Məhkəmə qərarları › İş №2(009)-2954/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2954/2025

05.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2954/2025 05.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla Cavabdeh ilə faktiki nikah münasibətlərindən xx.xx.2023-cü il tarixdə X8 və X5 adlı uşaqları anadan olmuşdur. Uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən Cavabdeh atalıq faktı təsdiq edilmişdir. Qeyd etmək istəyir ki, faktiki nikah dövründə cavabdehin dözülməz davranışları, mütəmadi xarakter alan ailədaxili münaqişələr və yaranmış anlaşılmazlıqlar səbəbilə artıq 4 aydan çoxdur ki, o, övladları ilə birlikdə atasının yaşadığı ünvanda qalmağa məcbur olmuşdur. Ailədən ayrılma təşəbbüsü onun tərəfindən deyil məhz cavabdeh tərəfindən irəli sürülə də, lazımi prosedur qaydaları həyata keçirməkdən (alimentin ödənilməsi, əlavə xərclərdə iştirak, uşaqlarla görüş, cehiz əmlakının qaytarılması kimi) yayınmışdır. Onun uşaqları atalarından ayırmaq kimi bir niyyəti olmamış, əksinə ailənin qorunub saxlanılması üçün lazımi səylər göstərmişdir. Hazırkı maddi vəziyyəti övladlarının təkbaşına saxlanılması, onların gündən-günə artan əsas və əlavə xərclərinin qarşıalınması üçün kifayət etmir. Uşaqlar hazırda onunla birgə yaşayır və azyaşlı olduqlarına görə ana nəvazişinə, gündəlik qayğı və nəzarətə ehtiyac duyurlar. Həmçinin uşaqların onun yanında saxlanılması ilə bağlı cavabdeh tərəfindən hər hansı mübahisə irəli sürülməmişdir. Bu hallar ailə münasibətlərinin faktiki olaraq pozulduğunu, uşaqların gündəlik ehtiyaclarının yalnız onun tərəfindən qarşılandığını və aliment, əlavə xərclər və digər təminatların müəyyən edilməsinin zəruriliyini açıq şəkildə göstərir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh iddia ərizəsi məhkəməyə təqdim olunduğu tarixdən başlayaraq hər ay sabit pul məbləğində hər uşağa nisbətdə 246 manat aliment və 100 manat əlavə xərc olmaqla, ümumilikdə 692 manat vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçı X3 iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, 7 aydır ki, atasıgildə qalır, cavabdeh bu müddət ərzində heç bir maddi köməklik göstərməmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, hər uşağa görə 200 manat, cəmi 400 manat məbləğində aliment verə bilər. Hətta mediasiyada da həmin məbləği təklif etmişdir. O, uşaqları pal-paltarını alır, müalicə xərci və dərmanlarına da pul xərcləyir. Uşaqlar onun uşaqlarıdır və aliment verməkdən imtina etmir. Səhhətində hazırda problem var, səhhəti tam düzəldikdən sonra artıq məbləğləri də ödəniş edəcək. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrindən görünür ki, Cavabdeh xx.xx.29023-cü ildə İddiaçı doğulmuş X6 və X7 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 562 və 563 No ilə qeyd edilmişdir. İş üzrə doğum haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, tərəflərin faktiki nikah münasibətlərindən xx.xx.2023-cü il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X8 adlı uşaqları var. İş üzrə Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən tərtib edilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/9/2025-01308 saylı arayışından görünür ki, X1 “aliment tələbi, uşaqların bağça və məktəb xərclərinin” tələbinə dair mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə, saat 14.30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin faktiki nikah münasibətlərindən xx.xx.2023-ci il təvəllüdlü Əzizə və xx.xx.2023-cü il təvəllüdlü Əkbər adlı uşaqları var. Tərəflər arasında faktiki nikah münasibətləri pozulmuş və onlar ayrı-ayrı ünvanlarda yaşayırlar. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh uşaqların saxlanılması üçün iddiaçıya hər hansı maddi yardım göstəmir və bu səbəbdən iddiaçı uşaqları saxlamaq üçün hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, Cavabdeh iddia ərizəsi məhkəməyə təqdim olunduğu tarixdən başlayaraq hər ay sabit pul məbləğində hər uşağa nisbətdə 246 manat aliment və 100 manat əlavə xərc olmaqla, ümumilikdə 692 manat vəsaitin tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının alimentin tutulması tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi alimentin tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən iki uşağa görə aylıq qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göstərilən Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 246 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1.-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. İş üzrə “Elektron məhkəmə” informasiya sistemində olan məlumata əsasən Cavabdeh "xxxx" MMC-də “bənna, tikinti” vəzifəsində işləyir, onun aylıq əmək haqqı 250 manat təşkil edir. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən müntəzəm qazanca malik olan valideyndən alimentin tutulmasını əmək haqqının faiz nisbətində müəyyən edilməsini nəzərdə tutsa da, 2 uşağa görə əmək haqqının 1/3 hissəsi həddində alimentin məbləğinin (250x1/3:2=41,66 manat) yaşayış minimumu üçün 1 uşağa görə müəyyən edilmiş alimentin miqdarından kifayət qədər az olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı olan aliment sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə tərəflərin faktiki nikah münasibətlərindən olan yetkinlik yaşına çatmamış uşaqların iddiaçının yanında yaşamasını, 2025-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 246 manat olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq sabit aliment məbləği hər uşaq üçün 246 manat həddində müəyyən edilməlidir. Məhkəmə alimentin 246 manat həddində müəyyən edilməsi qənaətinə gəlinməsini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilənləri və 2025-ci il üçün minimum əmək haqqının 400 manat müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə yetkinlik yaşına çatmamış uşaqların saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində (246:400=0,615) sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə həmçinin hesab edir ki, aliment tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan – xx.xx.2025-ci il tarixdən başlanılmalıdır. Məhkəmə iddia tələbinin hər uşaq üçün cavabdehdən əlavə xərc olaraq 100 manat pul vəsaitinin tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən aimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə (Ailə Məcəlləsinin 81-ci maddəsi) valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakını müəyyən edən əsaslar, yəni bu cür xərclərin çəkilməsi üçün əsaslar müəyyən edilmişdir. Bunun üçün qanunda göstərildiyi müstəsna halların olması zəruridir: ağır xəstə və şikəst olan uşaqların, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladların olması, onlara göstərilən kənar xidmət haqqının ödənilməsi ilə əlaqədar və digər hallar. Lakin həmin hallarla əlaqədar sübutlar da iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əlavə xərclərə görə cavabdehdən hər uşaq üçün 100 manat pul vəsaitinin tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə habelə hesab edir ki, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulması müəyyən edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 5904 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 79,04 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2023-cü il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 79,04 (yetmiş doqquz manat, dörd qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar