Məhkəmə qərarları › İş №2(009)-614/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-614/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-614/2024 18.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Cavabdehin nümayəndəsi L.T.Abbaszadənin iştirakı ilə İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “Changan CS75” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomaşın xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin avtomaşını etibarnamə əsasında həyat yoldaşı X4 idarə edir. Avtomaşın "xxxx" ASC-də sığorta edilmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 21 radələrində Vidadi Əliyev Bakı şəhəri Yasamal rayonunun ərazisində avtomaşınla hərəkətdə olarkən, avtomaşın qəfildən tüstüləməyə başlamış, maşının alt hissəsindən qığılcım çıxmışdı. Avtomaşını dərhal yolun kənarına çəkib saxlamış və görmüşdür ki, motorxanada yanğın var, tam alışma olmamış, kabellərin hamısı əyirib, yapışmışdı. Həmin vaxtı telefon vasitəsi ilə əlaqə saxlamış, usta ona maşını dərhal servis mərkəzinə gətirməsini bildirmişdir. O zaman çox həyacanlı olduğu və qorxduğu üçün hadisə barədə hər hansı quruma məlumat vermək, həmçinin sığortaya zəng vurmaq yadından çıxmışdır. Avtomaşını servis mərkəzinə aparmış və məlum olmuşdur ki, dəymiş zərərin ümumi məbləği 4491 manat təşkil edir. Sığortası barədə bir gün sonra xatırlamış və sığorta şirkətinə məlumat vermişlər. Sığorta şirkətinin əməkdaşları avtomaşına baxış keçirmiş və fotoşəkillər çəkmişlər. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 0075 nömrəli cavab məktubu ilə sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. Həmin məktubda qeyd edilmişdir ki, “Bildiririk ki, Cavabdeh Sığorta Şirkətində könüllü sığorta növü üzrə **********050 saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış “Changan CS75” markalı, 99RH 858 dövlət qeydiyyat nişanlı avtomobilə yanğın hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı müraciətə baxılmışdır (197613). Baş vermiş hadisənin təfərrüatlarına nəzər salındıqda sizin baş vermiş hadisəniz ilə bağlı səlahiyyətli orqanlara məlumat verilməmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, sizin tərəfinizdən hadisə baş verdikdən sonra səlahiyyətli dövlət orqanlarına məlumat verilməməsi nəticəsində baş vermiş hadisə sığorta hadisəsi kimi qeydə alınmamış və baş vermiş hadisənin təfərrüatlarını müəyyən etmək mümkün olmamışdır. Məlumunuz olduğu kimi sizinlə bağlanmış könüllü sığorta müqaviləsinə əsasən yanğın hadisəsi risklərinə təminat verilmişdir. Lakin baş vermiş hadisə səlahiyyətli dövlət orqanı tərəfindən qeydə alınmadığından baş vermiş hadisənin yanğın hadisəsi olub-olmamasını müəyyən etmək də mümkün olmamışdır. Bundan başqa səlahiyyətli dövlət orqanlarına məlumat verilməməsi səbəbindən hadisə anında sığortalanmış avtomobilin sürücüsünün sərxoş olub-olmamağınızı da müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "xxxx" şirkətində sığortalanmış avtonəqliyyat vasitənizə dəyən zərərlə bağlı sığorta ödənişi etmək öhdəliyi yaranmır və sığorta ödənişinin ödənilməsindən imtina edir”. Qeyd edildiyi kimi baş vermiş hadisənin təsiri altında sığorta şirkətinə hadisə baş verdiyi zaman dərhal məlumat verilməsə də, baş vermiş hadisə ilə bağlı kifayət qədər sübut vardır. Real olaraq cavabdeh mövcud məlumat və sübutlar əsasında hadisənin hansı səbəbdən baş verməsini dəqiqləşdirə bilərdi. Göründüyü kimi sığorta şirkətinə məlumat verildikdən sonra əməkdaşları gəlib avtomaşına baxış keçirmiş, hadisə barədə məlumat alsalar da, müvafiq orqanlara məlumat verməmişlər. Qeyd edilənlərdən belə nəticə hasil olur ki, sanki sığorta şirkəti ödənişin verilməməsi üçün bütün vasitələrdən istifadə etmişdir. Hesab edir ki, sığorta şirkəti hadisə ilə bağlı mövcud olan sübutlar və faktlar əsasında ədalətli araşdırma aparıb, sığorta ödənişini ödəyə bilərdilər. O, məcburi köçkündür, yataqxanada yaşayış, ailə olaraq min bir əziyyətlə dolanırlar. Yaranmış hal ailəni çox əlverişsiz vəziyyətə salmışdır. Ona görə də cavabdehin imtinasını əsassız hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı 4491 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı nümayəndəsi X4 məhkəmə iclasına gəlməmiş, məhkəmə cavabdehin nümayəndəsinin işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasına dair tələbini nəzərə alaraq işə iddiaçı və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, iddiaçıya məxsus “Changan CS75” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobil “Fiziki şəxslərə təqdim edilən avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə Cavabdeh Sığorta Şirkətində sığorta olunmuşdur. İddiaçının iddia ərizəsində qeyd etdiklərinə görə xx.xx.2024-cü il tarixdə Yasamal rayonu ərazisində hərəkətdə olarkən avtomobilin ön (mühərrikxana) hissəsində yanğın başlamış, yanğın olsa da tam alışma olmamışdır. Həmin vaxt o, usta ilə əlaqə saxlayaraq nəqliyyat vasitəsini hadisə yerindən uzaqlaşdırmış, amma hadisə barədə səlahiyyətli orqanlara (FHN və ya polis) məlumat vermədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsi və “Fiziki şəxslərə təqdim edilən avtonəqliyyat vasitələrinin tam sığortası” Qaydalarının 18.1-ci maddəsində göstərilir ki, sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. İddiaçı tərəfindən hadisə barəsində səlahiyyətli dövlət orqanlarına məlumat verilməməsi nəticəsində baş vermiş hadisə sığorta hadisəsi kimi qeydə alınmamış və hadisənin təfərrüatlarını müəyyən etmək mümkün olmamışdır. Baxılan halda iddiaçı yuxarıda göstərilən tələbləri icra etməmiş, nəticədə sığortaçını hadisəni araşdırmaq və hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyən etmək imkanından hüquqlarını istifadə etmək imkanından məhrum etmişdir. Bununla da baş vermiş hadisənin yanğın hadisəsi olub-olmamasını, qəsdən törədilib-törədilməməsini, sürücünün hadisə zamanı sərxoş vəziyyətdə olub-olmamasını və s.müəyyən etmək mümkün olmamışdır. Əlavə olaraq sığorta ödənişinin verilməsi üçün tələb edilən sənədlərdən səlahiyyətli orqan tərəfindən təqdim edilən sənəd (forma 4) mövcud deyil. Sığorta ödənişi yalnız qeyd olunan sənəd mövcud olduğu halda həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933.1.2-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə sığorta ödənişin edilməsi üçün sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd təqdim edilməlidir (forma 4). Mülki Məcəllənin 935.1.1-ci və “Fiziki şəxslərə təqdim edilən avtonəqliyyat vasitələrinin tam sığortası üzrə” sığorta Qaydalarının 23.1.2-ci maddəsinin tələblərinə əsasən qeyd olunan tələblərə əməl edilməməsi nəticəsində sığortaçı sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması sığorta ödənişinin edilməsindən imtina üçün əsasdır. Əlavə olaraq tərəflər arasında bağlanan müqavilənin **********050 saylı şəhadətnaməsində “mühüm şərtlər” hissəsində qeyd olunub ki: 1. Sığorta hadisəsi baş verdikdə sığortalı dərhal sığortaçıya, sığorta hadisəsinin xarakterindən asılı olaraq səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir; 2. Səlahiyyətləndirilmiş sürücünün yüngül, az ağır və ya ağır dərəcəli xəsarətlər alması halları istisna olmaqla, sürücü sığorta şirkətinin nümayəndəsi və səlahiyyətli dövlət orqanı ilə razılaşdırmadan sığortalanmış avtonəqliyyat vasitəsini hadisə yerindən götürməməli və hadisə yerini tərk etməməlidir. Bu şərtlərdən hər hansı birinin pozulması, sığorta hadisəsinin araşdırılmasına maneçilik törədilməsi kimi qiymətləndiriləcək və həmin zallar üzrə sığorta ödənişinin verilməsindən imtina olunacaqdır. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Changan CS75” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə xx.xx.2023-cü il tarixli etibarnamənin surətinə əsasən İddiaçı tərəfindən “Changan CS75” markalı, ** RH *** dövlət nömrə minik avtomaşının sürücülük hüququ olduqda idarəsi edilməsi, bağışlaması, ipoteka qoyması, sərəncam verməsi və digər hərəkətlər, qeydiyyata salması, qeydiyyatdan çıxarması, ərizə verməsi üçün xx.xx.2024-cü il tarixədək X3 etibarnamə verilmişdir. İş üzrə nikah haqqında şəhadətnaməsinin surətinə əsasən X4 ilə X1 arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 04 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Əliyev, arvada Əliyeva verilmişdir. İş üzrə xx.xx.2023-cü il tarixli **********050 saylı nəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinin surətindən görünür ki, “Changan CS75” markalı, 99RH858 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortalı İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixədək 20.000 manat məbləğində sığorta edilmiş, sığorta haqqı 805 manat, faydalanan şəxs sığortalı göstərilmişdir. Həmin şəhadətnamənin “Mühüm şərtlər” bölməsində qeyd olunmuşdur ki, sığorta hadisəsi baş verdikdə sığortalı dərhal sığortaçıya, sığorta hadisəsinin xarakterindən asılı olaraq səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir. Səlahiyyətləndirilmiş sürücünün yüngül, az ağır və ya ağır dərəcəli xəsarətlər alması halları istisna olmaqla, sürücü sığorta şirkətinin nümayəndəsi və səlahiyyətli dövlət orqanı ilə razılaşdırmadan sığortalanmış avtonəqliyyat vasitəsini hadisə yerindən götürməməli və hadisə yerini tərk etməməlidir. Bu şərtlərdən hər hansı birinin pozulması, sığorta hadisəsinin araşdırılmasına maneçilik törədilməsi kimi qiymətləndiriləcək və həmin zallar üzrə sığorta ödənişinin verilməsindən imtina olunacaqdır. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Cavabdeh Sığorta Şirkətində könüllü sığorta növü üzrə **********050 saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış “Changan CS75” markalı, 99RH858 dövlət qeydiyyat nişanlı avtomobilə üanğın hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı müraciətə baxılmışdır. Baş vermiş hadisənin təfəratlarına nəzər salındıqda İddiaçı tərəfindən baş vermiş hadisəsi ilə bağlı səlahiyyətli orqanlara məlumat verilməmişdir. Nəzərinə çatdırmaq istəyirlər ki, İddiaçı tərəfindən hadisə baş verdikdən sonra səlahiyyətli dövlət orqanlarına məlumat verilməməsi nəticəsində baş vermiş hadisə sığorta hadisəsi kimi qeydə alınmamış və baş vermiş hadisənin təfərrüatlarını müəyyən etmək mümkün olmamışdır. Məlum olduğu kimi İddiaçı ilə bağlanmış könüllü sığorta müqaviləsinə əsasən yanğın hadisəsi risklərinə təmin verilmişdir. Lakin baş vermiş hadisə səlahiyyətli dövlət orqanı tərəfindən qeydə alınmadığından baş vermiş hadisənin yanğın hadisəsi olub-olmamasını müəyyən etmək də mümkün olmamışdır. Bundan başqa səlahiyyətli dövlət orqanlarına məlumat verilməməsi səbəbindən hadisə anında sığortalanmış avtomobilin sürücüsünün sərxoş olub-olmamasını da müəyyən etmək mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq Cavabdeh Sığorta Şirkətində sığortalanmış avtonəqliyyat vasitəsinə dəyən zərərlə bağlı sığorta ödənişi etmək öhdəliyi yaranmır və sığorta ödənişinin ödə İş üzrə "xxxx" MMC tərəfindən tərtib edilmiş və imza ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli qiymət təklifinin surətindən görünür ki, «Changan» markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün (sürtkü yağları qiyməti – 215 manat, işçilik qiyməti – 750 manat) cəmi 965 manat vəsait hesablanmışdır. İş üzrə Opel Servis tərəfindən tərtib edilmiş və imzalanmamış xx.xx.2024-cü il tarixli 111 nömrəli hesab fakturasının surətindən görünür ki, İddiaçı məxsus olan «Changan-CS75» markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün cəmi 965 manat vəsait hesablanmışdır. İş üzrə Surxay avto tərəfindən tərtib edilmiş və imzalanmamış qaimənin surətindən görünür ki, 26 adda ehtiyat hissələrinin qiyməti 3526 manat təşkil etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh Sığorta Şirkəti ASC-də sığortalanmış «Changan-CS75» markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur və etibarnamə əsasında həmin avtomobili iddiaçının həyat yoldaşı X4 idarə etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki,iddiaçı avtomobilə yanğın hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı sığorta şirkətinə müraciət etmiş və sığorta şirkəti iddiaçı tərəfindən hadisə barəsində səlahiyyətli orqanlarına və vaxtında onlara məlumat verilməməsi nəticəsində baş vermiş hadisə sığorta hadisəsi kimi qeydə alınmaması və hadisənin təfərrüatlarını müəyyən etmək mümkün olmaması səbəbindən sığorta ödənişinin verilməsindən imtina etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 21 radələrində Vədadi Əliyev Bakı şəhəri Yasamal rayonunun ərazisində avtomaşınla hərəkətdə olarkən, avtomaşın qəfildən tüstüləməyə başlamış, maşının alt hissəsindən qığılcım çıxmışdı. Avtomaşını saxlayıb görmüşdür ki, motorxanada yanğın var, tam alışma olmamış, kabellərin hamısı əyirib,yapışmışdı. Həmin vaxtı telefon vasitəsi ilə usta ilə əlaqə saxlamış, usta ona maşını dərhal servis mərkəzinə gətirməsini bildirmişdir. O zaman çox həyacanlı olduğu və qorxduğu üçün hadisə barədə hər hansı quruma məlumat vermək, həmçinin sığortaya zəng vurmaq yadından çıxmışdır. Avtomaşını servis mərkəzinə aparmış və məlum olmuşdur ki, dəymiş zərərin ümumi məbləği 4491 manat təşkil edir. Sığortası barədə bir gün sonra xatırlamış və sığorta şirkətinə məlumat vermişlər. Sığorta şirkətinin əməkdaşları avtomaşına baxış keçirmiş və fotoşəkillər çəkmişlər. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 0075 nömrəli cavab məktubu ilə sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. Göründüyü kimi sığorta şirkətinə məlumat verildikdən sonra əməkdaşları gəlib avtomaşına baxış keçirmiş, hadisə barədə məlumat alsalar da, müvafiq orqanlara məlumat verməmişlər. Hesab edir ki, sığorta şirkəti hadisə ilə bağlı mövcud olan sübutlar və faktlar əsasında ədalətli araşdırma aparıb, sığorta ödənişini ödəyə bilərdilər.Bu səbəbdən iddiaçı 4491 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Məhkəmə qeyd edir ki, iqtisadi mənada sığorta dedikdə şəxslərin əmlak mənafelərini müdafiə etmək məqsədi ilə xüsusi olaraq sığorta pul fondlarının yaradılması ilə bağlı olaraq yaranan elə iqtisadi münasibətlər başa düşülür ki, bu münasibətlərə görə əgər şəxslərə arzuolunmaz mənfi həyat hadisələri (bədbəxt hadisə, təbii fəlakət və s.) nəticəsində zərər vurularsa, belə zərərin əvəzi həmin fondlardan ayrılmış pul vəsaiti hesabına ödənilir, kompensasiya olunur. Şəxslərin düşdükləri zərərin əvəzini ödəmək və onların pozulmuş əmlak mənafelərini bərpa etmək sığortanın məqsədini təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. “Fiziki şəxslərə təqdim edilən avtonəqliyyat vasitələrinin tam sığortası” Qaydalarının 18.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Həmin Qaydaların 23.1-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 23.1.2. Bu Qaydaların 18.1-ci bəndinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçı hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduqda; 23.1.3. aşağıdakı hallar istina olmaqla sığortalı, sığorta olunan və ya üçüncü şəxs zərər dəymiş avtomobili və ya digər əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməməsi nəticəsində sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etdikdə; 23.1.3.1. zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkilər üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal tsonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda; 23.1.3.2. sığortaçı sığorta hadisəsi barədə bu Qaydalarda nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 iş günü müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə; 23.1.3.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Həmin Məcəllənin 933.1.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd əsasında sığorta ödənişi həyata keçirilir. Göstərilən Məcəllənin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Məhkəmə qeyd edir ki, iddiaçı sığorta hadisəsi hesab etdiyi avtomaşında baş verən yanğınla əlaqədar nə sığorta təşkilatına, nə də hər hansı dövlət orqanına müraciət etməmişdir. Həmin hal isə sığorta təşkilatına sığorta ödənişinin verilməsindən imtinanın hüquqi əsaslarından biri kimi qanunvericilikdə nəzərdə tutulmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qüsur aktları ilə bağlı qaimələr də mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin qiymətləndirmə aktlarında məbləğlər fərqli olmaqla, tərtib edilən qurumun səlahiyyətli şəxsi tərəfindən imzalanmamış və möhurlə təsdiq edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, sığorta hadisəsi və onun baş verməsi səbəbləri sığortaçının sığorta ödənişi üzrə öhdəliyin yaranmasında həlledici rol oynayır. Belə ki, sığorta hadisəsi sığortalının sığorta ödənişi almaq məqsədi ilə cinayətkar qəsdi nəticəsində baş verərsə, sığortaçının sığorta ödənişi üzrə öhdəliyi yaranmır. Buna görə də sığortaçı sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmaqda maraqlıdır. Bu məqsədlə sığortaçı sığortalıdan sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən, sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədlərini tələb etmək, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində sığortalıdan tələb etmək, zərər dəymiş əmlaka baxış keçirmək və digər tədbirlər həyata keçirmək hüququna malikdir. Yuxarıda qeyd edildiyi kimi qanunvericilik sığorta təşkilatına sığorta hadisəsinin səbəbləri və ya zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olunma halında sığorta ödənişinin verilməsindən imtina edilməsini müəyyən edir. Beləliklə məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, sığorta təşkilatının sığorta ödənişinin verilməsindən imtinası əsaslı olmuş və bu səbəbdən qaldırılan iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri - 66 (altmış altı) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı 4491 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən alınaraq onun xeyrinə tutulması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar