Məhkəmə qərarları › İş №2(009)-637/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-637/2021

29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-637/2021 29.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı sığorta hadisəsinin baş verməsi nəticəsində dəymiş ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı sığorta hadisəsinin baş verməsi nəticəsində dəymiş ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sığorta hadisəsinin baş verməsi nəticəsində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərərin miqdarının müəyyən edilməsi və ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. AR MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 36.13-cü maddəsinə əsasən bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Qanunvericiliyin tələblərinə əsasən bir cavabdehə qarşı müxtəlif növ tələblər irəli sürülmüşdürsə, həmin tələblərə ərazi aidiyyəti üzrə baxılmasını seçim hüququ iddiaçıya məxsusdur. Yəni iddiaçının irəli sürdüyü tələblərdən biri cavabdehin rəsmi qeydə alındığı yerdə, digəri isə iddiaçının yaşayış yeri üzrə baxıla bilərsə, bu halda ərazi üzrə məhkəməni seçmək hüququ iddiaçıya aiddir. Lakin bu tələb daşınmaz əmlaklara münasibətdə istisna təşkil edir. Yəni tələblərdən biri müstəsna aidiyyətə aiddirsə, bu halda həmin tələbə seçim aidiyyəti üzrə məhkəmədə baxıla bilməz. Müstəsna aidiyyətlə bağlı tələbi yalnız daşınmaz əmlakın yerləşdiyi rayonun məhkəməsində baxılmalıdır. AR MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması,tikintinin,qurğunun,torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Hakim qeyd edir ki, iddiaçı tərəfindən iki tələb irəli sürülmüşdür. Həmin tələblərdən biri (ziyanın ödənilməsi) AR MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsin ünvanı üzrə verilməli olsa da, digər tələb həmin qaydada verilə bilməz. Yəni ikinci tələb (dəymiş ziyanın müəyyən edilməsi) daşınmaz əmlakla və həmin əmlaka olan hüquqların pozulmasının aradan qaldırılması ilə bağlı olduğundan, həmin tələbə müstəsna aidiyyət kimi daşınmaz əmlakın yerləşləşdiyi məhkəmədə baxılmalıdır. Hakim izah edir ki, iddiaçının irəli sürdüyü tələbin taleyi (nəticəsi) mübahisə obyekti olan daşınmaz əmlakın yerində müayinəsindən, həmin əmlaka, habelə daşımalara dair sənədlərin vaxtında toplanmasından, şahidlərin hamısının cəlb edilərək dindirilməsindən və ekspertizanın keçirilməsindən asılıdır ki, bu hərəkətlər mübahisəli daşınmaz əmlakın yerləşdiyi yerdə daha uğurla həyata keçirilə bilər. Digər tərəfdən hazırkı işə mübahisəli daşınmaz əmlakın yerləşdiyi rayonun məhkəməsində baxılması, iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə icrasının daha asan ola biləcəyi mülahizəsindən də doğur. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı sığorta hadisəsinin baş verməsi nəticəsində dəymiş ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi tələbinə dair iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar