Məhkəmə qərarları › İş №2(009)-433/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-433/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-433/2021 20.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi E.Z.Musayevin, Cavabdehin nümayəndəsi N.R.Hüseynzadənin iştirakları ilə İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı sığorta məbləğinin ödənilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı sığorta məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti, məhəllə 3078a, ev 65, mənzil 55 - yeni qaydalarla Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti, M4, M1 ünvanda yerləşən mənzil Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 01.08.2018-ci il tarixli seriya RX ******* saylı çıxarışla xüsusi mülkiyyət hüquq əsasında ona məxsusdur. Gələcəkdə yaşayış evinin yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə 29.12.2019-cu il tarixdə onunla “Cavabdeh“ Sığorta Şirkəti ASC arasında Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti, M4, M1 ünvanda yerləşən mənzilə dair sığorta məbləği 25.000 manat, sığorta haqqı 50 manat olmaqla 30.12.2019-cu il tarixdən 29.12.2020-ci il tarixədək qüvvədə olan daşınmaz əmlakın icbari sığortası haqqında sığorta müqaviləsi bağlanmışdır. O, qanunla müəyyən edilmiş qaydada sığorta haqqını ödədikdən sonra müqavilə əsasında ona Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən BB seriyalı 171121 saylı (Şəhadətnamə No RAT **********) daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsi verilmişdir. Sığorta müqaviləsi bağlanan zaman ona məxsus mənzilə sığorta şirkətinin nümayəndəsi tərəfindən qanunla müəyyən edilmiş qaydada baxış keçirilmiş və mənzildə sığorta müqaviləsinin bağlanmasına mane yaradan heç bir qüsur və ya zədələnmə aşkar edilməmişdir. Bundan sonra 15.07.2020-ci il tarixdə, yəni onunla Cavabdeh Sığorta Şirkəti ASC arasında daşınmaz əmlakın icbari sığortası haqqında müqavilənin qüvvədə olduğu vaxtda yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti, M4, M1 ünvanda yerləşən ona məxsus mənzildə dəhlizin və yataq otağının divarlarında su sızması nəticəsində divar kağızlarının qaralıb yararsız vəziyyətə düşməsi və otaqların parket döşəmələrinin aralanıb sıradan çıxması aşkar edilmişdir. O, mənzildə müxtəlif zədələnmələrin baş verməsini aşkar etdikdən sonra dərhal mənzilin yararsız vəziyyətə düşməsi barədə qaynar xətt vasitəsilə Cavabdeh sığorta şirkətinə və aidiyyatı yerli icra hakimiyyəti orqanlarına məlumat vermiş, sığorta hadisəsi icbari sığorta olunmuş daşınmaz əmlakına dəymiş zərərin müəyyənləşdirilməsi və icbari sığorta müqaviləsinə uyğun olaraq sığorta məbləğinin ödənilməsi üçün müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Hadisə yerinə gələn sığorta şirkətinin nümayəndəsi mənzilə baxış keçirmiş, fotoşəkillər çəkərək onları narahat olmamalarını, bütün təmir xərclərinin və ya dəymiş maddi ziyanın sığorta şirkəti tərəfindən yaxın günlərdə tam ödəniləcəyini bildirmişdir. Hadisədən 3 gün keçsə də, onlarla heç kimin maraqlanmadığını görüb sığorta şirkətinə zəng etmişlər. Şirkətdən onlara bildirilmişlər ki, həmin mənzilə xidmət edən MKİS-dən dəymiş ziyanla bağlı arayış alıb sğorta şirkətinə təqdim olunmalıdır. Buna görə də onlar dəymiş ziyanın müəyyənləşdirilməsi üçün yaxınlıqdakı “xxxx” MMC şirkətinə müraciət etmişlər. Layihə şirkətinin mütəxəssisi tərəfindən mənzilə yerində baxış keçirilərək sığorta hadisəsinin baş verməsi səbəbləri barədə müvafiq arayış tərtib etmiş və həmin arayış digər müvafiq sənədlərlə birlikdə sığorta şirkətinə təqdim olunmuşdur. Həmçinin “xxxx” MMC şirkətinin mütəxəssisi tərəfindən su sızması nəticəsində mənzilə ümumilikdə 900,5 manat məbləğində ziyan dəyməsi müəyyən edilmiş və bu barədə müvafiq Zədə aktı tərtib edilmişdir. Lakin həmin vaxtdan sonra dəfələrlə yazılı müraciət və xəbərdarlıqlar edilməsinə baxmayaraq, Cavabdeh sığorta şirkəti tərəfindən sığorta hadisəsi nəticəsində onun mənzilinə dəymiş maddi ziyana görə sığorta məbləğinin ödənilməsindən müxtəlif bəhanələr gətirilməklə əsassız olaraq imtina edilmişdir. Belə ki, Cavabdeh Sığorta Şirkətinin ona ünvanladığı P3007/20 saylı, 30.07.2020-ci il tarixli məktubda hadisə yerinə baxış zamanı əmlakın müxtəlif hissələrindəki zədələrin guya sığorta şirkətinə məlumat verdikləri hadisələr əvvəl də mövcud olduğu bildirilmişdir. 04.09.2020-ci il tarixli ərizəsinə cavab olaraq sığorta şirkəti O-A-2020 0604 saylı 07.10.2020-ci il tarixli məktubunda hadisə ilə bağlı araşdırma aparıldığını və əmlakın müxtəlif hissələrindəki zədələrin sığorta şirkətinə məlumat verilən hadisə nəticəsində meydana gəlmədiyi, guya əvvəldən mövcud olduğu göstərilmişdir. Cavabdeh Sığorta Şirkətinin ona daşınmaz əmlakın icbari sığorta müqaviləsi üzrə sığorta məbləğinin ödənişindən imtina etməsi qanunsuz və əsassızdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-dən daşınmaz əmlakın icbari sığortası haqqında 30.12.2019-cu il tarixli sığorta müqaviləsinə (şəhadətnaməsinə) əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti, M4,M1 ünvanda yerləşən mənzilə dəymiş zərərin kompensasiyası üçün 900,50 manat məbləğində pulun, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqqının ümumilikdə 930,90 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələblərini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, sığorta müqaviləsi bağlamamışdan əvvəl sığorta şirkətinin əməkdaşları mənzildə olmuş, hər yeri nəzərdən keçirmiş, hətta fənərlə şaxtaya baxmış, hər hansı qüsurun olmamasını müəyyən etmişlər. Hətta o soruşanda ki, nəyə görə belə baxış keçirilir, gələnlər demişdir ki, müqavilə yalnız bu qaydada yoxlanıldıqdan sonra bağlana bilər. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X3 qızı iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, daşınmaz əmlakın icbari sığortası üzrə Bakı şəhəri, Atatürk prospekti, m4, m1 ünvanında yerləşən iddiaçıya məxsus olan mənzil RAT ********** saylı sığorta şəhadətnaməsinə əsasən 30.12.2019-cu id tarixdə Cavabdeh Sığorta Şirkətində sığortalanmışdır. İddiaçı 16.07.2017-ci il tarixdə cavabdehə şifahi müraciət edərək 15.07.2019-cu il tarixdə mənzilin dəhliz və yataq otağı divarlarında su sızması nəticəsində divar kağızlarının qaralması və parket döşəmənin aralanmasını aşkar etməsi barədə məlumat vermişdir. Elə həmin tarixdə mənzilə baxış keçirilmişdir. Su sızmasının nə vaxt, hansı tarixdə, hansı səbəbdən baş verməsi barədə sığorta şirkətinə məlumat verilməmişdir. Şirkət tərəfindən aparılmış araşdırma nəticəsində hesab edilmişdir ki, həmin qüsur müqavilə bağlanılmamışdan əvvəl mövcud olmuşdur. Digər tərəfdən “icbari sığortalar haqqında” qanunun 36-cı maddəsinə əsasən hansı halların sığorta hadisəsi hesab olunması konkret göstərilmişdir. Orada su sızma nəticəsində yaranmış qüsurun sığorta hadisəsi olması müəyyən edilmir. Ona görə sığorta təşkilatı olaraq hadisənin sığorta hadisəsi olmaması və qüsurun əvvəlcədən mövcud olma əsası ilə iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Hesab edir ki, imtina qanunidir və iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 01.08.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, məhəllədə 3078A, ev 65, mənzil 55 - Yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, 217, M4, m1 xüsusi mülkiyyət hüququ üzrə Musayeva Gülsəfa Vəli qızının adına qeydiyyata alınmışdır. İş üzrə RAT ********** saylı, 30.12.2019-cu il tarixli sığorta şəhadətnaməsindən görünür ki, sığortalı İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, 217, M4, M1 ünvanda yerləşən mənzili Cavabdeh Sığorta Şirkəti ASC-də 29.12.2020-ci il tarixədək sığortalamışdır. Sığorta haqqı 25000 manat məbləğində müəyyən edilmişdir. müqavilə üzrə azadolma məbləği 250 manat müəyyən edilmişdir. Sığorta şəhadətnaməsində sığorta riski kimi, yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, ça, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətlərinin baş verməsi nəticəsində zədələnməsi, məhv olunması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunması göstərilmişdir. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış 28.07.2020-ci il tarixli məktubda göstərilmişdir ki, hadisə yerinə baxış keçirildiyi zamanı məlum olmuşdur ki, əmlakın müxtəlif hissələrindəki zədələr sığorta şirkətinə məlumat verdiyi hadisədən də mövcud olmuşdur. Gələcəkdə baş verə biləcək eyni tipli hadisələrin qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir. Beləliklə, sığorta ödənişinin ödənilməsi üçün sığorta hadisəsi hesab olunan hal mövcud olmalıdır və ziyanlar məhz həmin hadisə nəticəsində yaranmalı və onlar arasında səbəbli əlaqə olmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirirlər ki, Cavabdeh Sığorta Şirkəti bu hadisə ilə bağlı İddiaçı sığorta ödənişinin verilməsindən imtina edir. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış 07.10.2020-ci il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh Sığorta Şirkətinə daşınmaz əmlakın icbari sığortası növü üzrə sığortalanmış Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti, M7,m1 ünvanında yerləşən əmlaka zərər dəyməsi ilə bağlı məlumat daxil olmuşdur. Hadisə ilə bağlı araşdırma aparılmış və müəyyən olmuşdur ki, əmlakın müxtəlif hissələrindəki zədələr Cavabdeh Sığorta Şirkətinə məlumat verilmiş hadisə nəticəsində meydana gəlməmiş, əvvəldən mövcud olmuşdur. Buna uyğun olaraq, 28.07.2020-ci il tarixli P3007/20 saylı məktubla İddiaçı sığorta ödənişindən imtina barədə bildiriş göndərilmişdir. İş üzrə “xxxx” MMC tərəfindən verilmiş 27.07.2020-ci il tarixli məktubundan və ona əlavə edilmiş zədə aktından görünür ki, M.Atatürk prospekti, 217, M4, m1 ünvan üzrə baxış zamanı müəyyən edilmişdir ki, sanitar qovşağında unitaza su şlanqın birləşməsi yerində və həmin birləşmədə sızması nəticəsində sanitar qovşağın kafel döşəməsinin aralarından altından, həmin mənzilin yataq otağın və koridorun divarlarına su vermişdir - oboylar qaralmış və yararsız vəziyyətə düşmüşdür. Bundan başqa, həmin otaqların parket döşəmələrin rütubət nəticəsində aralanıbsuradan çıxmış, cəmi 900,5 manat zərər dəymişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 15.04.2021-ci il tarixli 10/264 saylı rəyinə əsasən -1-ci sual üzrə: - Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti, 217, M4, m1 ünvanında yerləşən mənzildə su sızma nəticəsində yaranmış qüsurların həmin mənzil sanitar qovşağının dəhliz və yataq otağı ilə arakəsmə divarlarının aşağı hissəsində müşahidə olunduğunu, eyni zamanda iddiaçının (mənzilin sahibi) baxışda su sızmanın sözügedən mənzildə yerləşən sanitar qovşağında olan nasazlıqdan baş verdiyini bildirməsini nəzərə alaraq, həmin mənzildə baş vermiş su sızma hadisəsinin texniki səbəbinin sanitar qovşağında baş vermiş nasazlıqlar olduğu müəyyən olunur. - 2-ci sual üzrə: - Mənzilin dəhliz və yataq otağının sanitar qovşağı ilə olan arakəsmə divarlarının aşağı hissəsində divar kağızları qopmuş, divarda su sızma ləkələri yaranmışdır. Eyni zamanda həmin hissədə döşəməyə vurulmuş parket təbəqəsində aralanmalar müşahidə olunur. Qeyd olunan qüsurların aradan qaldırılması üçün aparılmalı olan təmir işlərinin dəyəri təqribən 912 manat məbləğində müəyyən olunur. - 3-4-cü suallar üzrə: - Mənzillərdə əmələ gələn zədənin hansı vaxia yaranmasını müəyyən etmək üçün metodika olmadığından, eyni zamanda iş materiallarında kifayət qədər məlumat olmadığından, sözügedən mənzildə olan qüsurların nə zaman əmələ gəlməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı özünə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti, M4, M1 ünvanında yerləşən daşınmaz əmlakını icbari qaydada Cavabdeh Sığorta Şİrkəti ASC-də 30.12.2019-cu il tarixli RAT********** nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, 15.07.2020-ci il tarixdə həmin mənzildə su sızması nəticəsində iddiaçıya məxsus əmlaka maddi ziyan dəymişdir. Həmin maddi ziyan iddiaçı tərəfindən təqdim edilən qiymətləndirmə rəyinə əsasən 900,5 manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, sığorta etdiyi əmlaka su sızması nəticəsində dəymiş ziyanın, yəni sığorta ödənişinin ödənilməsi ilə bağlı sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə müraciət etsə də, sonuncu sığorta hadisəsinin baş verməməsi, yəni ziyanın məhz sığorta hadisəsi nəticəsində yaranmalı olması və onlar arasında səbəbli əlaqənin olmaması səbəbindən sığorta ödənişinin verilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçı hazırki tələblərlə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə baş vermiş hadisənin sığorta hadisəsi hesab edilib-edilməməsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, «Daşınmaz Əmlakın İcbari Sığortası» şəhadətnaməsindən görünür ki, sığorta olunmuş daşınmaz əmlakın sığorta risklərinin – qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti, 217, M4, m1 ünvanında yerləşən mənzildə baş vermiş su sızma hadisəsinin texniki səbəbinin sanitar qovşağında baş vermiş nasazlıqlar olduğu müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçıya məxsus daşınmaz əmlakın zədələnməsi su sızması nəticəsində olmuşdur. Bu hal isə sığorta şəhadətnaməsinə əsasən sığorta hadisəsi hesab olunur. bu səbəbdən məhkəmə cavabdehin nümayəndəsinin yalnız su basma halında yaranan qüsurun sığorta hadisəsi olması, su sızmanın isə sığorta hadisəsi hesab edilə bilməməsi barədə dəlillərini əsaslı hesab etmir. Məhkəmə cavabdehin sığorta ödənişinin verilməsindən imtinanın əsası kimi gətirdiyi dəlillər üzrə qeyd edir ki, iddiaçı ilə sığorta müqaviləsi bağlanarkən daşınmaz əmlaka baxış keçirilməli, evin hər hansı hissəsində müvafiq qüsur aşkar olunduğu təqdirdə bu hal müqavilədə əks olunmalı idi. Lakin icbari sığorta müqaviləsində belə halın mövcudluğunu təsdiq edən hər hansı qeyd aparılmamışdır. Bu səbəbdən məhkəmə həmin qüsurun məhz sığorta müqaviləsi qüvvədə olduğu müddətdə və müqavilə bağlandıqdan sonra yaranması barədə iddiaçının dəlillərini daha inandırıcı və əsaslı hesab edir. Məhkəmə eyni zamanda qeyd edir ki, həmin qüsurun hansı tarixdən yaranması barədə ekspert qarşısında sual qoyulsa da, metodika olmadığı üçün həmin sual cavablandırılmadığından, xüsusi mütəxəssis rəyi ilə bu halın məhkəmə tərəfindən müəyyənləşdirilməsi mümkün olmamışdır. Ona görə də yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla iddiaçının dəlilləri daha ağlabatan və məntiqli hesab edilməlidir. AR Mülki Məcəllənin: 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, sığorta ödənişinin verilməsindən imtina əsaslarından biridir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus daşınmaz əmlak su sızması nəticəsində zədələndiyindən və bu hal sığorta şəhadətnaməsinə əsasən sığorta hadisəsi hesab olunduğundan, cavabdeh təşkilatın əmlakın müxtəlif hissələrindəki zədələrin hadisədən əvvəl mövcud olmasına və su sızma halının sığorta hadisəsi hesab edilə bilməməsinə istinad edərək baş vermiş halın sığorta hadisəsi hesab edilməməsi tam əsassız və qanunsuzdur. Məhkəmə baş vermiş halın sığorta hadisəsi hesab olunmasını nəzərə alaraq qeyd edir ki, bu halda cavabdeh təşkilat vurulmuş ziyanın əvəzini kompensasiya ilə, yəni sığorta ödənişi ilə əvəz etməlidir. «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.21-ci maddəsinə əsasən sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilin su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı olan təmir işlərinin dəyəri təqribən 912 manat məbləğində müəyyən olunur. İrəli sürülmüş tələb üzrə mənzilə dəymiş zərərin ödənilməsi üçün 900,50 manat məbləğində pul tələb olunur. AR MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə iddiaçının mənzilə dəymiş zərər irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənzilə dəymiş zərərin ödənilməsi hissəsində qismən əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə hesab edir ki, sığorta müqaviləsi üzrə azadolma məbləği 250 manat həddində müəyyən edildiyindən, həmin məbləğ ümumi ziyan məbləğindən çıxılmaqla yerdə qalan məbləğ həddində tələb təmin olunmalıdır. “İcbari sığortalar haqqında” AR Qanununun 39.3.1-ci maddəsinə əsasən Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat təşkil edir. «İcbari sığortalar haqqında» AR Qanununun 3-cü maddəsinə əsasən sığorta hadisələrinə səbəb olan halların qarşısının alınmasının stimullaşdırılması, sığorta hadisələrinin nəticələrinin aradan qaldırıması icbari sığortaların əsas prinsipidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 900,50 manat pulun tutulması hissəsində təmin edildiyindən, dövlət rüsumunun əvəzi kimi cavabdehdən 30 manat və 0,40 manat bank xidməti haqqının tutulması hissəsində də tələb təmin edilməlidir. Məhkəmə habelə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza xərcləri də cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Sığorta Şirkəti ASC-dən İddiaçı xeyrinə sığorta ödənişi kimi 650,50 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat və 0,40 manat bank xidməti haqqı, cəmi 680,90 (doqquz yüz otuz manat doxsan qəpik) manat məbləğində pul tutulsun. Cavabdeh Sığorta Şirkəti ASC-dən dövlət nəfinə keçirilmiş ekspertiza xərci - 100 (yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar