Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-401/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ("xxxx" ASC müstəqil tələb irəli süməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona dəymiş ziyanın kasko sığortası üzrə 2530 manat pul vəsaitinin, dövlət rüsumu qismində ödənilmiş 46 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: xx.xx.2024-cü ildə, saat 14:00-da o, etibarnamə əsasında idarə etdiyi Hyundai Elantra markalı, ** YE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Ziya Bünyadov prospektində hərəkətdə olarkən DOST mərkəzini keçdikdən sonra sağa dönərkən sağda avtobus zolağında hərəkətdə olan BMW markalı, ** SU *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmayıb. Hadisədən əvvəl spirtli içki, narkotik vasitə və psixotrop maddə qəbul etməmişdir. Avtomobilini Kredit evi ASC-nin verdiyi etibarnamə əsasında idarə etmişdir. Sürücülük vəsiqəsi vardır. Avtomobili lizinq əsasında əldə etmişdir. Törətdiyi qəza ilə əlaqədar barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qəza nəticəsində tərtib edilmiş AA041/1211, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, onun avtomobilinə dəymiş ziyanın ümumi məbləği 2530 manat həcmində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş sığorta şəhadətnaməsindən görünür ki, avtomobili xx.xx.2024-cü ildə 1 illik kasko sığorta edilmişdir. Lakin, onlara sığorta təminatının 100 % olduğu bildirilsə də, sonradan öyrənmişdir ki, 77 % təminatla əhatə olunmuşdur. Onun avtomobilinin də zərər görməsi DYP-nin tərtib etdiyi sənəddə və yol nəqliyyat hadisəsinin sxemində öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş sürücülük vəsiqəsi və qeydiyyat şəhadətnaməsi onun sənədlərinin qaydasında olduğunu təsdiq edir. O, yol nəqliyyat hadisəsi nəticəsində avtobusa dəymiş ziyanı ödəmişdir. Lakin, sığorta şirkəti onun ziyanını ödəməkdən imtina etmişdir. Onun icbari sığortası qarşı tərəfin ziyanını qarşılamışdır. Öz kasko sığortası olan "xxxx" ASC isə ona dəymiş ziyanı qarşılamaqdan imtina etmişdir. İlkin olaraq onu qeyd etmək istərdi ki, sığorta şirkəti ona bildirmişdir ki, onun sığortası 100 % təminatla deyil, 77 % təminatla əhatə olunmuşdur. Eyni zamanda bəhanə olaraq ona bildirilmişdir ki, onun sürücülük vəsiqəsinin müddəti 1 ildən artıqdır. Həmçinin sığorta şirkəti sığorta müqaviləsi bağlanılanda ona müqaviləni təqdim etməmişdir. Sığorta şirkəti ondan müqaviləni gizlətmiş, müqavilə şərtlərini onunla razılaşdırmamışdır. Yalnız hadisə baş verən zaman belə absurd şərtləri ortaya çıxartmışdır. Hesab edir ki, bu qanunsuzluqdur, həmin məbləğ sığorta şirkətindən tutularaq ona ödənilməlidir. Etirazın dəlilləri: iddiaçı iddia ərizəsində xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Ziya Bünyadov prospektində "xxxx" ASC tərəfindən "Avtomobillərin tam sığortası" növü üzrə sığortalanmış “Hyundai Elantra" markalı, ** YE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə "BMC Procity" markalı, ** JU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması nəticəsində "Hyundai Elantra” markalı, ** YE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 2530 (iki min min beş yüz otuz) manat sığorta ödənişi və dövlət rüsumu qismində ödənilmiş 46 (qırx altı) manat pul vəsaitinin cavabdeh “Qala Sığorta" ASC-dən tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC-yə qarşı iddiasını aşağıda göstərilən səbəblərdən əsassız hesab edirlər: İddiaçının tələb etdiyi məbləğdə sığorta ödənişinin tərəflərindən ona ödənilməsi sığorta qaydalarına və aralarında bağlanmış sığorta müqaviləsinin şərtlərinə ziddir. İddiaçı iddia ərizəsində qeyd edilən avtomobilə dəymiş zərərin 2530 (iki min beş yüz otuz) manat həcmində müəyyən edildiyini, “Qala Sığorta" ASC-nin ona dəymiş ziyanı ödəməkdən imtina etdiyini və sığorta müqaviləsi şərtlərinin onunla razılaşdırılmadığını iddia etmişdir. Bununla bağlı bildirirlər ki, “Hyundai Elantra" markalı, ** YE *** dövlət qeydiyyat nişanlı avtomobil, həmin avtomobilin mülkiyyətçisi olan "xxxx" ASC və "xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MVC-B 01171-24 saylı müqavilə ilə kasko sığorta növü üzrə Cəmiyyətlərində sığortalanmışdır. Həmçinin, həmin müqavilə üzrə həm sığortalı, həm də faydalanan şəxs, yəni sığorta ödənişi verilməli olan şəxs “Kredit Evi" ASC olmuşdur. Bu səbəbdən də müqavilənin bütün şərtləri müqavilə tərəfi olan sığortalı ilə razılaşdırılmışdır. Qeyd edilən müqavilənin "Şərtlər" hissəsinin 2-ci abzasında qismən sığorta barədə müddəa göstərilmiş və sığorta məbləğinin sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçının zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəməsi şərti qeyd edilmişdir. Həmçinin “Şərtlər” hissəsinin 4-cü abzasında qeyd edilmişdir ki, hadisə zamanı nəqliyyat vasitəsini idarə edən şəxsin rəsmi sürücülük təcrübəsi 1 (bir) ildən və/və ya yaşı 21-dən (iyirmi birdən) az olduğu halda 1000 (bir min) məbləğində əlavə azadolma və şərtsiz azadolma tətbiq ediləcəkdir. Müqavilənin "Şərtsiz azadolma" hissəsində isə 300 (üç yüz) manat azadolma məbləği qeyd edilmişdir. Əlavə olaraq nəzərə çatdırırlar ki, hadisə zamanı qeyd edilən avtomobili etibarnamə ilə idarə edən İddiaçı xx.xx.2024-cü ildə sürücülük vəsiqəsi aldığı üçün hadisə vaxtı 1 (bir) ildən az təcrübəsi olmuş və bu da müqavilə şərtlərinə uyğun olaraq 1000 (bir min) manat əlavə azadolma məbləğinin tətbiq edilməsinə səbəb olmuşdur. Göründüyü kimi xx.xx.2024-cü il tarixli, MVC-B 01171-24 saylı sığorta müqaviləsində sığorta qanunvericiliyinin göstərilən tələblərinə əməl edilmiş və sığorta müqaviləsi qismən sığorta ilə bağlanmışdır. Həmçinin, müqavilə üzrə sığortalı və faydalanan şəxs olan "xxxx" ASC xx.xx.2024-cü il tarixli Cəmiyyətlərinə təqdim etdiyi məktubla hadisə zamanı avtomobilə dəyən zərərin 2024 (iki min iyirmi dörd) manat məbləğində hesablandığını və müvafiq çıxılmalarla yekun sığorta ödənişi kimi 184,26 (bir yüz səksən dörd manat, iyirmi altı qəpik) manat məbləğin "xxxx" ASC-yə ödənilməsini xahiş etmişdir. Faydalanan şəxsin müraciətinə əsasən isə xx.xx.2024-cü il tarixində qeyd edilən məbləğ tərəflərindən "xxxx" ASC-nin müvafiq bank hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli, MVC-B 01171-24 saylı sığorta müqaviləsində şərtlər dəqiq qeyd edilmiş və sığorta müqaviləsinin digər tərəfi olan "xxxx" ASC ilə razılaşdırılmışdır. İddiaçı isə sözügedən sığorta müqaviləsini tərəfi olmadığından şərtlərlə bağlı razılığının alınması üçün heç bir əsas olmamışdır. Bütün bunlara əsasən tərəflərindən İddiaçı sığorta ödənişinin ödənilməsi mümkün deyildir. İddiaçının cavabdehə münasibətdə sığorta ödənişinin ödənilməsi barədə iddia tələbinin qanunsuz və əsassız olduğu üçün rədd edilərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, müqavilə şərtlərinə əsasən qismən sığorta ödənişi verilməli idi, zərər müəyyən edilmiş və servis tərəfindən edilmiş endirim məbləği nəzərə alınmaqla nəticə də 184,26 manat sığortalı şirkətə ödənilmişdir. Qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 18 oktyabr 2024-cü il tarixli, MVC-B 01171-24 nömrəli avtonəqliyyat vasitəsinin sığortası şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə məxsus sığorta dəyəri 22500 manat olan “Hyundai Elantra” markalı **-YE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək “nəqliyyat vasitəsinin tam sığortası” ilə sığortalanmış və faydalanan şəxs sığortalı, sığorta məbləği 16500 manat, şərtsiz azadolma məbləği 300 manat müəyyən edilmişdir. Müqavilə şərtlərinə əsasən, 28 Noyabr 2016-cı il tarixli Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Publik Hüquqi şəxs tərəfinden təsdiqlənmiş "Avtomobillərin tam sığortası" Qaydalarına müvafiq olaraq Qismən sığorta barədə müddəa: müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığoria dəyərinə olan nisbətində ödəyir. Sığorta haqqı sığorta şəhadətnaməsi ilə razılaşdırılan müddətdə ödənilmədiyi təqdirdə sığorta şəhadətnaməsi avtomatik olaraq qüvvədən düşmüş hesab olunur və sığortaçının heç bir öhdəliyi yaranmır. Hadisə zamanı nəqliyyat vasitəsini idarə edən şəxsin rəsmi sürücülük təcrübəsi 1 (bir) ildən və/və ya yaşı 21-dən (iyirmi birdən) az olduğu halda 1.000,00 AZN məbləğində əlavə azadolma tətbiq ediləcəkdir. - AR DİN BDYPİ Sumqayıt RQİTBŞ tərəfindən verilmiş sürücülük vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.2024-xx.xx.2034 müddətinə sürücülük vəsiqəsi almışdır. - 18 oktyabr 2024-cü il tarixli, XD0265974-2024 saylı lizinq müqaviləsindən görünür ki, lizinqverən Kredit Evi ASC tərəfindən “Hyundai Elantra” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinqalan İddiaçı müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. - 16 noyabr 2024-cü il tarixli, 11216/2024 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, "xxxx" ASC tərəfindən “Hyundai Elantra” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı və X1 xx.xx.2024-xx.xx.2024 müddətinə etibarnamə verilmişdir. - 01 dekabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsiri bilinərək 40 manat cərimə edilmişdir. - 10 dekabr 2024-cü il tarixli, 9965 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə MVC0653 24 saylı akta əsasən 184.26 manat sığorta ödənişi ödənilmişdir. - 20 dekabr 2024-cü il tarixli, AA041/1211 nömrəli “Auto Azərbaycan” Servis Mərkəzinin aktından görünür ki, “Hyundai Elantra” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilə ilkin texniki baxış keçirilmiş və dəymiş ziyanın dəyəri 2530 manat, endirimlə 2024 manat müəyyən edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 18 oktyabr 2024-cü il tarixli, MVC-B 01171-24 nömrəli avtonəqliyyat vasitəsinin sığortası şəhadətnaməsinə əsasən, "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə məxsus sığorta dəyəri 22500 manat olan “Hyundai Elantra” markalı **-YE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək “nəqliyyat vasitəsinin tam sığortası” ilə sığortalanmış, faydalanan şəxs sığortalı, sığorta məbləği 16500 manat, şərtsiz azadolma məbləği 300 manat müəyyən edilmişdir. Əlavə azadolma məbləği hadisə zamanı nəqliyyat vasitəsini idarə edən şəxsin rəsmi sürücülük təcrübəsi 1 (bir) ildən və/və ya yaşı 21-dən (iyirmi birdən) az olduğu halda 1.000,00 AZN müəyyən edilmişdir. Bundan başqa, müqavilə şərtlərinə əsasən, 28 Noyabr 2016-cı il tarixli Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Publik Hüquqi şəxs tərəfindən təsdiqlənmiş "Avtomobillərin tam sığortası" Qaydalarına müvafiq olaraq Qismən sığorta barədə müddəa: müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir. Sığorta haqqı sığorta şəhadətnaməsi ilə razılaşdırılan müddətdə ödənilmədiyi təqdirdə sığorta şəhadətnaməsi avtomatik olaraq qüvvədən düşmüş hesab olunur və sığortaçının heç bir öhdəliyi yaranmır. “Nəqliyyat vasitəsinin tam sığortası” növü üzrə "xxxx" ASC-də sığorta olunan iddiaçının istifadəsində olan “Hyundai Elantra” markalı, ** YE *** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin avtobusu 30 noyabr 2024-cü il tarixində toqquşmuş və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə zərər dəymişdir. “Auto Azərbaycan” Servis Mərkəzinin 20 dekabr 2024-cü il tarixli, AA041/1211 nömrəli aktına əsasən “Hyundai Elantra” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın dəyəri 2530 manat, endirimlə 2024 manat müəyyən edilmişdir. 10 dekabr 2024-cü il tarixli, 9965 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə MVC0653 24 saylı akta əsasən 184.26 manat sığorta ödənişi ödənilmişdir. İş materialları ilə müəyyən edilir ki, lizinqverən Kredit Evi ASC tərəfindən “Hyundai Elantra” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinqalan İddiaçı müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmçinin müəyyən edilir ki, İddiaçı sürücülük vəsiqəsini xx.xx.2024-cü il tarixində (xx.xx.2034-dək) almışdır, yəni hadisə zamanı rəsmi sürücülük təcrübəsi bir ildən az olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının istifadəsində olan və cavabdeh təşkilat tərəfindən qismən sığorta növü ilə sığortalanmış avtomobillə sərnişin avtobusunun toqquşması nəticəsində avtomobilə zərər vurulması işin mübahisəsiz hallarıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı sığorta ödənişinin ödənilməsini iddia edir, cavabdeh tərəf isə müqavilə üzrə sığortalı və faydalanan şəxsin "xxxx" ASC olduğuna sığorta ödənişi kimi 184,26 manat məbləğin tərəflərindən "xxxx" ASC-nin müvafiq bank hesabına köçürüldüyü, sığorta müqaviləsində şərtlərin dəqiq qeyd edildiyi və sığorta müqaviləsinin digər tərəfi olan "xxxx" ASC ilə razılaşdırıldığı, iddiaçının isə sözügedən sığorta müqaviləsini tərəfi olmadığından şərtlərlə bağlı razılığının alınması üçün heç bir əsas olmadığına istinad edərək iddiaya etiraz edir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "N.Qədirovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 dekabr 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, “Beləliklə, lizinq predmeti olan avtomobilə zərər yetirilməsi ilə nəticələnən əmlak risklərini müqavilə üzrə qanuni sahib olaraq lizinq alan daşıdığından, o, mülkiyyətçinin qanunvericiliklə tanınan hüquqlarından, eləcə də həmin əmlaka dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan istifadə etmək imkanına malik olmalıdır. ... Lizinq müqaviləsi əsasında əmlaka sahiblik edən şəxsdə əmlaka dair mülkiyyət hüququnun iki elementinin - sahiblik və istifadə hüquqlarının mövcudluğu onun həmin hüquqları pozulduğu təqdirdə pozuntuya son qoyulmasını, dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək kimi subyektiv hüququnun olmasına dəlalət edir.” Yuxarıda qeyd olunan Plenum Qərarından da görünür ki, müvafiq lizinq müqaviləsi əsasında əmlaka sahiblik edən şəxsdə əmlaka dair mülkiyyət hüququnun iki elementinin - sahiblik və istifadə hüquqlarının mövcudluğu onun həmin hüquqları pozulduğu təqdirdə pozuntuya son qoyulmasını, dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək kimi subyektiv hüquqa malikdir. Başqa sözlə, iddiaçı avtomobilə münasibətdə lizinq alan olduğundan, onun avtomobllə bağlı sığorta ödənişini cavabdeh olan sığorta şirkətindən tələb etmək üçün də subyektiv hüququ vardır. İddiaya münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. (922.2) -926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən qanunvericilikdə, sığorta hadisəsi baş verdiyi halda dəymiş zərərin kompensasiya edilməsi üçün sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, cavabdeh tərəf sığortalı şirkətə dəymiş zərərin həcmini 2024 manat olmasına əsaslanaraq, müqavilə şərtlərinə əsasən qismən sığorta halında zərərin əvəzini sığorta məbləğinin (16500 manat) sığorta dəyərinə (22500 manat) olan nisbətində (73,3%) hesablayaraq, eləcə də alınmış məbləğdən şərtsiz azadolma məbləğini – 300 manat və iddiaçının sürücülük vəsiqəsini almasından bir il keçmədiyinə görə əlavə azadolma məbləği – 1000 manat çıxmaqla, qalan 184,26 manat məbləğində sığorta ödənişi etmişdir. Məhkəmə, sığorta şirkətinin mövqeyi ilə qismən, yəni sığorta ödənişinin müqavilə şərtlərinə əsasən qismən sığorta halında zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində, eləcə də şərtsiz azadolma məbləğini – 300 manat və iddiaçının sürücülük vəsiqəsi almasından bir il keçməməsinə görə əlavə azadolma məbləği – 1000 manat çıxmaqla hesablanması ilə razılaşsa da, dəymiş zərərin həcmi kimi endirimli qiymət olan 2024 manatın nəzərə alınmasını əsaslı hesab etmir. Belə ki, “Auto Azərbaycan” Servis Mərkəzinin 20 dekabr 2024-cü il tarixli, AA041/1211 nömrəli aktından görünür ki, “Hyundai Elantra” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın dəyəri 2530 manat, 20% endirimlə isə 2024 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sığorta ödənişi həm dəymiş zərərin real həcmi, həm də müqavilə şərtləri nəzərə alınaraq hesablanmalı idi. Buna görə də, məhkəmə iddianı qismən əsaslı hesab edir və belə qənaətə gəlir ki, dəymiş zərərin real həcmi - 2530 manat əsas götürülməklə qismən sığorta halında (2530x73,3%/100) 1854,49 manat, ümumilikdə şərtsiz və əlavə azadolma məbləğləri - 1300 manat çıxılmalı və qalan 554,49 manat sığorta ödənişi ödənilməli idi. Hazırki halda məhkəmə sığorta şirkəti tərəfindən sığortalı şirkətə 184,26 manat ödənilməsini nəzərə alır və hesab edir ki, cavabdeh tərəfindən (554,49-184,26) sığorta ödənişinin ödənilməmiş hissəsi - 370,23 manat iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, sığorta ödənişinin əvəzi olaraq 370,23 (üç yüz yetmiş manat iyirmi üç qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 370.23 (üç yüz yetmiş manat iyirmi üç qəpik) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-401/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-401/2025
12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver