Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-594/2021 23.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı uşağın müalicəsinə çəkilən xərcin ödənilməsi barədə iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı uşağın müalicəsinə çəkilən xərcin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 13 yaşlı qızı X5 İV dərəcəli “skalioz”dur. Həkimlər diaqnoz qoyulmuş və əməliyyat lazım olduğunu bildirdilər. Hər biri bu əməliyyatın necə çətin və baha olduğunu bilir. O, 4 ildir uşağı bir neçə dövlət, özəl xəstəxana və klinikalarda müayinə və müalicələr elətdirir. O, əməliyyat olunmamasına çalışır. Uşağın atasının verdiyi aliment “+” öz maaşı. O, xərcləri qarşılıya bilmir. O, elmi işçi işləyir, az əmək haqqı alır. Bütün qazancını uşağın müalicəsinə sərf edir ki, təki şikəst olmasın. Vəziyyəti atasına mesajla göndərməklə bildirmişdir. Uşağın atası heç bir reaksiya verməmişdir. Hətta müxtəlif bəhanələrlə 3-4 il əmək haqqından kəsilmiş alimenti gizlətmişdir. Bu xəstəliyin müalicəsi dövlət xəstəxanalarda yoxdur. Müxtəlif idmanlar, üzgüçülük, müxtəlif prosedurlar bunlar hamısı özəl klinikalarda pulludur. Əgər əməliyyat olunmasa, 19-20 yaşına qədər müalicənin daimi fasiləsiz aparılmasının vacib olmasını söyləyirlər. O, uşağını sanatoriyaya aparmışdır. Baha-baha ortopedik ayaqqablar alır. 2 dəfə hərəsi 400 manat olmaqla 800 manat “Baston” karset almışdır. İndi isə 3-cü daha başqa “Şeno” karset 600-800 manatdır. “Mərkəzi Klinika”da əməliyyat 40.000 manatdır. Vəziyyətinə görə sonra 36.000 manat arayışda yazıb vermişlər. Onun buna heç imkanı belə yoxdur. O, daha tələb olunan xərcləri qarşılaya bilmir. Cavabdeh heç vaxt uşaqla maraqlanmır. Uşaq dəfələrlə ağlayıb “mən ata istəyirəm”. O, məcbur olub uşağı atasının iş yerinə aparmışdır, cavabdehi görəndə “ata” deyib üstünə qaçanda cavabdeh uşağa heç əhəmiyyət belə verməmişdir. Hirsləmişdir, uşağa “niyə gəlmisən” demişdir. İndi cavabdeh iş yerini dəyişmişdir. Uşaq ora dəfələrlə gedib, tapmayıb, ağlaya-ağlaya qayıdıb. O, qadağa qoymaq istəmişdir ki, atasının yanına getməsin. Fikirləşmişdir ki, böyüyüb özü başa düşər. Cavabdeh 13 ildə alimentdən başqa bir dəfə olsa uşağa 20 qəpik pul xərcləməyib, 13 ildə bir dəfə belə maraqlanmayıb. Dövlət nə aliment kəsib yalnız onu alırlar. 3-4 il cavabdeh qazancı gizlədib, düzgün aliment verməyib. O, cavabdehə heç nə deməmişdir. Yenə müraciət etməzdi. İndi o, övladının sağalması və daha pis vəziyyətə düşməməsi, yataq xəstəsi olmaması üçün mübarizə aparır. Dövlət xəstəxanası heç bir həkim pulsuz baxmır, bu bir mənalıdır. Çörəklərindən kəsib sayı-hesabı bilinməyən pullar müalicəsinə xərcləmişdir. Cavabdeh özü hərbçi olub, onun bütün müalicələri pulsuzdur, elə bilir onlarda da pulsuzdur. O, uşağa görə dövlətdən heç nə almır. O, uşağı Travmotologiya İnstitutuna, Mərkəzi Klinika, Uşaq müalicə və Bərpa Mərkəzinə, Diaqnostika Mərkəzinə, Tehran Klinikada, Naftalan Möcuzə sanatoriyada, Hövsan üzgüçülük kompleksində, Ağciyər İnstitutunda, Əhmədli xəstəxanada, Sabunçu xəstəxanada və s. klinika və xəstəxanalarda müayinələrdən keçmiş və müalicə almışdır. Hal-hazırda da müalicələr alır. Həkim, uşağın 19-20 yaşına qədər bu müalicələrin daim lazım olduğunu bildirmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı uşağın müalicəsinə, təhsilinə bu günə qədər xərclədiyi (hələ nə qədər görünməyən qəbzsiz ödənişlər etmişdir) və qəbzlərdə göstərilən 2.481 manat, ödəniş etdiyi 30 manat məbləğinin tutulması və bu gündən sonra uşağın müalicəsinə atası Cavabdeh kömək etməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında həmçinin göstərmişdir ki, o özü kiçik elmi işçidir, elmi idarədə işləyir və əmək haqqısı 350 manatdır. Cavabdeh tərəfdən uşağa görə ödənilən alimentin məbləği isə 300 manat həddindədir. Uşağın müalicəsinə xərc çəkilməlidir ,onun maddi imkanı olmadığı üçün məhkəməyə müraciət etmişdir. Hətta müəlaci və müayinə xərcləri ilə bağlı ona güzəştlər də edilmişdir. uşağın atası bu xərclərdə iştirak etməlidir. uşağın əlilliyi ilə bağlı 3 dəfə dəfə müraciət etmiş və hər dəfə ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli icra vərəqəsinə əsasən ondan İddiaçı xeyrinə xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq gəlirinin 1/4 hissəsinin tutulması qət edilmişdir. Məhkəmənin qətnaməsi qanuni qüvvəsini almış və icra edilir. İddiaçı uşağın saxlanılması üçün hər ay 350-400 manat məbləğində aliment alır və bu məbləğ uşağın maddi tələbatlarının ödənilməsi, sağlamlığı qayğısına qalınması və müalicəsi üçün yetərlidir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, onun tərəfindən ödənilən aliment uşağın maddi tələbatlarının ödənilməsi, sağlamlığı, qayğısına qalınması və müalicə xərcləri üçün yetərlidir. O, hesab edir ki, iddiaçı aliment məbləğini tam şəkildə uşaq üçün xərcləmir, öz şəxsi ehtiyacları üçün xərcləyir. Halbuki, hal-hazırda bir çox insanlar uşağa görə hər ay sabit məbləğdə 175 manat aliment ödəyirlər. Lakin onun tərəfindən ödənilən aliment sabit məbləğdən yuxarıdır və uşağın hər bir xərclərinin ödənilməsinə kifayətdir. Həmçinin uşaq ağır xəstə və şikəst deyildir, ödənilən aliment onun müalicə xərclərini qarşılayır və maddi təminatı üçün də yetərlidir. O, İİ qrup Qarabağ müharibəsi əlilidir, mütəmadi olaraq müalicələrdə olur və o, öz müalicə xərclərini belə çatdıra bilmir, daima həkim nəzarətindədir və tez-tez xəstəxanalarda yatmalı olur. Belə ki, ağır xəstə olan yaşlı anası da faktiki olaraq onun himayəsindədir, ona o, baxır və onun da müalicə xərcləri tamamilə onun üzərindədir. Onun maddi vəziyyəti həddindən artıq ağırdır, bütün bu maddi tələbatları yerinə yetirə bilmədiyindən o, banklardan kredit götürmüşdür, öz müalicə xərclərini qarşılamağa çalışmışdır. İddiaçı onun hərbçi kimi guya müalicənin pulsuz olduğunu göstərmişdir. Bu tamamilə əsassızdır və tam pulsuz deyildir və müalicə xərclərinə ehtiyac yaranır, həmçinin uzun müddətli müalicələr olmasına baxmayaraq səhhətində önəmli dəyişikliklər olmamışdır. Onun tələb edilən məbləği ödəmək qabiliyyəti yoxdur. Həmçinin qanunvericiliyə görə iddiaçı da uşağın maddi tələbatlarının ödənilməsində bir valideyn kimi iştirak etməlidir. O, hesab edir ki, alimenti tam məbləğdə uşaq üçün xərcləmədiyi və uşağın qayğısına qalmadığı üçün skalioz əmələ gəlmişdir. İddiaçı iddia ərizəsində guya o, iş yerini gizlədərək alimentdən yayınmadığını göstərmişdir. Bu tamamilə əsassızdır və onun iş yeri bağlandığından digər iş yerində işləməyə məcbur olmuşdur və heç bir vaxt alimentin gizlədilməsi halı baş verməmişdir. İddiaçı uşağı bir neçə dəfə onun iş yerinə gətirməklə onu şantaj etmiş, təzyiq göstərmişdir. Həyat yoldaşı xəstədir, eyni zamanda xəstə anası da onun himayəsindədir. Əlavə maddi imkanı yoxdur ki, uşağa çəkilən xərcləri ödəsin. Xəstə ola-ola işdən çıxartmayıblar ki, müəyyən qədər maddi yardım alsın və ailəsini dolandırsın. Göstərilənləri nəzərə alaraq cavabdeh iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə “X1” MMC ilə X5 arasında bağlanılmış xx.xx.2013-cü il tarixli tədris müqaviləsindən görünür ki, tədris müəssisəsi bütün xarici dillərin tədrisini, bütün orta məktəb fənləri üzrə hazırlıq və bütün kompyuter proqramlarının tədrisini təşkil edir, tələbə bir aylıq tədris kursu proqramı üçün müəyyən olunmuş 40 manat ödəniş məbləğini ödədikdən sonra bir ay ərzində 12 dərs, həftədə 3 dəfə 55 dəqiqə davam edən məşğələlərdə iştirak edir. İş üzrə “xxxx” MMC ilə X5 arasında bağlanılmış xx.xx.2013-cü il tarixli tədris müqaviləsindən görünür ki, tədris müəssisəsi bütün xarici dillərin tədrisini, bütün orta məktəb fənləri üzrə hazırlıq və bütün kompyuter proqramlarının tədrisini təşkil edir, tələbə bir aylıq tədris kursu proqramı üçün müəyyən olunmuş 60 manat ödəniş məbləğini ödədikdən sonra bir ay ərzində 12 dərs, həftədə 3 dəfə 55 dəqiqə davam edən məşğələlərdə iştirak edir. İş üzrə “xxxx” MMC tərəfindən verilmiş kassa mədaxil orderinin qəbzlərindən görünür ki, İddiaçı uşağın məktəbəqədər hazırlığa görə aprel-iyun 2014-cü il tarixdə cəmi 188,20 manat pul ödənilmişdir. İş üzrə “Buggy Bug” Tədris və İnkişaf Mərkəzi tərəfindən verilmiş qəbzdən görünür ki, İddiaçı tərəfindən 50 manat pul ödənilmişdir. İş üzrə “Baku Teyran” tibb mərkəzinin və “Diaqnoz” tibb mərkəzi tərəfindən tərtib edilmiş ödəniş qəbzlərdən görünür ki, Rəsulova Riyanə həmin tibb mərkəzlərində müalicə olunmuş və 2018-ci ilin noyabr ayından 2020-ci ilin dekabr ayına qədər cəmi 1045 manat məbləğində pul ödənilmişdir. İş üzrə “Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli kassa m ədaxil orderinin qəbzindən görünür ki, X2 müalicəsi üçün 300 manat məbləğində pul ödənilmişdir. İş üzrə kassa mədaxil orderinin qəbzlərindən görünür ki, xx.xx.2020-ci il tarixdə və xx.xx.2020ci il tarixdə X3 “Boston” korseti üçün cəmi 400 manat pul ödənilmişdir. İş üzrə ödəniş çəklərindən görünür ki, ortopedik uşaq ayaqqabılar üçün xx.xx.2019-cu il tarixdə - 50 manat, xx.xx.2019-cu il tarixdə 93 manat, 93 manat, 93 manat və 30 manat pul ödənilmişdir. İş üzrə Elmi-tədqiqat travmotologiya və ortopediya institutu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışının kserosurətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X4 “onurğanın bel nahiyyəsinin dördüncü dərəcəli skalioz deformasiyası, gövdə simmetriyasının pozulması, onurğa hərəkətlərində funksional pozulma, hərəkət məhdudluğu, xroniki ağır sindromu” diaqnozu qoyulmuşdur. İş üzrə 046877 saylı vəsiqənin kserosurətindən görünür ki, Cavabdeh 2-ci qrup (hərbi travma) Qaradağ əlilidir. İş üzrə 34 saylı poliklinika tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın kserosurətindən görünür ki, Cavabdeh 1993-cü ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün uğrunda gedən hərbi döyüşlərin birində alan QKBT və onurğa sütünün kompression sınığından sonra özünü xəstə hesab edir, İİ qrup Qarabağ əlilidir, “QKBT davamlı qalıq əlamətləri, onurğa sütunun travmatik kompressiyasının qalıqları, astenonevrotik sindromu, spastik paraplegiya aşağı ətraflar, yuxarı ətraf.sust.paraplegiyası,travmadan sonrakı ensefalopatiya, yayılmış osteoxondroz, arterial hipertoniya 2 tip” diaqnozu qoyulmuşdur. İş üzrə kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, “xxxx” X8 Təşkilatı QSC Cavabdeh 18 ay müddətinə qaytarmaq şərti ilə, illik 18% ödəmək şərti ilə 1386 manat məbləğində kredit vermişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin faktiki nkah münasibətlərindən xx.xx.2007-ci il təvəllüdlü Riyanə adlı uşağı anadan olmuşdur. Tərəflər ayrı yaşayırlar və cavabdehdən uşağın saxlanılması üçün aliment tutulur. Alimentin məbləği minimum 300 manat həddindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2007-ci il təvəllüdlü Riyanə onurğanın bel nahiyyəsinin dördüncü dərəcəli skalioz deformasiyasından əziyyət çəkir və müxtəlif tibbi mərkəzlərində müayinə və müalicə almışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun tərəfindən uşağın xəstəliyi ilə əlaqədar müalicə olunması və təhsil alınması üçün külli miqdarda pul vəsaiti xərclənmiş, lakin cavabdeh alimentin ödənilməsindən başqa heç bir köməklik göstərmir. Bu səbəbdən iddiaçı uşağın müalicəsi və təhsili üçün xərcləmiş 2481 manat pulun cavabdehdən tutulması və uşağın müalicəsinə cavabdehin kömək etməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29-cu maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər (maddə 29.1.). Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir (maddə 29.2.). Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar (maddə 29.4.). Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddəsinin tələbinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə qeyd edir ki, ailə qanunvericiliyinin tələblərinə əsasən valideynlərin əlavə xərclərə cəlb edilməsinin müstəsna halları olmalıdır. Bu halın yetkinlik yaşına çatmamış uşaqlar barəsində ağır xəstə və şikəst olan uşaqlar üçün müəyyən edilməsi nəzərdə tutulur. Eyni zamanda məhkəmə qeyd edir ki, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsi halı tam dəqiq müəyyən edilməsə də məhkəmə öz mülahizəsinə görə hesab etdiyi başqa hallarda da valideyni əlavə xərclərin alınmasına cəlb edə bilər. Yuxarıda qeyd edildiyi kimi məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh azyaşlı uşağın saxlanılması üçün 300 və daha çox manat həddində aylıq aliment ödəyir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 175 manat məbləğində təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, uşağın maddi təminatı respublikada müəyyən edilmiş yaşayış minimum həddindən təxminən 2 dəfə çoxdur. Məhkəmə iclasında eyni zamanda cavabdehin kifayət qədər maddi vəsaitə və qazanca malik olması da müəyyən edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, onun hazırda bank qarşısında öhdəliyi də mövcuddur. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən uşağın saxlanılması üçün ödənilən aliment məbləği onun aylıq xərclərini qarşılayır. Belə olan halda 3 il ərzində çəkilən xərclərə görə pulun cavabdehdən tutulması barədə tələb əsaslı hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi uşağın müalicə və təhsilinə xərclənin pullara görə cavabdehdən 2481 manat məbləğində pulun tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin bu gündən sonra uşağın müalicəsinə görə atası üzərinə oan köməklik etmə vəzifəsi qoyulması barədə tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Belə ki, məhkəmə qətnaməsi konkret və dəqiq olmalıdır. Həmin xərc hər ay ödənilməli olan və gələcəkdə çəkilməsi zəruri olan xərclər barədə mötəbər sübutlar əsasında sabit pul məbləği şəklində müəyyən edilməlidir. Belə bir sübutlar isə iddiaçı tərəfindən təqdim olunmadığından, məhkəmə hesab edir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən dövlət rüsumu iddiaçıa aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı uşağın müalicəsinə və təhsilinə xərclənmiş və qəbzlərdə göstərilmiş 2481 manatın, ödəniş etdiyi 30 manat məbləğinin tutulması və bu gündən sonra uşağın müalicəsinə atası Cavabdeh kömək etməsi barədə qətnamə çıxarılmasına dair iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-594/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-594/2021
23.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver