Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-430/2021 18.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə ailə həyatı quraraq nikah münasibətləri xx.xx.2017-ci il tarixli, AZ-İİ seriyalı, 181403 nömrəli nikah haqqında şəhadətnamə əsasında nikahları rəsmiləşdirmişlər. Onların xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2020ci il təvəllüdlü X6 adlı uşaqları var. Cavabdehlə birgə yaşadıqları müddət ərzində münasibətləri normal olmamışdır, adi bir ailə kimi həyatı davam etməmişdir. Cavabdehlə onun arasında kəskin xasiyyət uyğunsuzluğu mövcuddur. Evdə yaranan söz-söhbətlər uşaqların psixologiyasına mənfi təsir edir. Hal-hazırda cavabdehlə faktiki olaraq ayrı yaşayırlar. O, atasına məxsus olan evdə faktiki olaraq övladları və valideynləri ilə birlikdə yaşayır. Birgə yaşadıqları dövrdə də, hal-hazırda faktiki olaraq ayrı yaşadıqları dövrdə də cavabdeh ona və övladlarına qarşı laqeyd yanaşmış, ailənin maddi və mənəvi tələbatını ödəməmişdir. O, bu olanlara dözsə də, sonuncu dəfə ona şər böhtan atması və onu xəyanətlə günahlandırmasına dözə bilmədiyi üçün övladları ilə birlikdə ata evinə gəlmişdir. Dəfələrlə münasibətləri normallaşdırmağa çalışmışdır, lakin heç bir müsbət nəticə əldə edə bilməmişdir. Cavabdeh işləyir, əmək fəaliyyəti ilə məşğuldur, aylıq gəliri isə kifayət qədər çoxdur. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 170 manat olmaqla, cəmi 510 manat sabit pul məbləğində alimentin və xx.xx.2020-ci il təvəllüdlü X3 3 yaşına çatana qədər hər ay ananın xərclərinin ödənilməsi üçün əlavə olaraq 100 manat məbləğində alimentin tutularaq ona İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin övladları xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulmalı olan aliment məbləği sabit məbləğdə deyil, cavabdeh şəxs əmək fəaliyyəti ilə məşğul olduğu üçün aliment məbləği qanunla nəzərdə tutulmuş qaydada onun aylıq qazancının (başqa gəlirlərinin) yarısına yönləndirilməsi olaraq dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Beyləqan rayon İHB-nın Mil qəsəbə İ.Ə.D-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli nikah haqqında şəhadətnamənin kserosurətinə əsasən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 06 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Bəkirov, arvada Həziyeva soyadı verilmişdir. İş üzrə doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı uşaqları var. İş üzrə atalığın müəyyən edilməsinə dair şəhadətnamələrdən müəyyən olunur ki, Cavabdeh Zakir oğlu xx.xx.2009-cu il təvəllüdlü Nihad adlı və xx.xx.2011-ci il təvəllüdlü Fiqurə adlı uşaqları barədə atalığı etiraf edib və bu barədə xx.xx.2012-ci il tarixdə 63 və 64 saylı atalığın etiraf olunması barədə akt qeydləri icra edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin rəsmi və qeyri-rəsmi nikahdan xx.xx.2009-cu il təvəllüdlü Nihad, xx.xx.2011-ci il təvəllüdlü Fiqurə və xx.xx.2020-ci il təvəllüdlü Zeyd adlı uşaqları var. Tərəflər arasında ailə münasibətləri pozulmuş və onlar ayrı-ayrı ünvanlarda yaşayırlar. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı uşaqlarla ayrı ünvanda yaşasa da, cavabdeh uşaqların saxlanılması üçün iddiaçıya hər hansı maddi yardım göstəmir və bu səbəbdən iddiaçı məhkəmədən cavabdehdən uşaqların saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 50% hissəsinin aliment qismində tutulması, həmçinin Zeyd adlı uşağın 3 yaşına çatana qədər hər ay 100 manat miqdarında pulun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 3 uşaq üçün valideynlərindən məhkəmə tərəfindən hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. AR Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından hesab edir ki, cavabdehdən üç uşağın saxlanılması üçün aylıq qazancının (gəlirlərinin) 1/2 hissəsi miqdarında iddiaçının xeyrinə aliment tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, aliment iddiaçının müraciət etdiyi vaxtdan, xx.xx.2020-ci il tarixdən tutulmağa başlanılmalıdır. AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə habelə hesab edir ki, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. Məhkəmə iddiaçının saxlanılması üçün cavabdehdən Zeyd adlı uşaq 3 yaşına çatanadək 100 manat alimentin tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. AR Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad. Məhkəmə qeyd edir ki, arvadın ərindən uşaq 3 yaşına çatanadək aliment tələb etmək hüququnun yaranması üçün, cavabdehin belə vəsaitə malik olması tələb olunur. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin onun saxlanılması üçün 100 manat aliment ödəməyə zəruri vəsaitə malik olması ilə bağlı sübutlar təqdim etmədiyindən, iddia tələbi bu hissədə əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulması müəyyən edildiyindən, cavabdehdən dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq aylıq qazancının 1/2 hissəsi hər ay aliment kimi tutularaq xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-430/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-430/2021
18.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver