Məhkəmə qərarları › İş №2(009)-555/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-555/2022

17.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-555/2022 17.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 476/2020 saylı, 18.05.2020-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında 11.06.2005-ci il tarixdə Bakı şəhəri Səbail rayon VVAQ şöbəsində bağlanmış və 184 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, birgə nikahdan doğulmuş 25.06.2006-cı il təvəllüdlü X2, 05.10.2008-ci il təvəllüdlü X5 və 07.01.2015-ci il təvəllüdlü X6 anaları Cavabdeh yanında saxlanılması, İddiaçı 18.05.2020-ci il tarixdən başlayaraq, 25.06.2006-cı il təvəllüdlü X1, 05.10.2008-ci il təvəllüdlü X3 və 07.01.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər bir uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İlk zamanlar bir evdə uşaqları ilə yaşadıqları üçün ondan heç bir aliment məbləği qarşı tərəfdən tələb olunmurdu, lakin bir müddət sonra, yəni 2021-ci ilin may-iyun aylarında o, yaşadığı evdən çıxmaq məcburiyyətində qalmış və məhkəmə qətnaməsi ilə aliment məbləğinin ödənilməsi icraçılar tərəfindən tələb olunmağa başlanılmışdır. O, “İlk İnşaat” şirkətində 02.08.2017-ci il tarixdən hal-hazıradək montajçı çilingər işində işləyir. Aylıq əmək haqqı 650 manat təşkil edir. Hesab edir ki, ondan tutulan alimentin məbləğinin ümumi miqdarı onun qazancının və qanunda nəzərdə tutulan hissədən artıq olur. Yənit ona yaşamaq üsün demək olar ki, hər hansı bir məbləğ qalmır. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-476/2020 saylı, 18.05.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh xeyrinə tutulmuş alimentin miqdarının azaldılması, iddiaçıdan Cavabdeh xeyrinə qazancının (başqa gəlirlərin) yarısı miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh oğlu cavabdeh İddiaçı qarşı alimentin artırılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək ilkin iddianı təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək öz izahatında göstərmişdir ki, uşaqların hər üçü məktəblidir, hər uşağa görə tutulan 170 manat onların aylıq tələbatını ödəmir, ona görə bu il üçün yaşayış minimumu həddində alimentin artırılması barədə qarşılıqlı iddia vermişdir. Məhkəmədən ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunmasını xahiş edir. Səbail rayon Məhkəməsinin 17.03.2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh oğlu cavabdeh İddiaçı qarşı alimentin artırılması tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-476/2020 saylı, 18.05.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 11.06.2005-ci il tarixdə Bakı şəhəri Səbail rayon VVADQ şöbəsində bağlanmış və 184 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 25.06.2006-cı il təvəllüdlü X2, 05.10.2008-ci il təvəllüdlü X5 və 07.01.2015-ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında saxlanılması, cavabdeh İddiaçı, 18.05.2020-ci il tarixdən başlayaraq, 25.06.2006-cı il təvəllüdlü X1, 05.10.2008-ci il təvəllüdlü X3 və 07.01.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər bir uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi, İddiaçı 30 manat dövlət rüsumunun tutulması, aliment tələbi hissəsində qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İş üzrə “X10 Sanayi və Ticaret Anonim şirkəti”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş 09.10.2021-ci il tarixli arayışına əsasən İddiaçı “X10 Sanayi və Ticaret Anonim şirkəti”nin Azərbaycan Respublikasındakı filialında 02.08.2017-ci il tarixdən hal-hazıradək Montajçı çilingər işləyir və aylıq əmək haqqı 650 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Səbail rayon Məhkəməsinin 18.05.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, tərəflərin birgə nikadan olan 25.06.2006-cı il təvəllüdlü X1, 05.10.2008-ci il təvəllüdlü X3 və 07.01.2015-ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında qalması müəyyən edilmiş və İddiaçı uşaqlar yetkinlik yaşına çatanadək hər ay, hər uşaq üçün sabit pul məbləğində 170 manat aliment tutulmuşdur. İddiaçının irəli sürdüyü tələbdən görünür ki, o, məhkəmə qətnaməsi ilə müəyyən olunan sabit pul məbləğində alimentin azaldılaraq onun aylıq qazancının 1/2 hissəsi miqdarında müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı “X10 Sanayi və Ticaret Anonim şirkəti”nin Azərbaycan Respublikasındakı filialında montajçı çilingər işləyir və ayda 650 manat əmək haqqı alır, 2022-ci ilin yanvar ayında əmək haqqı 700 manat təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçı ayda 700 manat əmək haqqı alsa da, bu hal alimentin məbləğinin aylıq qazancın 1/2 hissəsi miqdarında müəyyən edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27.07.2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə ilk növbədə qeyd edir ki, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə ləaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qaydalarının çəkilməsinin uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 193 manat məbləğində təsdiq edilmişdir. Konstitusiya Məhkəməsinin və AR Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarına əsasən məhkəmə qeyd edir ki, İddiaçı aldığı əmək haqqı 700 manat təşkil edir və aliment məbləğinin həmin qazancın 1/2 hissəsi miqdarında müəyyən edilməsi üç uşağa görə ayda 350 manat təşkil edəcəkdir, yəni hər uşağa görə 116 manat həddində. Bu isə göründüyü kimi «Yaşayış minimumu haqqında» AR Qanununa əsasən 2022-ci il üçün uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumdan kifayət qədər azdır. Məhkəmə digər tərəfdən qeyd edir ki, alimentin tutulması barədə məhkəmə qətnaməsi 2020-ci ildə qəbul olunsa da, İddiaçı tərəfindən qətnamədən şikayət verilməmiş və həmin vaxtda da onun əmək haqqısı 650 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən AR Konstitusiya Məhkəməsinin qərarında formalaşmış hüquqi mövgeyə əsasən uşaqlar üçün tutulmalı olan alimentin məbləğinin yaşayış minimumdan aşağı həddə müəyyən edilməsi onların mənafeyinə uyğun olmadığından, iddia tələbi əsaslı hesab edilə bilməz və bu səbəbdən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-476/2020 saylı, 18.05.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh xeyrinə tutulmuş alimentin miqdarının azaldılması, İddiaçı Cavabdeh xeyrinə qazancının (başqa gəlirlərin) yarısı miqdarında alimentin tutulması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev İş № 2(009)-555/2022 MƏHKƏMƏ İCLASİNİN

QƏRARDADİ

Bakı şəhəri Səbail rayon Məhkəməsi

Bakı şəhərində 17 mart 2022-ci il tarixdə

Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə

İddiaçı Cavabdeh İddiaçı qarşı alimentin artırılması tələbi barədə qarşılıqlı iddia ərizəsinə baxaraq…

MÜƏYYƏN ETDİ:

İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin artırılması tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, qarşılıqlı iddia ərizəsi aşağıda göstərilən əsaslara görə baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət edilməsi ilə bağlı hər hansı sübutlar təqdim etməmişdir. AR MPM-nin 4.5-ci madəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Qeyd edilən Məcəllənin 149.2.4-1-ci maddəsinə əsasən iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilir. Həmin Məcəllənin 150.0.8-ci mddəsinə əsasən iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə olunur. Prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəf məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” AR Qanununa əsasən mediasiya prosesində iştirakını təsdiq edən sənəd iddia ərizəsinə əlavə etməlidir. Hazırki tələb alimentin artırılması ilə bağlı olduğu üçün ailə mübahisəsi hesab olunur. “Mediasiya haqqında” AR Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 21.8-ci maddəsinə əsasən tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. AR MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməməsi ərizənin baxılmamış saxlanmasının əsası kimi təsbit olunmuşdur. Qanunun yuxarıda göstərilən tələbinə əsasən məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh alimentin artırılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi ilə bağlı mediasiya təşkilatına müraciət etməli idi. Cavabdeh tərəf mediasiya prosesində iştirak etmədiyi və yaxud imtina etdiyi halda mediasiya təşkilatı tərəfindən “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış təqdim olunur. Yalnız bu arayışı aldıqdan sonra iddiaçı digər sənədlərlə birlikdə (iddia ərizəsinə əlavə olunmalı olan sənədlər) məhkəməyə müraciət edə bilərdi. Lakin qarşılıqlı iddia üzrə iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət etmədən alimentin artırılması ilə bağlı birbaşa məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 259, 263-264 –cü maddələrinə əsasən rəhbər tutaraq hakim…

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh İddiaçı qarşı alimentin artırılması tələbi barədə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar