Məhkəmə qərarları › İş №2(009)-566/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-566/2022

01.02.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-566/2022 01.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X1, İddiaçı - cavabdeh Azərbaycan Respublikası Dövlət Neft şirkətinə qarşı “əmək haqqı, məzuniyyət və pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh Azərbaycan Respublikası Dövlət Neft şirkətinə qarşı “əmək haqqı, məzuniyyət və pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1994-cü il aprel, may və iyun ayları üçün əmək haqqı, məzuniyyət və pul kompensasiyasının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası MPM-in 152.1.3 və 152.1.6-1-ci maddələrinə uyğun olaraq ərizə geri qaytarılmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən (ilkin mediasiya sessiyasında iştirak edilməməsi və ya ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə) arayışı və ya (mediasiya prosesinə xitam verilməsi barədə) protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Həmçinin qeyd edir ki, iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft şirkətinin hüquqi ünvanı - Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 121 Nərimanov rayonunun inzibati ərazisinə aiddir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. (MPM 35.2) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3 və 152.1.6-1-ci maddələrinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. (MPM 152.4.) Beləliklə, qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı ərazi aidiyyəti qaydalarına riayət etmədiyindən, həmçinin mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət edilməsinə dair sənədi və ona cavabı - mediasiya sessiyasında iştirak edilib-edilməməsi ilə bağlı arayışı və ya protokolu ərizəsinə əlavə etmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. (istiqamət - mediasiya.org) Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 266-268 maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı - cavabdeh Azərbaycan Respublikası Dövlət Neft şirkətinə qarşı “əmək haqqı, məzuniyyət və pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar