Məhkəmə qərarları › İş №2(009)-301/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-301/2021

02.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-301/2021 02.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (maraqlı şəxs qismində Sumqayıt şəhəri 4 saylı Notariat Kontoru və Maraqlı şəxs1 qeyd edilən) Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (maraqlı şəxs qismində Sumqayıt şəhəri 4 saylı Notariat Kontoru və Maraqlı şəxs1 qeyd edilən) Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Novruz qəsəbəsi ərazisində yerləşən 25 C saylı evə dair Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhəri, Novruz qəsəbəsi ərazisində yerləşən 25 C saylı evdə ailə üzvləri ilə birlikdə yaşayır və həmin ünvanda qeydiyyatdadır. 2014-cü ilin iyun ayında “xxxx” ASC-dən 15.000 manat məbləğində kredit götürmüşdür. Həmin məbləğ kifayət etmədiyi üçün o, mənzili ipotekaya qoyaraq kredit götürmək istəmişdir. Həmin vaxt ev makleri kimi tanıdığı Əyyub adlı şəxsə müraciət etmişdir. Danışıq əsnasında Əyyub ona aşağı faizə ipoteka ilə kredit götürüb “xxxx” ASC-yə olan borcunu bağlaya biləcəyni, sonra isə hissə-hissə hazırki banka olan borcunu bağlayaraq çətinlikdən çıxa biləcəyini bildirmişdir. Bir müddətdən sonra Əyyub onu Bank əməkdaşı kimi Rüfət adlı şəxslə tanış etmişdir. Əyyub ona qeyd olunan işləri görmək üçün 4000 manat pul verəcəyini bildirmişdir. Birlikdə razılaşdıqdan sonra o, notariat qaydasında faizə 4000 manat pul götürmüşdür. Razılaşma əsasında Əyyub ona mülkiyyətində olan evi 10-15 günlük ipoteka krediti götürmək üçün Cavabdeh adına keçirməyini, Rüfət isə onun “xxxx” ASC-yə olan 12050 manat məbləğində borcunu bağlayacağını bildirmişdir. Əyyubun etdiyi təklif onu qane etdiyi üçün o, razılıq vermişdir. O, xx.xx.2015-cı il tarixində mülkiyyətində olan Sumqayıt şəhəri, Novruz qəsəbəsi ərazisində yerləşən 25 C saylı evi Sumqayıt şəhəri 4 saylı DNK-da alqı-satqı yolu ilə Cavabdeh adına keçirmişdir. Alqı-satqı müqaviləsində evin satışına görə ona 76 000 manat məbləğində pul ödəndiyi göstərilmişdir. Lakin, o, həmin evi satmaq niyyətində olmamış və evin satışından hər hansı məbləğdə pul ona ödənilməmişdir. Əyyub və Rüfət ona bu müqavilənin formal olduğunu bildirmişlər. Alqı-satqı zamanı Rüfət notariatda işləyən tanışı vasitəsi ilə 76 000 manat pul gətizdirmiş və həmin pulu alqı-satqıdan sonra bankdan onun vasitəsilə götürərək həmin şəxsə qaytarmışdır. Ev alqı-satqı yolu ilə Rüfətin adına keçdikdən sonra o, Əyyubla əlaqə saxlayaraq ipotekanın nə üçün düzəlməməsinin səbəbini soruşmuşdur. Həmin vaxt Əyyub ipoteka kreditlərinin dayandırıldığını və yaxın vaxtlarda veriləcəyini bildirmişdir. Lakin, o, kreditin düzəlmədiyindən narahat olub öz narazılığını bildirmişdir. xx.xx.2016-cı il tarixində Rüfət mülkiyyətində olan Sumqayıt şəhəri, Novruz qəsəbəsi ərazisində yerləşən 25 C saylı evə həyat yoldaşının adına baş etibarnamə və evin sənədlərinin əslini verərək məsələnin yaxın vaxtlarda həll olunacağını bildirmişdir. Onun Əyyub və Rüfətlə davamlı danışıqları getdiyi vaxt və evinin geri qaytarılmasını tələb etdiyi zaman Əyyub və Rüfət bir daha ona evi bir hərbiçinin adına uzun illik 4 faizə ipoteka ilə yüklü edəcəklərini bildirmişlər. Lakin, yenə də onlardan heç bir xəbər çıxmamışdır. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Novruz qəsəbəsi ərazisində yerləşən 25 C saylı evə mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarışın dublikatını əldə edərək ipoteka yolu ilə Maraqlı şəxs1 adına alqı-satqı etmişdir. O, etirazını bildirdikdə xx.xx.2017-ci il tarixində Maraqlı şəxs1 onun həyat yoldaşına baş etibarnamə verərək o, evi aldığını, evin onun adına ipoteka yolu ilə kredit alınması üçün müəyyən faiz ona çatdığını bildirmişdir. Sonradan Maraqlı şəxs1 iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, Novruz qəsəbəsi ərazisində yerləşən 25 C saylı evdən onu və həyat yoldaşı X5 və iki azyaşlı övladlarının istifadə hüquqlarının itirilməsi və evdən çıxarılmaqlarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsi 2(060)-2872/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbini təmin etmişdir. xx.xx.2015-ci il tarixində mülkiyyətində olan Sumqayıt şəhəri, Novruz qəsəbəsi ərazisində yerləşən 25 C saylı evi Sumqayıt şəhəri 4 saylı DNK-da alqı-satqı yolu ilə Cavabdeh adına keçdiyi vaxtdan etibarən hazırki vaxtadək onun sahibliyində və istifadəsindədir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Novruz qəsəbəsi ərazisində yerləşən 25 C saylı evə dair Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2015-cı il tarixli, AN-İ № ******* saylı alqısatqı müqaviləsinin ləğv olunmasına dair qətnamə qəbul edilməsini və mülki iş üzrə Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi üzrə xüsusi qərardadının çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh və Maraqlı şəxs1 məhkəməyə iddia tələbinə etiraz təqdim edərək göstərmişlər ki, Maraqlı şəxs1 iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək İddiaçı, X3 və onların uşaqlarının Sumqayıt şəhəri, Novruz qəsəbəsində yerləşən 25C saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmiş, eyni zamanda həmin iş üzrə Əhədov X4 Sevər Sərvət qızı isə qarşılıqlı iddia ərizəsi məhkəməyə müraciət edərək alqı-satqı müqaviləsinin və Maraqlı şəxs1 adına veriliş çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Sumqayıt şəhər Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi, cavabdehlər İddiaçı, X3 və onların uşaqları xx.xx.2002-ci il təvəllüdlü Əhədov Heydər Bafadar oğlunun və xx.xx.2007-ci il təvəllüdlü X13 Sumqayıt şəhəri, Novruz qəsəbəsində yerləşən 25C saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin evdən çıxarılmaları qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2872/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2251/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasıya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan xx xxxxxx 2018-ci il tarixli, 2(105)-3498/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin Maraqlı şəxs1 hərbiçi olması ilə əlaqədar işi ilə yaxından maraqlana bilmədiyi üçün İddiaçı bundan sui-istifadə etmiş, əsassız iddia və şikayətlərlə yuxarıda qeyd olunan məhkəmə qətnaməsinin bu günədək icrasız qalmasına nail olmuşdur. Nəticədə isə Maraqlı şəxs1 ailə üzvləri ilə birlikdə aylıq ipoteka borcu üzrə kredit borcunu ödəməsinə baxmayaraq öz mülkiyyətində olan evdə yaşaya bilmir. Bundan başqa İddiaçı guya ona qarşı dələduzluq cinayətinin törədilməsi ilə bağlı polis və prokurorluq orqanlarına şikayət vermiş, iş üzrə müvafiq araşdırma aparıldıqdan sonra cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilmişdir. Cinayət işinin gedişində mübahisə predmeti olmuş və hazırda mülkiyyət hüququ üzrə Maraqlı şəxs1 məxsus olan Sumqayıt şəhəri, Novruz qəsəbəsində yerləşən 25C saylı fərdi yaşayış evinin üzərinə müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında həbs qoyulmuşdur. İddiaçı verdiyi əsassız şikayətlər üzrə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinə xitam verilməsini görüb onun şikayəti əsasında başlanmış cinayət işi üzrə üzərinə həbs qoyulmuş Sumqayıt şəhəri, Novruz qəsəbəsində yerləşən 25C saylı fərdi yaşayış evinin üzərinə qoyulmuş həbsin götürülməsi, icra sənədi üzrə icra tədbirlərinin qanunsuz, hesab edilməsi və icra sənədi üzrə icraatın dayandırılması vəzifəsinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinin üzərinə qoyulması barədə iddia qaldırmışdır. Eyni zamanda iddianın təmin tədbiri barədə ərizə verərək Sumqayıt şəhəri, Novruz qəsəbəsində yerləşən 25C saylı fərdi yaşayış evinə dair hər hansı bir icra hərəkətlərinin aparılmasının Sumqayıt şəhər üzrə İcra İdarəsinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi qismində Sumqayıt şəhər Məhkəməsi xx.xx.2019-cu il tarixli qərardadla qanunsuz olaraq həmin ərizəni təmin edərək, başqa bir Məhkəmənin hansı ki, Ali Məhkəməyədək qüvvədə qalmış icra vərəqəsinin bu günədək icrasız qalmasına səbəb olmuşdur. Onu da qeyd edir ki, Maraqlı şəxs1 məxsus olan Sumqayıt şəhəri, Novruz qəsəbəsində yerləşən 25C saylı fərdi yaşayış evinin mülkiyyətçisi olmasına baxmayaraq həmin iş üzrə işə cəlb edilməmişdir. Həmin iş üzrə Sumqayıt şəhər Məhkəməsi və Sumqayıt Apellyasiya Məhkəməsi iddianın rədd edilməsi barədə qətnamə qəbul etsə də, Ali Məhkəmə iş, üzrə icraata həmin iş məhkəmədə baxılmalı olmadığı üçün xitam vermişdir. Nəhayət Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından Maraqlı şəxs1 tərəfindən verilmiş və xx xxxxxx 2020-ci il tarixli qərardadla həmin həbs ləğv edilmişdir. Lakin İddiaçı isə Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından da öz şikayətinin əsassız, olduğunu bildiyi halda Maraqlı şəxs1 mülkiyyətində olan Sumqayıt şəhəri, Novruz qəsəbəsində yerləşən 25C saylı fərdi yaşayış evində qanunsuz olaraq bir müddət daha artıq yaşamaq üçün apellyasiya şikayəti vermişdir. Göründüyü kimi etiraza əlavə edilmiş qanuni qüvvəsini almış məhkəmə qərarları ilə Sumqayıt şəhəri, Novruz qəsəbəsində yerləşən 25C saylı fərdi yaşayış evinin Maraqlı şəxs1 məxsus olması, həmçinin İddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiasının əsassız olması öz təsdiqini tapır. İddiaçı hazırki iddia tələbini də Maraqlı şəxs1 mülkiyyətində olan Sumqayıt şəhəri, Novruz qəsəbəsində yerləşən 25C saylı fərdi yaşayış evində qanunsuz yaşamaq müddətini verdiyi və ya işin baxılması ərəfəsində verəcəyi iddianın təmin tədbiri ərizə vasitəsi ilə artırmaqdan ibarətdir. Hesab edir ki, İddiaçı hazırki iddia ərizəsində göstərdiyi xüsusatlar müqavilənin ləğvi üçün deyil, etibarsızlığı üçün əsaslardır, lakin etibarsızlıqla bağlı məsələyə baxan məhkəmələr İddiaçı iddiasını rədd etdiyi üçün o, eyni əsasları qeyd edib, bu dəfə isə iddia ərizəsində müqavilənin ləğvini xahiş etmişdir. Bununla o, predmeti fərqli göstərməyə çalışmışdır. Odur ki hazırki iddia ərizəsi də əsassız olduğu üçün rədd edilməlidir. İddiaçı alqı-satqı yolu ilə satdığı evin pulunu almasına və müqavilə üzrə evdən çıxmaq barədə üzərinə öhdəlik götürsə də, həmçinin onun ailə üzvləri ilə birlikdə Maraqlı şəxs1 mülkiyyətində olan Sumqayıt şəhəri, Novruz qəsəbəsində yerləşən 25C saylı fərdi yaşayış evindən çıxarılması barədə qanuni qüvvəsini almış məhkəmə qərarının olmasına baxmayaraq o, nə öhdəliklərini, nə də ki məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini icra etmir. Göstərilənləri nəzərə alaraq İddiaçı Cavabdeh və Maraqlı şəxs1 qarşı “alqı-satqı müqaviləsinin ləğv olunması barədə" iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin əvvəlki iclasında iştiral etmiş Cavabdeh nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh və Maraqlı şəxs1 və Sumqayıt şəhəri 4 saylı Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPMin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Sumqayıt şəhəri 4 saylı Notariat X1 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X14 tam mülkiyyət hüququ üzrə ona məxsus olan Sumqayıt şəhəri, Novruz qəsəbəsi ərazisində yerləşən 25 C saylı ünvanda yerləşən evi Cavabdeh satmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novruz qəsəbəsi ərazisində yerləşən 25 C saylı ev xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2015-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. - Sumqayıt “Asan Xidmət” Mərkəzi Notariat kontorunda Cavabdeh ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Cavabdeh tam mülkiyyət hüququ üzrə ona məxsus olan Sumqayıt şəhəri, Novruz qəsəbəsi ərazisində yerləşən 25 C saylı ünvanda yerləşən evi 94000 manat müqabilində ipoteka ilə alıcı Maraqlı şəxs1 mülkiyyətinə vermişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novruz qəsəbəsi ərazisində yerləşən 25 C saylı ev xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2017-ci il tarixdə Maraqlı şəxs1 adına qeydiyyata alınmışdır. - Bakı şəhəri 53 saylı Notariat Kontorunda verilmiş xx xxxxxx 2016-cı il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Novruz qəsəbəsi ərazisində yerləşən 25 C saylı evə və 0,0137 ha torpaq sahəsinə dair bütun sənədləşmə əməliyyatlarının aparılmasını, bununla əlaqədar onu bütün dövlət və qeyri dövlət orqanlarında, idarə və təşkilatlarda təmsil etməyi, DƏDRX-dən forma-1, forma-2 arayışını və s. arayışları almağı, sənədləri almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi xx.xx.2018-ci il tarixədək X6 etibar etmişdir. - Sumqayıt “Asan Xidmət” Mərkəzi Notariat kontorunda verilmiş xx xxxxxxx 2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, Maraqlı şəxs1 Sumqayıt şəhəri, Novruz qəsəbəsi ərazisində yerləşən 25 C saylı evə və 0,0137 ha torpaq sahəsinə dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi xx.xx.2047-ci il tarixədək X6 etibar etmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********67 nömrəli cavab məktubundan görünür ki, Sumqayıt şəhəri, Novruz qəsəbəsi, 25C ünvanında yerləşən fərdi yaşayış evi Sumqayıt şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-658/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında X7 adına ********** qeydiyyat nömrəli, 11,06.2014-cü il tarixli dövlət reyestrindən çıxarışla qeydiyyata alınmışdır. Sumqayıt şəhər 4 saylı dövlət notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 4Ə-04/1376 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli dəyişmə müqaviləsi əsasında fərdi yaşayış evi, X2 adına ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Sumqayıt şəhər 4 saylı dövlət notariat kontorunun təsdiq etdiyi 4Ə-04/1431 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli bağışlanma müqaviləsi əsasında fərdi yaşayış evi, İddiaçı adına ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli dövlət reyestrindən çıxarışla qeydiyyata alınmışdır. Sumqayıt şəhər 3 saylı dövlət notariat kontorunun 3M/877 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi əsasında qeyd olunan əmlak xx.xx.2014-cü il tarixdə “xxxx” ASC-nin xeyrinə yüklülüyün qeydiyyatı aparılmış və ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli müraciəti əsasında yüklülükdən azad edilmişdir. Sumqayıt şəhər 4 saylı dövlət notariat kontorunun təsdiq etdiyi 4Ə-1436 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evi, Cavabdeh adına ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışla rəsmiləşdirilmişdir. Sumqayıt şəhər 3 saylı dövlət notariat kontorunun 3M-151 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi əsasında sözü gedən əmlak xx.xx.2016-cı il tarixdə “xxxx” BOKT ASC-nin xeyrinə yüklülüyün qeydiyyatı aparılmış və ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli müraciəti əsasında yüklülükdən azad edilmişdir. Sumqayıt şəhər “ASAN Xidmət” Mərkəzinin təsdiq etdiyi 4Ə-2875 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli alqı-satqı ipoteka müqaviləsi əsasında göstərilən əmlak Maraqlı şəxs1 adına ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli dövlət reyestrindən çıxarışla qeydiyyata alınmışdır. Sumqayıt şəhəri 1-ci Polis Bölməsinin 124-450-3118 nömrəli, xx.xx.2018-ci il tarixli arayışı və “Oxu Məni”qəzetinin xx.xx.2018-ci il buraxılışı əsasında qeyd olunan əmlak Maraqlı şəxs1 adına ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli dövlət reyestrindən dublikat çıxarışı verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 5(060)-183/2019 saylı, xx.xx.2019 tarixli qərardadı əsasında fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. - Sumqayıt şəhər Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı, X12 və onların uşaqları xx.xx.2002-ci ildə anadan olmuş Əhədov Heydər Bafadar oğlu, xx.xx.2007-ci il tarixdə anadan olan X8 Sumqayıt şəhəri, Novruz qəsəbəsində yerləşən 25C saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin evdən çıxarılmaları, iddiaçılar İddiaçı və X3 cavabdeh Maraqlı şəxs1 qarşı cavabdeh Maraqlı şəxs1 ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 4ə- 2875 reyestrlə qeydə alınmış alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Maraqlı şəxs1 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Sumqayıt şəhər Pİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X15 tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərardan görünür ki, X9, Cavabdeh və Maraqlı şəxs1 əməlində cinayət tərkibi olmadığından onların barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinin icraatına xitam verilmişdir. - Sumqayıt şəhər Pİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X18 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X9, Cavabdeh və Maraqlı şəxs1 əməlində cinayət tərkibi olmadığından onların barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinin icraatına xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, xx xxxx 2014-cü il tarixli fərdi yaşayış evinin bağışlanması barədə müqaviləyə əsasən X10 mülkiyyətində olan Sumqayıt şəhəri, Novruz qəsəbəsində yerləşən, 25C saylı fərdi yaşayış evini oğlu - İddiaçı bağışlamışdır. xx.xx.2015-ci il tarixdə İddiaçı ona bağışlanmış evi Sumqayıt şəhəri, 4 saylı notariat kontorunda AN seriyalı, ******* nömrə ilə qeydə alınmış alqı-satqı barədə müqaviləyə əsasən 76000 manata Cavabdeh satmışdır. xx.xx.2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh qeyd olunan fərdi yaşayış evini Maraqlı şəxs1 118000 manata satmış, ev “Günay Bank”da ipoteka ilə yüklü edilmiş, illik 4 faiz ödənilməsi müəyyən olunmuş, məbləğin 24000 manatı alıcı tərəfindən, qalan 94000 manatı isə bank tərəfindən ödənilmişdir. Qeyd olunan fərdi yaşayış evi ipoteka ilə yüklü edilməklə ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Maraqlı şəxs1 xüsusi mülkiyyətindədir. İşin materiallarından görünür ki, Maraqlı şəxs1 mülkiyyət hüququ əsasında özünə məxsus olan yaşayış evindən İddiaçı və onun ailə üzvlərinin qeydiyyatdan və evdən çıxarılmasını məhkəmə qaydasında tələb etməklə bağlı Sumqayıt şəhər məhkəməsinə iddia ilə müraciət etmiş və həmin iddia üzrə mülki işə baxılan zaman cavabdeh İddiaçı və X12 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 4ə-2875 reyestrlə qeydə alınmış alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Maraqlı şəxs1 adına verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını, bu əməliyyatda cavabdehlərin və digər şəxslərin əməllərində etibardan sui-istifadə etmə və dələduzluq cinayətinin tərkibi olduğundan həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad qəbul etməklə araşdırılması üçün prokurorluğa göndərilməsini xahiş etmişdir. Yuxarıda sadalanan qanuni qüvvəsini almış məhkəmə aktları ilə həmin iş üzrə ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Maraqlı şəxs1 ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 4ə-2875 reyestrlə qeydə alınmış alqı-satqı və ipoteka müqaviləsinin və mənzilin hazırki mülkiyyətçisi olan Maraqlı şəxs1 adına verilmiş çıxarışın qanuniliyi barədə qanuni qüvvəsini almış məhkəmə aktlarının mövcudluğunu nəzərə alaraq məhkəmə bu hallar üzrə yenidən araşdırma və qiymətləndirmə aparmasa da, sözügedən məhkəmə aktları üzrə müəyyən edilmiş halların nəzərə alınmalı olmasını zəruri sayır. Belə ki, həmin aktlarla müəyyən edilmişdir ki, İddiaçı qarşılıqlı iddia verməklə mübahisəli mənzilin özünə məxsus olduğunu və onunla Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin formal olaraq bağlandığını göstərməklə ona pul verilmədiyini, xx.xx.2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin isə həmin müqavilənin davamı olaraq hüquqi nəticələr yaratmadığı üçün həmin müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmələr də həmin mübahisəni həll edərkən İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin qüvvədə olmaqla, mübahisələndirilməməsini, ləğv olunmamasını göstərərək müəyyən etmişlər ki, xx.xx.2017-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh qeyd olunan fərdi yaşayış evini Maraqlı şəxs1 118000 manata satarkən Mülki Məcəllədə əksini tapmış həmin əqdin etibarsızlığına səbəb ola biləcək hallar mövcud olmamışdır. Alğı-satqı predmeti daşınmaz əmlak olduğu üçün qanunvericiliyin tələb etdiyi tərzdə bağlanılmış və həmin müqavilə notariat kontorunda təsdiq olunmuşdur. İşin materiallarından görünür ki, İddiaçı qeyd edilən işə baxılan zaman Sumqayıt şəhəri, Novruz qəsəbəsi ərazisində yerləşən 25 C saylı evə dair onunla Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin qanuniliyini mübahisələndirmədiyi halda, hazırki iddiası ilə bu müqavilənin ləğvini tələb edir. Tələbin əsasını isə xx.xx.2015-cı il tarixində onun mülkiyyətində olan mübahisəli evi Sumqayıt şəhəri 4 saylı DNK-da alqı-satqı yolu ilə Cavabdeh adına keçirməsində əsas məqsədin həmin evi satmaq niyyətində olmaması, evin satışından hər hansı məbləğdə pulun ona ödənilməməsi, Əyyub və Rüfətin ona bu müqavilənin formal olduğunu bildirmələri, aşağı faizə ipoteka ilə kredit götürüb “xxxx” ASC-yə olan borcunu bağlaya bilməsinə dair Əyyub və Rüfətlə davamlı danışıqlar getdiyi vaxt və evinin geri qaytarılmasını tələb etdiyi zaman Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Novruz qəsəbəsi ərazisində yerləşən 25 C saylı evə mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarışın dublikatını əldə edərək ipoteka yolu ilə Maraqlı şəxs1 adına alqı-satqı etməsinin qanunsuzluğu təşkil edir. İşin materiallarından görünür ki, İddiaçı Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2015-cı il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin bağlanması ilə əlaqədar aldadılması ilə bağlı xüsusatlar üzrə Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin xx xxxxxx 2018-ci il və xx xxxxxx 2021-ci il tarixli qərarlar qəbul edilmiş, qərarların təsviri hissəsində göstərilənlərə əsasən X9, Cavabdeh və Maraqlı şəxs1 əməllərində cinayət tərkibi olmadığından onların barəsində Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəi ilə istintaqı aparılan ********* saylı cinayət işinin icraatına xitam verilməsi qərara alınmışdır. Həmin qərarlarla müəyyən edilmişdir ki, Sumqayıt şəhər məhkəməsi, Sumqayıt Apellysiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyaları tərəfindən Maraqlı şəxs1 ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və 4ə- 2875 reyestrlə qeydə alınmış ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqı və ipotekasına dair müqavilə qanuni hesab edilərək, Maraqlı şəxs1 həmin yaşayış evinə tam qanuna uyğun şəkildə mülkiyyət əldə etdiyi və ona sahiblik etdiyi sübuta yetirilmiş, onun tərəfindən həmin yaşayış evinin təkbaşına, yaxud digər şəxslər, o cümlədən Cavabdeh ilə birlikdə qanunsuz və ələ keçirmədiyi şübhə altına alınmamış, İddiaçı zərərçəkmiş şəxs qismində qalmasına əsaslar olmamışdır. Məhkəmə iddiaçı ilə Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2015-cı il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin ləğv olunmasına dair tələbinin maddi əsası kimi istinad etdiyi Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Mülki Məcəlləsinin 18, 152.1, 152.2, 152.3-cü maddələri ilə bağlı qeyd edir ki, qeyd edilən normalar mülkiyyət hüququ ilə bağlı olmaqla, hazırki mübahisələndirilən alqı-satqı müqaviləsinin ləğvi üçün hüquqi əsas yaratmadığından tədbiq edilə bilməz. Belə ki, mübahisəli mənzil hazırda İddiaçı deyil, Maraqlı şəxs1 mülkiyyətindədir. Bundan başqa, müqavilənin ləğvini təsbit edən mülki qanunvericiliyə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsi) Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur. Qeyd edilən Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə İddiaçı iddia tələblərində göstərilənlərlə bağlı olaraq hesab edir ki, onunla Cavabdeh ilə arasında bağlanmış xx.xx.2015-cı il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin ləğvi barədə mövqeyinin hüquqi əsasları müəyyən edilməmişdir. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halların heç biri ilə bağlı məhkəməyə mötəbər və tutarlı sübut növü təqdim etməmiş, irəli sürdüyü dəlillər isə mübahisələndirdiyi müqavilənin ləğvi üçün hüquqi əsas olmamışdır. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. MPM-nin tələblərinə əsasən işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə, İddiaçı - hazırki vaxtadək xx.xx.2015-ci il tarixində mülkiyyətində olan Sumqayıt şəhəri, Novruz qəsəbəsi ərazisində yerləşən 25 C saylı evi Sumqayıt şəhəri 4 saylı DNK-da alqı-satqı yolu ilə Cavabdeh adına keçdiyi vaxtdan etibarən hazırki vaxtadək onun sahibliyində və istifadəsində olmasına dair - dəlilinə qiymət verərək qeyd edir ki, bu halın mövcudluğu da sözügedən mənzilə dair bağlanmış və mübahisələndirilən alqı-satqı müqaviləsinin ləğvi üçün hüquqi əsas yaratmır. Belə ki, işin materiallarından görünür ki, sözügedən müqavilədən sonra Maraqlı şəxs1 ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və 4ə-2875 reyestrlə qeydə alınmış ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqı və ipotekasına dair müqavilə məhkəmə aktları ilə qanuni hesab edilmiş, hətta həmin işlə bağlı qanuni qüvvəsini almış məhkəmənin aktının icrası ilə bağlı İddiaçı icra məmurunun hərəkətləri ilə əlaqədar ərizəsi üzrə də müvafiq qərarlar qəbul edilmişdir. Başqa sözlə, qanuni qüvvəsini almış məhkəmə aktı hazırda icra mərhələsindədir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilkin olaraq iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Belə olan halda, məhkəmənin qənaətinə görə, iddiaçının alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı mülahizəsinə əsasən irəli sürdüyü, öz təsdiqini tapmayan, faktiki hesab etdiyi hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamamışdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblər əsassızdır və təmin edilməməldir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı (maraqlı şəxs qismində Sumqayıt şəhəri 4 saylı Notariat Kontoru və Maraqlı şəxs1 qeyd edilən) Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar