Məhkəmə qərarları › İş №2(009)-45/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-45/2021

10.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-45/2021 10.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-nin nümayəndəsi və vəkili X4, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili X9 iştirakları ilə, İddiaçı MMC-nin – Cavabdeh qarşı «müqavilənin ləğv olunması» tələbinə ilkin iddia üzrə, eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh – cavabdeh İddiaçı MMC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC – Cavabdeh qarşı «müqavilənin ləğv olunması» tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26.11.2018-ci il tarixli müqavilənin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 26 noyabr 2018-ci il tarixdə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən inşa olunmuş Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilmiş yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra «C» blokununu, 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 150 kv.m olan qeyri-yaşayış sahəsi, həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə dəyəri tam ödənildikdən sonra Cavabdeh təhvil verilir. Belə ki, aralarında olan müqavilənin 3.1-ci bəndinə əsasən qeyd olunan qeyri-yaşayış sahəsinin dəyəri 240.000 (iki yüz qırx min) manat təşkil edilir. Onu da qeyd edirlər ki, aralarında olan razılaşmaya və qeyd olunan müqavilənin 3.2-ci bəndinə əsasən ilkin olaraq, 67.400 (altmış yeddi min dörd yüz) manat pul onlara ödənilmişdir. Qeyri-yaşayış sahəsinin dəyərinin qalan hissəsi olan 172.600 (yüz yetmiş iki min altı yüz) manat pulun, 8 bərabər hissələrə bölünərək, hər ay 21575 (iyirmi bir min beş yüz yetmiş beş) manat olmaqla hər ayın 26-sından gec olmayaraq onlara ödənilməsi cavabdeh tərəfindən öhdəlik kimi üzərinə götürülmüşdür. Belə ki, aralarında olan müqavilənin 2.2-cı bəndinin b) yarımbəndinə əsasən "xxxx" müqavilənin 3-cü bəndində müəyyən edilmiş qrafikə əsasən sahə haqlarının ödənilməsini gecikdirdiyi təqdirdə "Kooperativ" tərəfindən bu müqavilənin birtərəfli qaydada ləğv edilməsinə və ödənilmiş maliyyə vəsaitələrinin müqavilənin 2.1-ci bəndinin "c" yarımbəndində göstərilmiş şərtlərlə ona qaytarılmasına etiraz etməməyi öhdəlik kimi üzərinə götürmüşdür. Həmçinin aralarında olan müqavilənin 2.1-ci bəndinin "c" yarımbəndinə əsasən ödənimliş maliyyə vəsaitlərinin cavabdehə qaytarılması, həmin sahənin satılması və yaxud da başqa bir şəxsə verilməsindən sonra icra edilməsi öhdəliyi hər iki tərəfin üzərinə düşür. Lakin bu günə qədər cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. Dəfələrlə cavabdehə olunmuş şifahi və yazılı xəbərdarlıqlar heç bir nəticə verməmişdir. Həmçinin bildirirlər ki, aralarında bağlanmış müqavilə 26 noyabr 2018-ci il tarixdə imzalansa da, texniki səhv olaraq, müqavilənin tarix qeyd olunan hissəsində "26 noyabr 2019-cu il" kimi qeyd olunmuşdur. Cavabdehə ünvanladıqları 18.02.2019-cu il tarixli xəbərdarlıq məktubuna, cavabdeh tərəfindən verilmiş cavab məktubunda da bu hal uyğunsuzluq kimi qəbul edilmişdir. İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış 23.07.2019-cu il tarixli məktubda da ondan aralarında bağlanmış 26 noyabr 2018-ci il tarixli müqavilədə olan texniki yanlışlığın aradan qaldırılması və aralarında olan müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirilməsi üçün 3 (üç) gün müddətində MMC-yə yaxınlaşmağı xahiş olunmuşdur. Lakin yenə də cavabdeh tərəfindən məsələnin müsbət həlli üçün bir addım atılmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1, 423.1, 423.2, 424.3-cü maddələrinə əsasən iddianın təmin edilməsi xahiş edilir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh – cavabdeh İddiaçı MMC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməklə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilən çoxmənzilli binanın «C» blokunun 1-ci mərtəbəsindəki ümumi sahəsi 150 kv.m təşkil edən qeyri-yaşayış sahəsi (dükan) ilə əlaqədar 26.11.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı MMC-nin direktoru X7 67400 manat məbləğində pul, əsas borca görə ilə əlavə 5% hesablanmaqla, 1 ilə 5 faiz 3.370 manat məbləğində vəsait, 100.000 manat mənəvi ziyanın tutularaq iddiaçı Cavabdeh ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində belə bir fikir irəli sürülür ki, guya o, İddiaçı MMC-yə qeyri-yaşayış sahəsinin dəyərini tam şəkildə ödəməlidir və müqavilənin müvafiq bəndlərinə istinad edilərək onun öhdəlikləri sadalanır və sazişin şərtlərini pozduğu vurğulanır. Lakin aşağıda qeyd edəcəyi səbəblərə görə, bütün bunlar cavabdehin birtərəfli mövqeyinə əsaslanır və heç bir hüquqi əsası yoxdur. Hətta cavabdeh özü müqavilə şərtlərinə əməl etməmişdir. İlkin olaraq qeyd edilməlidir ki, onunla cavabdeh İddiaçı MMC-nin direktoru X16 arasında bağlanılmış 26.11.2018-ci il tarixli müqavilə Azərbaycan Respublikası Konstitusiyasının və Mülki Məcəlləsinin tələblərinə zidddir. Cavabdeh İddiaçı MMC-nin direktoru məhkəməyə müraciət edərkən iddia ərizəsinə əlavə etdiyi sənədlərin əslini, müqaviləyə əlavə hesab edilən eskiz layihəni və digər sənədləri təqdim etməmişdir. Layihənin onlar üçün önəmi qeyri-yaşayış sahəsinin yeri və çölə baxan iki giriş-çıxış qapısının olması ilə bağlıdır. Bundan başqa, onların razılaşmada pulun əvvəlcədən ödənilməsi nəzərdə tutulmamışdır. İşin faktiki halına əsasən cavabdeh özü sazişin şərtlərinə əməl etməmişdir. Belə ki, müqavilə şərtlərinə görə cavabdeh 150 kv.metr qeyri-yaşayış sahəsini 2019-cu ilin axırlarınadək tikib təhvil verməli olduğu halda öhdəliklərinə əməl etməmiş, ötən bir il ərzində cüzi işlər görmüşdür. Tikintidə ən asan iş olan beton işini belə tam qurtarmamışdır. Bu templə cavabdehin müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməsi inandırıcı görünmür. İşdəki sənədlərdən görünür ki, İddiaçı MMC 2015-ci ildən sözügedən çoxmənzilli binanı inşa etməklə məşğuldur, lakin hələ də tikib qurtarmamış, tikilib təhvil verilməsi isə qeyri müəyyəndir. Yarımçıq tikiliyə, təhvil verilməyən bir əmlaka pul tələb edilməsi və ya ödənilməsi məntiqəuyğun deyildir. Cavabdeh müqavilə şərtlərinə əməl edib şərtləşdirilmiş qaydada əmlakı təhvil verdikdən sonra ona tələb etdiyi vəsait ödənilə bilərdi. Bundan başqa, cavabdeh İddiaçı MMC-nin direktoru Qabil Əliyev haqqında çoxsaylı şikayətlərin olması, uzun müddət ərzində tikintini təhvil verməməsi, adının müxtəlif işlərdə hallanması, eyni ünvanda bina tikən şəriki Türkiyə Respublikasının vətəndaşı X1 100-ə yaxın vətəndaşı aldatması və barələrində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq şöbəsində ********* saylı cinayət işinin istintaqının aparılması, Hikmət Yığıtdölün Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə məsuliyyətinə verilməsi kimi hallar və digər xüsusatlar cavabdehin öhdəliklərinə əməl etməsinə şübhə ilə yanaşmağına əsas verir və pulu tam şəkildə verməyini istisna edir. Hazırda ölkədə tikinti şirkətlərinin vətəndaşları aldatması adi hala çevrilib, bu hallar kütləvi informasiya vasitələrində işıqlandırılan məlumatlarda və hüquq mühafizə orqanlarında istintaqı aparılan cinayət işlərinin sayında da özünü göstərir. Hesab edir ki, cavabdehin götürdüyü öhdəlikləri yerinə yetirmədən ondan pulun (bütünlüklə) hamısını tələb etməsi tamamilə qeyri-qanunidir. Birinci növbədə cavabdeh özü müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Bundan başqa, cavabdeh “İddiaçı" MMC-nin direktoru ilə danışıqlarına əsasən aldığı qeyri-yaşayış sahəsinin küçəyə baxan iki giriş-çıxış qapısı olmalı idi. Lakin, təmir-tikinti işlərinin gedişatı zamanı, habelə İddiaçı MMC-nin direktoru X16 ilə söhbət edərkən sözügedən yerdə plana əsasən heç bir çıxışın olmayacağı bəlli olmuşdur. Halbuki, qeyri-yaşayış (dükan) sahəsi ona satılarkən çölə ayrıca şəkildə giriş-çıxışın olacağı bildirilmişdi. Cavabdeh üzərinə götürdüyü öhdəlikdən imtina etmiş, onu aldatmışdır. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında (1181-ci məhəllədə) inşa edilən çoxmənzilli binanın problemli olması səbəbindən və aldatma ilə bağlı bir müddət gözləməli olmuşdur. Binanın tikintisinin aparılmadığını, verilmiş vədə əməl etmədiyini gördükdən sonra cavabdehə heç bir etibarı qalmamışdır. Konkret halda hesab edir ki, onunla cavabdeh arasında qeyri-yaşayış (dükan) sahəsi ilə bağlı 26.11.2019-cu il tarixli müqavilə bağlandığı andan etibarsız olmuşdur. Bundan başqa qeyd edir ki, müqavilə üzrə ona verilmiş sahənin ölçüləri ilə faktiki sahə arasında əhəmiyyətli dərəcədə fərqlər vardır. Belə ki, müqavilədə qeyriyaşayış sahəsi 150 kv.metr göstərilsə də, faktiki ölçü 110 kv.metr təşkil edir. Bu hal cavabdehin onu aldatdığını bir daha sübut edir. Beləliklə, cavabdehin iddia ərizəsi qanunsuz və əsassız olmaqla qeyri-yaşayış sahəsini əldə etməyinə əngəl yaratmaq, vəziyyətdən sui-istifadə edib başqa şəxsə satmaq, ödədiyi külli miqdarda pulu qaytarmamaq, maddi maraq güdmək kimi qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən incidilməyi, onu əlavə maddi ziyana salması, tikintini vaxtında təhvil verməməsi səbəbindən xeyli maddi və mənəvi ziyan çəkmiş, pulunu qanunsuz saxlamaqla əlavə maddi ziyan vurmuşdur. Əsəbləşməyi azmış kimi əlavə olaraq onu təqsirkar kimi qələmə verib məhkəmədə iddia ilə çıxış etmələri onlara qarşı hazırkı qarşılıqlı iddia ilə müraciət etməyinə vadar etmişdir. Hesab edir ki, İddiaçı MMC-nin direktoru X16 67.400 manat məbləğində pulunu, əsas borca görə ilə əlavə 5% hesablanmaqla, 1 ilə 5 faiz - 3.370 manat məbləğində vəsaiti şəxsən ödəməlidir. Çünki, borclunun icranı gecikdirməsi, pul və hesablanmış faizləri qaytarmaması özgənin vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Məhkəmə baxışı dövründə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X10 məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilən çoxmənzilli binanın «C» blokunun 1-ci mərtəbəsindəki ümumi sahəsi 150 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin sahələri dəqiq müəyyən edilməklə qarşılıqlı iddia üzrə iddiaçıya təhvil verilməsinin İddiaçı MMC-yə həvalə edilməsi, ona dəyən zərərin, əgər həmin qeyri-yaşayış sahəsini icarəyə versə idi 30.000 (otuz min) manat, özü işlətsə idi 10.000 (on min) manat əldən çıxmış faydanın və mənəvi zərər olaraq 100.000 (yüz min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı dövründə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X17 məhkəməyə iddia tələbi həcminin artırılmasına dair ərizə təqdim edərək ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməklə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilən çoxmənzilli binanın «C» blokunun 1 -ci mərtəbəsindəki ümumi sahəsi 150 kv.m təşkil edən qeyri-yaşayış (dükan) sahəsi ilə əlaqədar 26.11.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı MMC-nin direktoru X7 67.400 manat məbləğində pul, əsas borca görə ilə əlavə 5% hesablanmaqla, 3 ilə 5 faiz - 10.110 manat məbləğində vəsait, 30.000 manat əldən çıxmış fayda, 100.000 manat mənəvi ziyanın tutularaq iddiaçı Cavabdeh ödənilməsinə dair qətnamə çıxarılmasını, İddiaçı MMC-nin direktoru X11 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinin tərkib əlamətləri olduğundan barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin həcminin artırılmasına dair ərizədə tələbin maddi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13, 24, 25, 26, 29, 43, 60, 71, Mülki Məcəlləsinin 6, 10, 13, 14, 16, 17, 21, 23, 43, 337, 421, 425, 441, 442, 449, 560, 752 və 1097.1-ci maddələrinə istinad edilərək tələbin təmin edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak etmiş ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-nin nümayəndəsi və vəkili X12 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və ilk iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili X17 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddia tələbinin təmin edilməsini, ilkin iddia tələbinin rədd edilməsini xahiş etmişdir Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı MMC-nin adından X16 ilə Cavabdeh arasında bağlanmış 26.11.2018-ci il tarixli (hər iki iddia ərizəsi ilə müəyyən edilir ki, müqavilənin tarixi 26.11.2018-ci il olduğu halda texniki yanlışlıq nəticəsində 26.11.2019-cu il kimi qeyd edilmişdir) müqavilədən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı 23.10.2015-ci il tarixli Sərəncamına əsasən İddiaçı MMC Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (xxxxların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra «C» blokunun 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 150 kv.m təşkil edən qeyri yaşayış (dükan) sahəsini (eskiz layihəsi əlavə edilir) «Kooperativ» «xxxx»ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, «xxxx» isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. - Həmin Müqavilənin İ hissəsinin İİ bəndinə əsasən qeyri-yaşayış sahəsini «Kooperativ» «xxxx»ya aşağıdakı texniki vəziyyətdə təhvil verməlidir: - binanın ümumi tikinti-quraşdırma işləri və fasad tərtibatı layihəyə uyğun olaraq tam başa çatdırılır, bina ətrafında abadlıq işləri tam başa çatdırılır, binada şəhər telefon və “İddiaçınet’’ xətti, peyk antena xətti quraşdırır, qeyri-yaşayış sahəsinin tavanının hündürlüyü 3.45 m-dir, qeyriyaşayış sahəsinin giriş qapısı, PVC tipli metaloplastik pəncərələr quraşdırır, yaşayış sahəsinin daxilində yalnız mala işlərini görür, ümumi kommunikasiya xətlərini çəkir, qeyriyaşayış sahəsinə ortaq divarların yarısı, iç divarların hamısı daxildir. - Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən «Kooperativ» öhdəsinə götürür: a) binanın tikintisi layihə sənədlərinə və tikinti norma-qaydalarının tələblərinə uyğun surətdə, 2019-cu ilin axırlarına təhvil verilir, b) tikinti başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq yeni tikilmiş binanın ümumi sahəsi 150 kv.m olan binanın 1-ci mərtəbəsində yerləşən qeyri yaşayış (dükan) sahəsini «xxxx»ya təhvil verməyi, tikinti başa çatdıqdan sonra sahə dəqiqləşdirilir və qarşılıqlı hesablaşmalarda nəzərə alınır; c) «xxxx» müqavilənin «3» bəndində göstərilən sahə haqqı ödəmələrini gecikdirərsə, onu müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün İddiaçı MMC-nin üzvlüyündən azad etməsi və bu müqavilənin «1.1» bəndində göstərilmiş sahənin tam dəyərinin «xxxx» tərəfindən «Kooperativ»ə ödənilmiş hissəsinin ona qaytarılması yalnız həmin sahə başqa bir şəxsə verildikdən sonra mümkündür. - Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən «xxxx» öhdəsinə götürür: a) müqavilənin «3» bəndində müəyyən edilmiş qrafika əsasən vaxtı-vaxtında «Kooperativ»ə maliyyə vəsaitinin ödənilməsini; b) müqavilənin «3» bəndində müəyyən edilmiş qrafika əsasən sahə haqqlarının ödənilməsini gecikdirdiyi təqdirdə «Kooperativ» tərəfindən bu müqavilənin bir tərəfli qaydada ləğv edilməsinə və ödədiyi maliyyə vəsaitlərinin müqavilənin «2.1» bəndinin «c» bəndində göstərilmiş şərtlər ilə ona qaytarılmasına etiraz etməməyi; c) “xxxx” müqavilə bağlayan müddətdən hər hansı bir vaxt sonra başqa xxxxnın adına dəyişmək istədiyi halda “Kooperativə” 2000 manat ödəməlidir. - Həmin Müqavilənin 3-cü bəndinə əsasən təhvil veriləcək çoxmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahənin ölçüsü 150 kv.m təşkil edir, bu sahənin ümumi dəyəri 240000 (iki yüz qırx min) manat məbləğində müəyyən edilir. “xxxx” təhvil veriləcək ümumi sahənin dəyərinin 67400 (altmış yeddi min dörd yüz) manatı ödəməyi öz öhdəsinə götürür. Qalıq borcu 172600 (bir yüz yetmiş iki min altı yüz) manat təşkil edir və bu məbləği, uyğun olaraq, «xxxx» 8 bərabər hissələrə bölüb hər ay 21575 (iyirmi bir min beş yüz yetmiş beş) manat «Kooperativ»in hesabına və yaxud kassasına nəğd pulla ödəməlidir. Hər ayın ödəmə məbləği hər ayın 26-ı tarixindən gec olmayaraq «Kooperativ»ə ödənilməlidir. - Həmin Müqavilənin 4-cü bəndinə əsasən bu müqavilə hər iki tərəf imzaladığı gündən qüvvəyə minir və tərəflərin öz üzərinə götürdükləri öhdəlikləri tam həcmdə yerinə yetirilənə qədər qüvvəsini saxlayır. - İddiaçı MMC tərəfindən verilmiş 26.11.2018-ci il tarixli maliyyə arayışından görünür ki, 26.11.2018-ci il tarixdə Cavabdeh tərəfindən Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən binanın C blokunun 1-ci mərtəbəsində ümumi sahəsi 150 kv.m olan qeyri yaşayış sahəsi üçün 67400 (altmış yeddi min dörd yüz) manat ödənilmişdir. Qalıq borcu 172600 (bir yüz yetmiş ikimin altı yüz) manatdır. - İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 18.02.2019-cu il tarixli, 07 nömrəli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında olan 26.11.2018-ci il il tarixli müqaviləyə əsasən, "İddiaçı" MMC tərəfindən tikilmiş Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanda yerləşən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra, həmin binanın C blokunun 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 150 kv.m təşkil edən qeyri yaşayış (dükan) sahəsinin, dəyəri müqavilə ilə müəyyən edilmiş qaydada tam ödənildikdən sonra xxxxya, yəni Sizə verilməsi qeyd olunmuşdur. Belə ki, həmin müqavilənin 3-cü bəndinə əsasən, müqavilə predmeti olan qeyri yaşayışın dəyəri 240000 manat qeyd olunmuşdur. Həmçinin müqavilənin eyni adlı bəndinə əsasən, “xxxx” təhvil veriləcək ümumi sahənin dəyərinin 67400 (altmış yeddi min dörd yüz) manatı ilkin olaraq ödəmişdir. Qalıq borcu 172600 (bir yüz yetmiş iki min altı yüz) manat təşkil edir və bu məbləği, uyğun olaraq, «xxxx» 8 bərabər hissələrə bölüb hər ay 21575 (iyirmi bir min beş yüz yetmiş beş) manat «Kooperativ»in hesabına və yaxud kassasına nəğd pulla ödəməlidir. Ödəmə məbləği hər ayın 26-ı tarixindən gec olmayaraq «Kooperativ»ə ödənilməsi nəzərdə tutulmuşdur. 3 ay ərzində borc olaraq, ödənilməmiş 64725 manat pulun müəyyən edilmiş qaydada ödənilməsi öhdəliyi yaranmışdır. Lakin dəfələrlə ona edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq bu günə qədər üzərlərinə düşən öhdəliyi yerinə yetirmir. Xatırlatmaq istəyir ki, aralarında olan müqavilənin 2.2-ci bəndinə qeyd olunmuşdur ki, tərəfindən ödənişlər yerinə yetirilməzsə, müqavilənin birtərəfli qaydada ləğv edilməsinə etiraz etməməlidir. Göstərilənlərə əsasən aralarında olan 26 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən, onlara ödəməli olduqları, 3 ay ərzində borc olaraq, ödənilməmiş 64725 manat pulu 3 (üç) gün müddətində İddiaçı MMC-yə ödənilməsi xahiş olunmuşdur. Əks təqdirdə, qanunvericiliyin və aralarında olan müqavilənin onlara vermiş olduğu hüquqlara əsasən, 26 noyabr 2018-ci il tarixli müqavilə birtərəfli qaydada ləğv ediləcəkdir. - Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi X5 tərəfindən qəbul edilmiş 16.03.2019-cu il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işindən X16 və qeyrilərinin Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü ilə maddələri ilə ayrıca cinayət işi ayrılmışdır. - Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi X5 tərəfindən qəbul edilmiş 16.03.2019-cu il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən yuxarıda qeyd olunan epizodlar üzrə X3, X16 və X8 barəsində cinayət işinin başlanması rədd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin 02.04.2021-ci il tarixli, 10/3635 nömrəli rəyindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26.11.2018-ci il (texniki səhv olaraq müqavilənin tarixi 26.11.2019-cu il kimi göstərilmişdir) tarixli müqaviləyə əsasən (eskiz layihədə göstərilən) Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci il məhəllədə inşa edilən çoxmənzilli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 150 kv.m (müqavilədə göstərildiyi kimi) təşkil edən (dəyəri tam ödənildikdən sonra verilməli olan) qeyri yaşayış sahəsinin ölçüləri və sərhədləri məhkəmə tərəfindən təqdim edilmiş eskizə əsasən 136.6 kv.metr sahəsi “AB və 5-8” saylı oxlar arasında, 13.66 kv. metr sahə binanın xarici divarından kənarda, həmin 136.6 kv.metr sahənin qarşısında yerləşdiyi göstərilmişdir. Baxış zamanı təqdim edilmiş sahənin ölçüləri və hüdudları Cavabdeh verilmiş eskiz layihəsinə uyğun olduğu və həmin sahələr ilə üst-üstə düşdüyü müəyyən edilir. Eyni zamanda qeyd olunur ki, “İddiaçı" MMC ilə Cavabdeh arasında bağlanmış 26.11.2018-ci il (texniki səhv olaraq müqavilənin tarixi 26.11.2019-cu il kimi göstərilmişdir) tarixli müqaviləyə əsasən ayrılmış 150.0 kv.metr sahə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci il məhəllədə inşa edilən çoxmənzilli binanın C blokunun 1-ci mərtəbəsində yerləşdiyi qeyd olunsa da, məhkəmə və baxış zamanı A1 blokunun 1-ci Hüseyn Məmmədov 3/3 tərəfindən təqdim olunmuş eskiz layihəsinə əsasən mərtəbəsində yerləşdiyi müəyyən olundu. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC-nin direktoru X16 («Kooperativ») ilə Cavabdeh («xxxx») arasında bağlanmış 26.11.2018-ci il tarixli müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı 23.10.2015-ci il tarixli Sərəncamına əsasən İddiaçı MMC tərəfindən Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra «C» blokunun 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 150 kv.m təşkil edən qeyri yaşayış (dükan) sahəsini «Kooperativ» «xxxx»ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, «xxxx» isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. (müqavilənin İ hissəsinin İ bəndi) İlkin iddiaçı cavabdeh tərəfin ona təhvil verilməli olan sahənin dəyərinin 67.400 manat məbləğinin ilkin olaraq ödənilməsindən sonra qalan 172600 manat məbləği ödəməməsinə istinad edərək aralarında bağlanılmış müqavilənin ləğv edilməsini, ilk iddia üzrə cavabdehin həm iddiaya etirazında, həm də qarşılıqlı iddiasında cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsini, üzərinə götürdüyü öhdəlikdən imtina etməklə onu aldatmasını, cavabdehin müqavilə şərtlərinə əməl edib şərtləşdirilmiş qaydada əmlakı təhvil verdikdən sonra ona tələb etdiyi vəsaitin ödənilə bilməsini, aralarında bağlanılmış müqavilənin bağlandığı andan etibarsız olmasını, Azərbaycan Respublikası Konstitusiyasının və Mülki Məcəlləsinin tələblərinə zidd olmasını göstərərək müqavilənin etibarsız hesab edilməsini, eləcə də maddi və mənəvi zərərin ödənilməsini xahiş etmişlər. Hər iki iddia tələbində tərəflər bir-birinin bağladıqdarı müqavilə şərtlərinə əməl etməmələrinə əsaslanaraq müvafiq olaraq onun ləğvini və etibarsızlığını mübahisələndirmişlər. Məhkəmə müqavilənin ləğvi və etibarsızlığı ilə bağlı iddia tələblərinin əsaslarının demək olar ki, eyni olmasını nəzərə alaraq hər iki tələbə müqavilə şərtlərinə uyğun qiymət verilməsini zəruri sayır. Məhkəmə ilk iddia üzrə cavabdehin MMC-nin müqavilə şərtlərinə əməl edib şərtləşdirilmiş qaydada əmlakı təhvil verdikdən sonra ona tələb etdiyi vəsaitin ödənilə bilməsi, onun götürdüyü öhdəlikləri yerinə yetirmədən ondan pulun (bütünlüklə) tələb etməsinin qeyri-qanuni olması, razılaşmada pulun əvvəlcədən ödənilməsinin nəzərdə tutulmaması kimi dəlillərinə qiymət verərək bu dəlillərin əsassız olması qənaətinə gəlir. Belə ki, işin materiallarından görünür ki, müqavilənin şərtlərinə əsasən binanın tikintisi layihə sənədlərinə və tikinti norma-qaydalarının tələblərinə uyğun surətdə, 2019-cu ilin axırlarına təhvil verilməli idi. Müqavilənin 3.2-ci bəndinə əsasən isə müəyyən edilmiş qrafika əsasən vaxtı-vaxtında maliyyə vəsaitinin ödənilməsi razılaşdırılmış, həmin bəndə əsasən ilkin olaraq, 67.400 manat pul 26.11.2018-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilmişdir. Məhkəmə hesab edir ki, müqavilə şərtlərinə əsasən müqavilə bağlanandan və 26.11.2018-ci il tarixdə Cavabdeh tərəfindən Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən binanın C blokunun 1-ci mərtəbəsində ümumi sahəsi 150 kv.m olan qeyri yaşayış sahəsi üçün 67400 (altmış yeddi min dörd yüz) manat ödənildikdən sonra 8 bərabər hissələrə bölüb hər ay, yəni, dekabr (2019), yanvar-iyul aylarında (2020-ci il) 21575 (iyirmi bir min beş yüz yetmiş beş) manat MMC-nin (müqavilə üzrə «Kooperativ»in) hesabına və yaxud kassasına nəğd pulla ödəməli olduğu halda etməmişdir. İşin materiallarından görünür ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəf məhkəməyə təqdim etdikləri ərizədə, izahatlarında müqavilə üzrə müəyyənləşdirilmiş pul vəsaitini ödəməyi üzərlərinə götürməyi, ilkin olaraq müqavilə bağlanan anda tərəflərindən 67400 manat ödənilməsini etiraf etmişlər. Lakin eyni zamanda göstərmişlər ki, qalan pulu 8 ayda ödəməli olsalar da, 2–ci aydan etibarən MMC-nin hərəkətlərində inamsızlığı görüb digər hissəni də ödəməyə ehtiyat etmişlər. İnamsızlıq dedikdə, həm aldıqları digər 2 mənzillə bağlı sahələrdə əksikliklər, həm başqa xxxxların narazılığı, həm həqiqətən də tikintinin real olaraq getmədiyini və ən əsası da təsisçilərin və rəhbərlərin barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin olduğunu nəzərdə tutmuşlar. Halbuki, işin materiallarından görünür ki, X3, X16 və X8 barəsində Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə baş İdarəsinin 16.03.2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, ilk iddia üzrə cavabdeh tərəf müqavilənin 3.2-ci bəndinə əsasən qeyri-yaşayış sahəsinin dəyərinin qalan hissəsi olan 172.600 (yüz yetmiş iki min altı yüz) manat pulun, 8 bərabər hissələrə bölünərək, hər ay 21575 (iyirmi bir min beş yüz yetmiş beş) manat olmaqla hər ayın 26-dan gec olmayaraq ödənilməsinə dair müqavilə şərtinə uyğun olaraq (hətta 16.03.2019-cu il tarixli qərarından sonra da) ödənilməsini həyata keçirməmiş, MMC-nin 2019-cu ilin avqust ayından sonra MMC hazırki ilk iddianı qaldırdıqdan sonra noyabr ayında aralarında bağladıqları müqavilənin etibarsızlığını mübahisələndirmişdir. Bundan əlavə, ilk iddia üzrə cavabdeh tərəf iddiaya etirazın əsası kimi MMC-dən aldıqları digər 2 mənzil, həmin mənzillərlə bağlı sahələrdə əksikliklər, başqa xxxxların narazılığı, həm həqiqətən də tikintinin real olaraq getmədiyi barədə hər hansı sübutlar təqdim etməmişlər. Müqavilədə MMC-nin («Kooperativ»in) tikinti başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq yeni tikilmiş binanın ümumi sahəsi 150 kv.m olan binanın 1-ci mərtəbəsində yerləşən qeyri yaşayış (dükan) sahəsini «xxxx»ya təhvil verməyi öhdəsinə götürməsini, eləcə də MMC-nin («Kooperativ»in) müqavilə şərtlərinə əməl edib şərtləşdirilmiş qaydada əmlakı təhvil verdikdən sonra cavabdehdən vəsaitin ödənilməsini tələb edə bilməsinə dair müqavilə şərti olmamasını nəzərə alaraq məhkəmə qeyd edir ki, MMC-nin götürdüyü öhdəlikləri yerinə yetirmədən «xxxx»dan pulun (bütünlüklə) ödənilməsini tələb etməsi, bununla bağlı hətta ona xəbərdarlıq məktubu göndərməsi qeyriqanuni olmamış, sonuncunun isə müqavilə üzrə şərtləndirilmiş qrafik üzrə ödənişləri aybaay ödənilməsindən imtinası üçün gətirdiyi səbəblər əsassız olmuşdur. Beləliklə də məhkəmə hesab edir ki, ilk iddiaçı hüquqi statusuna görə MMC olsa da, Cavabdeh ilə qarşılıqlı razılaşma əsasında bağlanmış müqaviləyə əsasən o, üzərinə öhdəlik götürməsinə və bu öhdəliyin icrasına başlamasına baxmayaraq, sonradan öhdəliyin icrasından yayınmaqla onun tərəfindən 26.11.2018-ci il tarixli müqavilənin şərtlərinin əhəmiyyətli dərəcədə pozulması nəticəsində ilk iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur. - 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfın imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Beləliklə də, məhkəmə hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26.11.2018-ci il tarixli müqavilə ləğv olunmalı, ilk iddia təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələblərinə də hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilən çoxmənzilli binanın «C» blokunun 1-ci mərtəbəsindəki ümumi sahəsi 150 kv.m təşkil edən qeyri-yaşayış (dükan) sahəsi ilə əlaqədar 26.11.2018-ci il tarixli müqavilə şərtlərinə İddiaçı MMC-i tərəfindən də əməl edilməməsi faktı mövcud olmuş və bu hal iş materiallarında olan ekspertiza rəyi ilə də öz təsdiqini tapmışdır. Lakin məhkəmə eyni zamanda mübahisələndirilən müqavilənin etibarsızlığı ilə bağlı irəli sürülən dəlillərə qiymət verərək hesab edir ki, qarşılıqlı iddiaçının bununla bağlı göstərdikləri müqavilənin etibarsızlığı üçün deyil, həmin müqavilənin ləğvi üçün nəzərdə tutulan əsaslardır ki, həmin müqavilənin də ləğv edilməli olmasına ilk iddia üzrə hüquqi qiymət verilmişdir. Məhkəmə qarşılıqlı iddianın cavabdeh İddiaçı MMC-nin direktoru X7 67.400 manat məbləğində pul tutulmasına dair dəlilini qismən əsaslı sayır və hesab edir ki, həmin məbləğ İddiaçı MMC-nin direktorundan deyil, MMC-dən tutularaq Cavabdeh qaytarılmalıdır. Belə ki, işin materiallarından görünür ki, 67.400 manat məbləğində pul İddiaçı MMCyə ödənilmişdir və ödənilən pulun qaytarılması halı da tərəflər arasında bağlanmış müqavilənin İİ hissəsinin «c» bəndi ilə şərtləndirilmişdir. Məhkəmə hesab edir ki, həmin bəndlə bu müqavilənin «1.1» bəndində göstərilmiş sahənin tam dəyərinin «xxxx» tərəfindən «Kooperativ»ə ödənilmiş hissəsinin ona qaytarılmasının yalnız həmin sahənin başqa bir şəxsə verildikdən sonra mümkün olmasının göstərilməsinə baxmayaraq, geri qaytarılması tələb edilən 67.400 manat məbləğində pul MMC-dən tutularaq Cavabdeh qaytarılmalıdır. Belə ki, əvvəla qeyd edilən bənddə göstərilən şərt qeyri-müəyyən olmaqla, müqavilənin standart şərtlərinə uyğun olmamaqla digər müqavilə tərəfi üçün zərərlidir. Çünki, mübahisəli sahənin başqa bir şəxsə verilməsi vaxtı qeyri müəyyəndir və bu xeyli, hətta uzun müddət davam edə bilər ki, nəticədə həmin sahə üçün vəsait ödəmiş şəxsin bu vəsaitindən (əmlakından, mülkiyyətindən) qanunvericiliklə müəyyən edilmiş qaydada öz mülahizəsinə görə faydalanmaqdan məhrum olunmasına gətirib çıxara bilər. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. İstinad olunan maddələrin tələblərinə əsasən pul əşya olduğu üçün, əmlak isə istənilən əşyaların toplusu olduğu üçün pul əmlak hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Məhkəmə bu qənaətə gələrkən hazırki qətnamə ilə tərəflər arasında bağlanmış 26.11.2018-ci il tarixli müqavilənin ləğv edilməsi nəticəsinə gəlməsini də nəzərə alır. Məhkəmə qarşılıqlı iddia tələbinin əsas borca görə ilə əlavə 5% hesablanmaqla, 3 ilə 5 faiz - 10.110 manat məbləğində vəsait, 30.000 manat əldən çıxmış fayda tələblərini də əsassız sayır və hesab edir ki, Cavabdeh özü tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri pozması fonunda müqavilə şərtlərinə uyğun ilkin ödədiyi məbləğlə bağlı faiz və əldən çıxmış fayda ilə bağlı tələbləri əsaslı sayıla bilməz. Məhkəmə iddianın mənəvi ziyanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı tərəf Cavabdeh əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi mənəvi ziyan hissəsində də əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə tikinti-texniki ekspertizasının tədqiqatının dəyəri 100 (bir yüz) manatdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbləri qismən təmin olunduğundan, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın 50 (əlli) manat hissəsi İddiaçı MMC-dən, 50 (əlli) manat hissəsi Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin – Cavabdeh qarşı «müqavilənin ləğv olunması» tələbinə ilkin iddiası təmin edilməklə tərəflər arasında bağlanmış 26.11.2018-ci il tarixli müqavilə ləğv olunmalı, iddiaçı Cavabdeh – cavabdeh İddiaçı MMC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmklə Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən binanın C blokunun 1-ci mərtəbəsində ümumi sahəsi 150 kv.m olan qeyri yaşayış sahəsi üçün ödənilmiş 67400 (altmış yeddi min dörd yüz) manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən tutularaq Cavabdeh ödənilməli, qarşılıqlı iddia qalan hissələrdə təmin edilməməli, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın 50 (əlli) manat hissəsi İddiaçı MMC-dən, 50 (əlli) manat hissəsi Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin – Cavabdeh qarşı «müqavilənin ləğv olunması» tələbinə dair ilkin iddiası təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26.11.2018-ci il tarixli müqavilə ləğv olunsun. İddiaçı Cavabdeh – cavabdeh İddiaçı MMC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən binanın C blokunun 1-ci mərtəbəsində ümumi sahəsi 150 kv.m olan qeyri yaşayış sahəsi üçün ödənilmiş 67400 (altmış yeddi min dörd yüz) manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissələrdə təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın 50 (əlli) manat hissəsi İddiaçı MMC-dən, 50 (əlli) manat hissəsi Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar