Məhkəmə qərarları › İş №2(009)-51/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-51/2023

02.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-51/2023 02.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ona dəymiş analiz, müayinə, müalicə və əməliyyat xidmətlərinin görülməsindən ötrü ödədiyi 15.000 (on beş min) manat, mənəvi zərərə görə 10.000 (on min) manat və dövlət rüsumu olaraq ödədiyi 165 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2017-2020-ci illər ərzində fasilələr və müəyyən aravermələrlə Mərkəzi Klinika (həkim Mahirə İsmayılova) tərəfindən (EKO) müayinə, müalicə, əməliyyatlar olunmuşdur. Uzun, süründürməci, eyni zamanda fantastik qiymətlər müqabilində gedən müalicə (hamiləliyi 32-ci həftəsi) qəbul etdiyi ağır və çoxsaylı dərmanların, həkim məsulyətsizliyinin nəticəsində ağır vəziyyətə çatmağı ilə sonlandı. Çox gərgin vəziyyətdə klinikaya getməyinə baxmayaraq həkim Mahirə İsmayılova və növbədə olan tibbi heyət tərəfindən lazımi yardım olunmayıb. (Belə olan halda başqa (Prenetal) xəstəxanaya getməyə çalışmışdır.) Bundan əlavə ehtiyacı olduğu halda başqa (Prenetal) xəstəxanaya getməsinə köməklik etmək kimi mənəvi borclarını yerinə yetirməmişlər. Nəticədə illər ərzində çəkdiyi zəhmətini, iyirmi min (20000 min) manat civarında xərcini, 32-33 həftəlik övladını, ən əsası isə sağlamlığını itirmişdir. Bu illər ərzində 1839,39 manat+1235 manat (Aptek) dərman peraparatlarına, Sənədləşmə işinə (Asan xidmət) 18 manat, Xromosom analizi ücün 250 manat. Özəl şirkətdən alınan dərman (iynə) peraparatına görə 204 manat. Referans klinikasında verilən analizlər ücün 292,6 manat, Sağlam Ailə klinikasında verilən analizlər ücün 1118 manat, Mərkəzi Klinikada müayinə, müalicə, əməliyyatlar üçün 9401 manat ödənişlər olunmuşdur. Qeyd edir ki, yuxarıda göstərilən məbləğlər bu günə kimi qorunub saxlanılan ödəniş qəbzləridir, bəziləri qorunub saxlanılmamış, bəziləri isə yararsızlaşmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq X3 ağır vəziyyətdə getdiyi vaxt onun qara ciyərində problemlər olmuş, lakin orada ona səhv diaqnoz qoyularaq mədə qostriti olduğu bildirilmiş, səhv təyin olunmuş müalicə nəticəsində isə sağlamlığını itirməsini bildirərək iddia tələbini müdafiə etmiş və təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak redən cavabdeh X5 (Cavabdeh MMC)-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddia tam əsassızdır və təmin olunmamalıdır. Dünyanın heç bir yerində perenatal xidmətin nəticəsi uğurlu alınmır və bu qadının orqanizmindən daha çox asılıdır və tibbi heyət uğurlu nəticə əldə etməkdən ötrü tibbi təlimatlara uyğun fəaliyyət göstərir. Eyni zamanda iddiaçı ilə Mərkəzi Klinika MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrin 2.2.4 maddəsinə əsasən xəstə ödədiyi məbləği müalicənin nəticəsindən asılı olmayaraq geri ödənilməyəcəyini qəbul edir. Müqavilələrin 2.2.5, 3.2, 3.4-cü maddələrinə əsasən isə hazırki müqavilə ilə nəzərdə tutulmayan yanaşı xidmətlərin göstərilməsi zərurəti yaranarsa xəstə həmin xidmətə görə müəyyənləşəcək məbləği əlavə olaraq ödəməyi öhdəsinə götürür. Bütün bu halları, müqavilə şərtlərinin və perinatal xidmətin ümümiyyətlə dünya praktikasında uğurlu alınma ehtimalını nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, Cavabdeh MMC-nin mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 9221 manat ödəniş edilmişdir. İş materiallarında olan “Referans” X1 arayışından görünür ki, İddiaçı tərəfindən müayinə üçün 292.6 manat ödəniş edilmişdir. İş materiallarında olan “X9”-ın X1 arayışından görünür ki, İddiaçı tərəfindən amnionda xromosom analizi üçün 250 manat ödəniş edilmişdir. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankının mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Respublika Müalicəvi Diaqnostikanın mərkəzinin hesabına müayinə üçün 18 manat ödəniş edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, X8 tərəfindən analiz üçün 18 manat ödəniş edilmişdir. İş materiallarında olan X11 Mərkəzinin qəbzlərindən görünür ki, İddiaçı tərəfindən analiz üçün 1110.20 manat ödəniş edilmişdir. İş materillarında olan 1974-cü il təvəllüdlü İddiaçı adına Cavabdeh-da tərtib edilmiş 001393 saylı stasionar xəstənin tibbi kartasından görünür ki, o, xx.xx.2017-ci il tarixdə saat 09:11-də “İnfertil” diaqnozu il daxil olmuşdur. Daxil olarkən şikayətləri hamilə olmamasındandır. Anamnesis morbi: SAT xx.xx.2017. 4 ildir ailəlidir. 2014-cü il tarixdə embolizasiya olunub. Anamnesis vitae: Uşaqlıqda keçirdiyi infeksion xəstəlikləri xatırlamır. Özündə və ailəsində vərəm, dəri- zöhrəvi xəstəlikləri inkar edir. Antibiotiklərə qarşı allergiyası var. St.preasens: Dəri və görünən selikli qişalar açıq çəhrayı rəngdədir. Auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilir. Cor tonları aydındır. A/T- 116/70 mm.cv.st. Nəbz dəqiqədə 87 vurğudur. Qamı yumşaq, ağrısızdır. Pastematski simptomu hər iki tərəfdə mənfidir. Fizioloji aktları sərbəstdir. PV: Xarici cinsiyyət orqanları normal inkişaf edib. Uşaqlıq boynu doğmamış qadına uyğundur. Vaginal ifrazat adidir. HSG müayinəsində: Hər iki boru keçiricidir. Diaqnoz: “İnfertil”. Əməliyyatönü epikriz: Xəstə və yaxınları əməliyyatın risk və fəsadları ilə məlumatlandırıldı. Razılıq alındı. Əməliyyata əks göstəriş yoxdur. xx.xx.2017-ci il tarixdə “Diaqnostik histeroskopiya” cərrahiyyə əməliyyatı icra edildi. Əməliyyatın gedişi: Xəstə steril şəraitdə əməliyyat masasına alındı. Xəstəyə ginekoloji pozisiya verildi. Xəstə ümumi narkoz altında, steril şəraitdə hazırlandı. Uşaqlıq yolunun sanasiyası aparıldıqdan sonra uşaqlıq boynu tenakulumla tutuldu. Heqar genişləndiriciləri ilə genişləndirildi. Histeroskopiya aləti ilə uşaqlıq daxilinə girildi. Explorasiyada: Uşaqlığın dibində qızartıb sahələr izlənildi. Biopsiya üçün material götürüldü. Patohistoloji müayinəyə göndərildi. Alətlər çıxarıldı. xx.xx.2017-ci il tarixdə xəstənin ümumi vəziyyəti yaxşıdır. Şikayəti yoxdur. A/T- 120/70mm.cv.st. Nəbz dəqiqədə 75 vurğudur. Qamı yumşaqdır. Uşaqlıq yolundan ifrazat adidir. Fizioloji aktlar sərbəstdir. Xəstəyə lazımi təyinatlar verildi və ambulator nəzarət altına evə yazıldı. İş materillarında olan İddiaçı adına Cavabdeh-da tərtib edilmiş 6615 saylı ambulator müşahidə kartasından görünür ki, o, xx.xx.2018-ci il tarixdə daxil olmuşdur. Daxil olarkən şikayətləri sonsuzluq. Dərmanlara allergiyası qeyd olunur. A/T-l 18/66 mm.cv.st. Nəbz dəqiqədə 79 vurğudur. FET müalicəsi olundu. Diaqnoz: “İnfertil”. İş materillarında olan İddiaçı adına Cavabdeh-da tərtib edilmiş 3962 saylı ambulator müşahidə kartasından görünür ki, o, xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Daxil olarkən şikayətləri vaginal qanamadandır. Anamnesis morbe: G2-İ. Son aybaşını xatırlamır. Ümumi vəziyyəti kafidir. A/T-l 10/60mm.cv.st. Diaqnoz: “5-6 həftəlik hamiləlik. Düşük təhlükəsi”. İş materillarında olan İddiaçı adına Cavabdeh-da tərtib edilmiş 003915 saylı stasionar xəstənin tibbi kartasından görünür ki, o, xx.xx.2020-ci il tarixdə saat 09 -də “15 həftəlik hamiləlik” diaqnozu ilə ginekoloji şöbəyə daxil olmuşdur. Daxil olarkən şikayətləri qamın aşağı hissəsində ağrıdandır. Anamnesis morbe: Gr-1. SAT-xx.xx.2020-Cİ il tarixdə. Diaqnostik histeroskopiya cərrahiyyə əməliyyatı keçirmişdir. Anamnesis vitae: Normal doğulub, normal inkişaf edib. Özündə və yaxınlarında vərəm, dəri zöhrəvi xəstəlikləri inkar edir. St.preasens: Dəri və görünən selikli qişaları çəhrayı rəngdədir. Cor tonları aydındır. A/T-l20/80 mm.cv.st. Nəbz dəqiqədə 72 vurğudur. Ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilir. Pastematski hər iki tərəfdə neqativdir. Fizioloji aktlar sərbəstdir. P.V: Xarici cinsiyyət orqanları normal inkişaf edib. Uşaqlıq boynunun quruluşu doğmamış qadına məxsusdur. Vaginal ifrazatı adidir. USM-də: Uterus daxilində BPD, XÇ, AC, FL-ə görə 15-16 həftəlik hamiləliyə uyğun tək döl izlənilir. Diaqnoz: “15-16 həftəlik hamiləlik”. Əməliyyatönü epikriz: Xəstə yaxınlarına əməliyyat riski və fəsadları haqqında məlumat verildi. Razılıq alındı. xx.xx.2020-ci il tarixdə “Servikal yetməzlik” cərrahiyyə əməliyyatı icra edildi. Əməliyyatın gedişi: Xəstə intravenoz narkoz altında hazırlandı. Uşaqlıq yoluna ginekoloji güzgü qoyularaq uşaqlıq boynu əldə olundu. Uşaqlıq boynu alətlə tutularaq, serkulaj iynəsi ilə tikiş qoyuldu. Alətlər çıxarıldı. Uşalıq yolu antiseptik məhlulla işləndi. xx.xx.2020-ci il tarixdə xəstənin ümumi vəziyyəti yaxşıdır. Şikayət qeyd edilmir. A/T-l 10/70mm.cv.st. Nəbz dəqiqədə 80 vurğudur. Cor tonları aydındır. Pastematski simptomu hər iki tərəfdə neqativdir. Fizioloji aktlar sərbəstdir. Vaginal ifrazatı adidir. xx.xx.2020-ci il tarixinədək xəstəyə müvafiq təyinat verilərək ambulator nəzarət altına evə yazılır. Diaqnoz: “15 həftəlik hamiləlik”. İşə əlavə edilmiş 3 saylı ŞKX-nın yeni doğulmuşların ölüm epikrizindən görünür ki, dəqiqləşdirməmiş infeksiyası, vaxtından qabaq doğulmuş uşaq diaqnozu qoyulmuş və uşaq ölmüşdür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 2017-2020-ci illər ərzində iddiaçı cavabdeh tərəflər müvafiq müqavilələr bağlayaraq fasilələrlə Mərkəzi Klinika MMC-də (klinikada) (həkim Mahirə İsmayılova) tərəfindən (EKO) müayinə, müalicə, əməliyyatlar olunmuşdur. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsini cavabdeh klinika ilə aralarında bağlanmış müqavilələr üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərini lazımı qaydada icra etməməsi ilə deyil, məhz həkim səhlənkarlığı ilə əlaqələndirərək “uzun, süründürməci, eyni zamanda fantastik qiymətlər müqabilində gedən müalicə (hamiləliyi 32ci həftəsi) qəbul etdiyi ağır və çoxsaylı dərmanların, həkim məsulyətsizliyinin nəticəsində ağır vəziyyətə çatmağı ilə sonlanmasına, həmçinin çox gərgin vəziyyətdə klinikaya getməyinə baxmayaraq həkim Mahirə İsmayılova və növbədə olan tibbi heyət tərəfindən lazımi yardım göstərilməməsinə, belə olan halda başqa (Prenetal) xəstəxanaya getməyə çalışmasına, bundan əlavə ehtiyacı olduğu halda başqa (Prenetal) xəstəxanaya getməsinə köməklik etmək kimi mənəvi borclarını yerinə yetirməməsinə, nəticədə illər ərzində çəkdiyi zəhmətini, iyirmi min (20000 min) manat civarında xərcini, 32-33 həftəlik övladını, ən əsası isə sağlamlığını itirməsinə istinad etmişdir. Məhkəmə, iddia tələbinin pul tələbinə aid hissəsinə, yəni maddi zərərin ödənilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2ci maddəsi). Məhkəmə daha sonra qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir ( Mülki Məcəllənin 1112-ci maddəsi). Məhkəmə qeyd edir ki, qanunun mənasına görə məhz yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və qanunvericiliyin tələbindən də aydın olduğu kimi məhz mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərərin əvəzini tam həcmdə ödəməlidir. Məhkəmə qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1502/2019 saylı qərardadı ilə, İddiaçı Cavabdeh MMC-də düzgün diaqnoz təyin edilməsini, İddiaçı hamiləlik dövründə Cavabdeh MMC-də həyata keçirilmiş müayinə, aparılmış müalicə (ona yazılmış dərmanlar) onun səhhətində, o cümlədən qara ciyərində fəsadlar yarada bilməsini, İddiaçı 3 saylı ŞKX-na aparılan zaman mövcud sağlamlıq vəziyyəti ilə Cavabdeh MMC-də aldığı müalicə və keçirdiyi əməliyyat arasında səbəbli əlaqə olmasını, İddiaçı hamiləlik dövründə səhhətinin Cavabdeh MMC-də aparılmış müalicə (dərmanlar və s.) və əməliyyat nəticəsində pisləşməsi mümkün olardı mı? Əgər göstərilən səbəblərdən səhhətində pisləşmə halı mövcuddursa, bu hal həkim tərəfindən aparılmış müayinə, müalicə və ya əməliyyat zamanı həkim səhvinin və ya səhlənkarlığının nəticəsində yarana bilməsini, müəyyən etmək üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4”nin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli, 650/KEŞ saylı rəyində qeyd olunur ki, 1974-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və özünün məhkəmə-tibbi müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: X6 xx.xx.2022-ci il tarixdə aparılmış ezofaqoqastro duodenoskopiya müayinəsi zamanı İddiaçı “Ezofagit. Hiatal hemia tip İ.Eroziv panqastrit. 12 barmaq bağırsaq xorasının olduğu müəyyən edilmişdir. Cavabdeh İddiaçı adına tərtib edilmiş tibb sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2017-ci il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “İnfertil” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun xəstənin üzərində “Diaqnostik histeroskopiya” cərrahiyyə əməliyyatı icra edilmiş, xx.xx.2017-ci il tarixdə xəstənin ümumi vəziyyəti yaxşı olmuş və ambulator nəzarət altına evə yazılmışdır. Cavabdeh İddiaçı hamiləlik dövründə aparılmış müayinə və müalicələr onun vəziyyətinə uyğun olmuşdur. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı hamiləlik dövründə Cavabdeh aparılmış müalicələrdən və cərrahiyyə əməliyyatından sonra onda “Ezofagit. Hiatal hemia tip İ. Eroziv panqastrit. 12 barmaq bağırsaq xorası”nın yaranması istisna edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edilən ekspert rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, iddiaçı tərəfindən ekspert rəyini təkzib edəcək hər hansı bir sübut növü məhkəməyə təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da ekspert rəyinin əsaslılığına şübhə yaradacaq hər hansı bir hal müəyyən edilməmişdir. Mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə tərəflərin izahatları ilə yanaşı, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutları, o cümlədən ekspert rəyini nəzərə alaraq hesab edir ki, İddiaçı hamiləlik dövründə aparılmış müayinə və müalicələrin onun vəziyyətinə uyğun olmuş, aparılmış müalicələrin onun səhhətinə əks təsiri olmamışdır. Başqa sözlə iddiaçının iddiasını əsalandırdığı hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, iddiaçının iddia tələbi maddi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Qeyd edilən xüsusatlardan da aydın olur ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə vurğulayır ki, mənəvi zərər məhz bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir. Məhkəmə, hazırki işdə cavabdeh tərəfindən iddiaçının hər hansı bir şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulmasına yönələn hərəkətlər edilməsinin müəyyən edilməməsini nəzərə alaraq belə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində də əsassız olduğundan rədd edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar