Məhkəmə qərarları › İş №2(009)-310/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-310/2023

10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-310/2023 10.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti ASC-dən 2032 manat məbləğində vurulmuş zərər və 41 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 2073 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mülkiyyətində olan “Toyota Camry” markalı, ** UA *** qeydiyyat nişan nömrəli minik avtomobilini "xxxx" Açıq Səhmdar Cəmiyyətində 04 dekabr 2021-ci il tarixdən 05 dekabr 2022-ci il tarixə qədər bir il müddətinə icbari sığortalamışdır. xx.xx.2022-ci il tarixdə Göyçay şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı, mülki məsuliyyəti "xxxx" Sığorta şirkətində icbari sığortalamış "MKL" markalı, ** BJ *** qeydiyyat nişanlı avtomobilin sahibi yol hərəkət qaydalarını pozaraq minik avtomobilini sağ yan tərəfdən vurması nəticəsində ona maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi barədə dərhal "xxxx" Sığorta şirkətinin yerli nümayəndəsinə şifahi qaydada məlumat vermiş, hadisədən təqribən bir saat sonra hadisə yerinə gəlmiş cavabdehin nümayəndəsi yerində avtomobilinə baxış keçirmiş və ona avtomobilinə dəymiş zərərin məbləğinin müəyyən olunmasına qədər təmir işləri görməməyi bildirmişdir. Hadisədən bir həftə keçən müddətdə sığortaçı tərəfindən hər hansı bir məlumat daxil olmadığından, cavabdehin qaynar xəttinə telefonla zəng edərək onlarla əlaqə saxlamış, oradan ona avtomobil təmiri üzrə ustalar dəvət edib avtomobilinə dəymiş ilkin təqribi zərərin miqdarı barəsində onlara ziyan aktı tərtib edib göndərməyi xahiş etdilər. Bundan sonra, o, avtomobil təmiri üzrə usta dəvət edərək, avtombilinə dəymiş ziyanın miqdarı barədə ilkin ziyan aktı tərtib edib yazılı şəkildə ziyan aktını “vhatsApp”la cavabdehə göndərmişdir. Onlar aktla tanış olub 2 iş günü müddətində məlumat veriləcəyini bildirsə də, bundan təqribən bir həftə sonra ona telefonla zəng edərək avtomobilinə dəymiş zərərin mütəxəssisləri tərəfindən araşdırılıb 440 manat müəyyən olunduğunu bildirdilər. O həmin qiymətlə razılaşmadığından cavabdeh ona əlavə məlumat veriləcəyini bildirdi. Bundan da, təqribən bir həftə sonra cavabdeh avtomobilinə dəymiş zərər məbləğinin artırılaraq 500 manat müəyyən edildiyini bildirdi. O həmin məbləğin avtomobilinə dəymiş real zərərin məbləğinə uyğun olmadığını bildirdikdə, onlar ona dəymiş zərərin sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert tərəfindən qiymətləndirilməsini təşkil edəcəklərini bildirdilər. Üstündən təqribən bir aya yaxın müddətdə onlardan heç bir məlumat daxil olmadığından, təkrar qaynar xətlərinə telefonla zəng edərək ona onlardan heç bir rəsmi məlumatın daxil olmadığını bildirdikdə, cavabdehin nümayəndəsi onun ünvanına rəsmi cavab göndərildiyini bildirdi. O onlardan cavab məktubunun ştrik kodunu tələb etməyinə baxmayaraq, ona bu barədə heç bir məlumat verə bilmədilər. Bundan sonra Göyçay rayon Mərkəzi Poçtuna müraciət edərək ona "xxxx" Sığorta şirkətindən hər hansı məktubun daxil olub-olmadığını öyrəndikdə, oradan ona cavabdehdən onun ünvanına hər hansı bir məktub daxil olmadığını bildirldilər. Bundan sonra təkrar cavabdehin qaynar xəttinə zəng etdikdən sonra cavabdehin Göyçay şəhərində fəaliyyət göstərən nümayəndəsinin “vhatsApp”nda ona ünvanlanmış tarixsiz, imzasız cavab məktubunun kserosurətini həmin şəxsdən əldə etdi. Sösügedən tarixsiz, imzasız cavab məktubunun məzmunu aşağıdakı kimidir: “Sahibinin mülki məsuliyyəti Cavabdeh Sıorta şirkətində icbari sığortalanmış "VAZ" markalı, ** BJ *** qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sizə məxsus “Toyota Camry” markalı, ** UA *** qeydiyyat nişan nömrəli minik avtomobillə toqquşmuş və ona maddi zərər vurmuşdur. Sizə məxsus olan avtomobilə dəymiş zərər mütəxəssisləriimiz tərəfindən araşdırılmış və avtomobilinizə dəymiş zərər məbləği 500 AZN müəyyən edilmişdir (iş nömrə 164512). Cavabdeh Sığorta şirkəti müəyyən edilmiş zərər məbləğini seçiminizə əsasən Sizə ödəməyə və ya avtomobilinizin təmirini təşkil etməyə hazırdır. Avtomobilinizin təmiri ilə razı olduğunuz halda hazırki məktubu aldıqdan 2 iş günü ərzində avtomobili ünvan 2 ünvanda yerləşən Qrand Avto serviz mərkəzinə təqdim etməyiniz xahiş olunur. Müəyyən edilmiş zərər məbləği ilə razı olmadığınız halda, Cavabdeh Sıorta şirkəti Sizin yazılı razılığınızla dəymiş zərərin sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert tərəfindəndən qiymətləndirilməsini təşkil etməyə hazırdır.” Məktubun məzmunundan göründüyü kimi onun müraciətinə verilmiş cavab formal xarakter daşıyır. Belə ki, sorğularına verilmiş cavablar bir aydan çox vaxt apardığı halda, cavabdehin onun avtomobilinə dəymiş zərərin sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin təşkilinin nə qədər vaxt aparacağı artıq qabağcadan müəyyən etməyə aydın təsəvvür yaranır. Bundan əlavə, onun avtomobilinin təmirinin təşkili barədə cavabdehlə razılaşdlğı halda, avtomobilinin yaşadığı ərazidən təqribən 300 km aralı məsafədə yerləşən ünvan 2 ünvanda yerləşən Qrand Avto serviz mərkəzinə təqdim etməyi üçün evekuatora hamı üçün bəlli olan 200 manat məbləğində əlavə xərcin də onun tərəfindən çəkilməsi tələb olunurdu. Belə olan halda əlacsız qalıb avtomobilini öz şəxsi vəsaiti ilə təmir etdirməyə məcbur oldu. Buna qədər isə zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağını və ya çətin olacağından ehtiyat edərək avtomobilinə qəza nəticəsində dəymiş zərərin müəyyən olunması üçün avtomobilini xx.xx.2022-ci il tarixdə Göyçay şəhərində fəaliyyət göstərən “Hunday” serviz mərkəzinə təqdim etdi. Orada mütəxəssislər tərəfindən avtomobilinə baxış keçirildikdən sonra avtomobilinə dəymiş ziyanın cəmi 1800 manat olduğu müəyyən olundu. Avtomobilini təmir etdirərkən zərərin bundan da artıq olduğu müəyyən olundu. Belə ki, avtoqəza nəticəsində zədələnmiş sağ qabaq qapının təmirinin effektiv olmayacağı qabaqcadan müəyyən olunduğundan, həmin qapını dəyişdirmək məcburiyyətində qalaraq "xxxx" MMC-dən 782 manat dəyərində yeni qapı, bazardan isə 150 manata şüşəsini aldı. Bundan əlavə avto qəza nəticəsində zərbədən avtomobilin qabaq bufer salasqası da yarasız hala düşdüyündən, həmin detalı da dəyişdirmək məcburiyyətində qalaraq "xxxx" MMC-dən 100 manat dəyərində yeni salasqa aldı. Dəmirçi və boya ustalarına isə hər birinə ayrılıqda 500 manat zəhmət haqqı ödədi. Beləliklə, avtomobilinin təmiri ilə bağlı çəkdiyi xərclərin cəmi 2032 manat təşkil etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, eyni zamanda cavabdehin nümayəndəsi məhkəməyə öz etirazını ünvanlayaraq bildirmişdir ki, iş materiallarına əsasən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh Sığorta Şirkətində sığorta olunan “Vaz" markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil 21 avqust 2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının “Toyota Camry” markalı, ** UA *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsininin 1-ci cümləsində göstərilir ki, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Qeyd edilənlərdən məlum olur ki, Cavabdeh Sığorta Şirkətinin sığorta hadisəsi nəticəsində dəymiş zərəri qiymətləndirmək hüququ qanunvericiliklə təsbit edilmişdir. Bunu nəzərə alaraq cavabdehin texniki ekspertiza şöbəsinin mütəxəssisləri tərəfindən əmlaka dəymiş zərər araşdırılmış və bununla bağlı müvafiq hesabat tərtib edilmişdir. Hesabata əsasən “Toyota Camry” markalı, ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 500 manat tələb olunur. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə isə zərərin fərqli qiymətlərdə, yəni 1770, 1800, 2032 manat kimi göstərilir. Qanunvericiliyin tələbindən görünür ki, sığorta hadisəsi nəticəsində dəymiş zərər cavabdeh tərəfindən və ya müstəqil ekspert tərəfindən müəyyən edilməlidir. Cavabdeh dəymiş zərəri müəyyən edərkən avtomobilin köhnəlməsi, onun hadisədən əvvəlki vəziyyətə qaydarılması tələb olunan xidmətlərin dairəsini müəyyən edir. Bunu nəzərə alaraq ödənilməli zərər məbləğini müəyyən edir. Yəni baxılan halda cavabdeh iddiaçının tələbi ilə dəyişdirilməli olmayan köhnə və zədələnmiş ehtiyat hissəsinin tam yeni ehtiyat hissəsi ilə dəyişdirmək öhdəliyi daşımır. Bundan başqa, məhkəməyə təqdim olunan qiymətləndirmə sənədlərində işçilik haqqı yəni dəmirçi, boyanma, armaturçunun xidmət haqqları da orta bazar qiymətlərinə uyğun olmaması zərər məbləğinin əsassız olaraq şişirdilməsinə yol açmışdır. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Toyota Camry” markalı, ** UA *** dövlət qeydiyyat nişanlı minik avtomobilini "xxxx" Açıq Səhmdar Cəmiyyətində 04 dekabr 2021-ci il tarixdən 05 dekabr 2022-ci il tarixə qədər bir il müddətinə icbari sığortalanmışdır. İş materiallarında olan Hyundai Göyçay servis mərkəzinin xx.xx.2022-ci il tarixli aktından görünür ki, İddiaçı məxsus “Toyota Camry” markalı, ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın cəmi 1800 manat olduğu müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin ehtiyyat hissələri mağazasının 63053 nömrəli, xx.xx.2022-ci il tarixli satış çekindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 782 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən Nümayəndə1 ünvanlanmış məktubdan görünür ki, ona məxsus olan avtomobilə dəymiş zərər şirkətin mütəxəssisləri tərfindən araşdırılmış və avtomobilə dəymiş zərər məbləği 500 manat məüəyyən edilmişdir. Müəyyən edilmiş zərər məbləği ilə razı olmadığı halda Cavabdeh Sığorta Şirkəti onun yazılı razılığı ilə dəymiş zərərin sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert tərəfindən qiymətləndirilməsini təşkil etməyə hazırdır. İş mapteriallarında olan "xxxx" MMC-nin ehtiyyat hissələri mağazasının xx.xx.2022-ci il tarixli, 63999 nömrəli satış çekidən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 100 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ASC-nin xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Hesabatdan görünür ki, “Toyota Camry” markalı, ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 500 manat müəyyən olunmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1415 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Hyundai Göyçay” servis mərkəzinin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Toyota Camry” markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1049,0 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı Toyota Camry” markalı, ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 500,0 manat müəyyən edilir. Yuxarıda göstərildiyi kimi, hazırki iş üzrə tərəflərin hüquq münasibətləri 21 avqust 2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır. Mülki qanunvericilikdə sığorta hadisəsinin anlayışı verilməklə yanaşı, həmçinin sığorta hadisəsi baş verdiyi təqdirdə sığortalı və sığortaçının vəzifələri, habelə sığorta ödənişlərinin verilməsindən imtina əsasları da göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Həmin Məcəllənin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda sığortaçı sığorta ödəməkdən imtina edir. Qanunvericiliyin qeyd edilən normalarından aydın olur ki, sığorta hadisəsi barədə sığortalı və digər şəxslər tərəfindən sığortaçıya dərhal və mümkün olan ən qısa müddət ərzində məlumat verilməməsi nəticəsində sığortaçı, hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeyi əhəmiyyətli dərəcədə pozulduqda sığorta ödəməkdən imtina edə bilər. Qeyd edilən hal onu təsdiq edir ki, məhz göstərilən hallar müəyyən edildikdə, sığortaçı tərəfindən sığorta ödənişindən imtina edilə bilər. Qanunun 935.1.1-ci maddəsinin məzmunundan aydın olur ki, sığorta ödənişindən imtina əsası kimi müəyyən edilmiş şərtlərin sübut edilməsini məhz sığorta ödəməkdən imtina edən sığortaçının üzərinə düşür. Lakin sığortaçı tərəfindən məhkəməyə sığorta hadisəsinin səbəbini və dəyən zərərin həcminin müəyyənləşdirmək imkanından məhrum olması ilə əlaqədar onların mənafeylərinin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh Sığorta Şirkətində sığorta olunan xx.xx.2022-ci il tarixdə Göyçay şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı mülki məsuliyyəti "xxxx" Sığorta şirkətində icbari sığortalamış "MKL" markalı, ** BJ *** qeydiyyat nişanlı avtomobilin sahibi yol hərəkət qaydalarını pozaraq iddiaçıya məxsus “Toyota Camry” markalı ** UA *** dövlət qeydiyyat nişanlı minik avtomobilini sağ yan tərəfdən vurması nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Cavabdeh Sığorta ASC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən iddiaçıya məxsus avtomobilə dəymiş zərər 500 manat qiymətləndirilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/1415 nömrəli rəyinə əsasən nəzəri hesablama yolu ilə “Hyundai Göyçay” servis mərkəzinin tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Toyota Camry” markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1049,0 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı Toyota Camry” markalı, ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 500,0 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspertin rəyi nəzərə alınmaqla dəymiş maddi ziyanla bağlı iddia tələbi qismən təmin edilməli və cavabdeh "xxxx" ASC-dən 1049 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə dəymiş zərərə görə 1049 (bir min qırx doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41 (qırx bir) manat tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar