Məhkəmə qərarları › İş №2(009)-512/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-512/2022

13.05.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-512/2022 13.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı zaminlik müqavilələrinə xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı zaminlik müqavilələrinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, 2008-ci il tarixdə "xxxx" Bank Olmayan Kredit Təşkilatının Gəncə filialına 300 manat məbləğində kredit götürməyə görə müraciət etmişlər. Həmin vaxt onlardan şəxsiyyət vəsiqələrin surəti tələb edilmiş və onlara bir neçə gün müddətində kredit veriləcəyi barədə onları məlumatlandıracaqlarını bildirmişlər. Həmçinin onlardan yaşadıqları yerdən arayış da tələb edilmişdir. Həmin vaxt onlar şəxsiyyət vəsiqələri və yaşayış yerindən arayışları banka təqdim etmişlər. Bir neçə gün keçdikdən sonra isə onlar kredit götürmək fikirlərindən imtina edərək adı çəkilən filiala getmişlər və bildirmişlər ki, onlar daha kredit götürmək istəmirlər, ona görə şəxsiyyət vəsiqələrin surətini özlərinə qaytarmasını xahiş etmişlər. Cavabdehnun Gəncə filialının işçiləri onların şəxsiyyət vəsiqələrin surətlərini özlərinə qaytararaq onlara bildirmişlər ki, “heç bir problem yoxdur və sizin kredit işinizi artıq ləğv elədik”. Bundan sonra onlar 2020-ci ilə qədər "xxxx" KB ASC, "xxxx" ASC, "xxxx" ASC və digər banklardan kredit götürərək vaxtında ödəmişlər. Sonradan "xxxx" ASC-yə İddiaçı1 bir daha kredit götürməyə müraciət edərkən ona bildirmişlər ki, “sənin Cavabdeh BOKT MMC-də 3000 manat məbləğində zaminlik öhdəliyin olduğuna görə sənə kredit verə bilmərik”. O, onda başa düşmüşdür ki, 2008-ci ildə "xxxx" BOKT MMC-nin Gəncə filialının dələduz və saxtakar işçiləri onun və İddiaçı2 heç bir xəbəri olmadan onlardan kredit götürmək istədikləri vaxt aldıqları şəxsiyyət vəsiqələri və yaşayış yerlərindən arayışlarla onları zaminlik müqaviləsinə cəlb etmişlər və X4 adlı şəxsə kredit vermişlər. Onlar həmin filiala müraciət edərək bu qanunsuz, dələduz yolu ilə adlarına bağlanmış zaminlik müqaviləsi haqqında maraqlandıqda onlara bildirilmişdir ki, həmin vaxt, yəni 2008-ci ildə filialda olan işçiləri bu və digər cinayət xarakterli hərəkətlər və saxtakarlıqlar elədiklərinə görə işdən azad edilmişlər, barələrində tədbir görülmüş, kredit götürən X4 isə vəfat etmiş və bu iş üzrə sığorta şirkəti kredit götürən X2 ölməsinə görə yaranmış kredit borcu ödəmədiyindən iş 2008-ci ildən problemli iş kimi qalmışdır. Həmçinin filialdan onlara bildirmişlər ki, bankın bütün işçilərinin bu qanunsuz hərəkətləri edən işçilər haqqında məlumatları var və hazırda onlar işləmir. Dəfələrlə bu barədə Cavabdeh BOKT MMC-nin Gəncə filialına müraciət etsələr də, heç bir nəticəsi olmamışdır. Nəhayət sonuncu dəfə, 22.12.2020-ci il tarixdə yenidən Cavabdeh BOKT MMC-yə bu saxta işə xitam verilməsi və adların Mərkəzləşdirilmiş Kredit Reyestr (MKR) sistemində silinməsinə dair ərizə ilə müraciət etmişlər. 19.02.2021-ci il tarixdə Cavabdeh BOKT MMC tərəfindən onların ərizələrinə cavab olaraq ünvanlanmış məktubda əsassız olaraq kredit müqaviləsi üzrə öhdəliyin mövcudluğuna görə müraciətinə uyğun olaraq öhdəliyin Mərkəzləşdirilmiş Kredit Reyestr (MKR) sistemində və xitam verilməsinin mümkün olmaması onlara bildirilmişdir.Həmçinin bir daha 19.10.2021-ci il tarixdə Cavabdeh BOKT MMC-yə ərizə ilə müraciət edərək barələrində saxta tərtib edilmiş zaminlik müqavilələrinə xitam verilməsini xahiş etmişlər. Cavabdeh BOKT MMC tərəfindən 19.11.2021-ci il tarixdə onlara ərizə göndərilərək ərizələrində qeyd olunan xahişlərinin icra edilməsinin qeyri-mümkün olması göstərilmişdir. Bundan əlavə Baş Prokurorluğa da bu barədə ərizə yazmışlar. Baş Prokurorluqdan daxil olan müraciətə Azərbaycan Respublikasının mərkəzi Bankında baxılmış və onlara cavab məktubu olaraq bildirilmişdir ki, “X1 Azərbaycan Respublikasının Konstitusiyası və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir. Təşkilat tərəfindən təqdim edilmiş aktda əks olunan imzanın Sizə məxsus olub-olmaması barədə araşdırma aparılması müvafiq qanunvericiliklə Mərkəzi Bankın səlahiyyətlərinə aid edilməmişdir. Hər bir şəxs özünün qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını müdafiə və təmin etmək məqsədi ilə qanunvericiliyə müvafiq olaraq məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Bununla əlaqədar olaraq müraciətinizə qeyd etdiyiniz məsələni məhkəmə qaydasında və ya hüquq mühafizə orqanlarında mübahisələndirə bilərsiniz”. 2008-ci ildən hal-hazıra qədər, yəni 13 il keçməsinə baxmayaraq bir dəfə də olsun ki, zaminlik öhdəlikləri barədə və Cavabdeh BOKT MMC yə borclu olduqlarına dair və həmin borcun ödənilməsinə görə onların ünvanlarına nə bildiriş, nə çağırış gəlməmiş və nə də ki, bu haqda onlara heç bir məlumat verilməmişdir. 2019-cu il tarixdə o, İddiaçı1, Beynəlxalq Banka və o, İddiaçı2, 2020-ci il tarixdə digər banka gedib kredit götürməyə görə müraciət etməsəydi, heç bu barədə yenə də məlumatları olan deyildir. Cavabdeh BOKT MMC-nin Gəncə filialının işçilərinin 2008-ci ildə dələduzluq yolu ilə onların, yəni İddiaçı1 və İddiaçı2, imzasıqı və xəttini saxtalaşdıraraq, onların əvəzindən zaminlik müqavilələrini tərtib etmişlər. Halbuki həmin zaminlik müqaviləsindəki imzalar və xəttlər onların imza xətlərinə uyğun gəlmir. Onların imzalarının asan yolla çəkilməsi mümkün olduğuna görə həmin işçilər imzalarını və xətlərini saxtalaşdırmışlar. Bu bir cinayət əməlidir. Belə olan halda məhkəmə tərəfindən onların imzalarının və xətlərinin yoxlanılmasına görə xətşünaslıq ekspertizası da təyin edilə bilər. Həmçinin həmin vaxt Cavabdeh BOKT MMC-nin Gəncə filialında işləyən cinayət əməli törədən işçilərin barəsində xüsusi qərarlar çıxarılması və onların əməlinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa da ərizə ilə müraciət etmişlər. Cavabdeh BOKT MMC-nin Gəncə filialının işçilərinin onlara qarşı etdikləri qanuna zidd olan dələduzluq hərəkətlərinə görə hazırda onların kredit götürməyi bütün banklarda məhdudlaşdırılıb. Onlara banklardan bildirmişlər ki, sistemdə, yəni Mərkəzi Kredit Reyestr (MKR) sistemində 3000 manat məbləğində zaminlik öhdəlikləri çıxır və buna görə onlara kredit verə bilməzlər. Belə olan halda isə onların kredit hüquqlarını neçə ildir ki, pozulmuşdur. Odur ki, qeyd olunan səbəblərə görə saxta yolla və onların xəbərləri olmadan üzərlərinə öhdəlik qoyulmuş zaminlik müqavilələrinə xitam verilməlidir ki, adları Mərkəzi Kredit Reyestr (MKR) sistemindən silinsin. Qeyd edildiyi kimi 2008-ci ildən hal-hazıra qədər, yəni 13 il ərzində Bank tərəfindən onlara bir dəfə də olsun ki, zaminlik öhdəlikləri barədə və Cavabdeh BOKT MMC-yə borclu olduqlarına dair və həmin borcun ödənilməsinə dair onların ünvanlarına nə bildiriş, nə çağırış gəlməmiş və nə də ki, bu haqda onlara heç bir məlumat verilməmişdir. Bundan da aydın olur ki, bank zaminlik müqavilələri bank işçiləri tərəfindən saxtalaşdırıldığına görə onlara rəsmi qaydada öhdəliklərinə dair heç bir xəbərdarlıq olunmamışdır. Buna baxmayaraq onların banka zaminlik müqaviləsinə xitam verilməsi barədə etdikləri müraciətə Cavabdeh BOKT MMC əsassız olaraq onlara cavab məktubu ilə bildirmişdir ki, onların xahişlərini icra etmək mümkün deyil. Odur ki, qeyd olunanlar zaminlik müqavilələrinə xitam verilməsi üçün əsasdır. Bundan başqa, iddia ərizəsinə əlavə edilən kredit və zaminlik müqavilələri və kreditin ödəniş cədvəlinin surətləri Cavabdeh BOKT MMC tərəfindən onların müraciətləri əsasında onlara göndərilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçılar Cavabdeh BOKT MMC ilə İddiaçı1 və İddiaçı2 arasında bağlanmış CAGən24878/08 saylı zaminlik müqavilələrinə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə gəlməmişlər, lakin məhkəməyə ünvanlanmış teleqramlarda işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə “Kreditor” qismində "xxxx" qeyri-bank kredit təşkilatı MMC-nin Gəncə filialı ilə “Borclu” qismində X4 arasında bağlanmış 30.10.2008-ci il tarixli, CAGən24878/08 saylı kredit müqaviləsinin surətinə əsasən kredit təşkilatı tərəfindən E.Əliyevə 18 ay müddətinə, illik faiz dərəcəsi 36% ödənilməsi şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. İş üzrə "xxxx" qeyri-bank kredit təşkilatı MMC-nin Gəncə filialı ilə “Zamin” qismində İddiaçı2 və İddiaçı1 arasında bağlanılmış 30.10.2008-ci il tarixli, CaGen24878/08 saylı zaminlik müqavilələrinə əsasən zaminlər kredit təşkilatı ilə E.Əliyev arasında bağlanılmış 30.10.2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş üzrə Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən İddiaçı1 ünvanlanmış GNo212/21 saylı, 19.02.2021-ci il tarixli məktubun surətindən görünür ki, X3 "xxxx" BOKT MMC ilə bağlanmış 30.10.2008-ci il tarixli CAGən24878/08 saylı kredit müqaviləsinə əsasən təşkilat tərəfindən 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı2 və İddiaçı1 ilə 30.10.2008-ci il tarixli CAGən24878/08 saylı zaminlik müqavilələri bağlanmışdır. Əlavə olaraq bildirirlər ki, kredit dosyevində yuxarıda qeyd olunan borclu və hər iki zaminin şəxsiyyət vəsiqələrinin surətləri və yaşayış yerindən arayışları mövcuddur. Qeyd olunan imzalanmış müqavilələrin və arayışların, o cümlədən müvafiq kredit müqaviləsi üzrə öhdəliyin mövcudluğunu nəzərə alaraq müraciətlərinə uyğun olaraq bildirirlər ki, öhdəliyin Mərkəzləşdirilmiş Kredit Reyest (MKR) sistemində silinməsi və ya xitam verilməsi mümkün deyildir. İş üzrə İddiaçı1 tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna 15.10.2021-ci il tarixdə elektron qaydada ərizə ilə müraciət edərək Cavabdeh BOKT MMC-nin Gəncə filialının dələduzluq və saxtakar işçilərinin etdikləri cinayət xarakterli hərəkətlərə hüquqi qiymət verilməsinə görə barələrində ciddi tədbirlərin görülməsini xahiş etmişdir. İş üzrə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən İddiaçı1 ünvanlanmış 18.11.2021-ci il tarixli məktubundan görünür ki, X3 Cavabdeh BOKT MMC ilə bağlanmış 30.10.2008-ci il tarixli CAGən24878/08 saylı kredit müqaviləsinə əsasən ona təşkilat tərəfindən 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı1 ilə 30.10.2008-ci il tarixli CAGəncə24878/08 saylı zaminlik müqaviləsi bağlanmışdır. Mərkəzi Bankın səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir. Təşkilat tərəfindən təqdim edilmiş aktda əks olunan imzanın İddiaçı1 məxsus olub-olmaması barədə araşdırma aparılması müvafiq qanunvericiliklə Mərkəzi Bankın səlahiyyətlərinə aid edilməmişdir. Əlavə olaraq nəzərinə çatdırırlar ki, hər bir şəxs özünün qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını müdafiə və təmin etmək məqsədilə qanunvericiliyə müvafiq olaraq məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Bununla əlaqədar olaraq müraciətində qeyd etdiyi məsələni məhkəmə qaydasında və ya hüquq mühafizə orqanlarında mübahisələndirə bilər. İş üzrə Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən İddiaçı1 ünvanlanmış GNo1190/21 saylı, 19.11.2021-ci il tarixli və İddiaçı2 ünvanlanmış GNo1189/21 saylı, 19.11.2021-ci il tarixli məktublarından görünür ki, X4 ilə Cavabdeh BOKT MMC arasında 30.10.2008-ci il tarixdə CAGən 24878/08 saylı kredit müqaviləsinə əsasən təşkilat tərəfindən 3000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq onunla və İddiaçı2 ilə 30.10.2008-ci il tarixdə CAGən24878G08 saylı zaminlik müqaviləsi bağlanmışdır. Əlavə olaraq bildirirlər ki, kredit dosyesində yuxarıda qeyd olunan borclu və hər iki zaminin şəxsiyyət vəsiqələrinin surətləri və yaşayış arayışları mövcuddur. Qeyd etmək istəyirlər ki, həmin kredit üzrə İddiaçı1 və İddiaçı2 tərəfindən imzalanmış müqavilələrin və arayışların, o cümlədən müvafiq kredit müqaviləsi üzrə öhdəliyin mövcudluğunu nəzərə alaraq müraciətlərinə uyğun olaraq bildirirlər ki, ərizəsində qeyd olunan xahişini icra edilməsi qeyri-mümkündür. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 19.04.2022-ci il tarixli 4/514 saylı rəyinə əsasən ekspertizaya təqdim olunmuş mülki işin 69-cu vərəqəsində yerləşən 30.10.2008-ci il tarixli CaGen24878/08 saylı zaminlik müqaviləsində “Zamin” qrafasında və aşağı hissədə “Müqavilənin şərtləri ilə tanış oldum. Razıyam və bir nüsxəsini aldım” yazıları qarşısında olan imzalar (02 ədəd imza) – İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş mülki işin 70-ci vərəqəsində yerləşən 30.10.2008-ci il tarixli CaGən24878/08 saylı zaminlik müqaviləsində “Zamin” qrafasında və aşağı hissədə “Müqavilənin şərtləri ilə tanış oldum. Razıyam və bir nüsxəsini aldım” yazıları qarşısında olan imzalar (02 ədəd imza) – İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh BOKT MMC-nin Gəncə filialı ilə X4 arasında bağlanmış 30.10.2008-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Elgün Əliyevə 18 ay müddətinə, illik 36%-lə 3000 manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsinin təminatı kimi iddiaçılar İddiaçı1 və İddiaçı2 bank qarşısında zamin kimi çıxış etmişlər. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onlarla 2008-ci ildə Elgün Əliyevlə cavabdeh kredit təşkilatının Gəncə filialı arasında bağlanılmış kredit müqaviləsinin təminatı kimi zaminlik müqavilələr bağlanmamış, həmin kreditin təminatı kimi tərtib edilmiş zaminlik müqavilələrindəki imzalar onlara məxsus olmamış, həmçinin həmin müqavilələrin bağlanmasından 13 il keçməsinə baxmayaraq öhdəliklərə xitam verilməmiş, bu halları nəzərə alaraq iddiaçılar məhkəmədən zaminlik müqavilələrinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). İddia tələbində iddiaçılar zaminlik müqavilələrin onların tərəfindən imzalanmadıqlarını və həmin müqavilələrdə olan imzaların onlara məxsus olmamasını göstərmişlər. Məhkəmə tərəfindən iş üzrə tam və obyektiv araşdırma aparılması məqsədilə məhkəməxəttşünaslıq ekspertizası təyin edilmiş və 19.04.2022-ci il tarixli 4/514 saylı ekspert rəyinə əsasən mülki işin 69-cu vərəqəsində yerləşən 30.10.2008-ci il tarixli CaGen24878/08 saylı zaminlik müqaviləsində “Zamin” qrafasında və aşağı hissədə “Müqavilənin şərtləri ilə tanış oldum. Razıyam və bir nüsxəsini aldım” yazıları qarşısında olan imzalar (02 ədəd imza) – İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Mülki işin 70-ci vərəqəsində yerləşən 30.10.2008-ci il tarixli CaGən24878/08 saylı zaminlik müqaviləsində “Zamin” qrafasında və aşağı hissədə “Müqavilənin şərtləri ilə tanış oldum. Razıyam və bir nüsxəsini aldım” yazıları qarşısında olan imzalar (02 ədəd imza) – İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Yuxarıda qeyd edildiyi kimi, mülki qanunvericiliyin tələblərinə əsasən mülki hüquq münasibətlərin və öhdəliyin yaranması üçün tərəflər arasında müqavilə olmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıların istinad etdiyi 30.10.2008-ci il tarixli zaminlik müqavilələrindəki imzalar iddiaçılara məxsus deyil və iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə təsdiq edilmişdir ki, zaminlik müqavilələrindəki olan imzalar iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən icra olunmamışlar. Məhkəmə qeyd edir ki, öhdəliyin yaranmasına əsas olan zaminlik müqavilələrdəki imzalar iddiaçılara məxsus olmadığından, onların həmin müqavilələr üzrə hər hansı öhdəliyi yarana bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 387.1-ci maddəsinə əsasən öhdəlikdə onun tərəflərindən hər biri — kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda, bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. Həmin Məcəllənin 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda, ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Qeyd edilən Məcəllənin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar ilə cavabdeh arasında hər hansı zaminlik müqavilələrinin bağlanılması müəyyən edilmədiyindən, təqdim edilmiş zaminlik müqavilələrindəki imzanın isə iddiaçılara məxsus olmaması müəyyən edildiyindən, irəli sürülmüş iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə təyin edilmiş ekspertiza xərci cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC-nin «Gəncə» filialı ilə «Zamin» qismində İddiaçı1 və İddiaçı2 arasında bağlanılmış 30.10.2008-ci il tarixli CAGen24878/08 saylı zaminlik müqavilələrinə xitam verilsin. Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC-dən dövlət nəfinə keçirilmiş ekspertiza xərci - 178 (yüz yetmiş səkkiz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar