeydiyyata alınmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında 15.03.2014-cü il tarixdə podrat müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən İddiaçı MTK sifarişçiyə (Payçıya) ünvan 3 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 2-ci mərtəbədə, 3 otaqlı, tam sahəsi 140,3 kv.m olan mənzili tikib təhvil verməyi, payçı isə hər kv.m üçün MTK-ya 800 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MTK tərəfdən verilmiş 15.03.2014-cü il tarixli kassa mədaxil qəbzinə əsasən Cavabdeh1 tərəfindən 15.03.2014-cü li tarixli müqavilə üzrə 112.000 manat məbləğində pul İddiaçı MTK-nın kassasına pul mədaxil olunmuşdur. İddiaçı MTKnın 15.03.2014-cü il tarixli ümumi yığıncağının protokolundan çıxarışa əsasən Cavabdeh1 İddiaçı MTK-ya üzv və payçı kimi qəbul olunmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı MTK ilə Cavabdeh1 arasında 16.12.2019-cu il tarixdə bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq edilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən İddiaçı MTK Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, 41 saylı evin 2 saylı mənzili (əvvəlki ünvan ünvan 6da inşa edilmiş çoxmərtəbəli binanın 1-ci blok, 2-ci mərtəbəsində yerləşən sahəsi 140,3 kv.m olan 3 otaqlı mənzil) 112240 manata Cavabdeh1 satmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, 41 saylı evin 2 saylı mənzil 17.12.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh1 tərəfindən mənzilin dəyərinin yalnız 20000 manat hissəsi ödənilmiş, yerdə qalan 92000 manat hissəsi isə bu günədək ödənilməmişdir. İddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh pulu ödəməmiş və bu səbəbdən iddiaçı tərəfindən müqavilənin ləğv edilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmişdir. Lakin həmin bildiriş cavabdeh tərəfindən cavablandırılmamış və bu səbəbdən iddiaçı müqavilələrin ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Bilal Zeynalov iddianı etiraf edərək və qəbul edərək göstərmişdir ki, həqiqətən də müqavilə üzrə öhdəlik tam icra edilməmiş və müqavilə üzrə yalnız 20.000 manat pul ödənilmişdir. Yerdə qalan 92000 manat isə hazırki vaxtadək ödəniləmmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən iddia etiraf olunduğu üçün bu hal irəli sürülmüş tələbin təmin edilməsi üçün əsas kimi qəbul edilməlidir. AR MPM-nin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd edilən Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə digər tərəfdən qeyd edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etmədiyi üçün, iddiaçı müqavilələrinin və həmin müqavilələr əsasında mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlıdır. AR Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın alğı-satqı müqaviləsi tərəflərin imzalandığı və notariat qaydada təsdiq olunduğu andan bağlanılmış sayılır. Lakin həmin müqavilə üzrə tərəflərdən birinin öhdəliyini icra etməməsi, digər tərəfə müqavilənin ləğv edilməsi tələbi ilə çıxış etməsinə əsas verir. İddiaçı iddia tələbində cavabdeh tərəfindən müqavilə üzrə 92000 manat pulun ödənilməməsini iddia edir və cavabdeh tərəfindən bu hallar etiraf olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən mənzilə görə ödənilməli olan 92000 manat pul ödənilmədiyi üçün, bu hal müqavilənin əhəmiyyətli dərəcədə pozulması sayılır və bu səbəbdən tərəflər arasında bağlanılmış 14.03.2014-cü il tarixli müqavilə və 16.12.2019-cı il tarixli müqavilələrin ləğv edilməsi ilə bağlı tələb əsaslı hesab edilməlidir. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır(maddə 421.3). Qeyd edilən Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Məhkəmə həmçinin hesab edir ki, tərəflər arasında bağlanılmış müqavilələr ləğv olunduğu üçün, 16.12.2019-cı il tarixli müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, 41 saylı evin 2 saylı mənzil 17.12.2019-cu il tarixdə Cavabdeh1 adına aparılmış qeydiyyat və onun əsasında verilmiş arayış da ləğv edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, tərəflər arasında bağlanmış müqavilələr ləğv olunduğu üçün, cavabdeh tərəfindən ödənilmiş 20000 manat pul ona qaytarılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbləri əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı MTK-nın Cavabdeh1 qarşı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 41, mərtəbə 2, ünvanında yerləşən ümumi sahəsi 140,1 kv.m. olan 3 otaqlı (əvvəlki Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, 17 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən tam sahəsi 140,3 kv.m. olan 3 otaqlı) mənzilin tikilib cavabdehə təhvil verilməsi ilə əlaqədar İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 14.03.2014-cü il tarixli müqavilə və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən 4Ə-1453 reyestr nömrəsi ilə təsdiq edilmiş AN-İ No ******* saylı, 16.12.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilə ləğv edilsin. Həmin müqavilə əsasında AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 17.12.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** saylı qeyd və onun əsasında verilmiş arayış ləğv edilsin. İddiaçı MTK-dan Cavabdeh1 xeyrnə 14.03.2014-cü il tarixli müqavilə üzrə ödənilmiş 20.000 (iyirmi min) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2620/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2620/2021
11.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver