Məhkəmə qərarları › İş №2(009)-3161/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-3161/2021

22.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-3161/2021 22.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X2, İddiaçı - Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh X1 qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xeyrinə ondan iki uşaq üçün gəlirinin 1/3 hissəsi miqdarında 83,33 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası MPM-in 152.1.6-1-ci maddəsinə uyğun olaraq ərizə geri qaytarılmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən (ilkin mediasiya sessiyasında iştirak edilməməsi və ya ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə) arayışı və ya (mediasiya prosesinə xitam verilməsi barədə) protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Həmçinin qeyd edir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu da ödənilməmiş, eləcə də iddiaçının dövlət rüsumundan azad edilməsi ilə bağlı hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 9.1.2-ci maddəsinə müvafiq olaraq qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 0 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi, iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.5 və 152.1.6-1-ci maddələrinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi, eləcə də mediasiya sessiyasında iştirak edilib-edilməməsi ilə bağlı arayışı və ya protokolu ərizəsinə əlavə etmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. (istiqamət - mediasiya.org) Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 266-268 maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı - Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar