Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-595/2021 10.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili X2 və Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı - cavabehlər “xxxx” kiçik müəssisəsinə və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “şəhadətnamənin ləğv edilməsi” barədə iddia tələbinə dair mülki işə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabehlər “xxxx” kiçik müəssisəsinə və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixli müqavilənin, həmin müqavilə əsasında verilmiş xx.xx.2007-ci il tarixli şəhadətnamənin və bütün hüquqverici sənədlərin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 mənzil 4 ünvanında yaşayır. Həmin vaxtdan bu günə kimi həmin mənzilin altında olan zirzəmi iddiaçının və ailəsinin istifadəsində olmuşdur. İddiaçı həmin zirzəminin istifadəsi ilə bağlı Nərimanov rayon MKTB ilə xx.xx.2005-ci il tarixdə 15 saylı istismar yığım müqaviləsi bağlamış və nəticədə mənzilin altındakı 42 kv. metr sahəsi olan yarımzirzəmi iddiaçının istifadəsinə verilmişdir. Lakin sonradan iddiaçıya məlum olmuşdur ki, həmin zirzəmi hansısa yolla “xxxx” kiçik müəssisəsinə satılmışdır. Belə ki, iddiaçının və qonşusunun mənzilinin altında yerləşən 119,2 kv.metr sahəsi olan yarımzirzəmi Nərimanov rayon MKTB-nin xx.xx.2006-cı il tarixli razılıq məktubuna əsasən 2007-ci il tarixdə “xxxx” kiçik müəssisəsi tərəfindən özəlləşdirilmişdir. Göstərilənlərə əsasən, iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddələrinə əsaslanaraq, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 37 nömrəli MKİS Nərimanov rayon MKTB ilə İddiaçı Maqsud qızı arasında bağlanmış xx xxx 2005-ci il tarixli istismar yığım müqaviləsindən görünür ki, ünvan 1 mənzil 4-ün altında yerləşən 42 kv.metr sahəsi olan zirzəmi İddiaçı Maqsud qızına istismara verilmişdir. Həmin Müqavilənin 10-cu bəndində qeyd edilmişdir ki, bu Müqavilə xx xxx 2005-ci il tarixdən xx xxx 2006-cı il tarixədək müddətə bağlanmışdır. Dövlət X3 üzrə Dövlət Komitəsi ilə “xxxx” Kiçik Müəssisəsi arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə ilə satıcı (Dövlət X3 üzrə Dövlət Komitəsi) ünvan 2 ünvanında yerləşən 119,2 kv.m qeyriyaşayış sahəsini alıcıya (“xxxx” Kiçik Müəssisəsi) satmışdır. Nərimanov rayon MKTB-nin xx.xx.2006-cı il tarixli Dövlət X3 üzrə Dövlət Komitəsinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli Sərəncamı ilə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi “xxxx” Kiçik Müəssisəsinə icarəyə verilmişdir. Məhkəmə iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 45-ci maddəsinə əsasən daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilə həmin əmlakın yerləşdiyi yerin notariusu tərəfindən təsdiq edilir. Təlimatın 46-cı maddəsinə əsasən notariuslar daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən onların özgəninkiləşdirən və ya girov qoyan şəxsə məxsus olmasını yoxlayırlar. Təlimatın 47-ci maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdləri təsdiq edərkən notarius özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışı tələb edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 mənzil 4-ün altında yerləşən yarımzirzəminin alqı-satqısına dair müqavilə təsdiq edilərkən həmin əmlakın həbsdə və yüklü olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat mövcud olmamışdır. Bununla bağlı notarius alqı-satqı müqaviləsini təsdiq edərkən mübahisəli əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə etmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli ünvan 1 mənzil 4-ün altında yerləşən yarımzirzəmiyə dair xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılarkən notariat orqanı tərəfindən qanunvericiliyin bütün tələblərinə riayət olunmuş, yəni əmlakın yüklülüyünə dair arayış «Elektron notariat» informasiya sistemi vasitəsi ilə real vaxt rejimində əldə edilmiş, lazımı sənədlər tələb edilərək əldə edilmiş və yalnız bundan sonra müqavilə notariat qaydada təsdiq olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi qanunvericiliyin bütün tələbləri gözlənilməklə təsdiq olunduğundan, onun ləğvinə heç bir əsas yoxdur. Bundan başqa məhkəmə eyni zamanda qeyd edir ki, sözügedən zirzəmi İddiaçı istismarına müqavilə ilə xx xxx 2005-ci il tarixdən xx xxx 2006-cı il tarixədək verilmiş və həmin zirzəmi cavabdeh “xxxx” kiçik müəssisəsinə xx xxx 2005-ci il tarixli istismar müqaviləsinin müddəti bitdiyi tarixdə sonra, yəni hazırki işdə iddiaçının həmin əmlaka heç bir hüququ olmadığı bir vaxtda satılmışdır. AR Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, mübahisəli müqavilənin ləğv edilməsi üçün mülki qanunvericilikdə hallar konkret olaraq müəyyən edilmişdir. Qanunverciliyin də tələbindən göründüyü kimi müqavilənin ləğvini müqavilə tərəflərin biri tələb etmək hüququna malikdir. Hazirki işdə isə iddiaçı “xxxx” kiçik müəssisəsi ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin tərəfi kimi iştirak etmədiyindən sözügedən müqavilənin ləğvini tələb etmək hüququna malik deyildir. Məhkəmə həmçinin MPM-nın 119-cu maddəsinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki halda iddia təmin olunmadığı üçün məhkəmə xərclərinə aid edilən 30 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir Şərh olunanlara əsasən və Az. Resp. MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı - cavabehlər “xxxx” kiçik müəssisəsinə və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “şəhadətnamənin ləğv edilməsi” barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-595/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-595/2021
10.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver