Məhkəmə qərarları › İş №2(009)-600/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-600/2023

03.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-600/2023 03.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehnin (Məmmədova Günay) iştirakları ilə, İddiaçı X4 cavabdehlər X5 və X6 qarşı «alimentin azaldılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə (Məmmədova Günay) qarşı «alimentin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2775/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan alimentin dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər uşaqa 120 manat aliment müəyyən edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2775/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay, hər uşağa görə 193 manat.sabit pul məbləğində alimentin tutularaq Məmmədova Günaya ödənilməsi qət edilmişdir. Nikah pozulduqdan sonra başqa şəxslə X3 ilə qeyri rəsmi olaraq nikah bağlamış və xx.xx.2022-ci il təvəllüdlü X13 anadan olmuşdur. Xərcləri artıb, artıq yeni doğulan uşağın tələbatlarını ödəməkdə çətinlik çəkir. Hal-hazırda işləmir. Çoxlu borcu var. Bu səbəbdən alimentin azaldılaraq hər uşağa 120 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddiaçı iki uşağa görə aliment ödəyir. Bunlardan başqa daha bir övladı var. Bu da iddiaçının maddi vəziyyətinə təsir edən bir faktdır. Ali Məhkəmənin Plenum qərarında, həmçinin Ailə Məcəlləsində də izah olunur ki, alimentlə bağlı yalnız atanın deyil, hər iki tərəfin maddi vəziyyəti nəzərə alınmalıdır. İddiaçı həm də hal-hazırda işsizdir. Bütün bu halları nəzərə alaraq iddia tələbinin təmin olunmasını yəni alimentin miqdarı azaldılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, nümayəndəsinin və vəkilinin söylədiklərini təsdiqləyərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdehnin (Məmmədova Günay) izahatında iddiaçının öz uşaqları ilə maraqlanmadığını, verdiyi 380 manat alimentin 250 manatını uşaqların hazırlıqlarına xərclədiyini, yerdə qalan pulun isə uşaqların digər xərclərinə kifayət etmədiyini bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Səbail rayon Məhkəməsinin 2(009)-254/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü övladı X7 yetkinlik yaşına çatanadək saxlanması üçün əmək haqqının ¼ hissəsinin tutularaq X6 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2775/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay, hər uşağa görə 193 manat sabit pul məbləğində alimentin tutularaq Məmmədova Günaya ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İV 797204 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında X3 qeyd edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 220 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Uşaqları saxlamaq hər iki valideynin borcudur. Məhkəmə hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, onlar mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Odur ki, İddiaçı Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2775/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan alimentin dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər uşaqa 120 manat aliment müəyyən edilməsinə dair tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar