Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-498/2023 07.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1133/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən onunla cavabdeh arasında bağlanmış nikah pozulmuş, xx.xx.2008-ci il təvəllüdlü X2 cavabdehin yanında qalması, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək onun saxlanması üçün ondan xx.xx.2018-ci il tarixdən hesablanmaqla hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq cavabdehə verilməsi qət edilmişdir. Nikahın pozulması haqqında 211 saylı akt qeydiyyata alınsa da, onlar ayrılmamışlar və 2018, 2019 və 2020-ci illərdə ailə kimi bir yerdə onun evində birgə yaşamaqda davam etmişlər. Birgə yaşadıqları müddətdə və ondan əvvəl də onun adına olan Azərbaycan Beynəlxalq Bankının əmək haqqı kartı cavabdehin əlində olmuşdur. Onun əmək haqqı kartı 2018, 2019, 2020-ci illərdə ailənin maddi ehtiyaclarının ödənilməsinə sərf edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsində hakim xanım Rəna Qafarova 2(009)-2078/2022 saylı iş üzrə qərar qəbul edərək, Azərbaycan Beynəlxalq Bankından onun adına açılmış hesab üzrə maaş kartından xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək cavabdehin məxaric etdiyi bankomatlardan foto və video (disk) görüntülərindən ibarət sübutlar əldə edilmişdir. Bu məhkəmə iclasında eyni zamanda cavabdehin adından onun vəkili İlqar Əliyev çıxış edərək həqiqətən də 2018-2019-2020-ci illərdə onların bir yerdə yaşamaqları təsdiqləmişdir. Lakin buna baxmayaraq 2021-ci il dekabrın 2-də cavabdeh Səbail rayon İcra və Probasiya şöbəsinə gələrək heç bir səbəb əsas olmadan şikayət ərizəsi yazmışdır. Ərizədə göstərilir ki, guya o, 2018-ci il yanvarın 31-dən bu günə qədər aliment ödəməmişdir, halbuki, onlar nikah pozulduqdan sonra ayrılmamış, 3 il bir yerdə yaşamağa davam etmişlər. Beləliklə, ona qarşı şər-böhtandan istifadə edərək saxtakarlıq, aldatma yolu ilə böyük icra məmuru Səbuhi Əhmədova yalan ifadə verərək ərizə ilə müraciət etmişdir. Bundan sonra icra məmuru heç bir araşdırma aparılmadan, yoxlamadan iş yerinə maliyyə şöbəsinin əmək haqqının hər ay 70% miqdarında tutularaq Cavabdeh hesabına köçürülməsini təmin etmişdir. Beləliklə, o, yenidən təkrar olaraq 2018-ci il yanvarın 31-dən başlayaraq 2020-ci il dekabr ayına qədər aliment ödənilməsinə məcbur edilmişdir. Cavabdehin ona qarşı törətdiyi bu hərəkətləri ilə ona həm də mənəvi sarsıntı yaşatmışdır. Hazırda cavabdehin hərəkətləri nəticəsində ona həm maddi, həm də mənəvi zərər dəymişdir. Buna görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı onun 2018-ci, 2019-cu, 2020-ci illərə aid olan 5236 manat aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, boşanma ilə bağlı iddia ərizəsi məhkəmə icraatında olduğu 2018-ci ilin yanvar ayından, həmçinin qətnamə qəbul edildiyi həmin ilin may ayından 2020-ci ilin dekabr ayınadək cavabdehlə birgə yaşamışlar. O, dənizçi olduğu üçün həftələrlə, bəzən aylarla evdə olmadığından, maaş kartını cavabdehə vermiş və cavabdeh hər ay həmin kartdan pul çıxartmışdır. Əvvəlki məhkəmə araşdırması zamanı bank tərəfindən təqdim olunan videodisk və digər sənədlərlə, hətta 2017-ci ildə onun kartından Cavabdeh pul çıxarması sübut olunmuş, məhkəmə də həmin faktı təsdiq etmişdir. Lakin məhkəmə onların birgə yaşamasını əsas götürərək Gülnar tərəfindən çıxarılan alimentdən çox pulun ona qaytarılması barədə tələbini təmin etməmişdir. Hakim bildirmişdir ki, əgər o, aliment borcunun silinməsi barədə tələb irəli sürsə idi, bu daha qanuni olardı. Gülnar 2020-ci ilin dekabrından evdən çıxıb getdikdən sonra icra məmuruna ödənilməyən alimentin verilməsi barədə müraciət etdiyi üçün o, hazırki tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh və məhkəmə tərəfindən 3-cü şəxs qismində işə cəlb edilmiş Səbail rayon icra şöbəsinin böyük icra məmuru S.Əhmədov məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, 2(009)-2078/2022 saylı mülki işin materiallarına baxış keçirib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-1133/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2002-ci tarixdə Səbail rayon Qeydiyyat şöbəsində bağlanaraq, 211 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2008-ci il tarixdə doğulmuş X2 anası Cavabdeh yanında qalması, X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xx.xx.2018-ci il tarixdən hesablanmaqla, hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş üzrə Cavabdeh tərəfindən Səbail rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli şikayət ərizəsinin surətindən görünür ki, Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)- 1133/2018 saylı qətnaməsi icraya yönəldilmiş və cavabdehin 7238 manat borcu yaranmışdır. Borclu İddiaçı alimenti ödəmir, buna baxmayaraq icra sənədinin icra olunması üçün barəsində heç bir məcburi tədbirlər görülmür və borclu bu müddət ərzində yığılmış alimenti ödəməkdən yayınır. Aliment borcunun tam ödənilməsinin təmin edilməsi məqsədi ilə borclu barəsində tez bir zamanda inzibati qaydada protokolun tərtib edilərək onun işin digər materialları ilə birlikdə məhkəməyə göndərilməsinə müvafiq göstəriş verilməsini xahiş etmişdir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-2078/2022 saylı, xx.xx.2022-ci il tarixli (hakim Rəna Qafarova) qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Səbail rayon İcra Şöbəsi iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) “artıq ödənilmiş pul məbləğinin geri qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi 2018,2019,2020-ci illərə aid olan aliment borcunun silinməsi ilə bağlı mübahisə üzrə xx.xx.2023-cü il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Səbail rayon icra şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli məktubuna əsasən Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1133/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə İddiaçı İddiaçı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-c il tarixdən hesablanmaqla hər ay cəmi 154 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Cavabdeh xeyrinə ödənilməlidir. İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aliment üzrə borc məbləği 5236 manat təşkil etmişdir. Məhkəmə verilmiş iddia tələbinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2002-ci il tarixdə nikah bağlanılmış və onların birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X3 adlı uşağı anadan olmuşdur. Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, xx.xx.2008-ci il tarixli Sultan adlı uşağın ananın yanında saxlanılması və İddiaçı uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində 154 manat aliment tutulmuşdur. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən 2020ci ilin dekabr ayınadək (34 ay) ödəməli olduğu alimentin məbləği 5236 manat təşkil etmişdir. İddiaçının irəli sürdüyü tələbdən görünür ki, onlar 2018-ci ildə boşansalar da, 2020-ci ilin dekabr ayınadək bir ailə kimi yaşamışlar və birgə təsərrüfat aparmışlar. Birgə yaşadıqları müddətdə və ondan əvvəl də onun adına olan Azərbaycan Beynəlxalq Bankının əmək kartı cavabdehin əlində olmuşdur. Onun əmək haqqı kartı 2018-ci, 2019-cu, 2020-ci illərdə ailənin maddi ehtiyaclarının ödənilməsinə sərf edilmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Azərbaycan Beynəlxalq Bankından onun adına açılmış hesab üzrə maaş kartından xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək cavabdehin məxaric etdiyi bankomatlardan foto və video görüntülərindən ibarət sübutlar əldə edilmişdir. Lakin buna baxmayaraq xx.xx.2021-ci il tarixdə cavabdeh Səbail rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək, onun tərəfindən xx.xx.2018-ci ildən bu günə qədər alimentin ödənilməməsini göstərmişdir. İcra məmuru heç bir araşdırma aparmadan onun iş yerinə maliyyə şöbəsinin hər ay əmək haqqının 70% miqdarında tutularaq cavabdehin hesabına köçürülməsini təmin etmişdir. Beləliklə, o, təkrar olaraq xx.xx.2018ci ildən başlayaraq 2020-ci ilin dekabr ayına qədər aliment ödənilməsinə məcbur edilmişdir. Bu səbəbdən iddiaçı 2018-ci, 2019-cu, 2020-ci illərə aid olan 5236 manat aliment borcunun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı artıq ödənilmiş pul məbləğinin geri qaytarılması tələbi barədə iddia qaldırmış, qanuni qüvvəyə minmiş Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-2078/2022 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Səbail rayon İcra Şöbəsi iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) artıq ödənilmiş pul məbləğinin geri qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsində müəyyən edilmişdir ki, İddiaçı Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh arasında olan nikah pozulmuş, azyaşlı uşağın ananın yanında qalması müəyyən edilmiş, uşağa görə atadan 154 manat sabit pul məbləği şəklində alimentin tutulması qət edilmiş, məhkəmə tərəfindən sorğu edilərək Azərbaycan Beynəlxalq Bankından əldə edilmiş foto şəkillərdən (disklərlə) müəyyən edilmişdir ki, İddiaçı əmək haqqı kartı 2020-ci ilin dekabr ayınadək Cavabdeh olmaqla o, həmin kartdan istifadə edərək nağdlaşdırma əməliyyatları aparmış, işin araşdırılmış hallarından həmçinin müəyyən edilmişdir ki, tərəflər nikahlarının pozulmasına baxmayaraq xx.xx.2018-ci il tarixdən 2020-ci ilin dekabr ayına kimi birlikdə yaşamaqda davam etmişlər. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2078/2022 saylı mülki işin materiallarına baxış keçirilərkən Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində İddiaçı plastik kartından pul çıxartması müəyyən olunur. Məhkəmə qaldırılan tələbə hüquqi qiymət verməmişdən əvvəl məhkəmə aktlarının preyudisiallığı ilə bağlı Konstitusiya Məhkəməsinin qərarlarında formalaşdırdığı hüquqi mövqeyə nəzər salmasını vacib hesab edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Həmçinin qeyd edilməlidir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir. Mülki Prosessual Məcəllənin sübut etməkdən azad olmaq üçün əsasları müəyyən edən 82.3cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və MPM-nin 82.3cü maddəsinin məzmununa əsasən, yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Yəni qətnamə ilə müəyyən edilən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Konstitusiya Məhkəməsinin formalaşan hüquqi mövqeyindən göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi eyni tərəflər arasında eyni predmet barəsində olan mübahisəyə dair çıxarılmış qərarın preyudisial əhəmiyyətə malik olduğu müəyyən edir. Eyni tərəflər arasında baxılan işdə müəyyən edilmiş faktlar isə başqa işdə baxılarkən yenidən sübut olunmur və həmin faktlar sübut edilmiş hesab edilir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, qanuni qüvvəsini almış Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-2078/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş faktın yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan nikah rəsmi qaydada məhkəmə qətnaməsi ilə pozulmasına baxmayaraq 2020-ci ilin dekabr ayınadək olan müddət ərzində iddiaçı ilə cavabdeh birgə yaşayaraq ər-arvad münasibətində olmuş, iddiaçı həmin müddət ərzində ailənin maddi təminatını ödəmiş, iddiaçının əmək haqqı kartı cavabdehdə olmuş və cavabdehin həmin əmək haqqı kartından 2018-ci ilin yanvar ayından 2020-ci ilin dekabr ayınadək istifadə edərək nağdlaşdırma əməliyyatları aparmış, həmin müddət ərzində cavabdeh tərəfindən məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin borclu tərəfindən ödənilməməsi ilə bağlı icra qurumuna hər hansı müraciət edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 2018-ci ilin yanvar ayından, həmçinin tərəflərin birgə yaşadığı və birgə təsərrüfat apardığı müddət ərzində 2020-ci ilin dekabr ayınadək iddiaçıya məxsus plastik kartdan istifadə etməklə, orada olan pul vəsaitinin çıxarılması cavabdeh tərəfindən həyata keçirildiyindən, bununla da ailənin maddi təminatının iddiaçı tərəfindən təmin olunması sübut olunduğundan, həmin müddət ərzində yaranmış aliment borcunun ödənilməsi barədə cavabdehin tələbi əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, irəli sürülmüş iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Səbail rayon Məhkəməsinin 2(009)-1133/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X1 üçün Cavabdeh xeyrinə tutulması müəyyən edilmiş alimentin (154 manat) xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətə yaranmış (hesablanmış) 5236 manat aliment borcu silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-498/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-498/2023
07.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver