Məhkəmə qərarları › İş №2(009)-285/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-285/2025

27.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-285/2025 27.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin tutulması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, birgə nikahdan 21 dekabr 2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət edilən vaxtdan başlayaraq Cavabdeh hər ay 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 17 noyabr 2016-cı il tarixdə birgə nikaha daxil olmuş və nikahlarından 3 saylİ Bakı “ASAN xidmət” Mərkəzində rəsmiləşdirilmişdir. Rəsmi nikahlarını bağladıqdan sonra cavabdeh ilə bir yerdə yaşamaqla birgə təsərrüfat aparmışlar. Birgə nikahlarından 21 dekabr 2017-ci il tarixdə X2 anadan olmuşdur. Ailə münasibətləri bir müddət yaxşı olsada, sonralar cavabdehin təqsiri üzündən tədricən pozulmağa başlamışdır. Son 8 aydır ki, onlar faktiki olaraq ayrılmışlar və o, qız övladı ilə birlikdə valideynləri ilə birlikdə yaşayırlar. Hazırda cavabdeh ilə ailə münasibətlərini bərpa etmək qeyri-mümkündür, aralarında olan nikah formal xarakter daşıyır, baxmayaraq ki, nikahları rəsmi qaydada pozulmamışdır. Cavabdeh keçən müddət ərzində atalıq borcunu yerinə yetirmir və uşağına maddi yardım göstərmir. Cavabdehin valideynlik vəzifələrini yerinə yetirməməsi övladının tələbatını qarşılaya bilməməyinə gətirib çıxartmışdır ki, bu da maddi çətinlikləri ilə əlaqədardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZ-İİ 167777 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X4 arasında nikah 17 noyabr 2016cı il tarixdə bağlanmış, 4573 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “İsmayılova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı, 088828 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AA******* 622VVHFS nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı ildə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, ev 16, mənzil 11-də qeydiyyatdadır. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlardan müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından iki övladları vardır: 21 dekabr 2017-ci il təvəllüdlü X3. Cavabdeh uşağın saxlanılması üçün heç bir maddi yardım göstərmir. Tərəflərin yetkinlik yaşına çatmayan uşaqları İddiaçı himayəsində olmaqla onunla birlikdə yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iddiaçının cavabdehdən uşaq üçün 246 manat sabit pul məbləğində alimentin tutulması iddiasına hüquqi qiymət verərək hesab edir ki, 21 dekabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, aliment tələbi ilə bağlı iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən, həmin hissədə dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq 21 dekabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun. Aliment tutulması hissəsində qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar