Məhkəmə qərarları › İş №2(009)-33/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-33/2023

02.06.2023 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-33/2023 02.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X13 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçının nümayəndəsi-vəkili Nümayəndə və ilkin iddia üzrə cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin - cavabdeh Abdulla-zadə Gülarə Nikolayevnaya qarşı “əqdin etibarsız hesab edilməsi və zərər” barədə ilkin iddia tələbinə, habelə qarşılıqlı iddia üzrə iddiaçı X1 cavabdeh İddiaçı MMC-yə qarşı “zərər” barədə qarşılıqlı iddia tələbinə dair mülki işə 02 iyun 2023-cü il tarixdə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Abdulla-zadə Gülarə Nikolayevnaya qarşı “müqavilənin ləğvi və maddi ziyan” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 12 dekabr 2019-cu il və 06 avqust 2020-ci il tarixli müqavilələrin ləğv olunması, zərərin əvəzi olaraq 1,846,091,60 manat, əldən çıxmış fayda olaraq 143,508 manat, hüquqi xidmətlərin ödənilməsi üçün 10.000 manat, mediasiya xərci olaraq 400 manat pul olmaqla cəmi 2.000.000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Təlim MMC 15 yanvar 1996-cı il tarixində rəsmi dövlət qeydiyyatına alınmış, əsasən, təhsil sahəsində fəaliyyət göstərən hüquqi şəxsdir. İş üzrə sənədlərə əlavə olunmuş 06 mart 2017-ci il tarixli maliyyə arayışından göründüyü kimi, cavabdeh X4 ünvan 1 ünvanında yerləşən 3 mərtəbəli və mansard mərtəbəsi olan, 2 bloklu, ümumi sahəsi 4440 kvm-dən ibarət olan binanın sahibidir. Təlim MMC ilə Abdullazädə Gülarə Nikolayevna arasında 12 dekabr 2019-cu il terixində 10 il müddətinə ünvan 1 tavanında yerləşən 3 mərtəbəli və mansard mərtəbəsi olan, 2 bloklu, ümumi sahəsi 4440 kvm- dən ibarət olan binanın təhsil mərkəzi kimi istifadə edilməsi məqsədi ilə icarə müqaviləsi bağlanıb. İddiaçı qeyd edir ki, icarəyə götürülən zaman müqavilə obyekti olan sahə tamamilə -mirsiz vəziyyətdə olub. İddiaçı daha sonra 1.846.091,60 (bir milyon səkkiz yüz qırx altı min doxsan bir manat j qəpik) manat vəsait xərcləyərək bu sahəni təmir edib. İddiaçı bildirir ki, tərəflər müqavilə bağlanması gedişində razılığa gəliblər ki, icarə sahəsinin təhsil mərkəzi kimi fəaliyyətə başlaya bilməsi üçün cavabdeh qısa müddətdə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırıb, bununla bağlı mülkiyyət hüququ haqqında çıxarışı iddiaçı tərəfə təqdim edəcək. Çünki təhsil fəaliyyəti xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyət sahəsi olduğundan Təlim MMC-nin lisenziya alaraq təhsil mərkəzi kimi fəaliyyət göstərə bilməsi üçün icarə sahəsinin mülkiyyət mənsubiyyətini təsdiq edən sənəd (çıxarış) və mülkiyyətçi ilə notariat qaydasında təsdiq edilməklə bağlanmış icazə müqaviləsinin lisenziya verən dövlət orqanına təqdim edilməsi zəruri olub. Tərəflər arasında daha sonradan notarial qaydada təsdiq edilmiş 06 avqust 2020-ci il tarixli icarə müqaviləsi bağlanıb. Lakin bundan sonra da mülkiyyət hüququ haqqında çıxarış cavabdeh tərəfindən təqdim edilmədiyindən Təlim MMC daha əvvəl fəaliyyət göstərdiyi ünvan sahibi ilə yeni icarə müqaviləsi bağlayaraq fəaliyyətini həmin, yəni köhnə ünvanda davam etdirməyə məcbur olub. İş üzrə sənədlərə əlavə edilmiş, Əmlak Ekspert Mərkəzi tərəfindən tərtib olunmuş 22 fevral 2022-ci il tarixli qiymətləndirmə hesabatından da görünür ki, təkcə 2020-ci il tarixində ünvan 2 ünvanında yerləşən La Maison MTK tərəfindən inşa edilmiş yaşayış binasının tikinti-təmir işlərinə çəkilən, işçilik və material xərci daxil olmaqla, çəkilən xərclərin ümumi məbləği 1.498.040,7 (bir milyon dörd yüz doxsan səkkiz min qırx) manat, 70 qəpik təşkil edib. İddiaçı bildirir ki, cavabdehə tərəfə təqdim olunmuş pretenziya məktubunda da göstərilib ki, iddiaçının 06 avqust 2020ci il tarixli notariat qaydasında təsdiq edilmiş yeni müqaviləni bağlamağa razılıq verməsinin səbəbi cavabdehin tezliklə mülkiyyət hüququna dair çıxarış alacağı ilə bağlı vədləri olub. Əks təqdirdə, iddiaçının fəaliyyət göstərəcəyi sahənin lisenziyaya tabe olan sahə - təhsil sahəsi olduğunu və bu çıxarış əldə edilmədən fəaliyyətə başlamasının mümkünsüz olduğunu nəzərə alaraq, iddiaçının belə bir müqaviləyə razılıq verməsi və külli miqdarda xərc çəkməsi mümkünsüz idi. Cavabdeh Covid-19 və s. əsaslar göstərək hər dəfə bildirib ki, çıxarışı tezliklə əldə edəcək. İş üzrə sənədlərə əlavə edilmiş, 30 avqust 2021-ci il tarixli X9 və 07 sentyabr 2021-ci il tarixli cavabdeh X2 vəkili və nümayəndəsi Vəkil tərəfindən təqdim olunmuş X7 X14 Məktubundan bildirilib ki, tərəflər arasında mövcud olan müqavilənin heç bir bəndində Çıxarışın verilməsi öhdəliyi göstərilməyib. Bundan əlavə, cavabdehin mövqeyinə əsasən, tərəflər arasındakı müqavilə təmir xərclərinin qaytarılmayacagı əsası ilə bağlanıb. Bu səbəblə, cavabdeh tərəf iddiaçıya dəymiş zərərin ödənilməsi tələbini qəbul etmir və iddia ilə razılaşmır. İş üzrə sənədlərə əlavə olunmuş 15 noyabr 2021-ci il tarixli protokoldan da görünür ki, tərəflər arasında mediasiya prosesinə xitam verilib və iddiaçı tərəf mediasiya sessiyalarının keçirilməsi mediator X6 400 (dörd yüz) manat məbləğində mediasiya xərci ödəyib. İş üzrə sənədlərə əlavə olunmuş 738316 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, iddiaçı hüquqi xidmətlərin göstərilməsi üçün vəkil Nümayəndə 10.000 on min) manat məbləğində ödəniş edib. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, tərəflər arasında imzalanmış 12 dekabr 2019-cu il və 06 avqust 2020-ci il tarixli müqavilələrin etibarsız hesab olunması, zərərin əvəzi olaraq 1,846,091,60 manat, əldən çıxmış fayda olaraq 143,508 manat, hüquqi xidmətlərin ödənilməsi üçün 10.000 manat, mediasiya xərci olaraq 400 manat pul olmaqla cəmi 2.000.000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı Abdulla-zadə Gülarə Nikolayevna - cavabdeh İddiaçı MMC-yə qarşı «zərər» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ödənilməmiş cəmi 678397,5 manat borcun, cavabdeh tərəfindən müqavilənin tələblərinə riayət etmədən aparılan təmir-tikinti işlərinin sökülməsi üçün 440,000 manat pulun və 495,000 manat əldən çıxmış faydanın tutulması barədə qətnamə qəbul ödənilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, 12 dekabr 2019-cu il tarixində qarşılıqlı iddia üzrə cavabdeh və ilkin iddia üzrə iddiaçı olan İddiaçı (VÖEN: **********) (bundan sonra - "Cavabdeh") və qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə cavabdeh Abdulla-zadə Gulara Nikolayevna (bundan sonra - "İddiaçı") arasında "Qeyri-yaşayış sahəsinin icarəsinə dair müqavilə" (bundan sonra - "İcarə müqaviləsi") bağlanmışdır. İcarə müqaviləsinə əsasən İddiaçının mülkiyyətində olan və Bakı şəhəri, Xətai rayonu, "Ağ şəhər", 2-ci Yaşıl ada ünvanında yerləşən, ümumi sahəsi 4440 kv.m olan bina (bundan sonra - "İcarə obyekti") aylıq icarə haqqı 49500 (qırx doqquz min beş yüz) AZN olmaqla Cavabdehə icarəyə verilmişdir. İcarə müqaviləsinin 3-cü maddəsinə əsasən, İcarə müqaviləsi qüvvəyə mindikdən sonra ilk 3 (üç) ay ərzində icarə haqqı ödənilməli sonrakı 10 (on) ay üçün icarə haqqı isə icarəçi, yəni Cavabdeh tərəfindən icarə sahəsinin təyinatı üzrə hazırlanması üçün ayrılmalı və bu səbəbdən həmin müddətdə icarə haqqı ödənilməməli idi. Tərəflər arasında ilk İcarə müqaviləsinin imzalanmasından 8 (səkkiz) ay sonra 6 avqust 2020-ci il tarixində notariat qaydasında təsdiqlənmiş "Notarial İcarə müqaviləsi" imzalanmışdır. Cavabdeh 2020-ci ilin yanvar ayından 2020-ci ilin oktyabr aymadək İcarə obyektinin təmir-tikintisini həyata keçirdiyi üçün həmin müddətdə icarə haqqını ödəmək öhdəliyi güzəşt etilmişdir. Bu müddətdə Cavabdeh İcarə obyektinin təmirtikinti və yenidən layihələndirilməsini aparmışdır. 2020-ci ilin oktyabr, noyabr və dekabr ayları üçün Cavabdeh tərəfindən İcarə müqaviləsi üzrə üç aylıq İcarə haqqının ödənişi aylıq 49500 (qırx doqquz min beş yüz) manat olmaqla həyata keçirilmişdir. 2020-ci ilin dekabr ayından başlayaraq bu tarixədək Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən İcarə müqaviləsi üzrə icarə haqqının ödənişi həyata keçirilməmişdir. Cavabdeh 2021-ci ilin avqust ayında İcarə obyektindən faktiki olaraq çıxmışdır. Lakin çıxmasına dair heç bir bildiriş göndərməmidşir. İcarə Müqaviləsinin 11.5-ci maddəsinə görə bir Tərəf digər Tərəfi 90 (doxsan) gün əvvəl xəbər etməli idi. Yəni, faktiki olaraq 3 ay qabaq xəbərdaqlıq göndərilməli idi. Belə olan halda, Cavabdeh 2020-ci ilin dekabr ayından başlayaraq, 2021ci ilin avqust ayına kimi, yəni 9 (doqquz) aylıq icarə haqqını və üstə gəl 3 (üç) aylıq bildiriş müddəti üzrə bir yerdə 12 (on iki) aylıq İcarə müqaviləsi üzrə razılaşdırılmış icarə haqqının ödənişini həyata keçirməmişdir. 12 (on iki) ay üzrə Cavabdehin İcarə müqaviləsi üzrə 594.000.00 (beş yüz doxsan dörd min) manat pul borcu yaranmışdır. AR MM-in 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitinin ödənilməsi gecikdirən şəxs həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Həmin maddəyə əsasən faizlər öhdəliyin icra edildiyi gün üçün AR Mərkəzi Bankının müəyyən etdiyi faiz uçot dərəcəsinə uyğun olaraq müəyyən edilə bilər. AR Mərkəzi Bankının 18 mart 2022-ci il tarixində müəyyən etdiyi 7.75% faiz uçot dərəcəsinə uyğun olaraq Cavabdehin bu gün ki tarixədək artıq 22 aydır ki ödənişləri etməyib. Belə olan halda aylıq 3836.25 manat olmaqla, 22 ay üzrə isə 84 397.5 (səksən dörd min üç yüz doxsan yeddi manat 50 qəpik) faiz borcu yaranmışdır. İcarə obyektinin təyinatı İcarə müqaviləsinin 2-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən icarə obyekti tərəflər arasında rəsmi şəkildə razılaşdırılmaqla, təhsil mərkəzi də daxil olmaqla müxtəlif məqsədlər üçün istifadə edilə bilərdi. Lakin bu cür istifadə məqsədi və təyinat tərəflər arasında əvvəlcədən razılaşdırılmalı idi. Belə ki, Tərəflər arasındakı icarə münasibətlərini tənzimləyən 12 dekabr 2019-cu il tarixli İcarə müqaviləsinin 9.3.1-ci maddəsinə əsasən İcarəçi tərəfindən həmin Müqavilənin 6.3-cü maddəsinin tələblərinin pozularsa, İcarəçi İcarəyə verənə dəymiş zərərin əvəzini icarəyə verənə ödəməlidir. İcarə müqaviləsinin 6.3.4-cü yarımbəndinə əsasən İcarəçi icarə obyektindən ayrıla bilinməyən yaxşılaşdınlmaları, icarə sahəsinin yenidən planlaşdırma, rekonstruksiya, yenidən təchiz edilmə işlərini yalnız icarəyə verənin yazılı razılığı əsasında həyata keçirə bilər. 6 avqust 2020-ci il tarixli İcarə müqaviləsinin 8-ci maddəsinə əsasən İcarəçi İcarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. İcarə müqaviləsinin 7.1ci maddəsinə əsasən həmin işlər icarəyə verənlə razılaşdırılmış layihə-smeta sənədləri əsasında həyata keçirilməli idi. Qeyd edirlər ki, Cavabdeh tərəfindən icarə obyektində məktəb kimi fəaliyyət göstərmək məqsədilə yenidən layihələnirilməsi aparılmışdır. Həmin yenidən layihələndirmə və təmir-tikinti zamanı layihə-smeta sənədləri İddiaçı ilə razılaşdırılmamışdır. İcarə müqaviləsində müəyyən edilmiş öhdəliyini pozmaqla yenidən layihələndirmə və təmir-tikinti işlərini 'keyfiyyətsiz və normalara zidd həyata keçirən Cavabdeh icarə obyektini yararsız hala salmışdır. Belə ki, həmin təmir işləri ümumtəhsil müəssisələri olan məktəblər üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarının tələblərini və "İctimai binalar və tikililər. Layihələndirmə standartları. Ümumi hissə ilə müəyyən edilmiş tələbləri pozmaqla həyata keçirilmişdir. Bazar araşdırmaları nəticəsində belə nəticəyə gəldik ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən aparılmış təmir-tikinti işlərinin sökülməsi və İcarə obyektinin əvvəlki vəziyyətinə qaytarılması üçün hər bir kvadrat metr üçün 100.00 (yüz) manat olmaqla, ümumilikdə, 444.000.00 (dörd yüz qırx dörd min) manat pul vəsaiti tələb olunur. Yuxarıda qeyd etdiklərimizə uyğun olaraq, Cavabdeh istifadəyə yararsız vəziyyətə gətirdiyi binanın ən azından sökülməsi üçün tələb olunan xərcləri qarşılamalıdır. Qeyd etdiklərindən də görünür ki, İcarə obyektində aparılan təmir-tikinti və yenidən layihələndirmə işləri ilə bağlı məlumat almaq və həmin binada aparılan işlərlə tanış olmaq İddiaçının İcarə müqavilələri üzrə hüququ olmuşdur. Belə ki, həmin təmir-tikinti və yenidən layihələndirmə işləri İcarə obyektinin təyinatının da dəyişdirilməsi ilə bağlı olduğundan həmin sahənin gələcəkdə İddiaçı tərəfindən istifadə edilə bilməsi İcarə obyektinin mülkiyyətçisi kimi İddiaçının əsas hüquqlarından biridir. İcarə müqaviləsi üzrə İcarə obyektinin təmir-tikintisi üçün ayrılmış 10 (on) aylıq müddətdə icarə haqqının Cavabdehə güzəşt edilməsi də bununla bağlıdır. Lakin Cavabdeh həmin müddətdə tikinti- təmir işlərini İddiaçının müqavilə üzrə İcarə sahəsində aparılan işlərlə tanış olmaq hüquqlarını pozmaqla həyata keçirilmişdir. Nəticə olaraq, İcarə obyekti hazırda heç bir istifadə üçün yararlı deyildir. İddiaçı Cavabdeh tərəfindən aparılan təmir-tikinti və yenidən layihələndirmə işləri nəticəsində İcarə obyektinin istifadəyə yararsız hala düşəcəyini bilsəydi, 10 (on) aylıq icarə haqqını, yəni hər ay üzrə 49.500.00 (qırx doqquz min beş yüz) manat olmaqla, 495.000.00 (dörd yüz doxsan beş min) manat icarə haqqını Cavabdehə güzəşt etməzdi. Yuxarıda qeyd etdiklərinə uyğun olaraq, İddiaçı İcarə müqaviləsi üzrə hüquqlarının pozulması nəticəsində adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi 495.000.00 (dörd yüz doxsan beş min) manat gəliri itirmişdir. Sonradan qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh tərəfindən ödənilməmiş cəmi 678397,5 manat borcun, cavabdeh tərəfindən müqavilənin tələblərinə riayət etmədən aparılan təmir-tikinti işlərinin sökülməsi üçün 888,000 manat pulun və 495,000 manat əldən çıxmış faydanın tutulması barədə qətnamə qəbul ödənilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbinə etiraz ərizəsi verərək ərizədə göstərmişdir ki, iddiaçı iddia ərizəsinin 7, 8, 10, 19, 20, 21, 42 və 43-cü bəndlərində icarə müqaviləsinin bağlanması üçün danışıqlar zamanı cavabdehin mülkiyyət hüququ haqqında çıxarışı iddiaçıya təqdim etmək barədə vədlər verməsini, çıxarışın verilməsinin bağlanılan icarə müqavilələrinin mühüm şərti olmasını və cavabdehin bu öhdəliyini pozduğunu qeyd edir. Bununla əlaqədar qeyd edİR ki, icarə obyekti olan əmlakın tikildiyi zaman təyinatı yaşayış binası olmuşdur və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 05 noyabr 2013-cü il tarixli 439 nömrəli Sərəncamı ilə həmin əmlakın yaşayış binası kimi layihələndirilməsinə icazə verilmişdir. İddiaçı ilə icarə müqaviləsi bağlanan zaman isə müqavilənin 2-ci maddəsində icarə obyektinin təhsil mərkəzi kimi istifadə edilməsi razılaşdırılmışdır. Bu səbəbdən icarə obyektinin təyinatı yaşayış binasından qeyri-yaşayış binasına dəyişdirilməli idi. Cavabdeh üzərinə düşən bütün hərəkətləri edərək aidiyyatı dövlət orqanlarına icarə obyektinin təyinatının dəyişdirilməsi üçün müraciətin edilməsini təmin etmişdir. Bunun nəticəsidir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 14 iyun 2021-ci il tarixli 143 nömrəli Sərəncamı ilə icarə obyektinin təyinatı yaşayış binasından qeyri-yaşayış binasına dəyişdirilmiş, iddiaçının icarə obyektini icarə müqaviləsində razılaşdırıldığı kimi təhsil mərkəzi məqsədləri üçün istifadə etməsi üçün zəruri şərait yaradılmışdır. İddiaçının icarə obyektindən icarə müqaviləsində razılaşdırılmış təyinatı üzrə istifadə edə bilməsi üçün cavabdehin öhdəliyi bununla da məhdudlaşır. O ki qaldı çıxarışın alınması və həmin çıxarışın iddiaçıya təqdim olunmasına dair razılığın əldə edilməsinə, iddia ərizəsinin heç bir yerində Abdulla-zadə Gülarə Nikolayevnamn öz üzərinə belə bir öhdəliyi hansı əsasla götürməsi göstərilməmişdir. Bunun isə çox sadə bir səbəbi vardır ki, tərəflər arasında mövcud olan müqavilənin heç bir bəndində çıxarışın verilməsi öhdəliyi əks olunmayıb. Mövcud olmayan bir öhdəlik isə aydındır ki, heç bir halda müqavilənin mühüm şərti ola bilməz. Həmçinin, onu da nəzərə çatdırırlar ki, çıxarışın verilməsi Abdulla-zadə Gülarə Nikolayevnamn səlahiyyəti çərçivəsində olmadığından, belə bir öhdəlik heç vaxt götürülə bilməsidir. Buna baxmayaraq, Cavabdeh vicdanla hərəkət edərək, çıxarışın əldə olunmasına dair bütün əlindən gələn səylərini göstərmişdi, müraciətlər etmiş, razılıq, rəylər və digər sənədləri əldə etmişdir. Lakin, İddiaçı tərəfindən bütün tikinti-təmir normalarına zidd olaraq aparılmış təmir işlərin nəticəsidir ki çıxarışın bu günədək əldə olunması qeyri mümkün olmuşdur. İddiaçı iddia ərizəsinin 5, 6, 9, 33 və 37ci bəndlərində icarəyə götürülən zaman icarə obyektinin tamamilə təmirsiz vəziyyətdə olduğunu, Əmlak Ekspert Mərkəzi tərəfindən tərtib olunmuş 22 fevral 2022-ci il tarixli qiymətləndirmə hesabatına istinad edərək təkcə 2020-ci il tarixində tikinti-təmir işlərinə çəkilən xərclərin ümumi məbləğinin 1.498.040,7 AZN təşkil etdiyini və faktiki olaraq hesabatda göstərilən məbləğdən əlavə xərclər də çəkdiyini, bu səbəbdən təmir xərclərinin ümumilikdə 1.846.091,60 AZN təşkil etdiyini qeyd edir. İddiaçı Cavabdehin çıxarışı təqdim etmək öhdəliyini pozduğunu, bunun nəticəsində onun təhsil mərkəzi kimi fəaliyyət göstərə bilmədiyini vurğulayır və bu səbəbdən çəkilmiş təmir xərclərinin ona dəymiş real zərər kimi Cavabdeh tərəfindən qaytarılmasını tələb edir. Bununla əlaqədar qeyd edirlər ki, "İcarə haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən icarəyə verənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Tərəflər arasında olan 12 dekabr 2019-cu il tarixli icarə müqaviləsinin 6.4.4-cü bəndinə əsasən icarəçinin gələcəkdə əvəzini icarəyə verəndən tələb etmədən icarə sahəsində icarəyə verənlə razılaşdırmaqla öz vəsaiti hesabına əsaslı və cari təmir işləri aparmaq hüququ vardır. Hazırkı işdə icarəçi qismində çıxış edən iddiaçı isə tərəflər arasında olan icarə müqaviləsinin 7.1-ci maddəsini pozaraq icarə sahəsində apardığı təmir işlərinin heç birini icarəyə verən qismində çıxış edən cavabdeh ilə razılaşdırmamışdır. Bu, mövcud layihə-smeta sənədlərinə nəzər saldıqda da aydın olur. Bir halda ki, müqavilə heç icarəyə verənlə razılaşdırılmış təmir xərclərinin geri qaytarılmasını müəyyən etmir, razılaşdırılmamış təmir xərclərinin geri qaytarılmasından söhbət belə gedə bilməz. İddiaçı iddia ərizəsində əldən çıxmış faydası ilə bağlı iddiasını elə əsaslandırır ki, guya cavabdeh tərəfindən ona çıxarış təqdim edilsə idi, iddiaçı təhsil mərkəzi kimi fəaliyyət göstərmək üçün tələb olunan lisenziyanı əldə edəcəkdi və fəaliyyətə başlayacaqdı. Halbuki, təhsil fəaliyyətinə dair lisenziyanın əldə edilməsinin bir neçə tələbi vardır ki, çıxarış onlardan yalnız biridir. İddiaçı həmin lisenziyanı əldə etmək üçün isə bütün tələblərə, o cümlədən, "Təhsil müəssisəsinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya- gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 avqust 2012-ci il tarixli 171 nömrəli qərarının tələblərinə cavab verməlidir. Hazırkı işdə iddiaçının icarə sahəsində apardığı təmir-tikinti və quraşdırma işlərinin Nazirlər Kabinetinin həmin qərarına uyğunluğuna gəldikdə isə , təmir işləri qətiyyən həmin qərarda müəyyən edilən standartlara uyğun olaraq həyata keçirilməmişdir və ortada böyük uyğunsuzluqların aşkar edilmişdir. Kimya, fizika və biologiya laboratoriya otaqlarının, texniki və tibb otaqlarının nəzərdə tutulmaması, otaqların dəhlizə nisbətdə ikitərəfli olması səbəbindən yanğın normaları nəzərə alınmaqla otaqlar arasındakı məsafənin ən azı 4.0 m olmalı olduğu halda həmin məsafənin 2.5 m təşkil etməsi, normativlərə uyğun ölçüdə idman zallarının nəzərdə tutulmaması, akt zalının nəzərdə tutulmaması, laboratoriyalar, tibb kabinetləri və müəllimlər otağında əlüzyuyanların nəzərdə tutulmaması və quraşdırılmaması, otaqların müəyyən hissəsinin döşəmələrinin normativ tələblərə zidd olan laminat təbəqəsi ilə üzlənmiş olması, tədris otaqlarında yandan soltərəfli işıqlandırma tələbləriin çox otaqlarda gözlənilməməsi, su təchizatı və kanalizasiya sistemlərinin tam şəkildə hazır olmaması və istifadəyə verilməməsi, dəhlizlərin təbii işıqlandırma və havaladırma ilə təmin edilməməsi, evakuasiya nərdivanlarının quraşdırılmaması aşkar olunmuş uyğunsuzluqların yalnız bir hissəsidir. Əvvəlki abzasda qeyd edilən uyğunsuzluqların fonunda iddiaçı onsuz da təhsil fəaliyyəti üçün lisenziya əldə edə bilməyəcəkdi. Bu səbəbdən iddiaçının lisenziyanı əldə edə bilməməsini təkcə cavabdeh tərəfindən ona çıxarış təqdim edilməməsi ilə əlaqələndirməsi və bu səbəbdən ona əldən çıxmış fayda formasında zərər vurulması iddiası nə məntiqə uyğun, nə də əsaslı deyildir. Bundan əlavə, iddiaçı əldən çıxmış faydasının 143.508 AZN olduğunu bildirsə də, bu məbləğin necə hesablanmasına dair iddia ərizəsində heç bir yerdə əsaslandırma etməmişdir. İddiaçı iddia ərizəsinin xahiş hissəsində 12 dekabr 2019-cu il tarixli və 06 avqust 2020-ci il tarixli icarə müqavilələrinin etibarsız hesab edilməsini xahiş etsə də, iddia ərizəsinin mətninin heç bir yerində etibarsızlıqla bağlı tələbini əsaslandırmamış, bunun əksinə, iddia ərizəsinin 14, 22,24 və 26-cı bəndlərində həmin icarə müqavilələrinin ləğv edilməsi və iddiaçıya dəymiş zərərin əvəzinin tam həcmdə ödənilməsi ilə bağlı arqumentlərini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçının nümayəndəsi-vəkili ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinə uyğun məzmunda izahat verərək, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddia ərizəsində cavabdehdən tutulması xahiş olunan 143,508 manat əldən çıxmış faydanı iddiaçı ona dəymiş zərər kimi nəzərdə tutur və məhkəmədən də iddia tələbinin bu hissəsinə ziyanın cavabdehdən tutulması kimi qiymət verilməsini xahiş edir. Belə ki, həmin məbləğ müqavilə imzalandığı zaman ilk 3 ayın icarə haqqı kimi cavabdehə ödənilmişdir. Məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi-vəkili qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinə və ilkin iddia ərizəsinə vermiş olduğu etiraza uyğun məzmunda izahat verərək, qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianın isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC ilə X4 arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, G.Abdullazadə (İcarəyə verən) Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, 2-ci Yaşıl Ada küçəsi ünvanında yerləşən ümumi sahəsi 4,440 kv.m-dən ibarət olan binanı İddiaçı MMC-nin (İcarəçinin) müvəqqəti istifadəsinə verməyi, İcarəçi isə icarə sahəsini qəbul edib ondan təyinatına uyğun istifadə etməyi və Müqavilədə göstərilmiş qaydada, miqdarda və müddətlərdə icarə haqqını ödəməyi öz öhdəsinə götürür. İddiaçı MMC ilə X4 arasında bağlanmış 06 avqust 2020-ci il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, G.Abdullazadə (İcarəyə verən) Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, 2-ci Yaşıl Ada küçəsi ünvanında yerləşən ümumi sahəsi 4,440 kv.m-dən ibarət olan binanın 2,220 kv.m hissəni İddiaçı MMC-nin (İcarəçinin) müvəqqəti istifadəsinə verməyi, İcarəçi isə icarə sahəsini qəbul edib ondan təyinatına uyğun istifadə etməyi və aylıq 15,000 manat icarə haqqı ödəməyi öz öhdəsinə götürür. Məhkəmə ilk öncə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir:

1. Məhkəmə ilkin iddia tələbinin “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsaslıdır. “Lisenziyalar və icazələr” haqqında Qanunun: 1.0.8-ci bəndinə əsasən lisenziya müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. 18.2.4-cü bəndinə əsasən lisenziya alınması üçün təqdim olunmuş ərizəyə ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər lisenziya tələb olunan fəaliyyətin həyata keçirilməsi və icazə tələb olunan hərəkətin yerinə yetirilməsi obyektlə bağlıdırsa) əlavə edilir. Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 noyabr 2002-ci il tarixli 174 nömrəli Qərarının 12-ci bəndində təsbit olunmuşdur ki, təhsil müəssisələrinə (məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla), peşə təhsili müəssisələri, orta ixtisas təhsil müəssisələri, ali təhsil müəssisələri, dini orta ixtisas tədris müəssisələri, ali dini tədris müəssisələrinin fəaliyyəti üçün xüsusi razılıq (lisenziya) tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Məhz bu səbəbdən də qanun pozuntusu ilə bağlanmış hər bir əqd, bunun nəticəsində mənafeyi pozulan şəxsin tələbi ilə etibarsız sayılır. Məhkəmə qeyd edir ki, tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsi bağlanarkən icarəyə verən icarəyə verilən obyektin təhsil müəssisəsi kimi fəaliyyət göstərəcəyindən məlumatlı olmuşdur və bununla bağlı razılıq vermişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, təhsil müəssisəsi kimi fəaliyyət göstərə bilmək üçün xüsusi icazə sayılan lisenziyanın alınması məcburi şərt kimi göstərilmişdir. Lisenziyanın alınması üçün hazırki işdə İddiaçı MMC (icarəçi) müvafiq dövlət orqanına tələb olunan sənədlərin təqdim olunması öhdəliyinin daşıyıcısıdır ki, həmin sənədlərdən biri də məhz icarə obyektinin üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surətidir. Lakin iş materiallarından və tərəflərin hər ikisinin izahatlarından da görünür ki, icarə obyektinə dair İcarəyə verənin xüsusi mülkiyyət hüququnu təsdiq edən sənəd (Çıxarış) mövcud deyildir. Belə ki, tərəflər arasında sözügedən icarə müqavilələri bağlanarkən də İcarəyə verənin icarə obyektinə dair xüsusi mülkiyyət hüququnu təsdiq edən sənəd mövcud olmamışdır. Tərəflərin hər ikisi icarə müqavilələrini bağlayarkən icarə obyektinin təhsil müəssisəsi kimi fəaliyyət göstərəcəyi və bu fəaliyyətin xüsusi icazə alınması tələb olunan fəaliyyət sahələrindən olduğu barədə məlumatlı olmuşdurlar. Yəni İddiaçı MMC icarə obyektini icarəyə götürdüyü zaman həmin obyektin təhsil müəssisəsi kimi fəaliyyət göstərə bilməsi üçün mütləq surətdə lisenziya almalı olduğunu bilmişdir. Belə olduqda isə MMC-nin öz növbəsində müqavilə bağlanarkən icarəyə verəndən onun əmlaka dair xüsusi mülkiyyət hüququnu təsdiq edən sənədi tələb etməsi ağlabatandır. İcarəyə verən isə həmin sənədi qısa müddətdə əldə edəcəyi barədə MMC-yə vəd verdikdən sonra MMC sözügedən icarə müqavilələrinin bağlanmasına razılıq vermişdir. Halbuki həmin icarə müqavilələri bağlandığı zaman belə İcarəyə verənin sözügedən əmlaka xüsusi mülkiyyət hüququnu təsdiq edə biləcək sənədi olmamışdır. Hazırki halda isə MMC özündən asılı olmayan səbəblərdən təbii olaraq icarəyə götürdüyü əmlakdan razılaşdırılmış məqsədlər üçün istifadə etmək iqtidarında deyildir. Belə olan halda isə məhkəmə İddiaçı MMC-nin Abdulla-zadə Gülarə Nikolayevna tərəfindən onun sözügedən əmlaka xüsusi mülkiyyət hüququnu təsdiq edə biləcək sənədin əldə edilməsi ilə bağlı vermiş olduğu və yerinə yetirmədiyi vəd əsasında aldadılaraq icarə müqaviləsini bağlamış olduğu qənaətinə gəlir. Bu səbəbdən tərəflər arasında bağlanmış 12 dekabr 2019-cu il və 06 avqust 2020-ci il tarixli müqavilələr etibarsız hesab edilməlidir.

2. Məhkəmə ilkin iddia tələbinin “iddiaçıya dəymiş zərərin əvəzi olaraq 1,846,091,60 manat pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Belə ki, tərəflər arasında icarə müqaviləsi bağlandıqdan sonra İddiaçı MMC həmin icarə obyektini təmirsiz halda təhvil almış və müqavilə ilə nəzərdə tutulmuş məqsədlər üçün fəaliyyət göstərə bilməsi üçün obyektdə təmir-bərpa işlərinə başlamışdır. Lakin sözügedən müqavilələr məhkəmə qaydasında etibarsız hesab edildiyindən qanunvericiliyin tələbinə uyğun olaraq tərəflərdən hər biri əqd üzrə aldıqlarını digər tərəfə qaytarmalı, bu mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. İddiaçı MMC tərəfindən icarəyə götürülən əmlaka xərclənmiş təmir-bərpa işlərinin dəyərini müəyyənləşdirmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, ünvan 4 ünvanında yerləşən 3 mərtəbəli və mansard mərtəbəsi olan 2 bloklu, ümumi sahəsi 4,400 kv.m-dən ibarət olan binada aparılmış təmir işlərinin dəyəri 1366436,84 manat təşkil edir. Məhkəmə ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, 1,366,436.84 manat pul vəsaiti Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

3. Məhkəmə ilkin iddia tələbinin “143,508 manat zərərin cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə qismən əsasldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı MMC tərəfindən təqdim olunmuş mədaxil qəbzindən görünür ki, Ceyhun Soltanov cavabdehin nümayəndəsi kimi onun adından 127,710 manat məbləğində ödənişi MMCdən qəbul etmişdir. Qeyd olunan məbləğin MMC tərəfindən cavabdehə ödənildiyi işin mübahisəsiz halıdır. Belə ki, həmin məbləğin müqavilə bağlanarkən icarəçi tərəfindən icarəyə verənə ödənildiyini icarəyə verənin nümayəndəsi də etiraf edir. Hazırki halda tərəflər arasında bağlanmış müqavilələr etibarsız hesab edildiyindən və qanunvericiliyin tələbinə uyğun olaraq tərəflərdən hər biri əqd üzrə aldıqlarını digər tərəfə geri qaytarmalı olduğundan cavabdehə ödənilmiş sözügedən məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

4. Məhkəmə ilkin iddia tələbinin “hüquqi xidmətlər üçün ödənilmiş pulun və mediasiya xərclərinin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 738316 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmətin göstərilməsi üçün 10.000 manat məbləğində ödəniş edilmişdir. 15 noyabr 2021-ci il tarixli mediasiya prosesinə xitam verilməsi barədə protokoldan görünür ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edildiyindən hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş vəsaitin 5.000 manat hissəsi, mediasiya xərcinin isə 200 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir:

1. Məhkəmə qarşılıqlı iddia tələbinin “594,000 icarə haqqının və 84397,5 manat hesablanmış faiz haqqının cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsassızdır. Tərəflər arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli icarə müqaviləsinin 3.2-ci bəndinə əsasən icarə müqaviləsi qüvvəyə mindiyi tarixdən növbəti 3 təqvim ayı üçün icarə haqqı ödəniləcək, sonrakı 10 təqvim ayı isə İcarə sahəsinin icarəçi tərəfindən təyinatı üzrə hazırlanması üçün ayrılır və bu müddətdə icarəçi tərəfindən icarə haqqı ödənilməyəcək. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı özü də müqavilədə nəzərdə tutulmuş ilk 3 ayın icarə haqqının MMC tərəfindən ona ödənildiyini etiraf edir. 2020-ci ilin dekabr ayından hazırki vaxtadək icarə haqqının tələb olunmasına münasibətdə isə məhkəmə qeyd edir ki, Cavabdeh MMC-nin icarəyə götürmüş olduğu sahədə müqavilə ilə razılaşdırılmış məqsədlər üçün fəaliyyət göstərməsi məqsədilə MMC ilə şifahi qaydada razılaşdırdığı lisenziya alınması üçün tələb olunan və əldə edilməsi birbaşa onun öhdəliyi daxilində olan mülkiyyət hüququnu təsdiq edən sənədi MMC-yə təqdim edə bilməməsi səbəbindən MMC razılaşdırılmış fəaliyyəti həyata keçirə bilməmiş və bununla da heç bir qazanc əldə etməmişdir. Yəni ki, MMC-nin icarəyə götürdüyü sahədə razılaşdırılmış məqsədlər üçün fəaliyyət göstərə bilməməsi məhz Cavabdeh təqsiri ucbatından olmuşdur. Bundan başqa eyni zamanda hazırda tərəflər arasında icarə münasibətlərini tənzimləyən əqdlər məhkəmə qaydasında etibarsız hesab edildiyindən icarəçinin icarəyə götürən qarşısında yerinə yetirmədiyi öhdəlik mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

2. Məhkəmə qarşılıqlı iddia tələbinin “cavabdeh tərəfindən icarə müqaviləsinin tələblərinə riayət edilmədən aparılan və icarə obyektini yararsız hala salan təmirtikinti işlərinin sökülməsi üçün tələb edilən 888,000 manat pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. Tərəflər arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli icarə müqaviləsinin: 3.1-ci bəndinə əsasən icarə sahəsi icarəçiyə təmirsiz halda verilir. 6.3.4-cü bəndinə əsasən İcarəçi icarə sahəsində ayrıla bilinməyən yaxşılaşdırmaları, icarə sahəsinin yenidən planlaşdırılma, rekonstruksiya, yenidən təchiz edilmə işlərini yalnız İcarəyə verənin yazılığı razılığı əsasında həya keçirməlidir. 6.4.4-cü bəndinə əsasən icarəçinin gələcəkdə əvəzini icarəyə verəndən tələb etmədən icarə sahəsində icarəyə verənlə razılaşdırmaqla öz vəsaiti hesabına əsaslı və cari təmir işləri aparmaq hüququ vardır. Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, ünvan 4 ünvanında yerləşən 3 mərtəbəli və mansard mərtəbəsi olan 2 bloklu, ümumi sahəsi 4,400 kv.m-dən ibarət olan binanın daxilində müqavilə əsasında icarəyə götürən tərəfindən aparılmış təmir-tikinti və quraşdırma işləri normativ hüquqi aktların tələblərinə uyğun deyildir.İcarəyə götürən tərəfindən görülmüş işlərin tikinti-norma və qaydalarının tələblərinə uyğun şəkildə sökülərək əvvəlki vəziyyətə gətirilməsi üçün bir kvadrat metr üçün sahəyə 200 manat vəsait tələb edilir. "xxxx" MMC-nin 16 may 2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, ünvan 4 ünvanında yerləşən binanın daxilində müqavilə əsasında İddiaçı MMC tərəfindən aparılmış təmirtikinti və quraşdırılma işləri ümumtəhsil müəssisələri və müqavilədə nəzərdə tutulmuş digər təyinatlarla istifadə üçün müəyyən edilmiş standartlara uyğun həyata keçirilib. ünvan 4 ünvanında yerləşən binanın daxilində müqavilə əsasında İddiaçı MMC tərəfindən aparılmış təmir-tikinti və quraşdırılma işləri “Təhsil müəssisəsinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitar-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin təsdiq edilməsi haqqıda AR Nazirlər Kabinetinin 03 avqust 2012-ci il tarixli 171 nömrəli qərarının və SNİP N-L.2-72 “İctimai binalar və tikililər. Layihələndirmə standartları. Ümumi hissə”nin tələblərinə uyğun aparılmışdır. Məhkəmənin 19 may 2023-ü il tarixdə keçirilmiş iclasında şahid qismində dindirilən X10 bildirmişdir ki, o, İddiaçı MMC-nin rəhbəri Zərifə Əhmədovanın oğludur. Cavabdeh ilə 2019-cu ilin dekabr ayında müqavilə bağlandı, 2020-ci ilin yanvar ayından isə təmir işlərinə başlanıldı. Müqavilə bağlamazadan öncə o, cavabdehə icarəyə verilmiş sahə ilə bağlı çıxarış alınmasınn vacibliyini bildirmişdir. Cavabdehin nümayəndəsi Əliş müəllim hər ay 6-7 dəfə obyektə gələrək təmir-tikinti işlərinə nəzarət edirdi. Tikintinin layihəsi 2020-ci ilin iyun-iyul aylarında layihəçi Mütəllim müəllim tərəfindən hazırlanmışdır. Tikinti ilə bağlı razılaşmalar Əliş müəllim ilə mail vasitəsilə və eyni zamanda şifahi qaydada aparılırdı. Məhkəmənin 19 may 2023-ü il tarixdə keçirilmiş iclasında şahid qismində dindirilən X3 bildirmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin təmir-tikintisi üzrə briqadirdir. İş üzrə sifarişçi isə Cavabdeh nümayəndəsi Əliş İbadov olmuşdur. Əlİş İbadov hər həftə 1-2 dəfə obyektə gələrək tikinti işlərinə nəzarət edirdi. Obyektdə aparılan hər bir dəyişikliklər öncədən Əliş İbadova bildirilirdi. Əliş İbadov obyektdə bəzən dəyişiklikdən əvvəl, bəzən isə sonra tanış olurdu. Ancaq əksər hallarda təmir-tikinti işləri Əliş İbadovla öncədən razılaşdırılmış şəkildə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X11 bildirmişdir ki, tərəflər arasında müqavilə bağlanan zaman o da iştirak etmişdir. Gülarə xanımla şəxsi tanışlıqları vardır. Müqavilə bağlanan zaman İddiaçı MMC-yə obyektə dair çıxarışın alınacağı ilə Cavabdeh nümayəndəsi tərəfindən vəd verilmişdir. Təmir zamanı obyektə 3 dəfə baş çəkmişdir. Gülarə xanımın razılığı olmadan hər hansı təmir işləri aparılmamışdır. Ceyhun və o mütəmadi olaraq təmir haqqında Gülarə xanıma məlumat verirdilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə bağlandıqdan sonra qeyri-yaşayış sahəsi icarəyə verən tərəfindən icarəçiyə təmirsiz vəziyyətdə verilmişdir. Bundan sonra MMC həmin sahədə təmir işlərinə başlamış və 10 ay ərzində təmir işləri aparmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən biri də icarəçinin icarəyə götürənin razılığı olmadan təmir-tikinti işlərini aparmasına hüququnun olmaması idi. Hazırki halda qarşılıqlı iddia üzrə iddiaçı qeyd edir ki, icarə sahəsində aparılmış təmir-tikinti işləri cavabdeh tərəfindən iddiaçı ilə razılaşdırılmamış şəkildə aparılmışdır və həmin təmir işlərinin nəticələrinin aradan qaldırılması üçün iddiaçıya 888,000 manat pul vəsaiti lazımdır. Məhkəmə hesab edir ki, sözügedən mübahisənin həlli üçün ilk öncə icarə sahəsində aparılmış təmir işlərinin icarəyə verənin razılığı ilə aparılıb-aparılmadığını müəyyənləşdirmək vacibdir. Bununla bağlı məhkəmə qeyd edir ki, obyektdə aparılacaq təmir işlərinin icarəyə götürənlə razılaşdırılması tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən biri olub. Şahidlərin ifadəsindən də görünür ki, İddiaçı MMC icarəyə götürmüş olduğu qeyri-yaşayış sahəsində apardığı təmir, yaxşılaşdırma, dəyişdirmə işlərini öncədən Cavabdeh nümayəndəsi isə razılaşdırmış, daha sonra həyata keçirmişdir. Eyni zamanda şahid ifadələrindən görünür ki, təmir aparılan müddətdə icarəyə verənin nümayəndəsi mütəmadi olaraq obyektə baş çəkmiş və aparılan işlərlə tanış olmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı MMC tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahəsində aparılan təmir və yaxşılaşdırma işləri icarəyə verən ilə razılaşdırılmaqla və onun məlumatı daxilində aparılmışdır. Məhkəmə bununla bağlı ekspert rəylərinə münasibətdə qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyində icarəyə götürən tərəfindən aparılmış təmir-tikinti və quraşdırma işlərinin normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, "xxxx" MMCnin ekspert rəyində isə təmir-tikinti və quraşdırılma işlərinin “Təhsil müəssisəsinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitar-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin təsdiq edilməsi haqqıda AR Nazirlər Kabinetinin 03 avqust 2012-ci il tarixli 171 nömrəli qərarının və SNİP N-L.2-72 “İctimai binalar və tikililər. Layihələndirmə standartları. Ümumi hissə”nin tələblərinə uyğun olduğu qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbinin “cavabdeh tərəfindən icarə müqaviləsinin tələblərinə riayət edilmədən aparılan və icarə obyektini yararsız hala salan təmir-tikinti işlərinin sökülməsi üçün tələb edilən 888,000 manat pulun cavabdehdən tutulması” hissəsinə qiymət verərkən ilk öncə icarəyə götürən tərəfindən həmin işlərin icarə müqaviləsinin tələblərinə riayət edilib-edilmədən aparıldığını müəyyənləşdirmək lazımdır. Yuxarıda göstərilənlərdən isə müəyyən olunur ki, təmir-tikinti işləri tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə riayət olunmaqla icarəyə verənin razılığı və məlumatlı olması ilə aparılmışdır. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, ekspert rəylərinin bir-biri ilə ziddiyyət təşkil etməsinə baxmayaraq, icarə obyektində aparılmış yaxşılaşdırma işləri hər iki tərəfin ortaq razılığı ilə aparıldığından hətta həmin sahədə aparılmış təmir işlərinin qüsurlu aparıldığı halda belə icarəyə verənin həmin qüsurların yaratdığı xərcləri icarəçidən tələb etməsi əsassızdır. Bu səbəbdən məhkəmə təkrar yaxud əlavə ekpertiza keçirilməsinə zərurət görməmişdir. “İcarə haqqında” Qanunun 3-cü bəndinə əsasən əgər icarə müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə pozulduqda icarəyəverən həmin binaların və qurğuların bazar dəyərini icarəçiyə ödəməlidir. İcarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəyəverənə məxsusdur. İcarəyəverən bunların sökülməsini tələb etdikdə icarəçi onları öz hesabına sökməyə və ya sökülmə xərclərini ödəməyə borcludur. Mülki-Prosessual Məcəllənin: 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

3. Məhkəmə qarşılıqlı iddia tələbinin “cavabdehdən 495,000 manat əldən çıxmış faydanın tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, iddiaçı ərizəsində tələbin bu hissəsini onunla əsaslandırır ki, icarəyə verənin icarə obyektində aparılan təmir-tikinti işləri ilə bağlı məlumat almaq hüququ olmasına baxmayaraq, icarəyə götürən onu bu hüquqlarından məhrum etmiş və özbaşına olaraq qeyri-yaşayış sahəsində yaxşılaşdırma işləri aparmışdır. Nəticə olaraq isə icarəçinin apardığı həmin təmir işlərinin nəticəsində icarə obyekti yararsız vəziyyətə düşmüşdür. Məhkəmə bununla bağlı qeyd edir ki, icarə obyektində aparılan təmir-tikinti işlərinin tərəflərin hər ikisinin razılığı və məlumatı çərçivəsində aparıldığı məhkəmə iclasında öz təsdiqini tapmışdır. Burdan da görünür ki, qarşılıqlı iddia tələbinin qeyd olunan hazırki hissəsi onun əsasında duran dəlillərin öz təsdiqini tapmadığı səbəbindən əsassız hesab edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçı və cavabdeh tərəfindən iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumundan və 100 manat Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspert tədqiqatının dəyərindən ibarətdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və ilkin iddia qismən təmin olunduğundan, qarşılıqlı iddia isə təmin olunmadığından ilkin iddianın qaldırılması üçün ödənilmiş 1,705 manat dövlət rüsumunun 850 manat hissəsi ilkin iddia üzrə cavabdehdən tutulub iddiaçıya ödənilməli, qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməli, həmçinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə mühəndis-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsi ilkin iddia üzrə iddiaçıdan, 50 manat hissəsi isə ilkin iddia üzrə cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İddiaçı MMC ilə Abdulla-zadə Gülarə Nikolayevna arasında bağlanmış 12 dekabr 2019-cu il və 06 avqust 2020-ci il tarixli İcarə müqavilələri etibarsız hesab edilsin. 1,494,146.84 (bir milyon dörd yüz doxsan dörd min yüz qırx altı manat səksən dörd qəpik) məbləğində pul vəsaiti Abdulla-zadə Gülarə Nikolayevnadan İddiaçı MMC-nin xeyrinə tutulsun. Hüquqi xidmət üçün ödənilmiş 10.000 manat pulun 5.000 manat hissəsi və mediasiya xərci kimi ödənilmiş 400 manat pulun 200 manat hissəsi Abdulla-zadə Gülarə Nikolayevnadan İddiaçı MMC-nin xeyrinə tutulsun. İlkin iddianın qaldırılması üçün ödənilən 1,705 manat dövlət rüsumunun 850 manat hissəsi Abdulla-zadə Gülarə Nikolayevnadan İddiaçı MMC-nin xeyrinə tutulsun. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddianın qaldırılması üçün ödənilən dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə mühəndis-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsi İddiaçı MMC-dən, 50 manat hissəsi isə Abdulla-zadə Gülarə Nikolayevnadan tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X5, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar