Məhkəmə qərarları › İş №2(009)-36/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-36/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-36/2022 24.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri X6 və X5, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi X3, X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Cavabdeh1 göstərilməklə) qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə 02.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən onun xeyrinə 25000 manat məbləğində sığorta ödənişinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1978-ci ildə Bakı şəhərində doğulmuşdur. Əslən şərqi-slavyan qoluna aid olan çoxsaylı rus millətinə aiddir. Azərbaycan Respublikasında yaşayan 180 min rusdan biridir. Pravoslav xristiandır. Himayəsində 3 (üç) azyaşlı uşağı var. Bu uşaqları təkbaşına böyüdür. "xxxx" ASC-nin xidmətlərindən istifadə etmək üçün Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi 6 ünvanında yerləşən fərdi yaşayış evini sığorta etmişdir. 22.04.2020-ci il tarixində sözügedən fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Yanğın hadisəsi zamanı ona dəymiş əmlak üzrə 35000 manat, daşınar əmlak üzrə isə 25000 manat məbləğində zərər dəyib. Lakin evi sığorta edən "xxxx" ASC ona dəymiş zərəri tam ödəməyib. İstehlakçı hüquqlarını pozub. Hadisədən sonra evi inşa etdirmək üçün maddi vəsaiti və dəstəyi olmadığından uşaqları ilə küçədə yaşamağa başlayıb. Cavabdeh etiraz ərizəsi təqdim etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta və sair ödənişlərin ödənilməsi tələbinə dair iddiası əsassızdır. Sığortalı tərəfindən sığorta aktı imzalanmış, sığortalı sığorta ödənişi məbləği ilə razılaşmış və sığorta ödənişi ödənilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən Sığortaçı sığorta hadisəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Əmlaka dəymiş zərərin müəyyən edilməsi üçün müstəqil ekspertin təyin esilməsi barədə 25.04.2020-ci il tarixli razılaşma aktı ilə X10 müstəqil eskpert təyin edilmiş və sığortalı İddiaçı həmin aktı imzalayaraq qeyd edilənlərlə razılaşmışdır. Bundan sonra əmlaka baxış keçirilmiş, dəymiş zərər məbləği müəyyən edilmiş və sığorta ödənişi sığortalının hesabına ödənilmişdir. Sığortalı İddiaçı 21.05.2020ci il tarixli, CPİ 0004/20 saylı sığorta aktını imzalayaraq sığorta ödənişinin məbləği və üsulu ilə razı olduğunu və "xxxx" ASC-yə qarşı şikayət və iddiasının olmadığını təsdiqləmişdir. Tərəflər arasında razılaşdırılmış, imzalanmış və təsdiq olunmuş əqd-sığorta aktı olduğundan zərər məbləğinin mübahisələndirilməsi hüquqi baxımdan mümkün deyildir. İddiaçının vəkilinin 05.04.2021-ci il tarixli sübutların tətqiq edilib işə aid olması ilə bağlı vəsatətlərində Sığorta şirkətinin fərdi yaşayış evinin yanmağı ilə bağlı iddiaçının ağır həyat şəraitindən istifadə edərək onun hüquqlarını pozduğu, qanunsuz olaraq bəzi sənədlərə imza atmağa nail olduğu və sözügedən faktın Bakı şəhər Nərimanov rayon məhkəməsinin 22.12.2020-ci il tarixli, 6(005)-126/2020 saylı qərarında və Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsinin 11.02.2021-ci il tarixli, 0697 saylı qərarında öz əksini tapdığı qeyd edilmişdir. Sadalanan qərarların heç birində belə bir faktın olduğu və səlahiyyətli dövlət orqanı tərəfindən təsdiqlənməsi barədə bir qeyd yoxdur. Belə ki, sadəcə olaraq qərarların giriş hissəsində İddiaçı öz şikayətini əsaslandırması hissəsində iddiaçının fikirləri olaraq qeyd edilmişdir. Bu isə faktın təsdiqini tapması demək deyildir. Həmçinin işlə bağlı keçirilmiş birinci məhkəmə prosesində qarşı tərəf iddiaçının milliyətinin rus olduğunu və azərbaycan dilini bilmədiyindən başa düşməyərək sığorta aktına imza atdığını bildirmişdir. Bununla bağlı bildirilir ki, işə üçüncü şəxs qismində cəlb edilmiş Cavabdeh1 tərəfindən İddiaçı alınmış və bəzi internet saytlarında yayımlanmış videoda Cavabdeh1 tərəfindən iddiaçıya azərbaycan dilində ünvanlanmış bütün suallara suala uyğun cavablar vermişdir. Bu isə onun azərbaycan dilini yaxşı başa düşmədiyi və anlamadığı iddialarını puç edir. İddiaçı öz iradəsinin ifadəsi olaraq aktı imzalamış və ödənilən məbləğlə razılaşmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Dəymiş zərər məbləği əmlaka dəymiş zərərə mütənasib olaraq hesablanmışdır. Belə ki, iddiaçı sığorta şirkətindən daha artıq məbləğdə pul əldə edərək əmlakını tam yenidən tikdirmək niyyətindədir. Halbuki zərər dəymiş əmlak tamamilə sökülməyə və təmir edilərək əvvəlki vəziyyətinə qaytarıla bilərdi. Lakin iddiaçı fürsətdən istifadə edərək zərər dəymiş fərdi yaşayış evinin yerində daha geniş ev tikdirməyə başlamış və təbii olaraq verilmiş sığorta ödənişi məbləği onu qarşılaya bilməmişdir. Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsinin 11.02.2021-ci il tarixli, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarında, həmçinin işlə bağlı digər qərarlarda da yanğının ikinci yataq otağının tavan səviyyəsində olduğu göstərilmişdir. Həmçinin Azərbaycan Respublikası FHN X9 Xidmətinin 22.04.2020-ci il tarixli yanğın baş vermiş hadisə yerinə baxış protokolunda da yanğın nəticəsində evin otaqlarının tavan hissəsinin yanaraq töküldüyü, məişət əşyalarına zərər dəydiyi, digər ərazilərə zərər dəymədiyi qeyd edilmişdir. Göründüyü kimi səlahiyyətli dövlət orqanlarının heç bir qərarında evin divarlarının uçduğu və ya evin tamamilə yanması barədə heç bir qeyd yoxdur. Hadisədən sonra əməkdaşlarları tərəfindən çəkilmiş fotoşəkillərdən də qeyd olunan hal sübut olunur. Məhkəmə təcrübəsində sığorta ödənişi verildikdən sonra daha artıq məbləğdə sığorta ödənişinin tələb edilməsi ilə bağlı iddiaların əsassız hesab edilməsi ilə bağlı kifayət qədər məhkəmə qətnamələri mövcuddur. Ali Məhkəmənin Mülki Kollegiyası Apellyasiya Məhkəməsinin 2(103)-7470/2018 saylı, 29 avqust 2018-ci il tarixli qətnaməsini dəyişdirilmədən qüvvədə saxlamış və iddiaçının kassasiya şikayətini təmin etməmişdir. Digər analoji iş üzrə Apellyasiya Məhkəməsi 10.07.2018-ci il tarixli, 2(103)7151/2018 saylı qətnaməsində iddiaçının daha artıq sığorta ödənişi tələbini əsassız hesab edərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianı təmin etməmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 06.09.2019-cu il tarixli, 2(006)- 3039/2019 saylı qətnaməsi ilə iddiaçının cavabdeh sığorta şirkətinə qarşı vurulmuş zərərin ödənilməsi ilə bağlı tələbi təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 etiraz ərizəsində göstərilənləri müdafiə edərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə işə baxb, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan BB 057100 saylı “Daşınmaz Əmlakın İcbari Sığortası” şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında sığorta müqaviləsi bağlanaraq Bakı şəhəri, Şağan qəsəbəsi, Ə.Əlizadə küçəsi ev 6 13.12.2019cu il tarixdən 12.12.2020-ci il tarixədək 25000 manat məbləğində sığortalanmışdır. Sığorta müqaviləsinə əsasən sığorta haqqı 50 manat ödənilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11.02.2021-ci il tarixli qərarının surətindən görünür ki, 22 aprel 2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yanğın baş vermiş, nəticədə fərdi yaşayış evinin ikinci yataq otağının tavanı ilə çəkilmiş elektrik naqillərində elektrik qəza/qısaqapanma, yüksək keçid müqaviməti və s. halının yaranmasından əmələ gələn temperaturdan bilavasitə yaxınlıqda yerləşən yanar materialların alışmasından yanğın baş vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.09.2020-ci il tarixli 10/2110 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə yanğın nəticəsində tikilinin yenidən bərpası üçün yerinə yetirilməli təmir-bərpa işlərinin, dəymiş ziyanın təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 30019.90 manat (otuz min on doqquz manat doxsan qəpik) məbləğində müəyyən edilmişdir. Baş vermiş yanğın hadisəsində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Əlişov R.A. tərəfindən hazırlanmış hesabatdan görünür ki, yanğın nəticəsində İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş ziyanın məbləği 7387.20 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 21.05.2020-ci il tarixli, CPİ 000420 saylı sığorta aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən əmlakın yanğın sığorta hadisəsinə görə İddiaçı 250 manat azadolma məbləği və 8.02 manat əlavə sığorta haqqı çıxılaraq 7129.18 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan 10 dekabr 2021-ci il tarixli, 10/2700 saylı Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın tikililərinə 22.04.2020-ci il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində dəymiş ziyanın dəyərini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 22 aprel 2020-ci il tarixdə İddiaçı mülkiyyətində olan, BB 057100 saylı “Daşınmaz Əmlakın İcbari Sığortası” Şəhadətnaməsinə əsasən cavabdeh "xxxx" ASC tərəfindən 25000 manat məbləğində, 13.12.2019-cu il tarixdən 12.12.2020-ci il tarixinədək sığorta təminatı verilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yanğın baş vermişdir. "xxxx" ASC dəymiş zərərin 7387.20 manat olduğunu məyyən etmiş və İddiaçı 250 manat azadolma məbləği və 8.02 manat əlavə sığorta haqqı çıxılaraq 7129.18 manat məbləğində sığorta ödənişi edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.09.2020-ci il tarixli 10/2110 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə yanğın nəticəsində tikinti üzrə dəymiş ziyanın təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 30019.90 manat (otuz min on doqquz manat doxsan qəpik) məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə üçün cinayət prosesesini həyata keçirən orqanın ləğv olunmamış qərarı ilə müəyyən edilmiş halın preyudisiyal əhəmiyyəti vardır ki, bu qərarda da ziyanın məbləği 30019.90 manat (otuz min on doqquz manat doxsan qəpik) məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanunun 3.1 və 3.1.2-ci maddələrinə əsasən qanunda nəzərdə tutulan icbari sığortaların əsas prinsiplərindən biri sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmçinin, həmin qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir. Həmin qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanunun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, dəymiş zərər 30019.90 manat (otuz min on doqquz manat doxsan qəpik) məbləğində qiymətləndirildiyi halda, İddiaçı cavabdeh sığorta şirkəti tərəfindən ona ödənilmiş 7129.18 manat məbləği qəbul edərək, ona çatası qalan məbləğdən düşünülmüş və iradəvi şəkildə imtina etməsi hər hansı ağlabatan mühakimədən uzaq olmaqla, inandırıcı və məntiqli görünmür, bu səbəbdən də iddiaçının qeyd olunan hərəkəti onun mübahisəsiz olan həmin tələbindən imtinası, müvafiq olaraq da cavadehin həmin öhdəliyinin tam icrası kimi qiymətlədirilə və qəbul oluna bilməz. Məhkəmə hesab edir ki, 25000 manatdan ödənilmiş 7129.18 manat çıxılmalı və qalan məbləğ 17870.82 manat "xxxx" ASC tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. İddiaçı iddia tələbini istehlakçı hüquqlarının pozulması iddia növünə aid olduğunu hesab edərək dövlət rüsumunu ödəməmişdir. Məhkəmə hesab edir ki, hazırkı tələb iddia qiyməti 500 manatdan yuxarı olan iddialara aiddir və iddiaçının məhkəməyə müraciət etdiyi zaman qüvvədə olan “Dövlət rüsumu haqqında” Qanuna uyğun olaraq 30 manat dövlət rüsumu ödənilməlidir. Odur ki, iddia tələbi qismən təmin edildiyindən cavabdeh "xxxx" ASC-dən 20 manat, İddiaçı 10 manat dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi pul tutulmalıdır. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci, 100 manat məbləğinin 70 manatı "xxxx" ASC-dən, 30 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 17870.82 manat (on yeddi min səkkiz yüz yetmiş manat səksən iki qəpik) manat sığorta ödənişi tutulsun. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci, 100 manat məbləğinin 70 manatı "xxxx" ASC-dən, 30 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. Cavabdeh "xxxx" ASC-dən 20 manat, İddiaçı 10 manat dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar