Məhkəmə qərarları › İş №2(009)-318/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-318/2024

01.02.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-318/2024 01.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilənin ləğv edilməsi, maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilənin ləğv edilməsi, maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Cavabdeh MMC-nin üzərinə onunla müqavilənin ləğv edilməsi və çəkdiyi zərərin ödənilməsi, yəni əmtəənin alışına sərf etdiyi pulun ona qaytarılması və ona-istehlakçıya paltaryuyan maşının dəyəri ölçüsündə dəyən mənəvi ziyanı ödəmək vəzifəsi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: xx.xx.2021-ci ildə “Soliton” şirkətinin Şamaxı şəhərində yerləşən mağazasından “BEKO” markalı paltaryuyan maşını (model WRE6511 BWW, seriya M 17-**********) almışdır. Zəmanət müddəti 36 aydır. Satıcı tərəfindən ona təqdim edilmiş zəmanət müddəti ərzində malda yaranmış nasazlıqla əlaqədar bu ilin iyul ayının ikinci yarısında “Soliton” mağazasına məlumat vermişdir. Mağazanın direktoru bir başqa işçi ilə birlikdə onun bağ qonşularının yanında paltaryuyan maşına yerində baxış keçirdi. Müəyyən edildi ki, maşında olan nasazlığa görə içərisindən çölə su axır. Cavabdeh MMC paltaryuyan maşını mağazaya qaytarıb, sonra isə onu emalatxanaya göndərib. Bundan sonra ona paltaryuyan maşını öz hesabına Bakı şəhəri Soliton Servisə aparmağı təklif edilib. Sonralar cavabdeh ərz etdi ki, borular və kabelləri siçovullar gəmirmişdir. O, malın nöqsanları barədə müraciət etdiyi gündən uzun müddət keçmişdir, lakin malın qüsurlarının aradan qaldırılması üzrə heç bir hərəkət edilməmişdir. O, cavabdehə pretenziya ilə müraciət etdi. Onun pretenziyasına cavabda deyildi ki, “...servis əməkdaşlarının apardığı yoxlama nəticəsində məhsula xarici müdaxilə nəticəsində (siçovul tərəfindən borular və kabellər yeyilib) zərər verildiyi üçün məhsulun ödənişsiz təmiri tərəfindən mümkün deyil”. Şahidlərin yanında aparılmış ilkin baxışda müəyyən olunmuşdur ki, boru və kabellər tam və sazdır, ancaq növbə satılmış keyfiyyətsiz əmtəəyə görə ona pulu qaytarmağa çatanda cavabdeh məsuliyyətdən yayınmağa başladı. Paltaryuyan maşını mağaza götürüb indiyə qədər özündə saxlayır. O, Şamaxı rayon məhkəməsinə müraciət etməyə məcbur oldu. Şamaxı rayon məhkəməsinin 2(074)- 1086/2023, xx.xx.2023-cü il tarixli Qərardadı ilə onun Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilməsi, maddi və mənəvi zərənin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılıb. Məhkəmə öz qərardadını əsaslandırmaq üçün hüquqi şəxs-Cavabdeh MMC-nin ünvanının Bakı şəhəri Nəsimi rayonunda olmasına istinad edib. Etirazın dəlilləri: Daha əvvəl məhkəmə iclasında iştirak etmiş Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz təqdim edərək İddiaçı Cavabdeh MMC-yə qarşı “istehlakçı hüquqlarının müdafiəsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh MMC-nin üzərinə iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi və çəkdiyi zərərin ödənilməsi, yəni əmtəənin alışına sərf etdiyi pulun geri qaytarılması və iddiaçıya paltaryuyan maşının dəyəri ölçüsündə dəyən mənəvi ziyanı ödəmək vəzifəsini qoyan qətnamə çıxarılmasını xahiş edib. İddiaçı iddia tələbini mübahisə predmeti olan paltaryuyanda texniki qüsurları olması ilə əsaslandırıb. Aşağıda göstərilənlərə əsasən İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi qanunsuz və əsassızdır. Belə ki, İddiaçı satılmış “WM BEK WRE 6511 BWW” markalı paltaryuyan Cavabdeh MMC-nin servis xidmətində müayinə edilərək 15 iyul 2023-cü il tarixli texniki rəy verilmişdir. Həmin texniki rəyə əsasən mübahisə predmeti olan paltaryuyanda “gəmirici ehtiyat hissələrini sıradan çıxarıb” rəyi verilib. İstinad edilən rəyə əsasən paltaryuyanda aşkar olunan qüsurlar istehsalçı tərəfindən deyil, kənar təsirdən yaranıb. Göründüyü kimi, mübahisə predmeti olan paltaryuyanda aşkar edilən qüsurlar istehsal qüsurları olmadığından, əksinə, istismar qaydalarına riayət edilməməsi səbəbindən yarandığından, tərəflər arasında müəyyən edilmiş zəmanət şərtlərinə uyğun olaraq ödənişsiz təmir edilməsi və ya yenisi ilə əvəz edilməsi mümkün olmamışdır. Zəmanət talonuna əsasən istismar qaydalarına riayət edilməmə, maddi zədələnmələr, kənar müdaxilələr və sair hallar zəmanət şərtlərinə daxil deyil. Belə olduğu halda iddiaçının öz təqsiri nəticəsində mübahisə predmeti olan məişət avadanlığında texniki qüsurların yaranması səbəbindən iddiaçıya qarşı ödənişin qaytarılması barədə iddia tələbi ilə çıxış etməsi qanunsuz və əsassızdır. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. İşin faktiki hallarından və iş üzrə toplanmış sübutlardan göründüyü kimi, iddiaçı cavabdeh ilə müqavilə münasibətlərinə daxil olub, iddiaçı cavabdehdən saz vəziyyətdə paltaryuyan alıb, həmin məişət texnikasını 2 il işlətdikdən sonra əmlakda guya istehsal qüsurunun olmasını iddia edib, servis müayinəsi nəticəsində paltaryuyana “gəmirici ehtiyat hissələrini sıradan çıxarıb” rəyi qoyulub, məişət avadanlığının kənar təsirə məruz qalması mütəxəssis rəyi, foto və video görüntülərlə sübut edildiyi halda İddiaçı prosessual hüququndan sui-istifadə edərək formal dəlillərlə iddia ərizəsi ilə məhkəməyə müraciət edilib. Cavabdeh tərəf bildirir ki, İddiaçı satılmış paltaryuyana zəmanət şərtləri daxilində servis xidməti göstərməyə hazırdır. Yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı Cavabdeh MMC-yə qarşı “istehlakçı hüquqlarının müdafiəsi tələbinə dair” iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Cavabdeh MMC-nin İddiaçı ünvanlanmış məktubundan görünür ki, servis əməkdaşlarının apardığı yoxlama nəticəsində məhsula xarici müdaxilə nəticəsində (siçovul tərəfindən borular və kabellər yeyilib) zərər verildiyi üçün məhsulun ödənişsiz təmiri mümkün deyil. Ona təqdim olunan zəmanət talonu məhsulda yaranan istehsalçı qüsurunun təmiri üçün nəzərdə tutulub. Bu səbəbdən məhsulu sadəcə ödənişli şəkildə təmir edə bilərlər. - Soliton Service tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Texniki rəydən görünür ki, müştəri İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə alınmış “WM BEK WRE 6511 BWW” markalı paltaryuyan maşınının ehtiyyat hissələrini gəmirici sıradan çıxarmışdır. - Soliton Service tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli SZT 558697 saylı zəmanət talonundan görünür ki, məhsulda yerləşən hissələrin (istifadə qaydalarına riayət olunduğu, lazımi parametrlərin düzgün təmin edildiyi halda) sıradan çıxanların yenisi ilə əvəz olunması zəmanət şərtlərinə aiddir. İstismar qaydalarına riayət edilməzsə yaranan nasazlıqlar, şüşə və plastik hissələrin mexaniki zədələnmələri və qırılmalı, kənar müdaxilələr və sair hallar zəmanət şərtlərinə aid deyil. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Soliton Şamaxı mağazasından 36 aylıq zəmanət müddəti müəyyən edilməklə “WM BEK WRE 6511 BWW” markalı paltaryuyan maşını almış, təxminən 2 il sonra İddiaçı Cavabdeh MMC-yə paltaryuyan maşının işləməməsi ilə bağlı müraciət etmiş, Cavabdeh MMC-nin nümayəndələri tərəfindən məhsula baxış keçirilmiş və xarici müdaxilə nəticəsində (siçovul tərəfindən borular və kabellər yeyilib) zərər verildiyi üçün məhsulun ödənişsiz təmirindən imtina etmişdir. Hazırda iddiaçı Cavabdeh MMC-nin üzərinə onunla müqavilənin ləğv edilməsi və çəkdiyi zərərin ödənilməsi, yəni əmtəənin alışına sərf etdiyi pulun ona qaytarılması və ona-istehlakçıya paltaryuyan maşının dəyəri ölçüsündə dəyən mənəvi ziyanı ödəmək vəzifəsi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə iddiaya etiraz edərək, İddiaçı satılmış “WM BEK WRE 6511 BWW” markalı paltaryuyan maşının ona saz vəziyyətdə təhvil verilməsinə, 2 il işlətdikdən sonra onlara müraciət etməsinə, zəmanət talonuna əsasən istismar qaydalarına riayət edilməmə, maddi zədələnmələr, kənar müdaxilələr və sair halların zəmanət şərtlərinə daxil olmamasına istinad edərək iddiaçının öz təqsiri nəticəsində mübahisə predmeti olan məişət avadanlığında texniki qüsurların yaranması səbəbindən iddiaçıya ödənişin qaytarılması barədə iddia tələbinin qanunsuz və əsassız olduğunu göstərmişdir. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur. - 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfıyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. - 581.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. - 587.2.1-ci maddəsinə əsasən əşyanın keyfıyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 5.1-ci maddəsinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfıyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. - 5.3-cü maddəsinə əsasən satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfıyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. - 7.1-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan lazımi keyfiyyətli mala dəyişdirməyi tələb etmək hüququna malikdir. - 7.2-ci maddəsinə əsasən satıcı (icraçı) istehlakçıdan lazımi keyfıyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. - 15-ci maddəsinə əsasən lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdeh ilə alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci ildə paltaryuyan maşın almış, cavabdeh tərəfindən müqavilə şərtləri və qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən iddiaçıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn mal (paltaryuyan maşını) təhvil verilmiş, alqı-satqı müqaviləsi bağlandıqdan və əşya təhvil verildikdən 2 il keçdikdən sonra iddiaçı paltaryuyan maşının təmir edilməsi barədə satıcıya müraciət etmiş, müraciəti satıcı tərəfindən təmin olunmamış, paltaryuyan maşının ödənişsiz təmir edilməsi təmin edilməmişdir. Məhkəmə iddianın və etirazın dəllillərini iş materiallarında olan sübutlarla müqayisəli şəkildə tədqiq edərək cavabdeh tərəfin dəlilləri ilə razılaşır və iddianın əsassız olması nəticəsinə gəlir. Belə ki, İddiaçı cavabdeh ilə alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci ildə paltaryuyan maşın almış, cavabdeh tərəfindən müqavilə şərtləri və qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən iddiaçıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn mal (paltaryuyan maşını) təhvil verilmiş, alqı-satqı müqaviləsi bağlandıqdan və əşya təhvil verilmişdir. Bundan 2 il keçdikdən sonra iddiaçı aldığı və istifadə etdiyi “WM BEK WRE 6511 BWW” markalı paltaryuyan maşının işləməsi ilə bağlı Cavabdeh MMC-nə şikayət etmiş və cavabdehin servis xidmətində müayinə edildikdən sonra 15 iyul 2023-cü il tarixində texniki rəy verilmişdir. Həmin texniki rəyə əsasən mübahisə predmeti olan paltaryuyanda “gəmirici ehtiyat hissələrini sıradan çıxarıb” rəyi verilib. İstinad edilən rəyə əsasən paltaryuyanda aşkar olunan qüsurlar istehsalçı tərəfindən deyil, kənar təsirdən yaranıb. Mübahisə predmeti olan paltaryuyan maşında aşkar edilən qüsurlar istehsal qüsurları olmadığından, əksinə istismar qaydalarına riayət edilməməsi səbəbindən yarandığından, tərəflər arasında müəyyən edilmiş zəmanət şərtlərinə uyğun olaraq ödənişsiz təmir edilməsi mümkün olmamışdır. Məhkəmə qeyd etməyi vacib sayır ki, iddiaçı zəmanət müddətinə istinad etsə də, zəmanət talonuna əsasən istismar qaydalarına riayət edilməmə, maddi zədələnmələr, kənar müdaxilələr və sair hallar zəmanət şərtlərinə daxil edilməmişdir. Eyni zamanda servis müayinəsi nəticəsində paltaryuyan maşının ehtiyat hissələrinin gəmirici tərəfindən, başqa sözlə kənar müdaxilə nəticəsində sıradan çıxması müəyyən edilmişdir ki, bu hal mütəxəssis rəyi ilə yanaşı iş materiallarına əlavə edilmiş foto və video görüntülərlə də sübuta yetirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmamaqla təmin edilə bilməz. Belə ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Odur ki, iddiaçının iddia tələbi müqavilənin ləğv edilməsi və maddi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər məhz bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir. Məhkəmə, hazırki işdə cavabdeh tərəfindən iddiaçının hər hansı bir şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulmasına yönələn hərəkətlər edilməsinin müəyyən edilməməsini, iddianın müqavilənin ləğv edilməsi və maddi zərərin ödənilməsi hissəsinin əsassız hesab edilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində də əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Beləliklə də, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilənin ləğv edilməsi, maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilənin ləğv edilməsi, maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar