Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-275/2021 16.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasova Gülnarə Güləli qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil cavabdeh «Cavabdeh2 Sığorta» ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və «Cavabdeh2 Sığorta» ASC-yə qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Kia-Optima” markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilə 7281 AZN məbləğində vurulmuş zərərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyət hüququ əsasında məxsus “Kia-Optima” markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2020-ci il tarixdə, saat 07:50 radələrində Təbriz küçəsi-Ağaoğlu küçəsi kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xeyli zərər dəymiş, avtomobil yararsız vəziyyətə düşmüşdür. DYP əməkdaşlarının apardığı araşdırma nəticəsində yuxarıda adıçəkilən yol nəqliyyat hadisəsini Cavabdeh1 tərəfindən ona məxsus “Mersedes” markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən törətdiyi müəyyən olunmuş və bu barədə müvafiq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin avtomobil öz növbəsində, Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh2 Sığorta ASC tərəfindən sığortalanmışdır. Bu səbəbdən DYP əməkdaşları baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı zəruri sənədləri Cavabdeh2 Sığorta Şirkəti ASC-yə göndərmişdir. Hadisədən dərhal sonra zərərə uğramış “Kia-Optima” markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və dəymiş zərər “xxxx” MMC tərəfindən 7281 AZN məbləğində qiymətləndirilmişdir. xx xxxx 2021-ci il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, xx.xx.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Kia-Optima” markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilə 7281 AZN məbləğində vurulmuş zərərin, ödənilmiş 31 manat dövləi rüsumunun, o cümlədən göstərdiyi yardıma görə vəkilə ödənilmiş 700 manat xərcin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxx 2021-ci il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Kia-Optima” markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilə 7281 AZN məbləğində vurulmuş zərərin 5000 manata qədər olan hissəsinin «Cavabdeh2 Sığorta» Açıq Səhmdar Cəmiyyətindən, 5000 manatdan artıq olan hissəsinin Cavabdeh1 tutulması, ödənilmiş 31 manat dövləi rüsumunun, o cümlədən göstərdiyi yardıma görə vəkilə ödənilmiş 700 manat xərcin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələblərinə uyğun izahat verərək, tələblərinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və nümayəndəsi və vəkilinin izahatında göstərilənlərlə razı olduğunu bildirdi. Məhkəmə iclasında cavabdeh «Cavabdeh2 Sığorta» ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələblərin qəbul etməyərək onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, xx xxxxxx 2020-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 Sığorta Şirkətində sığortalanan “Mercedes Benz” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı idarə etdiyi “Kia Optima” markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobillə yanaşı, “Bakı Şəhər İşığı” EŞM-in balansında olan işıq dirəyinə də zərər vurmuşdur. İşıq dirəyinə dəyən zərərə görə Cavabdeh2 Sığorta Şirkəti tərəfindən “Bakı Şəhər İşığı” EŞM-ə 1488 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “İcbari Sığortalar haqqında" Qanunun 56.1.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası üzrə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta məbləği 5000 manat təşkil edir. Qanunun 10.1-ci maddəsinə əsasən sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir. Qanunun 20.4-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. Buradan belə nəticəyə gəlmək olar ki, iş üzrə sığorta məbləğindən (5000 manat) işıq dirəyinə dəyən zərər (1488 manat) çıxılmalıdır. Beləliklə, sığortaçının digər üçüncü şəxs qarşısında öhdəliyinin son həddi 3512 manat təşkil edir. Odur ki, İddiaçı Cavabdeh2 Sığorta Şirkəti ASC-dən 7281 manat tələb etməyi əsassızdır. Ona görə də, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul edərək, iddianın qismən təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində işıq dirəyinin zədələnməsi nəticəsində dəymiş ziyanın məbləği 1488,0 manat müəyyən edilmişdir. Həmin məbləğlə onun həddindən artıq şişirdilmiş olması səbəbi ilə razılaşmayaraq, işıq dirəyinin zədələnməsindən dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədilə onun tərəfindən məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı “xxxx“ MMC-yə məktubla müraciət edilmiş və ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində 20 il ekspert təcrübəsi olan ekspert X1 həvalə edilmişdir. Ekspertin 79 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Təbriz küçəsi ilə Ağaoğlu küçəsinin kəsişməsində yolun gediş-gəliş zolaqları arasında olan yol ayrıcları hissəsində olan yolun işıqlandırılması üçün quraşdırılan bir ədəd “H 8.5 MT 2” modelli boyalı plafonlu işıq dirəyinin zədələnməsindən dəymiş ziyanın məbləği 524,0 manat müəyyən olunur. Ona görə də, dəymiş ziyanın ödənilməsi ilə bağlı nəticəyə gələrkən həmin məbləğin əsas götürülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli İlkin aktından görünür ki, ** MC *** dövlət nömrə nişanlı KİA Optima markalı avtomobilə cəmi 7281 manat məbləğində ziyan dəymişdir, o cümlədən ehtiyat hissələri 5281 manat,servis xidməti 2000 manat. İş materiallarında olan Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, KİA Optima markalı ** MC *** dövlət nömrə nişanlı avtomobilə cəmi 2443 manat məbləğində ziyan dəymişdir, o cümlədən ehtiyat hissələri 1393 manat, görülən işlər 1050 manat. İş materiallarında olan Cavabdeh2 Sığorta Şirkəti tərəfindən X2 ünvanlanmış xx.xx.2020-ci il tarixli, 3889/20 saylı məktubdan görünür ki, sahibinin mülki məsuliyyəti Cavabdeh2 Sığorta Şirkətində icbari sığortalanmış “Mersedes Benz” markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ona məxsus KİA Optima markalı ** MC *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və ona maddi zərər vurmuşdur. Ona məxsus avtomobilə dəymiş zərər sığorta şirkətinin mütəxəssisləri tərəfindən araşdırılmış və avtomobilə dəymiş zərər məbləği 2443 manat müəyyən edilmişdir. Cavabdeh2 Sığorta Şirkəti müəyyən edilmiş zərər məbləğini onun seçiminə əsasən ona ödəməyə və ya onun avtomobilinin təmirini təşkil etməyə hazırdır. Avtomobilin təmiri ilə razı olduğu halda hazırki məktubu aldıqdan 2 iş günü ərzində avtomobili Bakı şəhəri, Xətai rayonu, telnov küçəsi, 3/4-də yerləşən BakıAvto servis mərkəzinə təqdim etməsi xahiş olunur. Müəyyən edilmiş zərər məbləğinin ona ödənilməsi ilə razı olduğu halda bu məktubu aldıqdan 2 iş günü ərzində Cavabdeh2 Sığorta Şirkətinin qaynar xətti ilə əlaqə saxlayaraq onları məlumatlandırması xahiş olunur. Müəyyən edilmiş zərər məbləği ilə razı olmadığı halda, Cavabdeh2 Sığorta Şirkəti onun yazılı razılığı ilə dəymiş zərərin sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert tərəfindən qiymətləndirilməsini təşkil etməyə hazırdır. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/81 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Kia Optima” markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5007,0 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, xx.xx.2020-ci il tarixli Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymtələndirilməsi barədə hesabatdakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Kia Optima” markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3406,0 manat müəyyən edilir. Təqdim olunmuş “xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli, 79 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Tədris küçəsi ilə Ağaoğlu küçəsinin kəsişməsində yolun gediş-gəliş zolaqları arasında olan yol ayrıcıları (qazonlu-bardürlü) hissəsində olan yolun işıqlandırılması üçün quraşdırılan bir ədəd “H 8.5 MT 2” modelli boyalı plafonlu işıq dirəyinin zədələnməsindən dəymiş ziyanın məbləği 524.0 manat müəyyən olunur. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı məxsus olan ** MC *** dövlət qeydiyyat nişanlı KİA Optima markalı avtomobilə xx.xx.2020-ci ildə texniki baxış keçirilən zamanı aydın olmuşdur ki, aşağıda sadalanan ehtiyat hissələri ciddi şəkildə zəədələnmişdir və dəyişilməlidir: 1) arxa sol amortizator, 2) arxa sol saffa. 3.arxa sol podşıbnik. 3) arxa sol çaşka. 4) Arxa sol ştanqa. 5) Arxa sol qitara. 6) Arxa balka. 7) arxa sol lınk. 8) Ön sağ çaşka. 9) Arxa sol banan. Təqdim olunmuş hadisə nəticəsində əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2020-ci il tarixli Hesabatdan görünür ki, “H 8.5 MT 2” konsullu işıq dirəyinə (boyalı plafonlu) dəymiş ziyanın məbləği 1488 manat müəyyən olunur. Təqdim olunmuş 092074 saylı, xx.xx.2020-ci il tarixli Sığorta aktından görünür ki, Cavabdeh2 Sığorta Şirkəti tərəfindən dəymiş ziyanla bağlı “Bakı Şəhər İşığı” EŞM-yə 1488 manat ödənilmişdir. Yuxarıda göstərildiyi kimi, hazırki iş üzrə tərəflərin hüquq münasibətləri xx xxxxxx 2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır. Mülki qanunvericilikdə sığorta hadisəsinin anlayışı verilməklə yanaşı, həmçinin sığorta hadisəsi baş verdiyi təqdirdə sığortalı və sığortaçının vəzifələri, habelə sığorta ödənişlərinin verilməsindən imtina əsasları da göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Həmin Məcəllənin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda sığortaçı sığorta ödəməkdən imtina edir. Qanunvericiliyin qeyd edilən normalarından aydın olur ki, sığorta hadisəsi barədə sığortalı və digər şəxslər tərəfindən sığortaçıya dərhal və mümkün olan ən qısa müddət ərzində məlumat verilməməsi nəticəsində sığortaçı, hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeyi əhəmiyyətli dərəcədə pozulduqda sığorta ödəməkdən imtina edə bilər. Qeyd edilən hal onu təsdiq edir ki, məhz göstərilən hallar müəyyən edildikdə, sığortaçı tərəfindən sığorta ödənişindən imtina edilə bilər. Qanunun 935.1.1-ci maddəsinin məzmunundan aydın olur ki, sığorta ödənişindən imtina əsası kimi müəyyən edilmiş şərtlərin sübut edilməsini məhz sığorta ödəməkdən imtina edən sığortaçının üzərinə düşür. Lakin sığortaçı tərəfindən məhkəməyə sığorta hadisəsinin səbəbini və dəyən zərərin həcminin müəyyənləşdirmək imkanından məhrum olması ilə əlaqədar onların mənafeylərinin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı mülkiyyət hüququ əsasında məxsus “Kia-Optima” markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2020-ci il tarixdə, saat 07:50 radələrində Təbriz küçəsi-Ağaoğlu küçəsi kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xeyli zərər dəymiş, avtomobil yararsız vəziyyətə düşmüşdür. DYP əməkdaşlarının apardığı araşdırma nəticəsində yuxarıda adıçəkilən yol nəqliyyat hadisəsini Cavabdeh1 tərəfindən ona məxsus “Mersedes” markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən törətdiyi müəyyən olunmuş və bu barədə müvafiq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin avtomobil öz növbəsində, Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh2 Sığorta ASC tərəfindən sığortalanmışdır. İddiaçıya məxsus Kia-Optima” markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər iddiaçı tərəfindən təqdim edilmiş “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli qüsur aktına əsasən 7281 AZN məbləğində, Cavabdeh2 Sığorta ASC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli “Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymtələndirilməsi barədə” hesabata əsasən 2443,0 manat qiymətləndirilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/81 nömrəli rəyinə əsasən «xxxx» MMC-nin xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı «Kia Optima» markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5007,0 manat, xx.xx.2020-ci il tarixli Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymtələndirilməsi barədə hesabatdakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla «Kia Optima» markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3406,0 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, xx.xx.2020-ci il tarixdə sığorta hadisə baş vermişdir. Sonradan tərəflər sığorta məbləğində razılığa gələ bilməmişdir. Buna səbəb Sığorta şirkətinin və sərbəst qiymətləndiricinin göstərdikləri qiymətdə böyük fərq olmasıdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən edilmişdir ki, xx xxxxxx 2020-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 Sığorta Şirkətində sığortalanan “Mercedes Benz” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı idarə etdiyi “Kia Optima” markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobillə yanaşı, “Bakı Şəhər İşığı” EŞM-in balansında olan işıq dirəyinə də zərər vurmuşdur. İşıq dirəyinə dəyən zərərə görə Cavabdeh2 Sığorta Şirkəti tərəfindən “Bakı Şəhər İşığı” EŞM-yə 1488 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “İcbari Sığortalar haqqında" Qanunun 56.1.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası üzrə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta məbləği 5000 manat təşkil edir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir. Qeyd olunan Qanunun 20.4-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. Cavabdeh1 nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş “xxxx“ MMC-nin 79 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Təbriz küçəsi ilə Ağaoğlu küçəsinin kəsişməsində yolun gediş-gəliş zolaqları arasında olan yol ayrıcları hissəsində olan yolun işıqlandırılması üçün quraşdırılan bir ədəd “H 8.5 MT 2” modelli boyalı plafonlu işıq dirəyinin zədələnməsindən dəymiş ziyanın məbləği 524,0 manat müəyyən olunur. Qanunun yuxarıda qeyd olunan normalarını rəhbər tutaraq, eləcə də, işıq dirəyinin zədələnməsindən dəymiş ziyanla bağlı “xxxx“ MMC-nin göstərdiyi 524,0 manat məbləğlə razılaşaraq, məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə sığorta məbləğindən (5000 manat) işıq dirəyinə dəyən zərər (524 manat) çıxılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, sığortaçının digər üçüncü şəxs (iddiaçı) qarşısında öhdəliyinin son həddi 4476 manat təşkil edir ki, həmin məbləğ Cavabdeh2 Sığorta Şirkətindən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/81 nömrəli rəyi ilə «xxxx» MMC-nin xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 5007,0 manat müəyyən edildiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, həmin məbləğdən Cavabdeh2 Sığorta Şirkətindən iddiaçının xeyrinə tutulacaq məbləğ çıxılmaqla qalan 531 manat (5007 – 4476 = 531) Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, iddiaçının xeyrinə cavabdeh «Cavabdeh2 Sığorta» ASC-dən 4476 manat, Cavabdeh1 531 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh «Cavabdeh2 Sığorta» ASC-dən 4476 (dör min dörd yüz yetmiş altı) manat, Cavabdeh1 531 (beş yüz otuz bir) manat tutularaq iddiaçı Əliyev Ramil Nazim oğluna ödənilsin. Cavabdehlər Cavabdeh1 və «Cavabdeh2 Sığorta» ASC-dən vəkilə ödənilmiş 300 (üç yüz) manat və 31 (otuz bir) manat dövlət rüsumu tutularaq iddiaçı Əliyev Ramil Nazim oğluna ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğin 80 (səksən) manatı cavabdeh «Cavabdeh2 Sığorta» ASC-dən və 20 (iyirmi) manatı Cavabdeh1 tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ**********0000003944, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-275/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-275/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver