Məhkəmə qərarları › İş №2(009)-527/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-527/2021

29.03.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-527/2021 29.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «əmək haqqının ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh «xxxx» MMC-dən xx.xx.2020-ci il tarixdən etibarən ödənilməmiş 1440 manat əmək haqqı məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, onunla cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli əmək müqaviləsinə əsasən həmin tarixdən «xxxx» MMC-də anbardar vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən müddətsiz bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən 250 manat əmək haqqı müəyyən edilmişdir. Lakin xx.xx.2020-ci il tarixindən bugünədək hər ay 250 manat (ödənişlər çıxmaqla 237.75 manat) əmək haqqı ödənilməli olduğu halda əmək haqqı ya qismən ödənilmiş, ya da heç ödənilməmişdir. Belə ki, xx.xx.2020-ci il tarixindən bugünədək cəmi 810 manat (ödənişlər çıxmaqla 788,65 manat) pul ödənilmişdir. Halbuki xx.xx.2020-ci il tarixindən bugünə qədər aylıq 250 manat olmaqla, cəmi 2250 manat (ödənişlər çıxmaqla 2139,75 manat) pul ödənilməli idi. Göründüyü kimi cavabdeh tərəfindən 1440 manat (ödənişlər çıxmaqla 1351,10 manat) pul ödənilməmişdir. Aylar üzrə ona ödənilən əmək haqqılar barədə məlumatlar «Yapıkredi Bankı Azərbaycan» QSC-nin Əhmədli filialından xx.xx.2020-xx.xx.2020-ci il dövrü əhatə edən əmək haqqı kartından xx.xx.2020-ci il tarixli hesabdan çıxarışda qeyd edilmişdir. xx xxxx 2021-cı il tarixdə iddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsində göstərilən tələbin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, AR Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə uyğun olaraq vergi azadolması nəzərə alınmaqla, iddia ərizəsində tələb olunan 1440 manat məbləğindən əlavə olaraq, cavabdehdən 2021-ci ilin yanvar və fevral ayının ödənilməmiş 200 manat əmək haqqısı və 130 manat ödənilməmiş məzuniyyət pulu, cəmi 1 770 manat məbləğində pulun; hüquqi yardım göstərilməsi ilə əlaqədar pulu 162 manat pulun cavabdeh «xxxx» MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsi məhkəməyə 2021-ci ilin yanvar ayının əvvəlində daxil olmuşdur. İddia tələbində ödənilməmiş əmək haqqı xx.xx.2020-ci il tarixindək hesablanmışdır. Məlum olduğu kimi bu günədək sözügedən mülki iş üzrə icraat davam edir. xx xxxxxx 2020-ci il tarixindən bu günədək cavabdehlə iddiaçı arasında əmək münasibətləri davam edir və cavabdeh cari ilin yanvar və fevral ayları üçün hər ay 250 manat, cəmi 500 manat əmək haqqı ödəməli olduğu halda tam ödəniş olmamışdır. “xxxx" QSC-nin Səbail filialından əldə olunun və xx.xx.2020-xx.xx.2021-ci il dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində 150 manat (tutulmalar çıxılmaqla 143,25 manat) və xx.xx.2021-ci il tarixində 150 manat (tutulmalar çıxılmaqla 143,25 manat) “Selhome maaş ödəməsi” təyinatı ilə pul vəsaiti ödənilmişdir. Lakin həmin məbləğlərin hansı ayların əmək haqqısı olduğu bəlli deyildir. Ödənilmiş həmin vəsaitlərin 2021-ci il yanvar və fevral ayı əmək haqqısı olduğunu hesab etsələr də görünür ki, cavabdeh tərəfindən əmək haqqı (aylıq 250 manat) tam ödənilməmişdir. Nəticədə cavabdeh tərəfindən hər ay (yanvar və fevral) 100 manat olmaqla, cəmi 200 manat pul iddiaçıya ödəməlidir. Bundan başqa, İddiaçı xx xxxxxx 2021-ci il tarixindən 21 təqvim günü əmək məzuniyyətinə çıxmışdır. Lakin məzuniyyət pulu olaraq, cəmi 40 manat (tutulmalar çıxılmaqla) pul ona ödənilmişdir. xx xxxxxx 2020-ci il tarixli əmək müqaviləsindən bəllidir ki, iddiaçının əmək haqqısı 250 manat təşkil edir və məzuniyyətə çıxdığı gündən əvvəlki 12 ay müddətində cavabdehlə eyni vəzifədə, eyni əmək haqqı məbləğində əmək münasibətində olmuşdur. Əgər işçiyə (iddiaçıya) əvvəlki 12 ay əmək haqqı 250 manat olmaqla ödənilsə idi, iddiaçının məzuniyyət pulu 172.69 manat (tutulmalar daxil olmaqla) təşkil edəcəkdir. Belə ki, AR Əmək Məcəlləsinin 140-cı maddəsinin 1-ci maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Həmin maddənin 3-cü hissəsinə əsasən məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayma vurulur. Göründüyü kimi cavabdeh tərəfindən məzuniyyət pulu tam ödənilməmişdir. Hüquqi yardım göstərilməsi ilə bağlı iddiaçı ilə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil arasında xx.xx.2021-ci il tarixində 181 nömrəli müqavilə bağlanmış 150 manat pul Bakı şəhəri 6 saylı VB-nin hesabına ödənilmişdir Eyni zamanda Bakı şəhəri 50 saylı notariat ofisində iddiaçı tərəfində xx.xx.2021-ci il tarixli ƏN-N 860374 nömrəli etibarnamə verilmiş, həmin etibarnaməyə görə iddiaçı 12 manat rüsum ödəmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin xx xxxxx 2020-ci il tarixli **********055600 nömrəli əmri ilə “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş” təsdiq edilmişdir. Həmin “Göstəriş”in 2.10-cu bəndində qeyd edilir ki, İşçinin əmək haqqı məbləği Dövlət Statistika Komitəsinin dərc etdiyi, yanvar ayı üçün ölkə üzrə müəyyən edilən orta aylıq əmək haqqı məbləğindən (712,0 manat) aşağı olduqda əmək müqaviləsi bildirişində göstərilən əmək haqqı məbləği, yuxarı olduqda isə ölkə üzrə orta aylıq əmək haqqı məbləği əsasında hesablanır. Həmin göstərişin 4.11-ci bəndində qeyd edilir ki, koronavirus (COVİD-19) pandemiyasının yaratdığı mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılması, işçilərin ixtisarı və əmək haqlarının azaldılması hallarına yol verilməməlidir. Məhkəmə iddiaçının iddia tələbinin dəyişdirilməsi barədə xahişini mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələblərini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinə uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələblərini qəbul etməyərək onların əsassız olduğundan təmin edilməməsini xahiş etdi və izah etdi ki, iddia onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2020-ci il tarixdən bu günədək iddiaçıya hər ay 250 AZN əmək haqqı ödəməli olduğu halda ya ödəməmiş, ya da qismən ödəniş etmişdir. Belə ki, xx.xx.2020-ci il tarixədək 2250 AZN ödənilməli olduğu halda, ümumilikdə 810 AZN ödənilmiş, 1440 AZN ödənilməmişdir. İddianı əsassız hesab edir. Belə ki, iddia ərizəsindən də göründüyü kimi, iddia edilən əmək haqqı dövrü xüsusi karantin rejiminin qüvvədə olduğu müddətləri əhatə edir. Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 122 nömrəli qərarı ilə Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi tətbiq edilmişdir. Həmin qərarla iri ticarət obyektlərinin fəaliyyətinə, o cümlədən orada yerləşən obyektlərin fəaliyyətinə məhdudiyyət tətbiq edilmişdir. Həmin qərarın 1.4-cü bəndi ilə eyni zamanda fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə tövsiyə edilmişdir. Göründüyü kimi həmin qərarın tələblərinə uyğun olaraq cavabdeh öz fəaliyyətini faktiki olaraq dayandırmış, hər hansı dövriyyəsi, fəaliyyəti və ya gəliri olmamışdır. Bundan başqa, cavabdeh işləmədiyi günlərə görə əmək haqqı tələb edir. Onun işə çıxmasına tərəflərindən hər hansı məhdudiyyət qoyulmayıb. Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 178-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. Dövlət tərəfindən yardım olaraq ödənilmiş vəsaitlər tam olaraq işçilərə, o cümlədən İddiaçı ödənilmişdir. Əgər iddiaçı işsiz olaraq daha yüksək müavinət alacağını əsas gətirsə də bunun qanuni əsası yoxdur və bu iddianın təmin edilməsi üçün səbəb deyil. Eyni zamanda öz istəyi ilə iş yerini tərk etmiş şəxslərə dövlət işsiz statusu vermir. Bundan başqa işsiz statusu olan şəxslərdən fərqli olaraq iddiaçının xüsusi karantin rejimindən sonra iş yeri var. İddia tələbinin məzuniyyət pulu hissəsi ilə ilə bağlı bildirir ki, Əmək Məcəlləsinin 140-cı maddəsinin 2-ci bəndinə əsasən 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Yəni iddiaçı 3 ay işləyib və məcəlləyə uyğun olaraq 3 ayın məzuniyyət pulu bank hesabına köşürülüb. İddiaçının istinad etdiyi İqtisadiyyat Nazirliyinin metodik göstərişi işin mahiyyəti ilə uzlaşmır. Qeyd edilən metodik göstərişin istinad edilən bəndi iddiaçı ilə cavabdehin arasında olan münasibətə deyil, konkret olaraq Nazirlər Kabineti tərəfindən cavabdehə (işəgötürən sahibkara) ödənilməsi nəzərdə tutulan məbləği tənzimləyir ki, həmin qaydaların 2.12-ci bəndində ödəniləcək məbləğin 2 bərabər hissəyə bölünərək 2 ay ərzində ödənilməli olduğunu qeyd edir. Əgər iddiaçı həmin məbləğdən narazıdırsa, İqtisadiyyat Nazirliyi və Nazirlər Kabineti tərəfindən qəbul edilmiş normativ aktları məhkəmə qaydasında mübahisələndirə bilər. Həmin qərar və metodik göstərişlərin tələbi cavabdeh tərəfindən pozulmamış, işəgötürənə ödənilmiş vəsait tam həcmdə işçiyə (iddiaçıya) ödənilmiş və bu məsələyə İqtisadiyyat Nazirliyi özü nəzarət etmiş və hər hansı pozuntu halı aşkar etməmişdir. İşin materialları ilə də pozuntunun olmadığı aşkar görünür. Digər tərəfədn yardım olaraq ödənilmiş vəsaitlər tam olaraq işçilərə, o cümlədən iddiaçıya ödənilmişdir. Əgər iddiaçı işsiz olaraq daha yüksək müavinət alacağını əsas gətirsə də bunun qanuni əsası yoxdur və bu, iddianın təmin edilməsi üçün səbəb deyil. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işə baxb, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən dəlilləri müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbləri təmin edilməlidir. İş materiallarında olan əmək müqaviləsi (kontrakt)dan görünür ki, İddiaçı ilə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli əmək müqaviləsinə əsasən həmin tarixdən «xxxx» MMC-də anbardar vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən müddətsiz bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən 250 manat əmək haqqı müəyyən edilmişdir. İş materiallarında olan AR ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş iş yerinə dair arayışdan görünür ki, İddiaçı «xxxx» MMC ilə əmək müqaviləsi xx xxxxxx 2020-ci il tarixində müddətsiz olaraq bağlanmış, əmək haqqı 250 manat olmaqla anbardar vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: a) işçinin soyadı, adı, atasının adı və ünvanı; b) işəgötürənin adı, ünvanı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi); ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün; d) əmək müqaviləsinin müddəti; e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; g) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bağlanmış, həmin əmək müqaviləsi ilə iddiaçı müddətsiz olaraq anbardar vəzifəsində qəbul olunmuşdur. Həmin müqaviləyə əsasən iddiaçının aylıq əmək haqqı 250 manat təşkil edir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdeh tərəfindən iddiaçıya 2020-ci ilin aprel ayından dekabr ayı daxil olmaqla 9 ay müddət üçün cəmi 810 manat, 2021-ci ilin yanvar və fevral ayları üçün isə 150 manat olmaqla cəmi 300 manat əmək haqqı ödənilmişdir. İddiaçının müraciətlərinə baxmayaraq əmək haqqının qalan hissəsi cavabdeh tərəfindən ödənilməmişdir. Məhkəmə iclasında eləcə də sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı xx xxxxxx 2021-ci il tarixindən 21 təqvim günü əmək məzuniyyətinə çıxmış, məzuniyyət pulu olaraq, ona cəmi 40 manat (tutulmalar çıxılmaqla) ödənilmişdir. xx xxxxxx 2020-ci il tarixli əmək müqaviləsindən bəllidir ki, iddiaçının əmək haqqısı 250 manat təşkil edir və məzuniyyətə çıxdığı gündən əvvəlki 12 ay müddətində cavabdehlə eyni vəzifədə, eyni əmək haqqı məbləğində əmək münasibətində olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin Əmək Məcəlləsinin 140-cı maddəsinin 1-ci maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Həmin maddənin 3-cü hissəsinə əsasən məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayma vurulur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, əmək müqaviləsinə əsasən iddiaçının əmək haqqısı 250 manat təşkil etmiş və iddiaçı məzuniyyətə çıxdığı gündən əvvəlki 12 ay müddətində cavabdehlə eyni vəzifədə, eyni əmək haqqı məbləğində əmək münasibətində olmuşdur. Buna baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya məzuniyyət pulu tam ödənilməmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələblərinin pozuntularına yol verilmişdir və cavabdeh məhkəmə iclasında həmin pozuntularla bağlı heç bir hüquqi əsas gətirməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilməmiş 1440 (bir min dörd yüz qırx) manat (tutulmalar nəzərə alınmaqla) əmək haqqı qalığı, 2021-ci ilin yanvar və fevral ayları üçün ödənilməmiş 200 (iki yüz) manat (tutulmalar nəzərə alınmaqla) əmək haqqı qalığı, 130 (yüz otuz) manat ödənilməmiş məzuniyyət pulunun qalığı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının hüquqi yardım xidməti üçün xidmət haqqı olaraq ödənilən 162 manat məbləğinin cavabdehdən tutulması tələbi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsində nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin xeyrinə qətnamə çıxarılan tərəfə verilməsi nəzərdə tutulsa da, bunun konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla müəyyənləşdirildiyi göstərilmişdir. Məhkəmə hesab edir ki, hüquqi yardım göstərilməsi ilə bağlı iddiaçı ilə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil arasında xx.xx.2021-ci il tarixində 181 nömrəli müqavilə bağlanmış, hüquqi xidmət göstərən 150 manat pul Bakı şəhəri 6 saylı VB-nin hesabına ödənilmişdir (xx.xx.2021-ci il tarixli, 1987 nömrəli qəbz iş materiallarına əlavə olunmuşdur). Eyni zamanda Bakı şəhəri 50 saylı notariat ofisində iddiaçı tərəfində xx.xx.2021-ci il tarixli ƏN-N 860374 nömrəli etibarnamə verilmiş, həmin etibarnaməyə görə iddiaçı 12 manat rüsum ödəmişdir (xx.xx.2021-ci il tarixli 17812 nömrəli qəbzin əsli iş materiallarına əlavə edilmişdir). Hüquqi yardımla bağlı qəbzlər iş materiallarına əlavə edildiyindən tələbin həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilməmiş 1440 (bir min dörd yüz qırx) manat (tutulmalar nəzərə alınmaqla) əmək haqqı, 2021-ci ilin yanvar və fevral ayları üçün ödənilməmiş 200 (iki yüz) manat (tutulmalar nəzərə alınmaqla) əmək haqqı, 130 (yüz otuz) manat ödənilməmiş məzuniyyət pulu, hüquqi yardım göstərilməsi ilə əlaqədar ödənilmiş 162 (yüz altmış iki) manat tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar