Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-467/2023 28.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh1 MMC-nin nümayəndəsi F.S.Hüseynovun iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 mağazasına qarşı pozulmuş istehlakçı hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 mağazasına qarşı pozulmuş istehlakçı hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Neftçilər prospekti, 151 X4 ticarət mərkəzində yerləşən Cavabdeh2 mağazasından 775 manat dəyərində “Outwear A06284 01DAP FW22/23 Diesel” modelində gödəkcə almışdır. Həmin gödəkcənin pulunu nəğd olaraq ödəmişdir. Evə getdikdən sonra həmin gödəkcənin ona yaraşmadığını görüb, dərhal həmin dükana qayıdaraq öz istehlakçı hüquqlarından istifadə edərək həmin gödəkçəni başqası ilə əvəz etmişdir. Elə həmin gün xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Neftçilər pr-ti, 151 X4 ticarət mərkəzində yerləşən Cavabdeh2 mağazasına gedərək 775 manat ödəyərək aldığı “Outwear A06284 01DAP FW22/23 Diesel” modelində gödəkcəni qaytarmış və onun əvəzinə əlavə 45 manat da ödəyərək məbləği 820 manat olan “Outwear A06285 0AEAİ FW22/23 Diesel” modelində gödəkcə almışdır. Həmin gödəkcəni götürüb evə getmişdir. Evdə gödəkcənin keyfiyyətsiz tikildiyinin şahidi olmuş və dərhal həmin Bakı şəhəri,Neftçilər pr-ti, 151 X4 ticarət mərkəzində yerləşən Cavabdeh2 mağazasına gələrək ödədiyi 820 manat pulun geri qaytarılmasını tələb etmiş və gödəkcəni onlara geri vermişdir. Lakin dükan satıcıları onun istehlakçı hüquqlarını pozaraq, guya ki, o, həmin gödəkcəni geydini bildirərək, gödəkcəni qaytarmaqdan imtina etmişlər. O, dərhal İqtisadiyyat Nazirliyinin çağrı mərkəzinə müraciət etmiş və 14 gün ərzində aldığı malı geri qaytarmaq hüququndan istifadə edə bilmədiyini və Cavabdeh2 mağazasının onun hüquqlarını pozduğunu bildirmişdir. İqtisadiyyat Nazirliyindən onun müraciətinə cavab olaraq bildirmişlər ki, “Cavabdeh2 mağazasından aldığınız malın qaytarılmaması haqqında İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə daxil olmuş xx.xx.2022-ci il tarixli müraciətinizə (daxil olma qeydiyyatı: iN-Df**********, xx.xx.2022-ci il) İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində aidiyyəti üzrə baxılmışdır. Müraciətinizlə bağlı aparılan araşdırılma zamanı Cavabdeh2 mağazasında məxsus olduğu Cavabdeh1 MMC tərəfindən Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 265 nömrəli məktubda xx.xx.2022-ci il tarixində gödəkcəni aldıqdan sonra geyinərək mağazanı tərk etdiyiniz, lakin bir saat sonra dəyişdirilməsi məqsədi ilə mağazaya müraciət etdiyiniz zaman müştəri məmnuniyyəti əsas götürülərək 820 manat dəyərində olan digər malla dəyişdirildiyi, daha sonra həmin malın yarlığını çıxardaraq geyindikdən sonra mağazanı tərk etdiyiniz qeyd edilmişdir. Həmçinin növbəti gün geyimin qaytarılması üçün mağazaya yaxınlışdığınız zaman mal istifadə edildiyindən qaytarılmasından imtina olunduğu” bildirilmişdir. Cavabdeh2 mağazasının məxsus olduğu Cavabdeh1 MMC tərəfindən Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 265 nömrəli məktubda cavabdeh bildirmişdir ki, guya ki, o, gödəkcənin yarlığını çıxarmış və mağazaya da o vəziyyətdə gətirmişdir. Halbuki, gödəkcənin yarlığı üzərindədir. Gödəkçəyə tərəfindən hər hansı bir korlandırma olmamışdır. Aldığı gödəkcənin özü, üzərində yarlığı, alış qəbzini Cavabdeh2 mağazasına təqdim etsə də, mağazanın səlahiyyətli işçiləri ona qarşı hörmətsizlik etmiş, keyfiyyətsiz tikilişi olan gödəkçəni qaytararaq pulunu ona verməmişlər. Gödəkcənin qollarında və müxtəlif yerlərində xoşagəlməz səliqəsiz tikişlər var. Həmin gödəkcəni o, 820 manata aldığına baxmayaraq onun dəyəri həmin 820 manat olmadığını anlamış və bu səbəbdən də geri qaytarmaq istəyir. Göründüyü kimi, Cavabdeh2 mağazasından 1 gün ərzində 2 dəfə gödəkcə alsa da, hər ikisinin keyfiyyətli tikilişində qüsur aşkarlanmışdır. Bu da o deməkdir ki, həmin mağazada ödənilən pulun dəyərində özünə gödəkcə ala bilməyədək və bu səbəbdən də xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Neftçilər pr-ti, 151 X4 ticarət mərkəzində yerləşən Cavabdeh2 mağazasından aldığı “Outwear A06284 01DAP FW22/23 Diesel” modelində gödəkcəni qaytarmaq və ödədiyi 820 manat pulu, həmçinin son aylarda çəkdiyi mənəvi iztirabın əvəzi mənəvi ziyan olaraq 500 manat pul tələb edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh1 MMC və Cavabdeh2 mağazasından aldığı 820 manat dəyərində olan gödəkcənin cavabdehlərə geri qaytarılması, cavabdehlərə gödəkcənin dəyəri üçün ödədiyi 820 manat pulun və 500 manat mənəvi ziyanın, hüquqi xidmət üçün ödədiyi 60 manat xərcin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin bildirmişdir ki, gödəkcəni aldıqdan sonra öz gödəkcəsini dostuna hədiyyə etmiş, evə gəldikdən sonra isə gödəkcəyə bir daha baxıb qol hissəsində tikişləri və forması onun xoşuna gəlməmiş, gödəkcəni qaytarıb yenisi ilə dəyişmək istəmişdir. Bu məqsədlə səhərisi günü mağazaya getmiş, öz köhnə gödəkcəsini dostuna verdiyi üçün yeni gödəkcəni əyninə geyinib mağazaya daxil olmuş, orada ona gödəkcənin geyindiyini bildirərək qaytarmaqdan imtina etmişlər. Hesab edir ki, satıcının gödəkcəni dəyişməkdən imtina etməsi əsassız olmuşdur, Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 MMC-nin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh2 mağazası hüquqi şəxs olan Cavabdeh1 MMC-nin satış mağazasıdır və hüquqi şəxs statusunda deyildir. İddiaçı mağazadan aldığı 1-ci gödəkcəni qaytarıb, 2-ci gödəkcəni əldə edib, geyinib mağazadan getmişdir. 1-ci gödəkcənin dəyişilməsi zamanı hər hansı maneə olmamışdır. 2-ci gödəkcə isə əsaslı olaraq satıcı tərəfindən dəyişdirilməsindən imtina edilmişdir. Belə ki, alıcı olan iddiaçı həmin gödəkcəni istifadə etdiyi üçün, yəni geyindiyi üçün, gödəkcə dəyişdirilə bilməz. Həmin gödəkcə dəyişdirildiyi halda kimə satılması mümkün olardı. Ona görə də malın geri qaytarılıb pulun tutulması ilə bağlı tələbi əsassız hesab edir. Eyni zamanda tələb mənəvi ziyan hissəsində də əsassızdır. Qanunvericilikdə mənəvi ziyanın tutulması ilə bağlı hansı halların olması dəqiq müəyyən edilmişdir. İddiaçının qeyd etdiyi halda isə belə bir ziyan mövcud ola bilməz. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddia tələblərinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək və gödəkcəyə vizual baxış keçirdərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-xi il tarixli məktubun surətindən görünür ki, Cavabdeh2 mağazasından aldığı malın qaytarılmaması haqqında müraciəti ilə bağlı aparılan araşdırılma zamanı Cavabdeh2 mağazasının məxsus olduğu Cavabdeh1 MMC tərəfindən Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 265 nömrəli məktubla xx.xx.2022-ci il tarixində gödəkçəni aldıqdan sonra geyinərək mağazanı tərk etdiyi, lakin bir saat sonra dəyişdirilməsi məqsədilə mağazaya müraciət etdiyi zaman müştəri məmnuniyyəti əsas götürərək 820 manat dəyərində olan digər malla dəyişdirildiyi, daha sonra həmin malın yarlığını çıxardaraq geyindikdən sonra mağazanı etdiyi qeyd edilmişdir. Həmçinin növbəti gün geyimin qaytarılması üçün mağazaya yaxınlaşdığı zaman mal istifadə edildiyindən qaytarılmasından imtina olunduğu bildirilmişdir. Məlumat üçün bildirirlər ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, istehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Əlavə olaraq bildirirlər ki, Cavabdeh1 MMC-nin mövqeyi ilə razılaşmadığı təqdirdə yaranmış mübahisə ilə bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. İş üzrə ödəniş çəklərin surətlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 20.12 radələrində “Outwear A06284 01DAP FW22/23 Diesel” modeli gödəkcə alınmış və Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 151 ünvanında yerləşən Cavabdeh1 MMC-yə məxsus olan Cavabdeh2 mağazasına 775 manat ödəniş edilmiş, həmin tarixdə, saat 21.49 radələrində “Outwear A06285 0AEA1 FW22/23 Diesel” modeli gödəkcə alınmış və Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 151 ünvanında yerləşən Cavabdeh1 MMC-yə məxsus olan Cavabdeh2 mağazasına 820 manat ödəniş edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehlakcılar malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsi, istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımı keyfiyyətdə olması, malların (işlərin, xidmətlərin) təhlükəsizliyi, malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və duzgün məlumat əldə etmək, qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımı keyfiyyəti olmayan, habelə, insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsi, öz hüquqlarının və qanuni manafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək, ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşmək hüquqlarına malikdirlər. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Həmin Qanunun 7-ci maddəsinin 2-ci bəndinə əsasən satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Göstərilən Qanunun 7-ci maddəsinin 3-cü bəndinə əsasən istehlakçının malı dəyişmək tələbi, mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti, müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. Eyni Qanunun 7-ci maddəsinin 4-cü bəndinə əsasən qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i.a.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir. Göstərilən Qanunun 7-ci maddəsinin 7-ci bəndinə əsasən istehlakçının tələbinə, qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir. Göstərilən Qanunun 7-ci maddəsinin 10-cu bəndinə əsasən əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmamalıdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 1-ci bəndinə əsasən satıcı (icraçı) istehlakçıı maraqlandıran malın (isin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, saglamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şartləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsındə istehlakçıya zəruri və duzgün məlumat verməlidir. Həmin Qanunun 15-ci maddəsinin 1-ci bəndinə əsasən lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin 2-ci bəndinə əsasən malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir. «İstehlakçıların huquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinin 1-ci bəndinə müvafiq olaraq istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Neftçilər prospekti, 151 X4 ticarət mərkəzində yerləşən Cavabdeh1 MMC-yə məxsus olan Cavabdeh2 mağazasından 775 manat dəyərində “Outwear A06284 01DAP FW22/23 Diesel” modeli gödəkcə almışdır. Evə getdikdən sonra gödəkçənin ona yaraşmadığını görmüş, dərhal mağazaya qayıdaraq həmin gödəkcəni qaytarmış və onun əvəzinə əlavə 45 manat ödəyərək məbləği 820 manat olan “Outwear A06285 0AEAİ FW22/23 Diesel” modeli gödəkcə almışdır. Evdə o, gödəkcənin keyfiyyətsiz tikildiyini görmüş, onu bəyənməmiş və dərhal həmin mağazaya gələrək ödənilmiş 820 manat pulun qaytarılmasını tələb etmiş və gödəkcəni onlara geri vermişdir. Lakin mağaza satıcıları həmin gödəkcəni geyindiyini bildirərək, onu qaytarmaqdan imtina etmişlər. Hazırda iddiaçı gödəkcənin cavabdehlərə geri qaytarılmasını, gödəkcənin dəyəri üçün ödədiyi 820 manat pulunun,500 manat mənəvi ziyanın, həmçinin hüquqi xidmət üçün ödənilmiş 60 manat məbləğində pulun ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən alıcı 14 gün ərzində aldığı malın öz formasına, ölçüsünə, fasonuna, rənginə görə ona yaramadığını müəyyən edərsə, alıcının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. Məhkəmə eyni zamanda qeyd edir ki, qanunun yuxarıda göstərilən tələblərə baxımından satıcı lazımi keyfiyyətli mal istifadə olunmadığı, onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanıldığı halda həmin malı dəyişməlidir. Yəni qanunvericilik göstərilən hallardan hər hansı birinin mövcud olmaması əsası ilə satıcının malın dəyişdirilməsindən imtina etməsini əsaslı olduğunu müəyyən edir. Satıcı alıcıya (iddiaçıya) aldığı malın dəyişdirilməsi və geri qaytarılması barədə müraciətinə əsasən edilmiş imtinanın əsası kimi onun geyinilməsi və istifadə olunmasını göstərmişdir. Məhkəmə bir gün müddətində əldə edilmiş, bəyənilməmə səbəbi ilə geri qaytarmaq niyyətində olan alıcının obyektiv səbəbdən alınan mağazaya daxil olarkən əynində olması halını, həmin gödəkcənin istifadə olunmuş və geyinilmiş kimi cavabdeh tərəfindən dəyərləndirilməsini əsaslı hesab etmir, belə ki, gödəkcəyə vizual baxış zamanı da həmin malın istifadə olunması halı müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, gödəkcənin qəbul olunması cavabdeh tərəfindən imtina olunduğundan, iddiaçı qanunvericiliklə ona verilən hüquqdan istifadə edərək mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, satılmış malın bəyənilməmə səbəbi ilə onun dəyişdirilməsi və dəyərinin geri qaytarılması barədə alıcıya müraciət etmək iddiaçının müstəsna hüququ olduğundan, cavabdeh tərəfindən onun müraciəti müsbət həll edilmədiyindən, imtina barədə gətirilən dəlillər isə əsassız olduğundan, iddia tələbi iddiaçı tərəfindən alınmış gödəkcənin qaytarılması və gödəkcəyə görə ödənilmiş pul məbləğinin tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Lakin məhkəmə hesab edir ki, həmin pul məbləği cavabdeh qismində göstərilən hüquqi şəxs Cavabdeh1 MMC-dən tutulmalıdır. Belə ki, Cavabdeh2 mağazası hüquqi şəxs Cavabdeh1 MMCnin satış mağazasıdır və hazırki tələb üzrə cavabdehlik yalnız hüquqi şəxs olan Cavabdeh1 MMC daşımalıdır. Azərbaycan Respublikası MPM-nin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnaməni icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə həmçinin hesab edir ki, qətnamə pulun ödənilməsi və gödəkcənin geri qaytarılması hissələrində eyni vaxtda icra edilməlidir. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyana görə 500 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Konstitusiya Məhkəməsinin bu qərarında mənəvi zərərin sırf qeyri əmlak xarakterli olması birmənalı olaraq qeyd edilmişdir. Hazırki iddia tələbinin əsasını isə iddiaçı əmlak hüquqlarının pozulması ilə əlaqələndirdiyindən, məhkəmə hesab edir ki, bu halda mənəvi zərərin olması istisna olunur. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 60 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, iddiaçı hüquqi yardım xərcinə görə 60 manat məbləğində pulun tutulmasını tələb etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hüquqi yardım xərcinə görə 60 manat məbləğində pulun tutulması hissəsində tələb təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. “Outwear A06285 0AEAİ FW22/23 Diesel” modeli gödəkcənin alınmasına görə ödənilmiş 820 (səkkiz yüz iyirmi) manat məbləğində pul Cavabdeh1 MMC-dən İddiaçı xeyrinə tutulsun və “Outwear A06285 0AEAİ FW22/23 Diesel” modeli gödəkcəni geri qaytarılsın. Qətnamə pulun ödənilməsi və gödəkcənin geri qaytarılması hissələrində eyni vaxtda icra edilsin. İddia tələbi qalan hissədə və Cavabdeh2 mağazasına münasibətdə təmin edilməsin. Cavabdeh1 MMC-dən dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi kimi pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-467/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-467/2023
28.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver