Məhkəmə qərarları › İş №2(009)-486/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-486/2022

09.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-486/2022 09.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh Mixayil oğluna qarşı uşağa görə çəkilmiş əlavə xərclərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Mixayil oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mixayil oğlundan 2901,15 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Səbail rayon Məhkəməsinin 2(009)- 161/2021 saylı 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh Mixayil oğlunun arasında olan nikah pozulmuş, 03.07.2018-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması müəyyən edilmiş və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 01.09.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 175 manat sabit oul məbləğində aliment alınaraq İddiaçı verilməsinə qət edilmişdir. Uşağın səhhəti 2021-ci ildə pisləşdiyinə görə o bir neçə həkimlərə və klinikalara müraciət etmiş və uşağa “öd axacaqlarının digər anadangəlmə anomaliyaları” diaqnozu qoyulmuşdur. Bununla əlaqədar o, 2021-ci il ərzində müxtəlif tarixlərdə dəfələrlə həkimlərə və klinikalara müraciət etmiş və uşağın müalicəsi ilə bağlı cəmi 5.802,31 manat vəsait xərcləmişdir. Çəkilmiş xərclərin heç olmazsa bir hissəsinin uşağın atası tərəfindən ödənilməsi cavabdehə təklif olunsa da, o, müalicə ilə bağlı hər hansı məbləğin ödənilməsindən imtina etmişdir. Mediatorun vasitəçiliyi ilə aralarında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı tədbirlər heç bir nəticə verməmişdir. Tərəfindən mediatora müvafiq ödəniş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 2(009)-161/2021 saylı 19 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 14.12.2016-cı il tarixdə bağlanmış nikahın pozulması, 03.07.2018-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 01.09.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan “Bakı sağlamlıq” Mərkəzinin epikrizindən aydın olur ki, X2 həmin klinikaya öd axacaqlarının digər anadagəlmə anomaliyaları, genişlənmiş qaraciyərdaxili öd axarları, genişlənmiş ümumi öd axarı və ümumi öd axarında çoxlu miqdarda daşlar diaqnozu ilə daxil olmuş, 17.07.2021-ci il tarixdə ümumi anesteziya altında “xolesistektomiya, xoledoxotomiya, ümumi öd axarı daşlarının xaric edilməsi, “Ttube” qoyulması və ümumi öd axarının sadə tikilməsi əməliyyatı icra olunmuşdur. Əməliyyat və əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, xəstəyə stasionarda antibakterial, simptomatik, infuzion, analgetik müalicələr aparılmışdır. Xəstə kafi vəziyyətdə evə yazılmışdır. Xəstəyə 1 həftə boyunca sarğının dəyişdirilməsi və 2 həftə sonra təkrar müayinə, 1 ay pəhriz, yaşayış yerində sahə uşaq cərrahının nəzarəti məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş kassa mədaxil çeklərindən və ödəniş qəbzindən görünür ki, sözügedən əməliyyat və müalicə üçün klinikaya ümumilikdə 5802,31 (beş min səkkiz yüz iki manat otuz bir qəpik) manat məbləğində pul ödənilmişdir. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci və 81.3-cü maddələrinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən edildi ki, tərəflərin birgə nikahından doğulmuş 03.07.2018-ci il təvəllüdlü X1 anası İddiaçı himayəsindədir və uşaq “öd axacaqlarının digər anadangəlmə anomaliyaları” xəstəliyindən əziyyət çəkir, iddiaçı tərəfindən uşağın müalicəsi üçün 5802,31 manat vəsait sərf olunmuşdur və cavabdeh uşağın müayinə və müalicə xərclərində iştirak etmir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahdan olan uşaqları X1 üzərində (qarın boşluğunda) aparılmış cərrahiyyə əməliyyatı üçün iddiaçı tərəfindən ödənilmiş 5802,31 manatın yarısının, yəni 2901,15 (iki min doqquz yüz bir manat on beş qəpik) manatın cavabdehdən alınması ailə qanunvericiliyinin ümumi prinsipləri baxımından ədalətli hesab edilməlidir və Ailə Məcəlləsinin 81-ci maddəsinin mənasına uyğundur. İş üzrə müəyyən olunmuş hallara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Mixayil oğlundan 2 901,15 (iki min doqquz yüz bir manat on beş qəpik) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar