Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-274/2021 16.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh “Cavabdeh2 ” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Neftçilərin Hüquqlarını X4 Birliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd edilməklə cavabdeh “Cavabdeh2 ” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “maddi və mənəvi ziyanın tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Neftçilərin Hüquqlarını X4 Birliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd edilməklə cavabdeh “Cavabdeh2 ” Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 20000 manat məbləğində əməliyyat xərclərini və 100000 manat mənəvi ziyanın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı dəqiqləşmə ərizəsi təqdim edərək cavabdeh “Cavabdeh2 ” Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 20000 manat məbləğində maddi və 100000 manat mənəvi ziyanın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı dəqiqləşmə ərizəsi təqdim edərək cavabdeh “Cavabdeh2 ” Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 32393.50 manat məbləğində maddi və 100000 manat mənəvi ziyanın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı 05 mart 2012-ci il tarixdə cavabdeh "Cavabdeh2" Şirkətinin Azərbaycan Respublikasmdakı filialı ilə ("Şirkət") əmək müqaviləsi bağlayaraq, kran-operator (maşinist-mexanik) vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçının əsas iş yeri dənizdə yerləşən Mərkəzi Azəri platformasıdır. Şirkətdə qəbul edilmiş qaydalara əsasən, işçinin dənizdə işləməsi üçün sağlamlıq göstəricilərinin yoxlanılması məqsədilə, iddiaçıya Prime Hospitalda 08.06.2020-ci il tarixdə tibbi müayinə təyin edilmişdir. Təyin edilmiş tibbi müayinənin 08.06.2020-ci il tarixli rəyinə əsasən, iddiaçının səhhətində sol kameraların dilatasiyası, sol mədəciyin konsentrik hipertrofiyası, MVP - mitral qapağın arxa tayının prolapsı, mitral qapağın arxa tayının xorda rupturu (PML, prolapsı, koaptasiya pozulması), ciddi (111°) mitral çatışmamazlığı aşkar edilmiş və təcili olaraq ürək əməliyyatı tövsiyə edilmişdir. Həmin günü axşam, işçi bu barədə şirkətdə X9 vəzifəsində çalışan əməkdaş Elmar müəllimə və Şirkətin İnsan Resursları Departamentinin rəhbəri Adilə Ağazadəyə məlumat verərkən, Şirkətin aidiyyatı olan əməkdaşları iddiaçıya bildirmişlər ki, Prime Hospitalın 08.06.2020-ci il tarixli rəyinə baxmayaraq, şirkət İddiaçı dənizdə işə tam yayarlı olduğu barədə sertifikat almış və o, 15.06.2020-ci il tarixdə dənizə işə çıxmalıdır. Əks halda işçinin işə çıxmaması iş öhdəliklərinin pozulması kimi qiymətləndiriləcəkdir. Bu barədə 10.06.2020-ci il tarixdə iddiaçı Şirkətin İnsan Resursları Departamentinin rəhbəri Adilə Ağazadəyə rəsmi email göndərərək, işçi barəsində işə yararlıq sertifikatının kim tərəfindən tərtib edilməsi barədə məlumat verilməsini, yaranmış vəziyyətə aydınlıq gətirilməsini, səhhətində yaranmış problemlərin həll edilməsi istiqamətində şirkət tərəfindən görüləcək tədbirlər barədə məlumat verilməsini xahiş etmişdir. 11.06.2020-ci il tarixdə Adilə Ağazadə iddiaçıya cavab emailı göndərərək, işə yararlıq sertifikatının hal-hazırda ləğv olduğunu və Şirkətin hər bir işçini əhatə edən "xxxx" Şirkəti ilə bağlanmış könüllü tibb sığorta müqaviləsi çərçivəsində əməliyyatla bağlı xərclərin sığorta tərəfindən qarşılacağını və eləcə də, işçiyə digər güzəştlərin edilməsini bildirmişdir. X12 yaranmış problemlərin hansı istiqamətdə və qaydada həll edilməsi barədə heç bir məlumat verməmişdir. İddiaçının vəziyyəti gündən günə ağırlaşdığı üçün, işçi Şirkətin İnsan Resursları Departamentindən aldığı məlumata əsasən yaranmış problemin həll edilməsi ilə bağlı email və telefon vasitəsi sığorta şirkətinə müraciət edərək, kardioloji müayinəyə və həkimə göndərişin verilməsini xahiş etmişdir. Lakin Şirkət tərəfindən verilmiş məlumata zidd olaraq, Sığorta Şirkəti müxtəlif bahənələrlə müvafiq göndərişin verməkdən boyun qaçırmışdır. Nəhayət, 16.06.2020-ci il tarixdə Sığorta Şirkəti iddiaçını müayinədən keçmək üçün Respublika Diaqnostika Mərkəzinə yönəldmişdir. Sığortanın göndərişi ilə, İddiaçı bütün müayinələrdən keçmişdir. Müayinələrin nəticəsində işçidə MİTRAL ÇATİŞMAZLİQ -4) aşkar edilərək, təcili əməliyyat təyin edilmiş və adına xəstəlik vərəqəsi açılmışdır. İddiaçı təkrar olaraq, bu barədə Şirkətin İnsan Resursları Departamentinin rəhbərinə məlumat verərək, ona tələb olunan əməliyyatın və əməliyyat sonrası reabilitasiya xərclərinin kim tərəfindən və hansı qaydada ödənilməsi barədə məlumat verilməsini və eyni zamanda işçinin əmək müqaviləsi (əlavələrlə) və sığorta şəhadətnaməsinin göndərilməsini xahiş etmişdir. Lakin bu günki günə kimi İddiaçı 8 il ərzində işlədiyi Şirkət işçinin müraciətlərinə heç bir əhəmiyyət verməyərək, iddiaçıya tam laqeyd münasibətini göstərmişdir. Halbuki, İddiaçı əmələ gəlmiş xəstəlik məhz illərlə dəniz şəraitində işləməkdən və Şirkətin öz işçilərinə vaxtı-vaxtında tələb olunan keyfiyyətli müayinə və müalicə təşkil etmədikdən əmələ gəlmişdir. Çünki həmin müayinələr lazımı qaydada təşkil olunsaydı, iddiaçıda aşkar edilmiş bu cür ciddi və ağır xəstəlik və onun səbəbləri 8 il ərzində hər il keçdiyi müayinələrdə aşkar edilərdi. Beləliklə, Respublika Diaqnostika Mərkəzinin tərtib etdiyi 22.06.2020-ci il tarixli anemnizinə əsasən, iddiaçıya degenerativ mitral qabaq xəstəliyi, mitral ciddi prolapsı, mitral çatışmazlıq +4 diaqnozu qoyulmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası DTX Hərbi-Tibb Baş İdarəsinin 15.07.2020-ci il tarixli rəyə əsasən, İddiaçı aorta qabaq protezləşməsi tələb olunur. İddiaçı uzun müddətdir ki, dəniz şəraitində qaldırıcı qurğularla işləyir. İşçinin iş yeri su əhatəli olduğu üçün həmin iş yerində iddiaçı mütəmadi olaraq hava təzyiqin dəyişilməsi və rütubət təsirinə məruz qalır. Təbiidir ki, belə olan şəraitdə iddiaçıda ürək-damar xəstəlikləri, bir başa rütubət olan iş şəraitində yaranan revmatizm xəstəliyi, müxtəlif növ qandövranm və ürək çatışmamazlıqlarla əlaqədar xəstəliklərin yaranması şübhəsizdir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının əsas iş yeri Mərkəzi Azəri platformasıdır. Mərkəzi Azəri platforması - Bakıdan 100 kilometr şərqdə Xəzər dənizində suyun dərinliyinin təxminən 128 metr olduğu yerdə bir dəniz hasilat, qazma və yaşayış platformasıdır. Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlət Kabinetinin 137 saylı Qərarının 4-cü bəndindən görünür ki, sahildən 70 km-dən artıq zaqlıqda Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əlavələrin əmsalının minimum miqdarı 1,75. Gördüyünüz kimi, iddiaçının işlədiyi dəniz platforması əmək şəraiti ağır, zərərli olan və elim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yeridir. Bundan əlavə, Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət tüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 92 saylı Qərarının Vİ.7 bəndinə əsasən, Qaldırıcının maşinisti, quyuların yoxlanılması üzrə qaldırıcının maşinisti və Vİ.31 Qaldırıcı maşın maşinisti üçün 6 gün əlavə məzuniyyət nəzərdə tutulmuşdur. İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 saylı Qərarının 12,14 və 26-ci bəndlərində neft-kimya ilə əlaqədar iş yerləri, yüksək atmosfer təzyiqi şəraitində olan iş yerləri və su əhatəli istehsal şəraitində olan iş yerləri nəzərdə tutulmuşdur. Qeyd edilən hüquqi-normativ aktlardan görünür ki, iddiaçınm işlədiyi vəzifə və iş yeri zərərli, əmək şəraiti ağır olan və müxtəlif peşə xəstəliklərin tutulmağı ehtimalı yüksək olan iş yeridir. Lakin cavabdehin səhlənkarlığı nəticəsində bu cür ağır və zərərli şəraitində çalışan işçilərin səhhətində vaxtı vaxtında problemlərin müəyyən edilməsi üçün onlar bütün lazımı müayinələrə cəlb olunmurlar və bu isə öz növbəsində yuxarıda qeyd edilən bərbad nəticələrə gətirib çıxardır. Vikipediya azad Ensiklopediyasına əsasən, Mitral qapaq çatışmazlığı və ya mitral çatışmazlıq - anadangəlmə və əsasən qazanılma ürək qüsuru olub, ikitaylı qapaqların iltihabi prosseslərlə: revmatizm, sistemli qırmızı qurd eşənəyi, sistemli sklerodermiya, arteriit və s.-lərlə zədələnməsi ilə meydana çıxmış olur. Gördüyünüz kimi, iddiaçıda aşkar edilmiş mitral çatışmazlığının əsas səbəbi revmatizm xəstəliyidir. İddiaçının cavabdeh şirkətində işləyən bütün müddət ərzində mütəmadi olaraq müayinələrdən keçməsinə baxmayaraq, bu cür ağır və əməliyyatı tələb edən xəstəlik yalnız bu müayinədə aşkar olunmuşdur. Qeyd etdiyi kimi, işçidə aşkar edilmiş xəstəlik, revmatizm və digər ürək-damar xəstəliklərin vaxtında müayinə və müalicə edilməməsi nəticəsində yaranır. Bu fakt həmçinin işə qəbul edərkən işçinin səhhətində problem olmadığına dair tibbi arayış təqdim etməsi ilə də təsdiqlənir. Qeyd olunanlara əsasən, görünür ki, cavabdeh tərəfindən hüquq-normativ aktlarla müəyyən edilmiş və tələb olunan işçilərin bütün müayinələri vaxtı-vaxtında və lazimi keyfiyyətdə təşkil edilmiş olsaydı, İddiaçı mitral çatışmazlığı İV xəstəliyə səbəb olan ilkin xəstəliklər vaxtında aşkar edilərək müalicə edilərdi və bu cür nəticəyə gətirib çıxardmazdır. Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən, müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və işçilərə lazımi sanitariya-məişət və müalicəprofilaktik xidmətinin təşkilini təmin etməlidir. Səhiyyə Nazirliyinin Kollegiyasının 46 saylı, 13.12.2012-ci il tarixli İcbari tibbi müayinələrin təkmilləşdirilməsi barədə qərarın 4-cü bəndinə əsasən, neft-qaz sənayesində, o cümlədən dəniz neftçıxarmasında işlərdə işləyən işçilər 1 ildə 1 dəfə terapevt, nevropatoloq, oftalmoloq, cərrah, otorinolarinqoloq, stomatoloq, dermatoveneroloq, psixiatr müayinələrdən keçməlidirlər. Həmin Qərarın 3.11-ci bəndinə görə, ətraf hava və su mühitinin yüksək və aşağı təzyiqi ilə işlərdə işləyən işçilər üçün ildə 1 dəfədən az olmayaraq terapevt, otorinolarinqoloq, nevropatoloq, oftalmoloq, cərrah, dermatoveneroloq, stomatoloq müayinələri təşkil olunmalıdır. Həmin bəndlərində həmçinin əks göstərişlər də nəzərdə tutulmuşdur: hipertoniya xəstəliyi llİ dərəcə, ürəyin və perikardın istənilən dərəcəli qandövranı çatışmamazlıqla xroniki xəstəlikləri Ürəyin işemik xəstəliyi: stenokardiya F K İ İ , orta riskli, Təqvim ilində 4 və daha çox kəskinləşmə tezliyi ilə dərinin xroniki fəsadlaşan xəstəlikləri, Vegetativ (avtorıom) sinir sisteminin aşkar (nəzərə çarpan şəkildə) pozulması, Təqvim ilində 3 və daha çox kəskinləşmə tezliyi ilə periferik sinir sisteminin xroniki xəstəlikləri, Kompensasiya dərəcəsindən asılı olmayaraq damarların obliterəedici xəstəlikləri, Reyno xəstəliyi və sindromu, Ayaqların varikoz və tromboflebitik xəstəlikləri, limfoangit, Təqvim ilində 3 və daha çox kəskinləşmə tezliyi ilə sümük-əzələ sisteminin xəstəlikləri və sidik yollarının və böyrəklərin istənilən dərəcəli və lokalizasiyalı xroniki xəstəliklərdir. Lakin qeyd edilən bütün əks göstərişlərinə və qanunvericilik tələblərinə baxmayaraq, cavabdeh İddiaçı mütəmadi olaraq işə cəlb etmişdir. Hətta sonuncu müayinədə də belə iddiaçıya platformaya getməyini bildirmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, Əmək şəraiti-işçinin öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirmək üçün minimum normaları bu Məcəllədə nəzərdə tutulan, habelə əmək müqaviləsində (kollektiv müqavilədə, sazişdə) tərəflərin özləri müəyyən etdiyi əmək, sosial və iqtisadi normaların məcmusudur. Həmin Məcəllənin 207.1-ci maddəsinə görə, İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. Həmin Məcəllənin 207.3-cü maddəsinə görə, Əməyin mühafizəsi üzrə normativ hüquqi Atların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir. Həmin Məcəllənin 222-ci maddəsinə əsasən, 1. İşəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir və bu sahədə baş vermiş dəyişiklik barədə işçilərə müntəzəm olaraq və vaxtında məlumat verir. 2. İşəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayır və həyata keçirir. Həmin Məcəllənin 226-ci maddəsinə əsasən, Ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanılarkən onların hökmən ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinələrdən keçməsi işəgötürənin hesabına təmin edilməlidir. İşçilər icbari tibbi müayinələrdən keçməkdən boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə, işəgötürən bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada onları işdən kənar edə, habelə müvafiq intizam məsuliyyətinə cəlb edə bilər. Yuxarıda göstərilən qanunvericilik normasından görünür ki, hətta işçi özü tibbi müayinələrdən keçməkdən boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə işdən kənarlaşdırılır. Lakin hazırki halda, iddiaçı məcburi qaydada işə cəlb edilmişdir. Əmək Məcəlləsinin 238-ci maddəsinə görə, İşçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir. Hal-hazırda iddiaçıya tələb olunan əməliyyat təcili və ağır xarakter daşıyır. Lakin həmin əməliyyatı öz hesabına ödəmək işçinin imkanları xaricindədir. Əməliyyat və əməliyyatdan sonra reabilitasiya bahalı olduğundan, həmin əməliyyatın edilməsi üçün iddiaçı hətta kredit almaq üçün müxtəlif banklara müraciət etsə də, tələb olunan maliyyə vəsaiti tapa bilməmişdir. Bu səbəbdən də, iddiaçı İşəgötürənə müraciət edərək, müvafiq köməkliyin göstərilməsini xahiş etmişdir. Lakin Şirkətin hazırki problemin həll edilməsində hərəkətsizlik və laqeyd münasibəti gündən-günə iddiaçının vəziyyətini ağırlaşdıraraq, onun həyat və sağlamlığı böyük təhlükə altına qoyur. Əmək Məcəlləsinin 12.1.e bəndinə, əsasən işəgötürən işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmalıdır. Həmin Məcəllənin 12.2-ci bəndinə əsasən, İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlbb edilir. Hazırki mübahisənin bütün faktiki hallarından və qanunvericilik normalarından görünür ki, cavabdehin qanunazidd hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Beləliklə İddiaçı tələb olunan xərcləri 20000 manat civarındadır. Lakin 17.06.2020-ci il tarixdən iddiaçı işləmir və onun hər hansı başqa gəliri mövcüd deyil. Həmçinin iddiaçı ailədə yeganə qazanc gətirən şəxsdir, təqaüdçü anası onun himayəsindədir. Bundan əlavə, qeyd edildiyi kimi, iddiaçının səhhətində olan ciddi problemlərin işlədiyi işlə əlaqədar olmasına baxmayaraq, cavabdeh öz işçisinə tam laqeyd münasibət göstərərək, öz hərəkət və hərəkətsizliyi ilə iddiaçının mənəvi vəziyyətini də gündən-günə ağırlaşdırır. 17.06.2020-ci il tarixdən xəstəlik vərəqəsi əsasında işləmədiyi üçün əməliyyatı və əməliyyatdan sonra reabilitasiya xərclərini öz hesabına ödəyə bilmir. Bu səbəbdən də, iddiaçı sarsıntı içində vaşayır. Əmək Məcəlləsinin 290.2-ci maddəsinə əsasən, İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Həmin Məcəllənin 290.3-cü maddəsinə görə, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında Göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Belə ki, Ali Məhkəmə Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 15.01.2021-ci il tarixdə cavabdehin nümayəndəsi iddia tələbinə dair etiraz təqdim etmişdir. Cavabdeh etirazını onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra - İddiaçı) 05 mart 2012-ci il tarixdə müvafiq əmək müqaviləsi bağlamaqla "Cavabdeh2" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına bundan sonra - Cavabdeh) 1-ci dərəcəli "Kran operatoru" vəzifəsinə işə qəbul edilmişdir. 08 oktyabr 2020-ci il tarixdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehdən ) (iyirmi min manat) məbləğində əməliyyat xərclərinin və 100 000 (bir yüz min) manat məbləğində mənəvi ziyanın tutularaq iddiaçıya ödənilməsini tələb etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh qəbul edilmiş qaydalara əsasən, iddiaçının dənizdə işləməsi üçün sağlamlıq göstəricilərinin yoxlanması məqsədi ilə iddiaçı 08 iyun 2020-ci il tarixdə “Prime Hospital"da müayinə olunmuş və "Prime Hospital" tərəfindən verilən tibbi rəyə əsasən iddiaçıya təcili ürək əməliyyatı tövsiyə edilmişdir. İddiaçı, əmələ gəlmiş xəstəliyin məhz uzun illər ərzində dənizdə işləməsi ilə və cavabdeh tərəfindən öz işçilərinə vaxtı-vaxtında tələb olunan keyfiyyətli müayinə və müalicə təşkil etməməsi ilə bağlı olduğunu iddia edir. İddiaçı ərizəsinin 5-ci səhifəsində mənəvi ziyanı əsaslandırmaq üçün qeyd etmişdir ki, "Ruslanın yeganə qazanc yeri "Cavabdeh2" Şirkəti olduğundan və o, 17.06.2020-ci il tarixdən xəstəlik vərəqəsi əsasında işləmədiyi üçün əməliyyatı və əməliyyatdan sonra reabilitasiya xərclərini öz hesabına ödəyə bilmir. Bu səbəbdən də iddiaçı sarsıntı içində yaşayır". İddianın hüquqi və faktiki əsaslan iddiaçı tərəfindən sübut edilmədiyi üçün iddia təmin edilməməlidir. İddia ərizəsini yazmağa başlayan kimi (iddia ərizəsinin ilk səhifəsində, ikinci abzasda), işçinin işə buraxılmadan öncə sağlamlıq göstəricilərinin yoxlanmasını təşkil etdiyini və müvafiq yoxlamanın nəticəsində işçinin işə yararlı olması barədə tibb müəssisəsi tərəfindən müvafiq sertifikat verildikdən sonra işə buraxıldığını etiraf etmişdir. İddiaçının eyni iddia ərizəsində işçilərin tibbi müayinədən keçmək üçün tibb müəssisəsinə göndərməsini bildirməsi, həm də cavabdeh tərəfindən işçilərin tibbi müayinəsini təşkil etməməklə qanunvericiliyin tələblərini pozduğunu iddia etməsi iddiaçının qeyrisəmimiliyini sübut edir. Qeyd etmək lazımdır ki, cavabdeh Azərbaycan Respublikasında Azəri, Çıraq və Günəşli neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş üzrə əsas podratçılardan biri olan "BP" şirkətinin subpodratçısı olduğu üçün sifarişçi təşkilatın tələblərinə əsasən işçilər nəinki "İcbari tibbi müayinələrin təkmilləşdirilməsi barədə" Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 46 saylı qərarına uyğun müayinə olunur, işçilər həmçinin beynəlxalq neft sənayesində hər kəs tərəfindən tanınan "Ofşor sertifitakı"-OGUK (https://mimed.ee.ru) aldıqdan sonra əmək funksiyasının icrası məqsədi ilə iş yerinə buraxılırlar. İddiaçı işlədiyi müddətdə qanunvericiliyə uyğun olaraq mütəmadi tibbi müayinədən keçmiş və səhiyyə təşkilatı tərəfindən müvafiq sertifikat aldıqdan sonra əmək funksiyalarının icrası üçün işə buraxılmışdı. Tibb sertifikatlarının surətləri məhkəməyə təqdim edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, işə düzəldiyi gündən bu günə qədər iddiaçı mütəmadi tibbi yoxlanışlardan keçməsinə baxmayaraq heç bir zaman tibbi müayinələrinin formal həyata keçirildiyini və onun tibbi müayinə olunmadan işə buraxılmasından şikayət etməmiş, əmək funksiyalarının icrası zamanı səhhəti ilə bağlı hər hansı şikayəti olmamış və bu barədə cavabdehə məlumat verməmişdir. İddiaçının "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" və "Könüllü tibbi sığorta" müqavilələri üzrə sığortalanması cavabdeh "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının qanununa uyğun olaraq bütün əməkdaşlarını, o cümlədən iddiaçının qeyd edilən sığorta növü uzrə sığortalanmasını təmin etmişdir. "xxxx" ASC və cavabdeh arasında imzalanmış müvafiq müqavilə (bundan sonra - İcbari sığorta müqaviləsi) və həmin müqavilənin əlavəsi məhkəməyə təqdim edilmişdir. İcbari sığorta müqaviləsi ilə yanaşı cavabdeh qanunvericiliyə əsasən heç bir öhdəliyinin olmamasına baxmayaraq, işçilərinin rifah halının yüksəldilməsi məqsədi ilə "xxxx" ASC ilə "Könüllü tibbi sığorta" müqaviləsi bağlamışdır. İddiaçının səhhətində müəyyən edilmiş problemlərin Könüllü tibbi sığorta müqaviləsi üzrə azadolmalara aid olması cavabdehdə iddiaçını öz hesabına müalicə etdirməsi öhdəliyinin yaranması kimi başa düşülə bilməz. Cavabdeh nə qanunla, nə də hər hansı müqavilə ilə əməkdaşlarını, o cümlədən iddiaçını əməliyyat etdirmək öhdəliyi daşımır. Deliktin mövcud olmaması- İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində iddianın hüquqi əsası kimi delikt olduğunu iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən "Mülki hiiquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)".İddiaçının səhhətində yaranan problemin cavabdeh ilə əlaqəsi iddiaçı tərəfindən sübut edilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən iddiaçının fəaliyyət göstərdiyi iş yerində tələb edilən müvafiq əmək şəraiti yaratmış, cavabdehin bütün əməkdaşlarının, o cümlədən iddiaçının qanunvericiliyə uyğun tibbi müayinələrdən keçməsini təmin etmiş, onlara fərdi mühafizə vasitələrinin verilməsi də daxil olmaqla əmək qanunvericiliyi, texniki təhlükəsizlik haqqında qanunvericilik və əmək müqaviləsi üzrə öhdəsinə düşən bütün öhdəlikləri vicdanla yerinə yetirmiş və əməyin təhlükəsizliyi qaydalarına əməl etmişdir. İddiaçı səhhətində yaranan problemlərin əmək funksiyalarının yerinə yetirilməsi səbəbilə yaranmasını sübut edən hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının iddia ərizəsinə əsasən belə çıxır ki, cəmi səkkiz il dənizdə işləyən bütün işçilərin səhhətində cavabdehin mübtəla olduğu xəstəlik yaranır. X10 Məhkəməsinin (bundan sonra -AİHM) Smaltini İtaliyaya qarşı (ərizə N°. 43961/09) işində də qeyd etdiyi kimi ərizəçi səhhətində yaranmış nasazlıqlarla həmin nasazlıqların yaranması arasında səbəbli əlaqəni (causal link) sübut etməlidir. Səbəbli əlaqənin sübut edilməsi tələbi ilə bağlı AİHM digər işlərində də Tatar Rumıniyaya qarşı (ərizə N»67021/01), X1rşı (ərizə № 3401/09) və s. rast gəlmək olar. Xəstəliklə əlaqədar ödənişlərin alınmaması və mənəvi ziyan -iddiaçı mənəvi ziyanın ödənilməsi ilə bağlı iddia ərizəsində qeyd etmişdir ki, guya xəstəliyi səbəbi ilə başqa yerdə işləmədiyi, öhdəsində ailəsi və təqaüdçü anası olduğu üçün maddi sıxıntılar və mənəvi iztirablar çəkir. İddiaçı xəstəliyi dövründə işləmədiyi halda qanunvericiliyə uyğun olaraq xəstəlik vərəqəsi əsasında tam məbləğdə ödənişləri aldığı halda, heç bir ödəniş almaması səbəbi ilə mənəvi iztirablar çəkdiyini və cavabdehin bu mənəvi iztirablarda təqsirinin nədən ibarət olduğunu bildirməmişdir. Qeyd edilənləri nəzərə alaraq, hazırki iddiaya etirazda sübut olundu ki, iddianın təmin edilməsi üçün ilk növbədə iddiaçının səhhətinə dəymiş zərərin cavabdeh tərəfindən vurulması, cavabdehin iddiaçının səhhətində yaranmış nasazlıqların aradan qaldırılması və ya bərpa edilməsi ilə bağlı öhdəliyinin olması sübut edilməlidir. İddiaçı tərəfindən qeyd edilən halların (iddianın faktiki və hüquqi əsası) sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əsasən "Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir".Həmin məcəllənin 217.3-cü maddəsinin tələblərinə əsasən "Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır". Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə və dəqiqləşdirmə ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdehdən sonuncu təqdim olunan dəqiqləşdirmə ərizəsində qeyd olunan məbləğlər iddiaçının işdən kənar müayinə, müalicə üçün çəkdiyi xərclər, ona göstərilən hüquqi yardımla əlaqədar xərclər və iddiaçıya mart ayından etibarən ödənilməyən əmək haqqından ibarət maddi ziyanın və mənəvi ziyan tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Cavabdeh2 ” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Vəkil1 etiraz ərizəsinə uyğun izahat verərək iddianın tam əsassız olduğu üçün təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan əmək müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, "Cavabdeh2" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə İddiaçı arasında əmək müqaviləsi bağlanılaraq 1-ci dərəcəli Kran Operatoru vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Respublika Diaqnostika Mərkəzinin № L1236803 nömrəli arayışından görünür ki, əsas diaqnoz olaraq X7 Xəstəliyi, X11 Prolapsı, Mitral Çatışmazlıq (4+) qeyd olunmuşdur. İş materiallarında olan X6 08.06.2020-ci il tarixli Transtorakal Exokardioqrafiya arayışından görünür ki, nəticə hissəsində sol kameraların dialatasiyası, sol mədəciyin konsentrik hipertrofiyası, MVP – mitral qapağın arxa tayının prolapsı, mitral qapağın arxa tayının xorda rupturu? (PML proalpsı, koaptasiya pozulması, ciddi (İİİ0) mitral çatışmazlıq, TEE tövsiyyə olunduğu qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Raçidoviçə qazanılma ürək qüsuru, mitral çatışmazlıq – İİİ0 dərəcə diaqnozu qoyulmuşdur. İş materiallarında olan X8 A1220745 nömrəli, 23.11.2020-ci il tarixli Kompyuter Tomoqrafiyasından görünür ki, sağ ağciyərdə alt lobda geniş buzlu şüşə və qismən konsolidasiya sahəsi izlənməkdədir. Əlamətlər aktiv viral infeksiya düşündürməkdədir. Az dərəcəli ağciyər parenxima tutulumu mövcuddur. İrəli dəyərləndirilməsi tövsiyyə olunur. İş materiallarında olan SN seriyalı, 00007 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı Raçidoviç 10.03.2021-ci il tarixdən 21.03.2021-ci il tarixədək işdən azad edilmişdir. İş materiallarında olan İddiaçı Raçidoviç ilə “xxxx” MMC arasında bağlanmış Hüquqi xidmətlərin göstərilməsinə dair 09 iyun 2020-ci il tarixli müqavilədən görünür ki,icraçı tərəfindən göstərilən xidmətlərin ümumi dəyəri 6500 manat təşkil edir. İş materiallarında olan İddiaçı Raçidoviç ilə 7 saylı Vəkil Bürosu arasında bağlanmış Hüquqi yardımın göstərilməsinə dair 11.11.2020-ci il tarixli müqavilədən görünür ki, hüquqi yardımın dəyəri 120 manat təşkil edir. İş materiallarında olan **********24 nömrəli, 07.07.2020-ci il tarixli İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən görünür ki, "Cavabdeh2" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə “xxxx Sığorta” ASC arasında sığorta müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bütün əməkdaşlarının qanunvericiliyə uyğun tibbi müayinələrdən keçməsini təmin etmiş, onlara fərdi mühafizə vasitələrinin verilməsi də daxil olmaqla əmək qanunvericiliyi, texniki təhlükəsizlik haqqında qanunvericilik və əmək müqaviləsi üzrə öhdəsinə düşən bütün öhdəlikləri vicdanla yerinə yetirmiş və əməyin təhlükəsizliyi qaydalarına əməl etmişdir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh tərəfindən qanunvericiliyə uyğun olaraq iddiaçı mütəmadi tibbi müayinədən keçmiş və səhiyyə təşkilatı tərəfindən müvafiq sertifikat aldıqdan sonra əmək funksiyalarının icrası üçün işə buraxılmışdı. İddiaçı tərəfindən isə tibbi müayinələrinin formal həyata keçirilməsi mübahisələndirilməmişdir. Həmçinin iş materiallarından görünür ki, cavabdeh "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının qanununa uyğun olaraq bütün əməkdaşlarını sığortalanmasını təmin etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, maddi ziyan bu hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Əmək Məcəlləsini 62-ci maddəsinə əsasən işəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: a) işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda; b) bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə; c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir. Məhkəmə hesab edir ki, işçinin müvəqqəti kənarlaşdırılmasına dair hər hansı əmr olmadığı üçün bu kənarlaşdırılma qanuni hesab edilə bilməz və cavabdehdən 21.03.2021ci ildən 06.2021-ci (yekun məhkəmə aktı çıxarılanadək) il tarixədək olan dövr üçün dəymiş ziyan ödənilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən mənəvi ziyanın tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, həmçinin onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi hallarında özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. “İnsan Hüquqlarının və X3 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mənəvi zərərin ödənilməsi üçün cavabdehin qanunsuz hərəkətinin, eləcə də həmin hərəkətlə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi arasında səbəbli əlaqənin sübut edilməsi yükü mülki-prosessual qanunvericiliyin tələbinə əsasən məhz iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbində cavabdehin əsassız və qanunsuz hərəkətləri səbəbindən mənəvi sarsıntı keçirməsi, sağlamlığının pozulması, mənfi psixi reaksiyaya səbəb olması nəticəsində fiziki əzab çəkdiyini göstərsə də, keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, mənəvi ziyan tələbi hissəsində iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən nümayəndələrə və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə xərclərinə aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Cavabdeh2 ” Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 21.03.2021-ci ildən 16.06.2021-ci ilədək işdən kənarlaşdırıldığı üçün (1924.50 manat aylıq əmək haqqı x 3 aya =5772 manat) dəymiş maddi ziyan və vəkillə bağladığı müqaviləyə görə ödədiyi pulun 200 manatı tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-274/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-274/2021
16.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver