Məhkəmə qərarları › İş №2(009)-598/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-598/2021

18.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-598/2021 18.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X5 və xx xxxxx 2019-cu il təvəllüdlü X3 adlı uşaqların saxlanılması üçün hər ay, hər biri üçün 500 (beş yüz) manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2014-cü il tarixdən nikah müqaviləsi bağlamadan ailə həyatı qurmuş və bu günə qədər onunla birgə yaşamışdır. Cavabdehlə nikahsız evlənməklərini hər iki tərəfin valideyinləri bilmiş və bundan xəbərdar olmuşlar. Bütün qohum-əqraba və tanışları Cavabdeh ilə birgə nikahlarının olmasını düşünmüşlər. Cavabdehdən xx xxxxxx 2015-ci il tarixdə X5 və xx xxxxx 2019-cu ildə X3 adlı uşaqları doğulmuşdur. O, Cavabdeh ilə ailə həyatı qurduqdan sonra bir ailə başçısı kimi o, üzərinə düşən bütün öhdəlikləri icra etməklə yanaşı, onunla gözəl ər-arvad münasibətləri olmuşdur. Onun cavabdehlə birgə yaşayış dövründə bütün ailə büdcələri və təsərrüfatları bir olmaqla normal yaşamışlar. Hər ikisi işləyib birlikdə ailəni dolandırmışlar. Lakin, son zamanlar Cavabdeh tüfeyli həyat tərzi keçirməyə başlamış, özündən çox-çox yaşlı pozğun qadınla birgə yaşamağa qərar vermiş, evə gəlməmiş, gələndə də boş-boş şeylər üstündə mübahisə etmiş, evdən getmək üçün müxtəlif bəhanələrə əl atmış, evə əlavə xərclər üçün pul verməmiş, uşaqlara baxmaqdan ötrü maddi yardım göstərməmişdir. O, birgə münasibətindən doğulmuş azyaşlı uşaqlarına baxmaq üçün Cavabdeh pul tələb edərkən, o, hər dəfə müxtəlif bəhanələr gətirməklə bundan yaymış və tələb olunan məbləğdən qat-qat aşağı məbləği zorla, ona yalvardıqdan sonra vermişdir. Demək olar ki, cavabdeh artıq ailəyə baxmır, ancaq kirayə tutduqları evin kirayə pulunu ödəməklə atalıq vəzifəsini tamamlanmış hesab edir. Hal-hazırda o, heç bir yerdə işləmir. Maddi vəziyyəti çox ağır olduğundan azyaşlı uşaqlarının saxlanmasında böyük çətinlik və problemlərlə rastlaşır. Buna baxmayaraq, cavabdeh bir valideyn kimi uşaqlarının saxlanması üçün heç bir vəsait ayırmır. Cavabdeh kommersiya fəaliyyəti ilə məşğul olur, şəxsi daş karxanası varıdır. Hazırda harada işləməsini və nə qədər əmək haqqı almasını ondan gizlədir, rəsmi iş yeri olmasa da, onun aylıq qazancı təxminən orta hesabla 1500-2000 manatdan çox təşkil edir. Hesab edir ki, Cavabdeh azyaşlı uşaqlarının saxlanması üçün onun xeyrinə vəsait (aliment) tutulmalıdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx xxxxxx 2015-ci il təvəllüdlü X5 və xx xxxxx 2019-cu il təvəllüdlü X3 adlı uşaqları anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı olması qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının Cavabdeh ilə faktiki ailə münasibətləri olmuş və onlar bir ailə kimi yaşamışlar. Hazırda münasibətləri pozulmuş və tərəflərin bu münasibətlərdən anadan olmuş xx xxxxxx 2015-ci il təvəllüdlü X5 və xx xxxxx 2019-cu il təvəllüdlü X3 adlı uşaqları hazırda iddiaçının himayəsindədirlər. Cavabdeh isə uşaqlara maddi köməklik göstərmir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 2020-ci il tarixli Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iş materiallarını və məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin hallarını nəzərə alaraq hesab edir ki, iş üzrə Cavabdeh xx xxxxxx 2015-ci il təvəllüdlü X7 oğlunun və xx xxxxx 2019-cu il təvəllüdlü X1 atası olması işin mübahisəsiz halıdır. Ona görə də İddiaçı cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə uyğun olaraq alimentin tutulmasının əvvəli iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Alimentin miqdarını müəyyən edərkən məhkəmə uşaqların mənafeyini, onların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, respublikada 2021-ci il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, eyni zamanda tərəflərin maddi və sosial vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin azyaşlı uşaqları xx xxxxxx 2015-ci il təvəllüdlü X4 və xx xxxxx 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması uşaqların mənafeyi baxımından məqsədə uyğundur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 9.1.2-ci maddəsinə müvafiq olaraq məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında, 500 manatadək olduqda isə dövlət rüsumunun qiyməti 20 (iyirmi) manat müəyyən edilmişdir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın qismən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2015-ci il təvəllüdlü X4 və xx xxxxx 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxx 2015-ci il təvəllüdlü X4 və xx xxxxx 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar