Məhkəmə qərarları › İş №2(009)-2742/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2742/2021

01.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2742/2021 01.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənəvi zərərə görə 30000 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 02 noyabr 2017-ci il tarixdə mülkiyyətində olan Salyan rayonu, Aşağı Noxudlu kəndində yerləşən 161,3 kv.m. sahəsinə dair daşınmaz əmlakın icbari sığortası haqqında müqavilə bağlayaraq əmlakını sığorta etdirmişdir. Cavabdehin sığorta bazarında yiyələndiyi nailiyyətlərinə inanıb onlarla müqavilə bağlamışdır. 13 iyul 2018-ci il tarixdə həmin qeyri-yaşayış sahəsində yanğın baş vermişdir. Nəticədə onun əmlakına xeyli ziyan dəymişdir. O, yanğın hadisəsi barədə dərhal sığortaçıya məlumat verdi. Lakin sığorta şirkətinin əməkdaşları hadisə yerinə bir gün sonra gəldilər. Sığorta tələbi sığortacı tərəfindən dərhal qeydə alınmışdır. Hadisənin 13 iyul 2018ci il tarixdə baş verməsinə baxmayaraq 14 yanvar 2019-cu il tarixdə "xxxx"nın 07/SÖ-128 bildirişi ilə sığorta ödənişinin təyin olunmasından imtina edilmişdir. Sığorta ödənişini ala bilmədiyinə görə Bakı şəhəri, Səbail rayon məhkəməsində cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş zərərə görə sığorta haqqının ödənilməsi» tələbi ilə iddia qaldırmışdır. Səbail Rayon Məhkəməsi 10.06.2020-ci il tarixli, 2(009)-122/2020 nömrəli qətnaməsi ilə "xxxx" ASC-nin ona 3300 manat ödəməsini qət etdi. Qətnamədən narazı qalan "xxxx" ASC Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Apellyasiya Məhkəməsi 25.09.2020-ci il tarixli, 2(103)-7069/2020-ci il nömrəli qətnaməsi ilə apellyasiya şikayətini təmin etməmişdir. Qətnamədən narazı qalan "xxxx" ASC Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi 2(102)-1425/2021 nömrəli 09.03.2021-ci il tarixli qərarı ilə "xxxx" ASC-nin kassasiya şikayətini təmin etməmişdir. "xxxx" ASC-nin işçisi hüquqa zidd əməllərlə onun sığorta ödənişini almağına maneçilik törətmiş və onun mənəvi zərər görməyinə səbəb olmuşdur. Qeyri-yaşayış sahəsinin sığorta etdirəndə fikirləşdi ki, əmlakına hər hansı zərər dəyərsə dəymiş ziyanın vaxtında ödəniləcək. Ümid edib, inanıb sığorta təşkilatı ilə müqavilə bağladı. Sığorta təşkilatı ona ödənilməli sığorta ödənişini müxtəlif bəhanələrlə ödəməkdən imtina edib. "xxxx" ASC sonadək onun sığorta ödənişini almasına mane oldu. Sığorta təşkilatı çalışırdı ki, ona maddi və mənəvi zərər vursun. Sığorta təşkilatı həmin istəyinə çatdı. Sığorta təşkilatının hərəkətsizliyinə görə hüquqlarını müdafiə etmək üçün vəkil tutub məhkəməyə müraciət etdi. Ekspertizaya müəyyən qədər xərc çəkmişdir. Sığorta təşkilatı mümkün olan bütün vasitələrlə onun maddi və mənəvi zərər çəkməyinə çalışırdı. Belə ki, onu müxtəlif təşkilatlara yönləndirib müxtəlif vasitələrlə ödəməni gecikdirdi. Dövlət orqanlarının sığortanın ödənilməli olduğu barədə olan göstərişlərinə məhəl qoymayaraq onun iztirab çəkməyimə səbəb olmuşdur. İş məhkəməyə verildikdən sonra da sığorta təşkilatı bilərəkdən məhkəmə prosesini uzatmaqla onu gərgin vəziyyətdə saxlamış, mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Məhkəmə qərarının qüvvəyə minməsinə bir neçə gün qalmış apellyasiya və kassasiya şikayəti vermişdir. Şikayətin əsassız olduğunu biləbilə dəfələrlə şikayət vermiş və onu stress vəziyyətində saxlamışdır. Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və izahat verərək bildirdi ki, iddia tam əsassızdır. Qanunvericiliyə görə məhkəməyə müraciət etmək, məhkəmənin qərarından narazı qaldıqda ondan şikayət vermək hər bir fiziki və hüquqi şəxsin qanuni hüququdur. Şirkət öz mövqeyini əsaslı sayaraq yuxarı instansiyalara müraciət etmişdir. Bundan başqa, Səbail rayon İcra Şöbəsinin 3315 manatın ödənilməsinə dair bildirişi "xxxx" ASC-yə 25 may 2021ci il tarixdə daxil olmuş, şirkət qeyd olunan icra vərəqəsini 27 may 2021-ci 1 tarixdə icra etmişdir. "İcbari sığortalar haqqında" AR Qanununun 15-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər; zərər aəymış əmıaKin aaşınması, naoeıə onun qaııqıarının yıguması və daşınması ilə bağlı xərclər; sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlər. Bundan başqa, "İcbari sığortalar haqqında" AR Qanununun 21.1.3-cü maddəsinə əsasən sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda icbari sığorta müqavilələri üzrə sığorta ödənişi verilmir. Göstərilənlərə əsasən X1 mənəvi ziyana görə 30000 manat pulun Günay Sığorta" ASC-dən onun xeyrinə tutulmasına dair iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10.06.2020-ci il tarixli, 2(009)-122/2020 nömrəli qətnaməsindən görünür ki, "xxxx" ASC-də sığortalanmış və İddiaçı məxsus Salyan rayonu, Aşağı Kürkənd kəndində yerləşən ofis binasının təmirbərpa xərci kimi 3.300 manat və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi cavabdeh "xxxx" ASC-dən alınıb İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25.09.2020-ci il tarixli, 2(103)-7069/2020 saylı qətnaməsindən görünür ki, "xxxx" ASC-nin apellyasiya şikayətinin təmin edilməməsi, Səbail rayon Məhkəməsinin 10.06.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-1425/2021 saylı, 09.03.2021-ci il tarixli qərarından görünür ki, "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7069/2020, 25 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, 02 noyabr 2017-ci il tarixdə İddiaçı mülkiyyətində olan Salyan rayonu, Aşağı Noxudlu kəndində yerləşən 161,3 kv.m. sahəsinə dair daşınmaz əmlakın icbari sığortası haqqında müqavilə bağlayaraq əmlakını sığorta etdirmişdir. 13 iyul 2018-ci il tarixdə həmin qeyri-yaşayış sahəsində yanğın baş vermiş və nəticədə iddiaçının əmlakına xeyli ziyan dəymişdir. Qeyd olunan ziyanla bağlı mübahisə məhkəmə araşdırmalarının predmeti olmuş və iddiaçıya dəyən 3.300 manat ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. İş üzrə çıxarılmış məhkəmə qətnaməsi 09.03.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Hazırkı iddia tələbində İddiaçı ona dəymiş zərərə görə 30000 manat pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən tutulmasını mübahisələndirsə də, həmin zərərə dair hər hansı sənədi və digər mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki sübutetmə yükü baxımından iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib haiların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, həmçinin onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi hallarında özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfındən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X2 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affmnanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə nəzərə alır ki, mənəvi zərərin ödənilməsi üçün cavabdehin qanunsuz hərəkətinin, eləcə də həmin hərəkətlə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi arasında səbəbli əlaqənin sübut edilməsi yükü mülki-prosessual qanunvericiliyin tələbinə əsasən məhz iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbində cavabdehin əsassız və qanunsuz hərəkətləri səbəbindən mənəvi sarsıntı keçirməsi, sağlamlığının pozulması, mənfi psixi reaksiyaya səbəb olması nəticəsində fiziki əzab çəkdiyini göstərsə də, keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Qanunun yuxarıda qeyd olunan tələblərinə zidd olaraq iddiaçı iddia tələbini təsdiq edən sübutları təqdim etmədi. Onun dəlilləri əsassızdır, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən isə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsassızdır və ona görə də, təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında (prosesində) tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar